Azərbaycanda
universitetlərin inkişaf strategiyası: reallıqlar və
perspektivlər
Strateji Yol Xəritəsi
“Təhsil sahəsi həyatımızın
ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər,
mənafelər əsasında qurulmalıdır”.
Heydər
ƏLİYEV
Ölkəmizin davamlı
inkişafını təmin etmək, gələcək
inkişafın neft amilindən
asılılığını maksimum azaltmaq qarşıda
duran əsas vəzifələrdəndir. Bununla
bağlı qısamüddətli və uzunmüddətli
strateji hədəfləri müəyyən edən zəruri
normativ-hüquqi sənədlər qəbul edilmişdir.
“Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasında nəzərdə tutulan müddəaların
reallaşdırılmasını təmin etmək
üçün Azərbaycan Respublikası Prezidentinin 24
oktyabr 2013-cü il tarixlı sərəncamı
ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası” təsdiq edilmişdir.
Bu strategiyanın həyata keçirilməsi üçün
Prezidentin 19 yanvar 2015-ci il tarixli sərəncamı
ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası”nın həyata
keçirilməsi ilə bağlı Fəaliyyət
Planı” təsdiq edilmişdir. Həmin sənəddə insan
kapitalının formalaşdırılması və biliklər
iqtisadiyyatına əsaslanan yeni təhsil sisteminin, mühitinin
və mexanizminin yaradılması, təhsilin bütün pillələri
və səviyyələri üzrə həyata keçiriləcək
lazımi fəaliyyət istiqamətləri əksini
tapmışdır.
Prezident İlham Əliyevin fərmanı
ilə 6 dekabr 2016-cı ildə “Azərbaycan
Respublikasının milli iqtisadiyyat perspektivi üzrə
Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi
təhsilin bütün pillələrində keyfiyyətin
yüksəldilməsini və ali təhsil müəssisələrinin
“təhsil-tədqiqat-innovasiya” formatında
inkişafını təmin etmək məqsədini
daşıyır.
Universitetlərin və ali təhsilin
inkişaf tarixi göstərir ki, ali məktəblərin tərəqqisi ilə
cəmiyyətin bütün sahələrində əsaslı
irəliləyişlər paralel surətdə gedir. Hələ
XI-XVII əsrlərdə Avropanın siyasi, iqtisadi və mədəni
cəhətdən çiçəklənməsi məhz həmin
dövrlərdə Qərb ölkələrində ali təhsil cəmiyyətinin
formalaşması, yəni universitetlərin yaradılması
ilə əlaqədar olmuşdur. Bu baxımdan
ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu
bütün dövrlərdə təhsilin
inkişafını strateji vəzifə kimi qarşıya
qoymuşdur. Prezident İlham Əliyevin “Təhsil
Azərbaycanın davamlı inkişaf strategiyasının ən
öncül istiqamətlərindən biridir” fikri isə
ölkənin tərəqqisinin bilavasitə təhsilin
inkişafından asılı olduğunu bir daha göstərir
və onun prioritet sahə kimi davamlı inkişafını
ön plana çəkir.
Məhz bu strateji yanaşma
hesabına Dünya İqtisadi Forumunun 2015-ci il
üçün açıqladığı “İnsan
Kapitalı İndeksi” hesabatında Azərbaycan 124 ölkə
arasında 63-cü yer almaqla Türkiyə, Çin, İndoneziya
və Küveyt kimi ölkələri qabaqlamışdır.
Dünya İqtisadi Forumunun 2016-2017-ci illər
üçün açıqladığı Qlobal Rəqabətlilik
Hesabatında isə Azərbaycan 138 ölkə arasında
37-ci olmuşdur ki, bu göstərici də
respublikamızın davamlı inkişafını təmin etmək
üçün böyük imkanlara malik olduğunu təsdiqləyir.
Yüksəkixtisaslı
kadrların hazırlanması, bununla da davamlı inkişafa
ciddi zəmin yaradılması üçün ən ümdə
vəzifələrdən biri universitet təhsilinin keyfiyyət
göstəricilərinin maksimum
yaxşılaşdırılmasından ibarət
olmalıdır.
Hazırda dünyada ali
təhsilin vəziyyəti və perspektivləri barədə
ciddi diskussiyalar aparılmaqdadır. Belə bir qənaət
yaranmışdır ki, insan cəmiyyətinin elitar təbəqəsinin
formalaşmasında, onların daha sivil və kamil səviyyəyə
çatmasında ali təhsilin, xüsusilə
universitetlərin rolu əvəzsizdir.
Qloballaşan dünyada və
müasir cəmiyyətin bugünkü vəziyyətində
onun ən qiymətli kapitalı məhz insanlar hesab edilir. O insanlar ki, yeni biliklərin
əldə edilməsi mexanizmlərini mənimsəyir, həmçinin
qeyri-standart situasiyalarda düzgün qərar çıxarmaq
bacarığına malik olurlar. Müasir cəmiyyətdə
güclü elmtutumlu istehsal sahələrinin yaranması nəticəsində
qlobal ekoloji fəlakətlərin meydana çıxması,
dünya miqyasında qarşısıalınmaz fəlakətlərin
törətdiyi fəsadların aradan qaldırılması
insanlardan yeni bilik və bacarıqlar tələb edir. Bu
vəzifəni isə ali təhsil müəssisələri
- universitetlər yerinə yetirməlidirlər. Digər tərəfdən
hazırda cəmiyyətin inkişafı elə bir fazaya gəlib
çıxmışdır ki, bu gün verilən təhsil
bir çox hallarda qısa müddətdən sonra yeni bilik və
bacarıqların, vərdişlərin qazanılmasına
ehtiyac yaradır. Ona görə də artıq
elm, təhsil cəmiyyəti fasiləsiz təhsil
ideyasını qəbul etməkdədir. Bir
məsələyə diqqət yetirmək lazımdır ki,
ABŞ kimi inkişaf etmiş ölkələrdə belə,
mütəmadi olaraq təhsilin keyfiyyət problemləri barədə
müzakirələr aparılır, bəzi hallarda isə elm
və texnika sahəsində geridə qaldıqları söylənilir.
Göründüyü kimi, ABŞ-da da, digər
inkişaf etmiş dövlətlərdə də təhsilin səviyyəsinə
münasibət birmənalı deyil. Ona görə də
ali təhsil islahatları hər zaman
dövlətin prioritet vəzifələrindən biri
olmuşdur.
Ali təhsilin cəmiyyətdəki
ənənəvi vəzifələrini təhlil edib,
ümumiləşdirsək görərik ki, onun əsas vəzifəsi
elmi ideyaların formalaşdırmasını, bu ideyaların
bütün sahələrdə daşıyıcıları
olan yüksək peşəkar kadrların
hazırlanmasını təmin etmək və təhsil prosesi
müddətində bütün növ məktəblərdə
mənəvi dəyərlər kompleksini aşılamaqdan ibarətdir. Bu vəzifələrin yerinə
yetirilməsi nəticəsində cəmiyyət yüksək
mənəvi keyfiyyətlərə malik peşəkar mütəxəssislərlə
təmin olunurlar ki, bu da öz növbəsində universitetlərin,
ali təhsil ocaqlarının ən yaxşı məzunlarından
ibarət elitar təbəqənin
formalaşmasına gətirib çıxarır.
Ölkəmizin müstəqillik və
bazar iqtisadiyyatına keçid dövrünün təhlili
göstərir ki, o zaman ali təhsil sistemi üçün
bir sıra xarakterik problemlər özünü göstərmişdir:
ali təhsil sistemində təhsil xidmətlərindən
istifadəyə maraq azalmışdı; ali təhsil sistemində
işləmək əvvəlki kimi cəlbedici deyildi; ali təhsil
sistemində mövcud maddi-texniki baza köhnəlmişdi; ali
təhsilin idarəçiliyində dünya inkişaf
tendensiyasını mənimsəmiş idarəedici personal yox
idi; ali təhsil sistemində təlim texnologiyaları
günün tələblərinə uyğun deyildi, əmək
bazarının tələblərindən kəskin fərqlənirdi;
elmi-pedaqoji və maddi-texniki bazası çox zəif olan ali məktəblərin
yaradılması və keyfiyyətsiz təhsil verilməsi
halları müşahidə olunurdu və s.
Göstərilən xarakterik
çatışmazlıqlar xüsusilə texniki ali məktəblərdə daha çox nəzərə
çarpırdı. Odur ki, universitet təhsilində
ciddi islahatların həyata keçirilməsi və yeni
yanaşmalar zəruri idi.
Əlbəttə, dövlət
başçısının həyata keçirdiyi siyasət
göstərilən xarakterik problemlərin hissə-hissə həlli
istiqamətində xeyli irəliləyişə nail olunmasına
imkan verdi. Hazırda bu istiqamətdə
yeni fazada ciddi islahatlar aparılmaqda davam edir. ADA
Universiteti, Bakı Ali Neft Məktəbinin təşkili, bir
sıra nüfuzlu, ənənələri olan universitetlərin
Bakıda filiallarının açılması ilə yeni
universitet modelinin tətbiqi Azərbaycanda bu istiqamətdə
aparılan islahatların müsbət nəticə verəcəyinə
inamı artırır. Bakı Mühəndislik
Universitetinin təşkil edilməsi də bu qəbildən
olan ideyalardan biri kimi qiymətləndirilə bilər. Mühəndis hazırlığının daha baha
başa gəldiyini və davamlı inkişafda böyük
paya malik olduğunu nəzərə alsaq, demək olar ki, bu
addımlar ciddi perspektivlər vəd edir.
Qeyd edilən amil Azərbaycan
Respublikasının milli iqtisadiyyat perspektivi üzrə
Strateji Yol Xəritəsində də geniş şəkildə
öz əksini tapmışdır. Həmin sənəddə
qeyd edildiyi kimi, “Ali təhsil müəssisələrində
yetişdirilən mütəxəssislər dövlətin və
şirkətlərin idarə olunmasında, daha çox əlavə
dəyərin yaranmasında, iqtisadi artımda və əmək
məhsuldarlığının yüksəldilməsində
fəal iştirak edirlər. Bunu nəzərə alaraq,
Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli
ali təhsil sisteminin
formalaşdırılması dəstəklənəcəkdir.
Bunun üçün ali təhsilin keyfiyyətinin
yüksəldilməsi, qlobal təhsil məkanına
inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi,
habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə
əsaslanan iqtisadiyyatın tələblərinə
uyğunlaşdırılması istiqamətində islahatlar
sürətləndiriləcəkdir. Hazırda Azərbaycanda gənclərin
ali təhsillə əhatəolunma səviyyəsi
aşağıdır. Bu da uzaq perspektivdə
ölkənin rəqabətqabiliyyətli və
dayanıqlı inkişafına maneə törədə bilər”.
Bu fikirlər ali təhsil sistemi
qarşısında ciddi tələblər qoymaqla bərabər,
böyük perspektivlər də açır.
Dünyanın inkişaf etmiş
ölkələrinin təhsil sistemində ali
təhsil xidmətləri göstərmək, eyni zamanda həmin
ali məktəbin maliyyə imkanlarının genişlənməsinə
səbəb olur. Yəni ali təhsilə
daha çox tələbələrin cəlb olunması, ali təhsilin
daha geniş formatda əlçatan olması məqsədəuyğundur
və bu, ölkənin davamlı inkişafına
hesablanır. Sadəcə, universitetlər daxildə
təlim texnologiyalarını o qədər çevikləşdirməlidirlər
ki, müxtəlif qabiliyyətə malik insanlara təhsilvermə
imkanları olsun. Universitet təhsili yalnız tələbələrə
deyil, eyni zamanda qısamüddətli təhsil proqramları
üzrə təhsilvermə imkanlarına malik olmalı, təhsil
proqramlarının qiymətləndirilməsində ödənişli
xidmətlər göstərməli, istehsalat müəssisələri
ilə birgə geniş spektrli konsaltinq xidmətləri təşkiletmə
praktikasına yiyələnməli, səmərəli
kitabxana-informasiya şəbəkəsinə malik olmalı, təhsil
xidmətlərinin kommersiyalaşdırılması istiqamətində
ciddi addımlar atmaq üçün dünya praktikası dərindən
mənimsənilməlidir. Əlbəttə, bu
işlərin həyata keçirilməsi üçün
professor-müəllim heyətinin və digər personalın
hazırlıq məsələləri daim diqqətdə
saxlanılmalıdır.
Ali təhsildə digər
ciddi çatışmazlıqlardan biri də bəzi tədris
müəssisələrinin özünün ənənəvi
profilinə uyğun olmayan, lakin cəmiyyətdə cəlbedici
görünən ixtisasların hazırlanmasına cəhd
göstərmələri idi. Həmin proses keyfiyyətli kadr
hazırlığına, universitetlərə inamı
azaltdı. Bu baxımdan ali məktəblərdə
özünün kadr potensialına, maddi-texniki bazasına, təhsil
ənənələrinə tamamilə uyğun olan mütəxəssislərin
hazırlanması daha məqsədəuyğundur. Onlarda rentabelli təhsilin təmin olunması
üçün tələbə sayının
artırılması daha məqsədyönlü olardı, nəinki
süni şəkildə ixtisas spektrinin genişləndirilməsi.
Son illər bu istiqamətdə Təhsil
Nazirliyinin həyata keçirdiyi islahatlar təqdir
olunmalıdır. Xüsusilə pedaqoji
kadrların hazırlığı yönümündə əsaslı
addımlar atılmışdır.
Universitet təhsilində
respublikamız üçün müstəsna əhəmiyyəti
olan, davamlı inkişafın təmin olunmasında əsaslı
çəkiyə malik sahələrdən biri də mühəndis
kadrların hazırlığıdır. Bu istiqamətdə
görüləcək xeyli işlər vardır. Mühəndis kadrların hazırlanması
üçün tələb olunan vəsait digər sahələrdən
daha çoxdur. Eyni zamanda, bu, ağır
sahə olduğundan tələbə cəlbi son illər bir qədər
çətinləşmişdir. Odur ki,
mühəndis kadrların hazırlığını
stimullaşdırmaq üçün uzunmüddətli
inkişaf konsepsiyasına ehtiyac duyulur. Uzunmüddətli
inkişaf konsepsiyası aşağıdakı komponentlərdən
ibarət ola bilər:
- yüksək tələblərə
cavab verən universitet modelinin təşkili (bu istiqamətdə
artıq ilkin addımlar atılmışdır);
- əmək
bazarında daha çox tələb olunan vacib mühəndis
kadrları hazırlayan kafedraların maddi-texniki
bazasının gücləndirilməsi;
- respublikamızda
və respublikadan kənarda bu sahənin yüksək
hazırlığa malik peşəkar mütəxəssislərini
(pedaqoji heyəti) motivasiya etməklə müasir təlim
texnologiyaları ilə tədris prosesinin təşkili;
- mövcud
kadrların qısamüddətli treninqlər vasitəsilə
müasir təlim texnologiyalarının mənimsədilməsi
prosesinin təşkili.
Əlbəttə, göstərilən
vəzifələri həyata keçirməklə, qısa
müddətdə deyil, yaxın gələcəkdə
müsbət nəticələr əldə etmək
mümkündür. Nəzərə almaq lazımdır ki,
mühəndis kadrların hazırlığı elə
qurulmalıdır ki, o, müasir texnologiyalarla ayaqlaşa bilsin
və yeni texnologiyaların yaradıcısı olmasa da, ondan
istifadəni tez və çevik şəkildə mənimsəmək
üçün baza biliklərinə malik olsun. Bu addımların atılması, eyni zamanda Strateji
Yol Xəritəsində göstərilən “Yüksəkixtisaslı
kadr hazırlığının əmək bazarının tələbinə
və beynəlxalq ixtisas təsnifatına
uyğunlaşdırılması, uzunmüddətli
proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində
fəaliyyətlər, əmək bazarında
diferensiallaşmış əməkhaqqı və
stimullaşdırma sisteminin yaradılması üzrə
mexanizmlərin hazırlanması dəstəklənəcəkdir”
ideyasının həyata keçirilməsinə şərait
yaradacaqdır.
Strateji Yol Xəritəsində
qarşıya qoyulan vəzifələrin icrası universitet
klasterlərinin yaradılması “təhsil-tədqiqat-innovasiya”
zəncirinin effektivliyini artıra bilər. Ölkəmizdə
bəzi ixtisaslaşmış universitetlərdə klasterlərin
yaradılması təşviq ediləcəkdir. Nəticədə
ali təhsil sisteminin keyfiyyətinin
yüksəldilməsi sayəsində daha keyfiyyətli insan
kapitalı və intellektual potensial formalaşacaq, əmək
məhsuldarlığı artacaqdır. Bu da
öz növbəsində gələcək “təhsil-elm-innovasiya”
modelinin davamlı inkişafına ciddi töhfələr verəcəkdir.
Lakin ciddi uğurlarla yanaşı
qeyd etmək lazımdır ki, ölkəmizin ali
təhsil müəssisələrinin məzunlarının
potensialı iqtisadiyyatın tələbatı ilə tam
uzlaşmır. Bu, ondan irəli gəlir ki, tədris prosesində
müasir texnologiyalar məhdud miqyasda tətbiq edilir, bəzi
hallarda isə yaradılan sistemlərdən az
istifadə olunur. Ali təhsil müəssisələrinin
kurikulumları əmək bazarında işçi səriştəsinə
olan tələblərə uyğun gəlmir. Ali təhsil pilləsində kurikulumların
inkişafı iqtisadiyyatın sürət dinamikasından geri
qalır.
Azərbaycan təhsil
sisteminin Avropa təhsil sisteminə inteqrasiyası prosesi
labüddür. Bununla yanaşı, keçmiş
stereotiplərdən imtina edilməməsi yolverilməzdir.
Ölkəmizdə təhsil islahatları milli mənafelər
nəzərə alınmaqla həyata keçirilməlidir.
Təlim məsələlərində
(ayrı-ayrı fənlərin tədrisinin plan və
proqramlarında, yeni metodların yaradılmasında)
inkişaf etmiş ölkələrin müsbət təcrübəsi
müəyyən araşdırmalardan sonra ölkəmizin təhsil
sisteminə tətbiq olunmalıdır. Ali
təhsil müəssisələrində milli özünüdərk
və dövlətçilik prinsiplərinin
aşılanması ön plana çəkilməlidir.
Hazırda respublikada təhsil
və kadr hazırlığı prosesinə, həmçinin
təhsilin məzmununun təkmilləşdirilməsinə
işəgötürənlərin cəlb olunması
çox aşağı səviyyədədir. İşəgötürənlər
kadr hazırlığı prosesində iştirak etmir və
hazırlanan kadra dair şərtlər irəli sürmək
imkanına malik deyillər.
İqtisadiyyatın modernləşdirilməsi
zamanı ən ciddi problemlərdən biri də əmək
bazarının tələblərinə uyğun yüksəkixtisaslı
kadrların hazırlanmasının təkmilləşdirilməsindən
ibarətdir.
Bu baxımdan təhsil sferasında son onilliklərdə ali təhsilin məzmununda ciddi dəyişikliklərə
ehtiyac yaranmış və bu proses indi də davam etməkdədir.
Sürətli elmi-texniki inqilabın baş
verdiyi bir dövrdə texniki sahədə biliklər, vərdişlər
və səriştələr çox mobil şəkildə
dəyişir, bu da öz növbəsində təhsil
alanların və təhsil verənlərin yüksək
kompetensiyalara malik olmalarını diktə edir. Bu
baxımdan ali məktəblərin, o
cümlədən texniki ali məktəblərin
qarşısında ciddi vəzifələr durur. Xüsusilə
sənayeləşmənin daha böyük vüsət
aldığı bir zamanda, yüksək texnologiyaların
yaradılmasına xüsusi maraq göstərildiyi bir dövrdə
Azərbaycanda bu məsələnin həlli istiqamətində
texniki ali məktəblərin üzərinə
böyük missiya düşür.
Dövlət başçısı
tərəfindən iqtisadi kapitalın insan kapitalına
çevrilməsi istiqamətində həyata keçirilən
siyasət Azərbaycan Texniki Universitetində innovativ
texnologiyaların daşıyıcısı olan, sənaye və
istehsalat sahələrinin problemlərini daha tez mənimsəyən
və həlli yollarını müəyyənləşdirməyə
qadir olan mütəxəssis hazırlanması məsələsini
qarşıya məqsəd qoyur.
Dünya miqyasında yüksək səviyyəli
ali təhsil ölkələrin sabit
iqtisadi inkişafını təmin edən, rəqabətədavamlı
məhsulların istehsalını şərtləndirən
amillər sayılır və ölkənin davamlı
inkişafının hərəkətverici qüvvəsi hesab
edilir. Ona görə də ali təhsil müəssisələri,
xüsusilə Azərbaycan Texniki Universiteti yalnız mütəxəssis
hazırlığı ilə kifayətlənməməli,
eyni zamanda elmi-innovativ fəaliyyət göstərən mərkəzlərə
çevrilməli, elm, təhsil, istehsalat və biznes
strukturlarının inteqrasiyasını təmin edən ideya
generatorluğunu öz üzərinə götürməyə
qadir olmalıdır. Bu ideyanın
reallaşması və əmək bazarının tələblərinə
uyğun mütəxəssis hazırlanması
üçün istehsalat xidmət sahələri ilə
sıx əlaqədə olmalı və onların problemlərinin
həllini təmin etməlidir.
Universitetlərimizin perspektiv
inkişafını təmin etmək, elm və istehsalatla
inteqrasiyanı sürətləndirmək üçün bir
sıra tədbirlərin həyata keçirilməsi ali təhsil sahəsində islahatların daha səmərəli
nəticə verməsinə bilavasitə öz müsbət təsirini
göstərə bilər. Bunlar hansılardır:
- təhsilin idarə
olunmasının rasionallaşdırılması, maddi-texniki
bazalardan səmərəli istifadə olunması məqsədilə
ali məktəblərin nəzdində eyni profilli kolleclərin
və peşə-ixtisas təhsili məktəblərinin
yaradılması və fəaliyyətinin
stimullaşdırılması tədbirlərinin həyata
keçirilməsi;
- Azərbaycan sənayesinə vacib
olan, çətin əmək şəraitinə malik sahələr
üçün mühəndis kadrların hazırlanması
zamanı stimullaşdırıcı və motivasiyaedici tədbirlərin
nəzərə alınması;
- kitabxana fəaliyyətinin
modernləşdirilməsi, rəqəmsal resurslardan istifadə
məqsədilə müasir elmi ədəbiyyat və məcmuələrə
çıxış üçün scoups və sciencedirect
internet saytlarına daimi çıxışı olan kitabxana
şəbəkəsinin yaradılması;
- təhsilin
inkişafına nail olunması baxımından istehsalat, xidmət
və digər özəl strukturlarla birlikdə müsabiqələr
və layihələr həyata keçirmək məqsədilə
hüquqi bazanın təkmilləşdirilməsi;
- ali təhsil
müəssisələrinin arasındakı fərqin aradan
qaldırılması üçün mərkəzi
universitetlərdə formalaşmış mütəxəssislərin
regionlarda işə cəlb olunması və bunun
üçün lazımi stimullaşdırıcı tədbirlərin
həyata keçirilməsi;
- xüsusi
istedadlı təhsil alanların müəyyənləşdirilməsi
üçün mütəmadi axtarış mexanizmlərinin
tətbiq edilməsi və bununla respublikanın dəyərli
insan kapitalının inkişafının və
qorunmasının təmin olunması;
- istehsalatla
bağlı olan müxtəlif istiqamətlər üzrə sənayenin
inkişaf strategiyasına uyğun elmi-innovativ konsepsiyaların
hazırlanması;
- təhsil sahəsində
dövlət-biznes partnyorluğu sisteminin hüquqi
bazasının yaradılmasının təmin edilməsi;
- istehsalatda tətbiq
edilən müasir texnologiyaların tədris prosesində
öyrədilməsi məqsədilə işçi tədris
proqramlarında daim yeniliklər edilməsinin təmin
olunması;
- elmi, elmi-texnoloji
və innovasiya fəaliyyətinin normativ-hüquqi
bazasının təkmilləşdirilməsi.
Optimal bilikli mühəndis
kadrların hazırlanmasında istehsalat təcrübələri
mühüm əhəmiyyətə malikdir. Lakin etiraf etməliyik ki, bu
proses zamanı tələbələrin praktik vərdişlər
qazanmasında bir sıra çətinliklər mövcuddur.
Hazırda təcrübələrin keçirilməsinin tədris
planında sonuncu semestrə
planlaşdırıldığını nəzərə
alaraq, bu istiqamətdə işlək mexanizm
yaradılmasına ehtiyac var. Lakin əksər hallarda istehsalat
müəssisələri kütləvi olaraq tələbələrin
uzun müddətə təcrübə keçmələrinə
az maraq göstərirlər. Bu istiqamətdə istehsalat müəssisələrinin
məsuliyyətini artırmaq məqsədilə əlaqədar
təşkilatlar səviyyəsində lazımi hüquqi
normativ bazanın yaradılmasına zərurət duyulur.
Son illər bir çox
hallarda sənaye müəssisələrinin işləməməsi
və digər səbəblərdən təcrübələr
qismən formal xarakter daşımışdır. Respublikamızda
sənayeləşmənin vüsət alması xüsusilə
strateji və ağır sənaye sahəsi olan
metallurgiyanın, eyni zamanda əlvan metallurgiyanın
inkişafı istehsalat təcrübələrinin təşkilində
yeni tələblər irəli sürür.
Sənaye müəssisələri ilə
universitet arasındakı inteqrasiyanın inkişafının
təmini, əmək bazarının tələblərinə
uyğun mühəndis kadrların hazırlanmasında irəliləyişlər
əldə etmək üçün AzTU-nun Metallurgiya
fakültəsinin “Metallurgiya mühəndisliyi” və
“Dağ-mədən mühəndisliyi” ixtisasları üzrə
oxuyan tələbələr 2015-ci ilin iyul ayı ərzində
yay tətili dövründə Gəncədəki “DET-AL
Alüminium” MMC-nin Detal Alüminium Kompleksində istehsalat təcrübəsində
olmuşlar. Tələbələr burada yerinə yetirilən ən
müasir texnologiyalarla praktik olaraq tanış
olmuş, eyni zamanda həmin texnologiyaları mənimsəmək
üçün nəzəri məşğələlər
aparılmışdır. Digər tələbələrin
isə bir sıra dərslərinin “Baku Steel Company” MMC-dəki
Tədris Mərkəzində təşkili, istehsalat təcrübələrində
iştirakı onların praktik biliklərinin
formalaşmasında əsaslı rol oynamışdır.
Müasir dövrdə
universitetlərin davamlı inkişafını təmin edən
ən vacib məsələlərdən biri də sabit maliyyə
resurslarının yaradılmasıdır. Azərbaycanda ali məktəblərin əsas maliyyə mənbəyi
faktiki olaraq tələbələrin təhsil ödənişlərindən
ibarətdir. Universitetlərin
inkişafının təmin olunması üçün
onların innovativ fəaliyyəti
stimullaşdırılmalıdır. Strateji Yol Xəritəsində
göstərildiyi kimi, “Təhsil-elm-istehsalat” əlaqələrinin
optimallaşdırılması, bu “üçlüyə” daxil
olan müəssisə və təşkilatlar
üçün ixtisaslı kadrların hazırlanması,
bazara hədəflənən elmi tədqiqat və işləmələrin
həyata keçirilməsi üçün maliyyə
imkanlarının yaxşılaşdırılması məqsədilə
maliyyə-kredit infrastrukturu inkişaf etdiriləcəkdir ki, bu
da universitetlərin maliyyə imkanlarının davamlı
olmasına şərait yaradacaqdır. Almaniyanın və digər
inkişaf etmiş ölkələrin universitetlərinin maliyyələşmə
mənbələri əsasən onların elmi-innovativ fəaliyyəti,
layihələrin yerinə yetirilməsi, konsaltinq, mühəndis və
müxtəlif növ təhsil xidmətləri hesabına
formalaşır. Məsələn, Almaniyada təhsil
bütövlükdə pulsuz olsa da, onlar böyükhəcmli
layihələrin yerinə yetirilməsində, elmi-innovativ fəaliyyət
göstərməsində, istehsalatın real problemlərinin həllində,
böyük maliyyə imkanlarına və nüfuza malik olan
firma və şirkətlərin elan etdiyi irihəcmli qrant layihələrinin
həyata keçirilməsində yaxından iştirak edirlər.
Bu, onların daim inkişafını
stimullaşdırır, eyni zamanda sabit maliyyə
resurslarının formalaşmasına şərait yaradır.
Odur ki, gələcəkdə sabit maliyyə
imkanlarının yaradılması üçün universitetlərin
aşağıdakı fəaliyyət sferalarına diqqət
artırmaları daha məqsədəuyğundur:
- elmi, elm-texniki
informasiya yaratma vərdişlərinə yiyələnmək
istiqamətində fəaliyyəti genişləndirmək;
- sənaye sahələri
ilə sıx əlaqədə birgə layihələrin həyata
keçirilməsini təşviq etmək;
- qısamüddətli
kurslar və təhsil fəaliyyətindən gəlirlər əldə
etmək imkanlarını daim diqqətdə saxlamaq;
- elmi, elm-texniki
informasiya, konstruktor işləmələrinin
kommersiyalaşdırılması üçün lazımi vərdişlərə
yiyələnməkdən ötrü öyrədici kurslar təşkil
etmək;
- universitetlərdə “Consalting” xidmətlərinin təşkilinin təşviq olunması və sənayenin və istehsalatın problemlərinin həllini özündə əks etdirən elmtutumlu tədqiqat işlərinə daha çox diqqət göstərmək və kadr hazırlığında bunu nəzərə almaq;
- ali məktəblərin sifarişli təhsil və digər xidmət sahələrində fəaliyyətinin genişləndirilməsini təmin etmək.
İlkin biliklərin nisbətən aşağı olmasına baxmayaraq, universitet təhsili almaq arzusunda olan gənclərin ali məktəblərə daxil olmaları üçün lazımi hazırlıq keçdikdən və imtahan verdikdən sonra ali məktəblərdə təhsil almaq imkanlarının yaradılması da vacib məsələlərdən biridir. İnkişaf etmiş ölkələrdə bu praktikadan geniş istifadə edilir. Təhsil Nazirliyi bu istiqamətdə lazım olan addımları atmışdır. Bu, gələcəkdə universitetlərin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Digər tərəfdən, ali məktəblərdə sifarişli, qısamüddətli təhsil almaq imkanlarının genişləndirilməsi üçün tədbirlər görülməsi məqsədəuyğundur. Burada müxtəlif müəssisə və təşkilatlar, istehsalat sahələri üçün həmin xidmət cəlbedici ola bilər. Onlayn kursların təşkili imkanlarından da maksimum yararlanmaq lazımdır. Azərbaycan gələcəkdə region, xüsusilə Yaxın Şərq ölkələri üçün yaxşı ali təhsil verən dövlət kimi öz xidmətlərini təklif edə bilər. Bu ənənə sovetlər dönəmi ali təhsil tariximizdə mövcud olmuşdur. Bunlar universitetlərin inkişafı, maliyyə imkanlarının genişlənməsi baxımından kifayət qədər perspektivlidir.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı günün tələblərinə uyğun yeni çağırışları artıq post-neft dövrünün başlanmasının göstəricisi kimi qiymətləndirilməlidir. Bu çağırışlar bizdən sənayeləşmənin dinamik inkişaf səviyyəsi ilə ayaqlaşan ali təhsilli kadrların hazırlanmasında var gücümüzü əsirgəməməyi tələb edir.
Hazırda Azərbaycanda ali təhsilin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi istiqamətində atılan real addımlar yaxın gələcəkdə ölkəmizin dünya təhsil sistemində özünəməxsus yer tutması üçün ciddi perspektivlər vəd edir.
Sübhan NAMAZOV,
Azərbaycan Texniki Universitetinin kafedra müdiri,
texnika elmləri
doktoru, professor,
Rusiya Mühəndislik
Akademiyasının akademiki
Azərbaycan.-
2017.-19 aprel.- S.6.