Sənətə ehtiram nümunəsi
Teatr xadimləri
O, istedadlı aktrisa idi. İfa etdiyi bütün rolları bacarığının, sənətkar kimi bənzərsizliyinin təsdiqi idi. Ona heyran olmamaq mümkünsüz idi. Səhnədə canlandırdığı rollar həm də Fatma Qədrinin böyük zəhmətinin, teatr sənətinə vurğunluğunun, ehtiramının təcəssümü idi.
1954-cü ildə İrəvanda qastrolda olan teatr truppasını avtobuslarla Eçmiədzinə apardılar. Geri qayıdanda təsadüfən avtobusda Fatma xanımla bir oturacaqda əyləşməli oldum. Doğrusunu deyim, o vaxtadək Fatma Qədri ilə heç söhbət etməmişdim. Onun yalnız rollarına heyranlıqla tamaşa etmişdim. Avtobusla mehmanxanaya yaxınlaşa-yaxınlaşa mən Fatma xanımın tərcümeyi-halından bəzi məlumatlar öyrənə bildim. O, Odessa şəhərində doğulub, rus məktəbində təhsil alıb, cəlbedici, gözəl bir qız olub. Ailəsi 1914-cü ildə Bakıya köçüb. Fatma Qədrinin teatr sənəti ilə bağlılığı məhz Bakı dövründən başlayıb.
1926-cı ildə
o, Teatr Texnikumunu bitirib. Rza Əfqanlı ilə
bir sinifdə oxuyub, Aleksandr Tuqanovdan dərs alıblar. Bakı İşçi Teatrında sənət fəaliyyətinə başladığı
o unudulmaz illərdən
Fatma xanım çox böyük həvəslə danışdı.
1933-cü ildə onun
işlədiyi teatr Gəncəyə köçürülüb,
Beriya adına
Gəncə Dövlət
Dram Teatrı yaradılıb.
Fatma xanımın etirafına görə, o, Gəncə
Teatrında bir-iki rol oynayıb. Sonra xəstələnib,
müalicə üçün
Bakıya qayıdıb.
Fatma xanım deyirdi: “Müalicədən
sonra kinostudiyaya dəvət olundum. Zəngəzur dağlarında çəkiliş
zamanı qəzetdən
oxudum ki, məni Azərbaycan Dövlət Dram Teatrına
işə dəvət
edirlər. 1935-ci ildən bu günədək,
düz 19 ildir bu teatrda çalışıram.
Azərbaycan Dövlət Universitetində
dram dərnəyi aparıram,
tələbələrlə yeni tamaşalar hazırlayıram”. Fatma xanım
teatrın başqa aktrisalarına bənzəmirdi.
Sənət dostları ilə
oturub uzun-uzadı söhbətlər etməzdi.
Teatrda keçirilən iclaslarda az-az çıxış
edərdi. Bütün fikri
oynayacağı rol ətrafında birləşərdi
və teatra daxil olduğu anlardan rolun aləmində yaşayardı.
Hamıya böyük
mədəniyyətlə salam verərdi. Gənclərə xüsusi hörmət
nümayiş etdirərdi.
Çünki Fatma xanım
əsl pedaqoq idi. 1933-cü ildən Teatr Texnikumunda, 1946-cı ildən
sonra isə Azərbaycan Dövlət Teatr İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti) dərs demişdi.
Fatma Qədrini Mərziyə Davudovanın,
Şövkət Məmmədovanın,
Sona Hacıyevanın qərar tutduqları sənət zirvəsinə
ucaldan ilk rolu, S.Vurğunun “Vaqif” dramındakı Xuraman oldu. Elə birinci rolu ilə şöhrəti dillərə düşdü.
Fatma Qədri öz qəhrəmanının - Xuramanın
etdiyi səhvlərdən
doğan peşmançılığını
dərindən, faciəvi
bir şəkildə yaşaya bilirdi. “Vaqif” tamaşasında Xuramanın Vaqifin yanına geri dönməsi və ona: “Vaqif, ey
sərvərim, ey tacidarım” - deyə yalvarması ilə başlayan monoloqu tamaşaçıların dilində
əzbər olmuşdu.
Fatma Qədrinin böyük ustalıqla yaratdığı
rollardan biri də S.Vurğunun “Fərhad və Şirin” tamaşasındakı
Məryəm rolu idi. Tamaşada Xosrovun Şirinə
vurulması Bizans hökmdarının qızı
Məryəmi son dərəcə
hiddətləndirir. Məryəm
Xosrovla, Şirinlə
böyük tələbkarlıqla
danışır. Oğlu Şiruyənin
ona qarşı çıxması və qılınc çəkməsi
Məryəmə ən
ağır zərbə
olur. Fatma xanım - Məryəm
təhqir olunduğunu
duyur və özünü öldürür.
Tamaşaçılar Fatma Qədrini çox vaxt müsbət rollarda görürdülər. Bu mənada Ə.Haqverdiyevin
“Pəri cadu” əsərində mənfi
rol - Hafizə xanım aktrisanın ifasında tamaşaçılar
üçün yenilik
oldu. Hafizə amansız, insafsız
və zülmkardır.
O, öz niyyətini həyata keçirmək üçün hər cür hiyləyə əl atır. Odunçu Qurbanı cadu vasitəsilə yoldan çıxarıb evinə
gətirir, ondan bir qul kimi
istifadə etməyə
çalışır. Tamaşada Hafizə xanımın tərəf-müqabili Qurban
rolunu Rza Əfqanlı ifa edirdi. Tamaşanın sonuncu səhnəsində
Hafizə öz ehtirasının, qəzəbinin
qurbanına çevrilir.
Qeyd edim ki, Fatma
Qədrinin bu rolu da tamaşaçılar
tərəfindən çox
sevilirdi.
1955-ci ildə
şair İslam Səfərli teatra yeni yazdığı “Göz həkimi” pyesini təqdim etdi. Fatma xanım bu əsərdə professor Nina Nikolayevna
rolunu oynadı. Fatma Qədri son dərəcə
mədəni, təmkinli,
xəstələrə qayğı
ilə yanaşan bu obrazı da böyük aktyorluq məharəti ilə canlandırdı.
Aktrisa istər M.Hüseynin “Cavanşir” əsərində
Zübeydə Xatun, istər S.Rüstəmin “Qaçaq Nəbi”sində
Həcər rollarını
da eyni peşəkarlıqla
təqdim etdi.
Dünya və rus dramaturgiyasından
Fatma xanımın yaratdığı Ostrovskinin
“Tufan” pyesində Katerina, “Cehizsiz qız”ında Larisa teatr tarixində ən gözəl obrazlar kimi yaddaşlarda qaldı. Şekspirin “Otello” faciəsində
isə onun oynadığı Emiliya rolu xüsusilə fərqlənirdi. Biz bu tamaşa ilə 1959-cu ildə Moskvada Azərbaycan ədəbiyyatı və
incəsənəti ongünlüyündə
iştirak etdik. Fatma Qədrinin yüksək estetik gözəlliyə malik davranış və danışıq tərzi Moskva tənqidçilərinin rəğbətini
qazandı.
Fatma xanım Qədri 1968-ci ildə 61 yaşında dünyasını dəyişdi. Kazanda “Aydın”
tamaşasını hazırladığıma
görə, onun dəfn mərasimində iştirak edə bilmədim. Lakin onun böyük
sənətini heç
vaxt unutmuram. Azərbaycan teatrının
inkişafında misilsiz
xidmətləri olan Fatma Qədri Mərziyə Davudova, Şövkət Məmmədova,
Sona Hacıyeva və Barat Şəkinskaya
ilə bir sırada dayanan böyük sənətkarlarımızdan
idi.
Ağakişi
KAZIMOV,
xalq artisti, professor
Azərbaycan.-
2017.-20 aprel.- S. 7.