Uğurlu xarici
siyasətin banisi
Müasir tarixi dövrdə
uğurlu xarici siyasət kursu müəyyənləşdirmək
və həyata keçirmək olduqca çətindir. Burada həm
dövrün geosiyasi, iqtisadi, mədəni, sivilizasiya mürəkkəbliklərini
və ziddiyyətlərini, həm regionun özəlliklərini,
həm də konkret ölkənin tarixi təkamül
xüsusiyyətlərini nəzərə almaq lazım gəlir.
Lakin bu da kifayət etmir. Sadalanan
sahələrin hər biri özlüyündə mürəkkəb
sistem təşkil edir və çoxlu amillərdən
asılıdır.
Xarici siyasət kursunu
formalaşdırmaq prosesində isə bu mürəkkəb
sistemləri daha geniş sistemdə koordinasiya etmək
lazımdır. Elmdə buna metasistem deyilir. Mürəkkəb sistemlərə daxil olan yüzlərlə
element arasında metasistem miqyaslı qanunauyğunluqlar tapmaq,
onları uzlaşdırmaq böyük hazırlıq və təcrübə
tələb edir. Başlıca məqam
vahid məqsədi müəyyənləşdirmək və
çoxlu sayda elementdən ibarət nəhəng sistemi həmin
məqsədə xidmət istiqamətində
çalışdırmaqdır.
Təcrübə göstərir
ki, nəzəri olaraq hamının qəbul etdiyi məsələlərin
praktiki reallaşmasında problemlər yaranır. 1991-1993-cü
illərdə Azərbaycana rəhbərlik etmiş şəxslərin
mövcud reallıqları nəzərə ala bilməməsi
səbəbindən yanlış xarici siyasət kursu yeritməsi
və ifrat mövqe nümayişi Azərbaycan dövlətçiliyini
təhlükə altına atmış və ölkəni
uçurum qarşısında qoymuşdu. Dövlət öz maraqlarını qorumaq
imkanlarını itirmişdi. Bütün
bu sınaqlardan uğurla çıxan və dövlət
quruculuğunu inkişaf etdirmək üçün əlverişli
geosiyasi mühit formalaşdıran xarici siyasət kursu
yaradılmalı idi. Dövlətçilik
üçün çox çətin olan bu məqamda məhz
ulu öndər Heydər Əliyev fenomeni öz
sözünü dedi. 1993-cü il iyunun
15-də xalqın tələbi ilə Heydər Əliyevin
Naxçıvandan Bakıya qayıdışı fundamental dəyişikliklərin
əsasını qoydu.
Qlobal səviyyədə gedən
geosiyasi proseslərin ümumi məntiqi, postsovet məkanının
geosiyasi xüsusiyyətləri, Cənubi Qafqazda
yaranmış ümumi vəziyyət və Azərbaycanın
öz daxili siyasi mühitinin ziddiyyətləri sistem
halında ölkənin strateji seçimini xeyli çətinləşdirmişdi. Bu cür iyerarxik
maraqlar sistemini nəzərə almadan ümumi inkişaf
strategiyası və onun tərkib hissəsi olan xarici siyasət
kursu seçilə bilməzdi. Heydər
Əliyev bu mürəkkəb vəziyyətdə xarici siyasətin
qarşısında duran vəzifələri və onun
prioritetlərini dəqiq müəyyənləşdirdi.
Həmin vəzifələr barədə
yığcam şəkildə ulu öndər 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi
ilə bağlı keçirilən andiçmə mərasimində
danışmışdır. Ulu öndər bəyan edirdi:
“Respublikamızın qarşısında duran əsas vəzifələrdən
biri Azərbaycanın mənafeyini dünya miqyasında
müdafiə edə bilən ağıllı, səriştəli
xarici siyasətin yeridilməsidir. Qarşıda
böyük vəzifələr durur. Bizim
xarici siyasətimiz birinci növbədə Azərbaycanın
dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.
Bu tezisin geosiyasi mənası dərindir. Mərkəzə dövlətin müstəqilliyinin
təmin edilməsi gətirilir. Bu o deməkdir
ki, Azərbaycan bundan sonra müstəqilliyini heç kimə
güzəştə getməyəcək.
Bu məqsəd fonunda,
heç şübhəsiz, xarici siyasətin vəzifələri
içərisində ilk sırada Azərbaycanın müstəqilliyinə
və suverenliyinə təminat almaq dururdu. Həmin
dövrü Azərbaycanın suverenliyi və müstəqilliyinin
təmininin ən böhranlı mərhələsi
adlandırmaq olar. Bu məqamda Heydər
Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə
bir insan kimi güclü iradəsi həlledici rol oynadı.
Məhz ulu öndərin dəqiqliklə işləyib
hazırladığı enerji siyasəti sayəsində
ölkə beynəlxalq aləmdən suverenliyinə və
müstəqilliyinə təminat ala bildi və iki istiqamətdə
strateji dividend əldə etdi. Birincisi, Qərblə
strateji əməkdaşlığa hazır olduğuna
dünyanı inandırdı. İkincisi,
bu strateji əməkdaşlığın imkanlarından
yararlanaraq öz iqtisadiyyatının gələcək
inkişafını təmin etmək imkanı qazandı.
Enerji amilini xarici siyasətin
aktual məsələsinə çevirməklə Azərbaycan
özünün təhlükəsizliyini regional və beynəlxalq
təhlükəsizlik sistemi ilə sıx əlaqələndirirdi. Həmin
bağlantını yaratmaq Azərbaycanın xarici siyasəti
üçün olduqca əhəmiyyətli idi. Çünki torpaqlarının müəyyən
hissəsi işğal edilmiş ölkənin ərazi
bütövlüyünə təminat şansı əldə
etməsi üçün bütövlükdə dövlət
kimi təhlükəsizliyinə təminat lazım idi. Bu təminatı yalnız regional və beynəlxalq
təhlükəsizlik sistemində Azərbaycanın yerini dəqiq
müəyyənləşdirməklə əldə etmək
mümkün idi.
Azərbaycan suverenliyini və
təhlükəsizliyini təmin etmək üçün
xarici siyasət vasitəsi ilə regional və qlobal səviyyədə
uyğun siyasi mühit yaratmalı idi. Bu məqsəd
geniş spektrli və şaxəli xarici siyasət yeritməyi
qarşıya vəzifə kimi qoyurdu. Xarici
siyasətin vəzifələrini həmin bucaq altında bir
neçə qrupda birləşdirmək olar. Birinci qrupa Azərbaycanın beynəlxalq və
regional təşkilatlarda təmsil olunmasını,
dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu
və qarşılıqlı faydalı əməkdaşlıq
əlaqələri yaratmasını, dövlətlərlə
tərəfdaşlıq və müttəfiqlik münasibətləri
qurmasını aid etmək olar. İkinci qrupa ölkənin
azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi
üçün müvafiq beynəlxalq şəraitin
yaradılmasını, Azərbaycanın bütün beynəlxalq
təşkilatlarda, o cümlədən iqtisadi təşkilatlarda
fəal iştirakının təmin edilməsini, ölkənin
mənafeyinə tabe edilmiş xarici iqtisadi siyasət yeridilməsini,
ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə
inteqrasiyasının təmin edilməsini aid edə bilərik.
Nəhayət, üçüncü qrupa əhalinin əsas
hüquq və azadlıqlarının qorunmasına yönəlmiş
beynəlxalq normaların həyata keçirilməsinə
şərait yaradılması, regionda mehriban qonşuluq
münasibətlərinə üstünlük verilməsi, Azərbaycana
qarşı xarici təzyiqlərin qarşısını alan beynəlxalq himayənin və xarici ölkələrlə
geniş informasiya mübadiləsinin mexanizmlərini formalaşdırmaq
daxildir.
Təbii ki, bu bölgü
şərtidir, çünki reallıqda xarici siyasət vahid
sistemdir, onun komponentləri bir-birini tamamlayır. Belə bir təsnifat
bizə güclü dövlət quruculuğu prosesində Azərbaycanın
xarici siyasətinin önəmli istiqamətlərini aydın təsəvvür
etmək üçün lazımdır. Göründüyü
kimi, 1993-cü ilin ikinci yarısından Azərbaycan sistemli
bir xarici siyasət kursu götürmüşdür. Onun tərkibində qlobal geosiyasi mühitin nəbzini
tutan, beynəlxalq münasibətlər sistemində dövlətimiz
üçün əlverişli şərait yaradan, ölkənin
bütün regionlarda yerləşən dövlətlərlə
əməkdaşlığını təmin edən istiqamətlər
var.
Xarici siyasətin istiqamətlərinin
birinci qrupu müasir geosiyasi şəraitdə qlobal dəstəyə
nail olmağı nəzərdə tutur. Bunun
üçün dünyanın bütün dövlətləri
ilə bərabərhüquqlu və qarşılıqlı
faydalı əməkdaşlıq qurmaq vacibdir. Azərbaycan üçün bunun ən optimal mexanizmi
beynəlxalq və regional təşkilatlarda təmsil olunmaq
idi. Müasir dövrün xüsusiyyəti
bundadır ki, əsas geosiyasi və geoiqtisadi problemlərin həlli
məhz bu cür təşkilatlardakı fəaliyyət
zamanı reallaşa bilər. Azərbaycanın BMT, Avropa
Şurası, UNESCO, İƏT, MDB, QDİƏT və digər
beynəlxalq qurumlara üzvlüyü onun təsir
imkanlarını xeyli artırdı. Sirr deyil ki, Azərbaycan
keçən əsrin 90-cı illərində dünyada az tanınırdı. Ölkəmizin həqiqi
simasının tanınmasına nail olmaq lazım idi.
Azərbaycanın beynəlxalq
təşkilatlara üzv olmaq və orada fəallaşmaq
istiqamətində atdığı addımların
müşahidəsi göstərir ki, Azərbaycan
diplomatiyası böyük səylər hesabına beynəlxalq
təşkilatlarda mövqeyini möhkəmləndirdi. Xarici siyasətin
ardıcıl və sistemli aparılması bu prosesdə həlledici
rol oynadı. Ulu öndər Heydər
Əliyev xarici siyasətin ardıcıl yeridilməsinə və
səmərəliliyinə daim diqqət yetirirdi. Proses dəqiq
mexanizmlə həyata keçirilirdi. Buna görə
də qısa zamanda Azərbaycan diplomatiyası beynəlxalq təşkilatlarda
ölkəmizə olan münasibəti müsbətə
doğru dəyişdi. Azərbaycanın
beynəlxalq strukturlarda üzvlüyünün, onun bu
strukturlar çərçivəsində fəaliyyətinin əsas
məqsədlərindən biri ümummilli problemimizin həllinin
dəstəklənməsinə nail olmaqdan ibarət idi.
Bu sahədə böyük uğurlarımız var. Bu gün
BMT, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar
Ermənistanı işğalçı dövlət kimi
tanıyan və erməni silahlı dəstələrinin Azərbaycan
ərazilərindən çıxarılmasını,
qaçqınların və məcburi köçkünlərin
öz torpaqlarına qaytarılmasının təmin
olunmasını tələb edən qərarlar və qətnamələr
qəbul ediblər.
Təbii ki, dövlətlərin
elə strateji maraqlar dairəsi var ki, buraya beynəlxalq təşkilatlar
çərçivəsində nüfuz etmək çətindir. Bu halda konkret
ölkələrlə ikitərəfli münasibətlər
ön plana çıxır. Azərbaycanın
yerləşdiyi coğrafi mövqeyi, zəngin təbii
ehtiyatları nəzərə alınarsa, xüsusən
bir-biri ilə geosiyasi ziddiyyətləri olan dövlətlərlə
eyni dərəcədə bərabərhüquqlu,
qarşılıqlı faydalı münasibətlərin
qurulmasının nə qədər çətin olduğunu
təsvir etməyə ehtiyac yoxdur. Yalnız
ulu öndər Heydər Əliyevin strateji təfəkkürü
və siyasi peşəkarlığı dövlətçiliyimiz
üçün tarixi əhəmiyyətli həmin vəzifənin
öhdəsindən gəldi.
Heydər Əliyev Azərbaycanın
düşdüyü konkret geosiyasi və tarixi şəraiti
nəzərə alaraq xarici siyasət kursunun əsas ruhunu
formalaşdırmağa başlamışdı. Əvvələn,
nəzərə alınırdı ki, qlobal səviyyədə
geosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişmişdi.
İkincisi, Rusiya ilə əlaqələri kəsmək
çox təhlükəli və tarixi gerçəklik
baxımından perspektivsiz idi. Üçüncüsü,
məlum səbəblərdən Türkiyə bölgədə
strateji tərəfdaş statusuna yiyələnməli idi.
Dördüncüsü, İran böyük
qonşumuz və ortaq tarixə malik olduğumuz cəmiyyət
kimi xarici siyasətdə ciddi yer almalı idi. Buna görə də İranla dostluq və sıx əməkdaşlıq
xətti seçilməli idi. Beşincisi,
strateji istiqamət olaraq Qərbə yaxınlaşma xətti
götürülməli idi. Çünki
proseslər göstərirdi ki, yaxın perspektivdə dünya
miqyasında geosiyasi, hərbi, mədəni, iqtisadi və
siyasi inkişaf baxımından Qərbə alternativi bir
müddət gözləmək lazım idi.
Bu konsepsiyanın fonunda Heydər
Əliyev Azərbaycanın regionda olan digər dövlətlərə
yönəlik xarici siyasət kursunu müəyyənləşdirdi. Bununla da
balanslaşmış xarici siyasət dərin təhlil əsasında
dəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq
qurulurdu.
Dövlətin beynəlxalq
geosiyasi mühitdə dayanıqlı yer tutması və
uğurlu siyasət aparması üçün dünya
iqtisadi sisteminə inteqrasiya mühüm şərtdir. Bunun
üçün isə Azərbaycan dünyanın nüfuzlu
iqtisadi təşkilatları ilə əlaqələr
qurmalı idi. Xarici siyasətin ikinci istiqamətinə
daxil olan vəzifələrin öhdəsindən bu yolla gəlmək
olardı. Azərbaycan bazar iqtisadiyyatı
yolu ilə getməyi qərara almışdı. Bu istiqamət olduqca vacib sayılır. Dövlətin iqtisadi gücü olmasa, onun
güclü dövlət kimi formalaşması mümkün
deyildir. Güclü dövlətin təşəkkülü
ilə güclü xarici siyasətin formalaşması problemi
daha çox bu sahədə bir-birini tamamlamalıdır.
Onu nəzərə almalıyıq ki, intensiv və
hərtərəfli xarici siyasət yeritmək
üçün lazımi iqtisadi təminat olmalıdır.
Dövlətin maliyyə gücü və
informasiya təminatı səviyyəsi xarici siyasətin səmərəliliyinin
əsas şərtlərindən biridir. Azərbaycan
hələ 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya
Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına,
İslam İnkişaf Bankına üzv olmuşdu. Lakin ölkəmiz yalnız 1993-cü ilin ikinci
yarısından etibarən xarici siyasətdə azad bazar
iqtisadiyyatı sisteminə keçidin təmin edilməsi
yönündə ciddi addımlar atmağa başladı.
Burada əsas məqsəd ölkə
iqtisadiyyatının dünya iqtisadi sisteminə
inteqrasiyasını təmin etməkdən ibarət idi.
Bunun üçün Azərbaycan
xarici siyasətində lazımi addımlar atmalı idi. Hər
şeydən əvvəl, yeni neft strategiyasının verə
biləcəyi geosiyasi və geoiqtisadi dividendlərdən xarici
siyasətdə maksimum yararlanmaq gərək idi. Ona görə də xarici siyasətin əsas vəzifələrindən
biri Azərbaycanın beynəlxalq iqtisadi qurumlar və şirkətlərlə
əlaqələrini maksimum intensivləşdirmək və bu
əsasda dünya iqtisadi sisteminə daxil olmaq idi. Tarixi
baxımdan qısa müddətdə ölkə
iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində sərmayə
qoyuluşuna məhz xarici siyasətdə neft
strategiyasının dividendləri ilə dövlət
maraqlarının sintezi sayəsində nail olundu. Bu sahədə 1993-1995-ci illərdə görülən
ciddi işlərin nəticəsində iqtisadi tənəzzülün
qarşısı alındı. 1995-ci ildən
isə yeni mərhələ - bərpa və dinamik inkişaf
dövrü başladı.
Bərpa və dinamik
inkişaf mərhələsinin iki əsas hədəfi
vardı. Birincisi, diversifikasiya olunmuş iqtisadi infrastruktur
yaratmaq. İkincisi, Azərbaycan
iqtisadiyyatını dünya iqtisadi sisteminə inteqrasiya etmək.
Hər iki hədəf reallaşdı və
artıq XXI əsrin əvvəllərində Azərbaycan
müasir iqtisadi infrastruktur yarada bildi. Xarici
siyasətin bu aspektində əldə edilən uğurlar
nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında
öz əksini tapmışdır. Təsadüfi
deyil ki, beynəlxalq iqtisadi təşkilatların reytinq cədvəllərində
Azərbaycan əksər göstəricilər üzrə
MDB-də lider idi.
Bütün bunlar Azərbaycanın
xarici siyasətinin ölkə iqtisadiyyatının dünya
iqtisadi sisteminə inteqrasiyası üçün səmərəli
fəaliyyət göstərdiyini təsdiq edir. Faktiki olaraq,
ölkənin azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi
üçün müvafiq beynəlxalq şəraitin
yaradılmasına nail olunur. Azərbaycanın
bütün beynəlxalq təşkilatlarda, o cümlədən
iqtisadi yönümlü təşkilatlarda fəal
iştirakı təmin edilir. Dövlətin
mənafeyinə uyğun olan xarici iqtisadi siyasətin yeridilməsi
reallaşır. Ölkə
iqtisadiyyatının dünya iqtisadi sisteminə
inteqrasiyasının təmin edilməsi ilə bağlı
qarşıya qoyulmuş vəzifələrin öhdəsindən
gəlinir.
Azərbaycanın xarici siyasətinin
qarşısında duran və üçüncü istiqamətə
aid etdiyimiz vəzifələr də uğurla yerinə
yetirildi. Bunların arasında əhalinin əsas hüquq və
azadlıqlarının qorunmasına yönəlmiş beynəlxalq
normaların həyata keçirilməsi xüsusi yer tutur.
Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan
tərəfindən işğal edildiyindən, xarici siyasət
kursunda münaqişənin həlli prosesi ilə insan
haqlarının təmini məsələləri əlaqəli
şəkildə nəzərə alınmalıdır.
Bu mənada beynəlxalq normaların həyata
keçirilməsi məsələsi ölkənin ərazi
bütövlüyünün təmin edilməsi kimi əsas vəzifənin
tərkib hissəsinə çevrilir.
Situasiyanı mürəkkəbləşdirən
amillərdən biri həmin istiqamətdə səmərəli
fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin
olmasıdır. Burada müəyyən mənada qapalı dairə
yaratmaq cəhdləri hiss olunur: bir tərəfdən, Azərbaycandan
əhalinin əsas azadlıq və hüquqlarının təmin
edilməsi tələb edilir, digər tərəfdən isə,
bunun üçün əlverişli beynəlxalq mühit
yaratmaq cəhdlərimizə əngəl yaradılır.
Müstəqillik əldə etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin
yaradıldığının şahidi olmuşuq. Onların
sırasında “Azadlığa Dəstək Aktı”na olan məlum
907-ci düzəlişi, Ticarət Aktına edilən
Cekson-Venik düzəlişini, Avropa Şurasının
söz azadlığı və “siyasi məhbuslar”la
bağlı daha çox keçən əsrin 90-cı illərinin
ikinci yarısından başlayaraq aparılan kampaniyanı,
milli azlıqlarla əlaqəli sayı bitməyən
monitorinqlərin təşkilini (Cənubi Qafqazın digər
ölkələrinə bu cür münasibət bəslənilmir)
və başqalarını misal gətirə bilərik.
Bu proseslərin fonunda Azərbaycana
qarşı xarici təzyiqlərin qarşısının
alınmasına yönəlmiş beynəlxalq mexanizmin
yaradılmasına ehtiyac aydın hiss edilirdi. Həmin
məqam xarici siyasət kursunda xüsusi yer tutmalı idi.
Özlüyündə bu məsələ
strateji xarakterlidir. O, müxtəlif aspektləri
özündə birləşdirir, o cümlədən azərbaycanlıların
diaspor fəaliyyətini də əhatə edir. Ulu
öndər Heydər Əliyev diaspor məsələsinə
son dərəcə diqqətlə yanaşırdı. Bu baxımdan, Dünya Azərbaycanlılarının
Qurultayının keçirilməsi ənənəsinin əsası
məhz 2001-ci ildə Heydər Əliyev tərəfindən
qoyuldu. Diaspor məsələsi müasir
dövrdə beynəlxalq himayə mexanizmlərinin
yaradılmasında iki aspektdə prinsipial rol oynaya bilərdi.
Birincisi, diaspor vətəndən kənarda
xalqın mədəniyyətini təmsil edir. Azərbaycanlılar yaşadıqları ölkələrdə
yerli mədəni mühitə uyğunlaşmaqla
yanaşı, öz milli-mənəvi dəyərlərini
qorumalı və təbliğ etməlidirlər. İkincisi, diaspor mövcud olduğu ölkədə
cəmiyyətin yüksək təbəqələri ilə
münasibətləri inkişaf etdirməli və rəsmi
orqanlarda nümayəndələrlə təmsil
olunmalıdır.
Beynəlxalq himayə
mexanizminin yaradılmasının başqa mühüm tərəfini
dünyanın müxtəlif ölkələrində yerli
qurumlarla fəal işin aparılması təşkil edir. Bu qurumlar hökumət və
ya qeyri-hökumət təşkilatları, rəsmi orqanlar,
media ola bilər. Müasir
dövrdə informasiyadan maksimum yararlanmaq prinsipi adi qaydaya
çevrilmişdir. O cümlədən dövlətlər
ehtiyac yarandıqda xaricdə lobbiçilik fəaliyyəti ilə
məşğul olurlar. Bu isə müəyyən
həssas məqamlarda Azərbaycanın maraqlarının
qorunması, ona ədalətli mövqe
formalaşdırılması baxımından çox əhəmiyyətlidir.
Məsələn, son zamanlar erməni siyasətçiləri
və rəsmi şəxsləri Azərbaycanın ABŞ
Konqresində və Avropa parlamentlərində lobbiçiliklə
bağlı fəaliyyətini genişləndirdiyindən
narahatlıq keçirdiklərini dilə gətirirlər.
Keçən müddət
xarici siyasət kursunun bu aspektinin nə dərəcədə
səmərəli olduğunu tam təsdiq etdi. Proseslərin
gedişatı göstərir ki, artıq dünyanın
müxtəlif ölkələrində Azərbaycan xalqı və
dövlətinin maraqlarını müdafiə edə biləcək
beynəlxalq himayə mexanizmi yaranıb. Dövlətin
xarici siyasətində indi də bu prosesi inkişaf etdirmək
mühüm yer tutur.
Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun,
onun müəyyən etdiyi məqsəd və vəzifələrin
ardıcıl və davamlı şəkildə həyata
keçirilməsi nəticəsində Azərbaycan
böyük uğurlar əldə edib.
Ölkəmiz demək olar
ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət
göstərir. Bu fəaliyyətin nəticəsində
dünyada Azərbaycanın dövlət kimi müsbət
obrazı formalaşmış və bu təsəvvür
artıq oturuşmuşdur. Hesab etmək
olar ki, bu, Azərbaycanın xarici siyasətinin ən
sanballı uğurlarından biridir.
BMT Təhlükəsizlik
Şurasının və Baş Assambleyasının,
Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa
Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq
Təşkilatı və digər beynəlxalq təşkilatların
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən
qətnamələr qəbul etməsi, Azərbaycanın
2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsi və Prezident İlham
Əliyevin TŞ-nin iclasına sədrlik etməsi beynəlxalq
təşkilatlarda aparılan siyasətin konkret bəhrələrindəndir.
Azərbaycan yeritdiyi xarici siyasətin əsl
mahiyyətini yüksək tribunalardan izah edir, dövlətin
sülhpərvər obrazını tam açıqlayır,
xalqımızın gerçək mənəvi-əxlaqi
keyfiyyətləri haqqında geniş məlumatlar verir.
Azərbaycanın xarici siyasəti
qarşısında duran vəzifələrin yerinə yetirilməsi
nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasi
güclərin maraqlarının tarazlaşdırılması
addım-addım reallaşır. Bu, həmin dövlətlərin
heç birinin təsiri altına düşmədən Azərbaycanın
dövlət maraqlarını təmin etmək şansı
verir. Hətta Cənubi Qafqazın ən
böhranlı dövrlərində belə Azərbaycan
çevik reaksiyalar hesabına həmin tarazlığı
saxlaya bilib. Bu da xarici siyasətin qlobal təhlükəsizlik
meyarları ilə regional təhlükəsizlik meyarları
arasında uzlaşma nöqtələrini tapa bildiyini sübut
edir.
Xarici siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb. Ölkə 20 ildən bir qədər artıq müddətdə enerji sahəsində beynəlxalq əhəmiyyətli iki layihənin təməlini qoyub, regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlər və dinlərarası dialoqun sivil modelini təklif edən dövlət kimi qəbul edilir.
Heç şübhəsiz, bütün bu uğurların təməlində dayanan ən mühüm faktor lider amilidir. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və gələcək inkişafının əsaslarını, dövlətin müstəqilliyini və suverenliyini təmin edən xarici siyasəti formalaşdırıb. Prezident İlham Əliyev isə ulu öndərin siyasi kursunu yaradıcılıqla davam etdirərək Azərbaycanı siyasi, sosial və iqtisadi inkişafın daha yüksək pilləsinə qaldırıb və müasir beynəlxalq münasibətlər sisteminin əhəmiyyətli iştirakçısına çevirib.
Dünyada geosiyasi situasiya sürətlə dəyişdiyindən xarici siyasətin metodlarında da yeniləşmələr baş verir. Artıq qeyd etdiyimiz kimi, XXI əsrin başlanğıcı risklərin və böhranların yaranması ehtimalının artması ilə xarakterizə olunur. Buna uyğun olaraq, mümkün təhlükə və riskləri nəzərə alan çevik xarici siyasət strategiyasının daha da inkişaf etdirilməsinə ehtiyac yaranır. Azərbaycan Prezidenti İlham Əliyev məsələnin bu aspektinə daim ciddi diqqət yetirir və ölkəmizin son vaxtlar beynəlxalq miqyasda əldə etdiyi böyük uğurlar çevik xarici siyasət kursunun inkişaf etdiyini təsdiqləyir.
Nəticədə, Azərbaycanın
xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən
geosiyasi proseslərə, regional vəziyyətə və
dünyanın enerji təhlükəsizliyi sisteminin
qurulması dinamikasına çevik reaksiya verən sistem kimi
daxil oldu. Bu sistem daim özünü yeniləşdirir, meydana
çıxan gözlənilməz situasiyalara adekvat və
konstruktiv reaksiya verir.
Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbərinin müavini,
Xarici əlaqələr
şöbəsinin müdiri, YAP Siyasi Şurasının
üzvü
Azərbaycan.-
2017.-20 aprel.- S.3.