İslamiada Azərbaycan idmançılarının zəfər meydanına çevriləcək

 

Bu yarışlarda 39 medal qazanan atletlərimiz indi daha böyük qələbələrə nail olacaqlar

 

Çoxsaylı siyasi, mədəni və humanitar yönümlü beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edən respublikamız növbəti möhtəşəm tədbir ərəfəsindədir. Sayca  IV İslam Həmrəyliyi Oyunlarının  başlanmasına bir  neçə həftə qalıb.

Hər ötən gün bizi Bakıda keçiriləcək İslamiada yarışmasına yaxınlaşdırır, xalqımız, eləcə də idman ictimaiyyəti bu möhtəşəm tədbiri səbirsizliklə gözləyir. Demək olar ki, tədbirin baş tutacağı bütün idman obyektlərində son hazırlıq işləri aparılır. İslam dünyasının ən nüfuzlu idman yarışında iştirak edəcək atletlər, qonaqlar Azərbaycanla tanış olacaqlar və ölkəmizin  uğurlu inkişaf modelini növbəti dəfə görəcəklər.

İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) 2013-cü il iyulun 24-də IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edərkən Azərbaycanın bu işin öhdəsindən gələ biləcəyinə əmin idi. Belə ki, ölkəmiz ovaxtadək bir sıra dünya və qitə miqyaslı turnirlərə evsahibliyi etmiş və təşkilatçı kimi beynəlxalq idman ictimaiyyətinin təqdirini qazanmışdı.  Eyni zamanda dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə, yay olimpiya oyunlarında,  xüsusilə son 2 islamiadada uğurları diqqəti cəlb edir, nəticə etibarilə ölkəmiz idman ənənələri ilə seçilirdi.

Bundan əvvəlki İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları ümumilikdə 39 medal qazanıblar.

Tarixdə ilk İslam Həmrəyliyi Oyunları 2005-ci il aprelin 8-20-də Səudiyyə Ərəbistanının Məkkə, Mədinə və Ciddə şəhərlərində keçirilib. Turnirə 12 idman növü üzrə 103 idmançı ilə qatılan Azərbaycan yığması 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) 8-ci pillədə qərarlaşmışdır.

I İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi aprelin 8-də Məkkədə keçirilib. Məkkə şəhərinin 3 kilometrliyində yerləşən, 80 min tamaşaçı tutan kral Əbdül-Əziz stadionunda keçirilən mərasimdə 53 ölkədən 5 minə yaxın idmançı iştirak edib. Ən maraqlı məqam odur ki, tədbir Azərbaycan idmançıları və nümayəndələrinin stadiona daxil olması ilə başlanıb. Ölkəmizin üçrəngli bayrağını taekvondo üzrə gənclər arasında Avropa çempionu İlkin Şahbazov aparıb.

Ölkəmizə qızıl medalları karatedə Ceyhun Ağasıyev (75 kq), ağırlıqqaldırmada Natiq Həsənov (85 kq), Nizami Paşayev (105 kq) və basketbolçularımız qazandırıblar. Gümüş medalı isə ölkəmizin hesabına karateçilərimiz Yusif Cəfərov (60 kq), Rəşad Hüseynov (70 kq) və ağırlıqqaldırmada Natiq Həsənov (85 kq) (2 medal) yazdırıblar.

Karatedə Rəfael Ağayev (65 kq), taekvondoda isə Babək İsgəndərov (63 kq) bürünc mükafata sahib olublar. Ağırlıqqaldırmada Əlibəy Səmədov (94 kq) və Nizami Paşayev (105 kq) hərəyə 2 bürünc medal qazanıblar. Qılıncoynatma yığmamız da İslamiadanı 3-cü pillədə başa vurub.

II İslamiada 2009-cu ildə İranda təşkil olunmalı idi. Lakin İranla ərəb ölkələri arasında yaranmış mübahisə ucbatından oyunlar baş tutmadı. Səbəbi isə iranlıların oyunların loqotipinə “Fars körfəzi” ifadəsini çıxarması, ərəblərin isə “Ərəb körfəzi” adında israrlı olması idi.

III İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində keçirilib. 22 sentyabr - 2 oktyabr tarixlərdə təşkil olunan turnirdə Azərbaycan 9 idman növü üzrə 53 idmançı ilə təmsil olunub.

Gelora Sriwijaya Jakabaringstadionunda oyunların təntənəli açılış mərasimində bayraqdarımız ağırlıqqaldıran İntiqam Zairov olub. Turnirin yekununda idmançılarımız 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutublar.

Bu möhtəşəm idman zəfərinə karateçilərimizin verdiyi töhfəni ayrıca qeyd etmək lazımdır. Ayxan Mamayev (84 kq) və Rəfael Ağayev (75 kq) qızıl, Niyazi Əliyev (67 kq) və Şahin Atamov (+84 kq) gümüş medala layiq görüldülər. Karateçilərimiz başqa bir uğura isə komanda döyüşündə imza atdılar. Finala çıxan komandamızın rəqibi İran millisi idi. Qonşu ölkənin karateçilərini təqdim etməyə ehtiyac yox idi - komanda atletik, çəki baxımından güclü idmançılardan təşkil olunmuşdu. Lakin Azərbaycan karateçilərinin əzmkar mübarizəsi bəhrəsini verdi və komandamız güclü rəqibini məğlub edib İslamiadanın qızıl medalının sahibi oldu.

Yüngül atletika yarışlarında Hayle İbrahimovYekaterina Sarıyeva qızıl, Dmitri MarşinLayeş Abdullayeva isə bürünc medallara sahib oldular.

Ağır atletlərimizin qazandıqları medalların sayı da diqqəti cəlb edir. Bu medallar arasında qızıl olmasa da, bir turnirdə beş ağırlıqqaldıranın - Əfqan Bayramov (77 kq), İntiqam Zairov (94 kq) və Silviya Angelovanın (49 kq) gümüş, Zülfüqar Süleymanov (62 kq) və Namiq Cəlilovun (85 kq) bürünc medal qazanması alqışa layiqdir.

Taekvondoçularımız da medalların sayı baxımından fərqləndilər. Ən yüksək nəticəni gümüş medalçı Günay Ağakişiyeva göstərdi. Üstəlik, Türkan Tahirli, Patimat Abakarova və Mikayıl Əliyev bürünc mükafatçılar sırasına düşdülər.

Üzgüçülər Boris Kirillov qızıl, Yevgeni Lazuka gümüşbürünc, kamandan oxatanlar Roman Vengerov, Aleksey KorpinZaur Qəhrəmanov komanda yarışında gümüş medal əldə etdilər. Uşu idman növündə isə Ruslan Pirəliyev (65 kq) qızıl, Elçin Eminov (56 kq) bürünc medalın sahibi oldular.

Qarşıda idmançılarımızı doğma divarlar arasında daha  bir İslamiada və qazanılacaq medallar gözləyir.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.-21 aprel.- S.1; 6.