Xalqın böyük şairi

 

Molla Pənah Vaqif - 300

 

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında  12 yanvar  2017-ci il tarixli sərəncamı  ictimai rəydə rəğbətlə qarşılanmış, ədəbi aləmdə xüsusi ovqat yaratmışdır. Azərbaycan xalqının böyük şairi, mütəfəkkiri və dövlət xadimi Molla Pənah Vaqifin üç yüz illiyinin bütün dünyada, xüsusilə vətəni müstəqil Azərbaycanda təntənə ilə qeyd olunması humanist, mütərəqqi tarixi şəxsiyyətə, onun ideyalarına,  poeziyasının heç zaman öz təravətini itirməyəcək estetik təsir gücünə, sözün geniş  mənasında “şirin dili”nə tükənməyən ehtiramdan, sevgidən, vurğunluqdan irəli gəlir. Azərbaycan ədəbiyyatı tarixşünaslığının  yaradıcısı Firudin bəy Köçərli vaxtilə yazmışdı: “Onun (M.P.Vaqifin) şeir  qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlibsə… tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli şairlərimizdən onun  kimi sadə və açıq lisandaana dilimizin  şivəsində şeir və qəzəl yazan az olub”.

Onu da əlavə etmişdi ki: “Hərgah VaqifVidadi kimi məşhur şairlər özgə millətlər arasında zühur etmiş olsaydılar, bişübhə indiyə kimi onların asar və əşarı dəfəat ilə çapdan çıxıb əbnayi-millət içərisində yayılmışdı. Onların qəbri üstündə nişangah qoyulmuşdu və vəfatlarının əlliyüz sənəlik yubileyisi yomi alisi artıq  cəlal və təntənə ilə yad olunmuşdu”.

Firudin bəy bu sözləri yazanda XX  əsrin əvvəlləri idi. O zaman Azərbaycan xalqı öz dövlət müstəqilliyi uğrunda mübarizəyə  yeni (ancaq bütün mənəvi-ideoloji enerjisilə) başlamışdı.  Əslində, “milli şair”ə (və şairlərə)  yubiley keçirilməsi, onların millətə daha kütləvi tanıdılması ehtiyacının meydana çıxması da milli oyanışın təbii təzahürü idi.

Akademik Həmid Araslı yazır: “Vaqif irsi hələ şair yaşadığı dövrdə  nəzər-diqqəti cəlb etmişdir. Lakin Vaqif  öldürüldüyü zaman evi talan edildiyindən, onun  əsərləri də itib batmış və öz  əlyazması bizə qədər gəlib çatmamışdır. Vaqifin əsərlərindən şeir maraqlılarının hafizələrində qalan, yaxud öz dəftərlərinə köçürmüş olduğu ayrı-ayrı qoşmalar saxlanılmışdır...”

Demək olar ki, bütün həyatını yeniyetməlik illərindən başlayaraq yazı- pozuya həsr etmiş insanın bir cümlə və ya misra yazısının qalmaması Molla Pənah Vaqif taleyinin, bəlkə də, ən böyük paradoksu idi. Lakin onun yaradıcılığını ürəkdən sevən, ictimai-siyasi fəaliyyətini, şəxsiyyətini yüksək dəyərləndirən xalq, bir tərəfdən, şairin qoşma, qəzəl, müxəmməs, müstəzad və  müəşşərlərini uzun müddət yaddaşında saxlamış, xanəndələr məclislərdə ifa etmiş,  həvəskarlar yazıya almış, digər tərəfdən, Qarabağın tarixini yazan ziyalılar öz əsərlərində  Qarabağ xanlığının məşhur vəzirinin tərcümeyi-halının müxtəlif məqamlarına xüsusi diqqət vermişlər.

Vaqifin tərcümeyi-halını  ilk dəfə bütün  təfsilatı ilə tərtib etməyə  çalışan Salman Mümtaz yazır: “Azərbaycan türklərinin saf bir özəyini təşkil  edən kəndlilərdən ərsei-vücudə gəlmiş  bütün ellər tərəfindən “hər oxuyan Molla Pənah olmaz” ünvani-cəlilinə  məzhər olmuş... Vaqif barəsində bizə dəyərli yardımda olan ərbabi-qələmin birincisi İbrahim xan Cavanşir vüzərasından həm də azərbaycanca yazdığı məşhur “Asari-Camal” adlı tarixi ilə qaranlıqda qalmış tariximizin bir hissəsini aydınladan Mirzə Camal, ikincisi erməni ədiblərindən, türk, fars və ərəb dillərinə bir əndazəyə qədər dara olan Mirzə Yusif Nersesov Qarabaği, üçüncü azərbaycanca “Qarabağnamə” tarixini yazan Mirzə Adıgözəl bəy olmuşdur. Əvvəlki ilə bu sonu müvərrix olduqlarından dolayı ancaq Vaqif ilə əlaqədar olan hadisəni müxtəsər qeyd edərək keçmişlər. Amma Mirzə Yusif isə Vaqifin icmalən farsca  tərcümeyi-halını yazmaqla bərabər, bir neçə şeirlərini də bir araya toplamaqla ədəbiyyatımıza dəyərli xidmətdə olmuşdur. Bu çox dəyərli, qiymətli şairimizin adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü də Vaqifdir. “Vaqif” kəlməsi iki mənanı - “xəbərdar” və “vəqf edən” havi olduğu üçün şair bu təxəllüsü qəbul edərək şeirlərində də işlətmişdir”.

Vaqifin həyatı, dövlət xadimi olaraq fəaliyyəti və yaradıcılığı haqqında Mirzə  Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Əhməd bəy Cavanşir, Mirzə Yusif Qarabaği (Nersesov), Mir Mehdi Xəzani, Rzaqulu bəy Mirzə Camal oğlu, Mirzə Rəhim Fəna kimi “Qarabağnamə” müəllifləri biri digərini çox hallarda təsdiq (hətta təkrar) edən, müəyyən məqamlarda isə fərqli məlumatlar vermişlər ki, həmin məlumatların hamısı vaqifşünaslıq üçün buya digər  dərəcədə əhəmiyyətlidir.

Vaqifin əsərlərini ilk dəfə Mirzə Yusif Qarabaği toplayıb 1856-cı ildə “Vaqif və müasirini-digər” kitabında nəşr etdirmişdir.

M.P.Vaqifin yaradıcılığına özünəməxsus realist ədəbi-estetik mövqedən yüksək qiymət verən Mirzə Fətəli Axundzadə şairin əsərlərini toplayaraq çap etdirmək istəsə də, nədənsə buna nail ola bilməmiş, lakin həmin materiallardan istifadə edən  fransız mənşəli rus qafqazşünası Adolf Berje 1868-ci ildə Leypsiqdə əsasında Vaqifin şeirləri dayananQafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə” adı ilə ayrıca kitab yayınlamışdır.

Mirzə Fətəli yazır: “Mən əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərti bir növlə onda gördüm”.

Məlum olduğu kimi, Hüseyn Əfəndi Qayıbov da Vaqifin əsərlərini məhz M.F.Axundzadənin məsləhətilə toplamış,  lakin nəşr etdirə bilməmişdir.

XIX əsrin sonu, XX əsrin əvvəllərində  Azərbaycanda milli özünüdərkin güclənməsi, miqyasca  genişlənməsi və  azərbaycançılıq ideologiyasının təşəkkülü M.P.Vaqifin yaradıcılığına marağı daha da artırmış, “Tazə həyat” qəzetinin müdiri Haşım bəy Vəzirov  şairin əsərlərini 1908-ci ildə əvvəlki nəşrlər əsasında çap etdirmişdir.

Milli elmi-ictimai təfəkkürdə Vaqifə maraq nə qədər güclü olsa da, bizim qəti inamımıza görə, vaqifşünaslığın əsaslarını yaratmaq məhz görkəmli  ədəbiyyatşünas Salman Mümtaza nəsib olmuşdur.

Salman Mümtazın “Azərbaycan ədəbiyyatı” seriyasından olan  Molla Pənah Vaqif” kitabçası (Bakı, “Kommunist” nəş., 1925), görünür,   bu günə qədər vaqifşünaslığın şah əsəri olaraq  qalmaqdadır.

Salman Mümtaz yazır: “Ərəbcə, farsca dərin bir məlumat və fövqəladə bir istedada malik olan bu nadir sima vəzir olduğu halda, yenə elə, xalqa  yanaşmış və şeirlərini də tamamilə öz doğma ləhcəmizdə  söyləmişdir. Cavanşir sarayı Vaqifi deyil, Vaqif sarayı mənimsəmiş və dilimizə, ədəbiyyatmıza da çox böyük xidmətlər göstərmişdir. “Lisani-rəsmi”si  farsca olan İbrahim xan Cavanşir xanlığının rəsmi dili ilə daim mübarizədə olaraq o dilə və o ədəbiyyata öz  əsrində fayiq gələn böyük Vaqifin şeirləri o qədər rəvan, sadə və o qədər şirindir ki, insan oxumaqla doymur, bütün kitabı birdən götürüb başına çəkmək və içmək istəyir. Vaqif tam mənası ilə el şairi olaraq, həm də mücəddəddir. Bu münasibətlə də nəzərimizdə Vaqifin qayət böyük dəyəri vardır”.

Və əlavə edir: “Məhəmməd bəy Cavanşir tərəfindən “evi tarac edilərkən “Divan” və yaxud “Divan”ları arada itib-batan bu nadirei-əsrin, bildiyimə görə, əldə olan şeirləri üç dəfə təb və nəşr edilmişdir. Birinci yol bu gözəl işə iqdamat edən Mirzə Yusif Qarabaği, ikinci dəfə Adolf Petroviç Berje, üçüncü kərə isə Haşım bəy Vəzirovdur. Qaraladığım bu sətirlər isə Vaqifin tərcümeyi-halından Mirzə YusifBerje məcmuələrindən alınma parçalar istisna olmaq şərtilə min məşəqqət və əziyyətlərlə toplanılmış  şeirlərdir ki, bu günə kimi heç bir yerdə təb və nəşr olmadığı kimi, Mirzə YusifBerje məcmuələrində də  basılmamışdır. Bunları  taparaq meydana çıxarmaq  xoşbəxtliyi mənə müyəssər və nəsib olmuşdur ki, məndən ötrü çox böyük səadətdir”.

Salman Mümtaz Vaqifin əsərlərini 1937-ci ildə nəşr etdirir.

Vaqifşünaslıqda Salman Mümtazın tarixi xidmətinin fəlsəfəsi ondan ibarətdir ki, təzkirələrdə, “Qarabağnamə”lərdə, özünəqədərki araşdırmalarda M.P.Vaqif haqqında verilən məlumatları sistemləşdirib gələcək  vaqifşünasların ixtiyarına verdi. Salman Mümtazdan sonra vaqifşünaslığın önündə akademik Həmid Araslı gedərək Salman Mümtazın yaratdığı məktəbi həm mükəmməlləşdirdi, həm də müasirləşdirdi.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutu M.P.Vaqifin əsərlərinin elmi nəşrini gerçəkləşdirdi. Onun müəllifi akademik Həmid Araslı idi.

Həmid Araslı yazır: Vaqif geniş xalq kütlələri içərisindən  çıxıb, nəhayət dövlət xadimi kimi yüksəlməyə müvəffəq ola bilmiş, mütərəqqi şəxsiyyət olduğundan, sənətkarlıq qüdrətini və siyasətdəki bacarığını hər kəsdən əvvəl qiymətləndirən xalq  “hər oxuyan Molla Pənah olmaz  zərb-məsəlini yaratmaqla, şairə qiymət vermişdir”.

Molla Pənah  Vaqifin dövrünü, həyatını, dünyagörüşünü mümkün qədər təfsilatı ilə öyrənmək, təsəvvürdə canlandırmaq üçün istinad edilən əsas mənbələrdən birincisi müxtəlif  elmiya elmi-kütləvi araşdırmalardırsa, ikincisi, şairin heç də bütün miqyası  ilə bizə gəlib çatmamış və ya sona  qədər toplanmamış yaradıcılığıdır.

Lakin əslində bu mənbələrdən hansının daha mötəbər olması üzərində mübahisə etmək də mümkündür. Çünki Vaqif öz tərcümeyi-halını həm yaratmış, həm də onun ən mühüm məqamlarını qələmə almış şair-mütəfəkkirdir. Əgər Vaqif  haqqında təzkirələrdə, Qarabağ tarixinə dair əsərlərdə - “Qarabağnamə”lərdə buya  digər dərəcədə dəyərli məlumatlar olmasaydı belə onun həyat yolunu yaradıcılığı əsasında kifayət qədər aydın şəkildə  təsəvvür etmək olardı. Təsadüfi deyil ki, böyük şəxsiyyətin  başına gələn əhvalatlardan bəhs edən nəinki ədəbiyyatçılar, hətta tarixçilər də həmin əhvalatların məzmun-mündərəcəsini daha mükəmməl çatdırmaq üçün məhz ayrı-ayrı şeirlərinə müraciət etməli olmuşlar.

Görünür, böyük şair, mütəfəkkir və dövlət xadiminin ömür yolunu (ümumən şəxsiyyətini) öyrənərkən müraciət olunacaq üçüncü əsas mənbə Vaqifin obrazını yaratmış yazıçıların əsərləridir ki, buraya ilk növbədə Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” (və yaİki od arasında”)  romanı, Səməd VurğununVaqif” dramı, eləcə də bir sıra digər ədəbi yaradıcılıq məhsulları daxildir. Bu əsərlərdə bədii ümumiləşdirmə (və vüsət!) nə qədər  yüksək olsa da, şairin, dövlət xadiminin  tərcümeyi-halının mümkün qədər  dəqiq əks etdirilməsinə çalışıldığı nəzərdən yayınmır.

Azərbaycan ədəbiyyatının, xüsusilə poeziyasının tarixində Vaqif məktəbinin ən böyük davamçısı olmaqla öz növbəsində yeni məktəb yaratmış şair-mütəfəkkir Səməd Vurğundur.

XVIII əsr sənətkarının yaradıcılıq  şəxsiyyətində nə hikmət vardı ki, XX əsrin milli sosialist (kommunist) şair- mütəfəkkirini məftun etmişdi?

Səbəb yalnız o idimi ki, Səməd Vurğun da Vaqifin doğulduğu, sözün geniş mənasında təhsil alıb dünyagörüşünün formalaşdığı, böyük söz sənətkarı kimi püxtələşdiyi mahalda, etnoqrafik (hətta, belə demək mümkünsə, etnopoetik) məkanda dünyaya gəlmişdi?.. Əlbəttə, yalnız bu deyildi. Ancaq heç bir şübhə yoxdur ki, bu, çox mühüm, bəlkə də, əsas amil olmuşdur ki, XX əsrin şairi XVIII əsrdəki sələfinə bu qədər inamla, müəyyən məqamlarda təhtəlşüur bir məhəbbətlə istinad etsin.

Xalq, xüsusilə aşıq poeziyasının yaradıcılıq texnologiyalarını, demək olar ki, zədələmədən bir küll halında yazılı ədəbiyyata gətirmiş, onu bir mahalın estetik  zövqü  miqyasından çıxarıb bütövlükdə Azərbaycan türklərinin klassik bədii təfəkkürü səviyyəsinə yüksəltmiş, milli ruhu təzələmiş Vaqif şeirində yenilik (və millilik!) axtaran Səməd Vurğunu, təbii ki,  gənc yaşlarından, özünə ustad-müəllim axtardığı ilk illərdən maraqlandırmış, hətta sehrləmişdi. XX əsrin 20-ci illərində, yəni yaradıcılığa başladığı dövrdə Səməd Vurğun Vaqifi  sadəcə təqlid edirdisə, az sonra - 30-cu illərdə Vaqifə vurğunluq artıq, etnoqrafik emosionallığını  itirmədən, dərk olunmuş, fəlsəfi-estetik məzmun qazanmış bir münasibət idi ki, bunun tarixi təzahürü bu günə qədər müasir Azərbaycan ədəbiyyatının ən möhtəşəm, populyar əsərlərindən biri sayılan “Vaqif” dramı oldu.

Necə ki Vaqif ruhən qidalandığı, pərvəriş tapdığı torpağın miqyasına sığmadı, Səməd Vurğun da o cür öz parlaq istedadını təqdim etmək üçün, tamamilə təbii olaraq, geniş üfüqlər axtardı. AncaqVaqif, nə də Səməd Vurğun doğulub böyüdükləri mahalın övladlığından heç zaman imtina etmədilər... Yəni yaradıcılıq üçün həmişə zəruri olan yeniliyi, özünəməxsusluğu o yerdə aradılar ki, milli bədii təfəkkür etnoqrafik yaddaşını (Vətəni) itirməsin.

“Səməd Vurğunun, nə qədər milli olsa da, sosialist (kommunist) bir şairin, yetişməsində Vaqifin  hansı xüsusi xidmətləri ola bilərdi” sualı o qədər də yersizya absurd deyil... Azərbaycanda patriarxal həyat tərzinin (dünyagörüşünün) xeyli təcavüzkarcasına və ya “hövsələsiz” olsa da, tamamilə haqlı olaraq, təqib edildiyi, aradan qaldırılmağa çalışıldığı (müqavimət göstərənlərin amansızcasına cəzalandırıldığı)  bir dövrdə özünü həmin dövrün  şairi elan etmiş Səməd Vurğunfeodal dünyagörüşlü” (həm də yerlisi olan) XVIII əsr şairini hansı məntiqlə (cəsarətlə!) özünə ustad seçmişdi?.. Nə üçün siyasi-ideoloji dedi- qoduların tüğyan eləməsinə bu qədər imkan vermişdi?..

Görünür, Səməd Vurğunun Vaqifə, mürəkkəb tarixi şəraitə  baxmayaraq, bu cür “təhlükəli” bağlılığında,  nə isə qaçılmaz, mistik məqamlar da yox deyildi. Hərdən “şairlər ordusu səf-səf düzlənsin, yoldaş Mayakovski komandan olsun” desə də, Səməd Vurğunun şair ruhunu canlandıran etnoqrafik köklərin təzahürü - “Vaqifin şirin diliidi. o, yeni dövrdə  yaşamasına, Azərbaycanda milli  intibahın ən böyük nümayəndəsi olmasına baxmayaraq, bizə gəlib çatan əsərlərində bir dəfə də olsun nə “Azərbaycan”, nə “Azərbaycan (türk) xalqı”, nə də “Azərbaycan (türk) dili” anlayışlarını işlətməmiş şairin adını ana dilinin adı kimi təqdim etməkdən çəkinmirdi. Çünki onun üçün XVIII əsr şairinin  xəlqi leksikonu, qrammatikası, üslubumilli ruhu əsas idi.

XX əsrin əvvəllərində, hətta  30-cu illərdə də öz mövqeyini buya digər dərəcədə  qoruyub saxlayan, bir sıra hallarda yeni təzahürlərdə meydana çıxan poetik-ədəbi üslublar Səməd Vurğunu birona görə qane etmirdi ki, ona doğma olan Vaqif üslubunu XIX əsrin  ortalarından gələn bir axınla, faktiki olaraq,  unutdurmuşdu. Bu axın-cəhd  mövzulara, ideyalara, qəhrəmanlara qədər təsir göstərmiş, “Azərbaycan sovet poeziyasının banisini “bəs mənim ölkəmin varlığı hanı” sualını verməyə məcbur eləmişdi.

Səməd Vurğun sovet poeziyasında, ümumən ədəbiyyatında, əgər belə demək mümkünsə, Azərbaycan konyukturlarını ən yüksək səviyyədə reallaşdırmış bir sənətkar-ideoloq olmuşdur ki, bu özünü Vaqif yaradıcılığına münasibət məsələsində də göstərir... Heç şübhə etmirik ki, əgər Səməd Vurğunun Vaqifə  elmi təhlilə çətin gələn bu cür intəhasız (bir sıra məqamlarda mistik) məhəbbəti olmasaydı, XVIII əsrin böyük şairi sovet dövründə bu qədər rahat qəbul oluna, bu qədər populyarlaşa bilməzdi. Məhz Səməd Vurğunun şəxsiyyəti, ideoloji-ədəbi nüfuzu inandırdı ki, Molla Pənah VaqifNizami, Füzuli kimi bizim müasirimizdir.  Ancaq, Allah tərəfi, bu cür “müasirliy”ə Vaqifin daha çox haqqı vardı... Hər şeydən əvvəl ona görə ki, o, ana dilində yazmışdı, həm də XX əsrdəki xələflərinin tamamilə anlayacağı, eyni zamanda ədəbi hadisə olaraq zövq alacağı bir dildə yazmışdı.

Səməd Vurğunun Vaqifə xüsusi önəm verməsi, bir tərəfdən, onun ruhundan doğulması ilə bağlı idisə, digər tərəfdən, ədəbi-estetik ideallarını  təsdiq etməsilə əlaqədar idi. Yəni müxtəlif istiqamətlərdən tənqidə məruz  qalan şair sübut etmək istəyir (demək olar ki, edirdi) ki, onun poetik üslubu kifayət qədər mötəbər köklərə malikdir ki, bunun da birincisi Vaqifin yaradıcılığıdır. O da  təsadüfi deyildi ki, XX əsr şairini bəyənməyənlər, açıq və ya gizlin tənqid edənlər onun ustadına - XVIII əsr şairinə də hücum etməkdən çəkinmirdilər.

Səməd Vurğun dərindən bilirdi ki, sovet ədəbiyyatında Vaqifin yeri kifayət qədər paradoksal, ideya-estetik dərk baxımından xeyli dərəcədə ziddiyyətlidir... Belə ki, bir tərəfdən, bu böyük şairi xalq arasından çıxdığına, “yadelli işğalçılara” qarşı mübarizə apardığına, hətta Rusiya tərəfdarı olduğuna (“beynəlmiləlçiliyinə”) görə sovet ideologiyasına qəbul etdirmək o qədər də çətin deyil; digər tərəfdən isə, milli təfəkkürün (və dilin) hələ XVIII əsrdə meydana çıxmış bu möhtəşəm hadisəsi elə bir mükəmməl yaddaş (və tarix) təqdim edir ki,  sabahya o biri gün sovet ideologiyası hər halda anlayacaq ki, bu təfəkkürün (dilin) bugünkü daşıyıcılarını assimilyasiya etmək mümkün deyil, ona görə də Vaqifə (nəticə etibarilə, Səməd Vurğuna!) ideoloji hücumlar qaçılmazdır.

Moskva bütün əsərlərini farsca yazmış dahi Nizaminin Azərbaycan şairi olduğunu “rəsmi olaraq” təsdiq edəndə əsas məqsəd heç də mənasız mübahisələrə son qoymaq, şairi öz xalqına  qaytarmaq deyildi. Sovet ideoloqları bilirdilər ki, Nizami fars dilini bilməyən Azərbaycan türklərində milli yaddaşın oyanmasına çox az təsir edə bilər. Eləcə də dili çətin olan dahi Füzuli... “Dədə Qorqudeposunu, təbii ki, qadağan etmək lazımdır. Vaqiflə nə edək?..

Patriarxal bir şairi, kiçik bir xanlığın “eşik ağası” miqyasından kənara çıxartmadan gözləyək. O zamana qədər ki, “novatorluq” axtarışları öz  kosmopolit liberallığı ilə nəinki Vaqifi, hətta Səməd Vurğunu da tarixin arxivinə göndərəcəkdir.

Ancaq belə olmadı... Vaqifin (və Səməd Vurğunun!) “şirin dili”, bütün maneələrə rəğmən, müasir Azərbaycan ədəbi dilini formalaşdırdı, müasir ədəbiyyatın, elmin, publisistikanın ifadə-ünsiyyət vasitəsinə çevirdi, tarixin qırılmağa hesablanmış bağları (xronologiyası) bərpa edildi.

Əgər Vaqif yüz ildən çox sürən tərəddüdlərdən, üslub texnologiyası axtarışlarından sonra öz Vurğununu yetişdirməsəydi (və Səməd Vurğun Vaqifi daxilindən gələn romantik bir ehtirasla bu qədər yüksəldib ictimailəşdirməsəydi), görünür, həmin “axtarışlar” bu gündavam edəcəkdi.

Səməd Vurğun Vaqifi nə dərəcədə müasirləşdirdisə, Vaqif də Səməd Vurğunu o səviyyədə tarixiləşdirdi.

M.P.Vaqif öz-özlüyündə (təbiətən) istedadlı, müdrik olsa da, onun şəxsiyyəti, ümumiyyətlə, dövrün, mühitin tarixi reallığının məhsuludur ki, böyük şairin, dövlət xadiminin yaşadığı həmin dövr Azərbaycanda milli intibah dövrü, mühit isə milli intibah mühiti idi.

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2017.-19 aprel.- S.7.