Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. kiçikhəcmli gəmilərin dayanacaq bazalarının (qurğularının), çimərliklərin, yanalma körpülərinin, su keçidlərinin texniki baxışdan keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.3. kiçikhəcmli gəmilərin, yanalma körpülərinin və dənizkənarı kütləvi istirahət yerlərinin, o cümlədən çimərliklərin təsnifatı, qeydiyyatı və uçotu qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.4. kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2017-ci il

 

Azərbaycan.- 2017.-21 aprel.- S.2.