Xoşagəlməz mövzuda yazı
Mənəviyyat
və jurnalistika
Şad xəbəri
çatdırmağa hamı hazırdır və buna sevinir!
Bəd xəbəri kiməsə verməkdə çətinlik, bəzən əzab çəkməli olursan!
Amma nə etməli, dünya belə dünyadır, onun sevinci də, faciə və fəlakəti də təbii sayılır.
Və bir də “xoşbəxtliklə bədbəxtlik qardaşdır” demişlər.
Hər bir jurnalist xoşagələn, “müsbət emosiya doğuran” yazılar yazmağa, necə deyərlər, “reytinq” qazanmağa çalışır!
Amma nə etməli, pislərdən, xoşagəlməyən hadisələrdən də yazılmalıdır və yazmalıyıq!
Jurnalistləri müxtəlif mövzular və məsələlər üzrə ixtisaslaşdırmaq olar. Amma redaksiya daxilində “yaxşılardan” və “pislərdən” yazanları ayırmaq mümkün deyil!
Bir vətəndaş və
jurnalist kimi məni ən çox qayğılandıran və
narahat edən nədir?
***
Elə bil son dövrlər insanlar həddindən çox qəddarlaşıblar və zalım olublar!
Bunu özümdən demirəm, qəzet və internet saytlarında geninə-boluna verilən kriminal xəbərlər göstərir.
İNSANLAR:
Doğmalarına qarşı qəddar
olublar!
Yaxınlarına qarşı qəddar
olublar!
Bir-birlərinə qarşı qəddar
olublar!
Özlərinə qarşı qəddar
olublar!
Nədir bunun əlamətləri?
Oğul atanı, ata oğulu
öldürür!
Oğul anaya əl qaldırıb onun
canına qıyır!
Qardaş qardaşın qarnına bıçaq
soxur!
Qardaşın
bacısını öldürməsi zaman-zaman rast gəlinən
haldır. Hər dəfə “namus üstündədir” deməklə
“mental haqq” qazandırmağa çalışırlar. Amma əgər qardaş hansı səbəbdənsə
ərindən boşanmış, tək və ya körpə
uşaqla evsiz, işsiz qalmış, yeməyə
çörəyi, geyinməyə paltarı, yaşamağa
yeri olmayan bacısına sahib çıxıb onu evində
oturdaraq təmin etmirsə, taleyin ixtiyarına buraxırsa, onu
həyatdan məhrum etməyə mənəvi haqqı
çatırmı? (Bu məqamda mənim
düzgün başa düşülməmi xahiş edirəm!).
Hərdən oğulun
atasını öldürdüyünü eşidən bəziləri
“yəqin, onun həqiqi atası deyilmiş” “diaqnoz”u ilə
hadisəyə şübhə toxumu səpirlər. Nə deyəsən?
Həyatda hər şey mümkündür! Amma əgər o
insan sənə atalıq, sən isə ona oğulluq etməklə
bir dam altında yaşayıb, bir süfrədə
çörək yemisinizsə, axı bu da doğmalıq
sayılır!
***
Bəs anasını
öldürənə nə deyəsən? Qarnından
çıxdığın, döşündən süd əmdiyin
insana “ögey” deyə bilməzsən axı!..
Anaya müqəddəs deyiblər!
“Ananın borcunu qaytarmaq mümkün
deyil”, - söyləmişlər!
Axı sən müqəddəs
varlığın qanını necə axıda bilirsən?
Axı ananın “borcu”nu belə
qaytarmırlar!
Lap həbsxanada yat çıx, get
tövbə elə!
Səni nə Tanrı, nə də
kimsə bağışlar!
Əlli “səbəb” və ya “bəhanə”
gətir!
Heç kim qəbul
etməz!
Bu dünyan da, o dünyan da cəhənnəm
olacaq!
Ana öz övladının istənilən
qəbahətini və cinayətini, hətta digər
doğmaların bağışlamadığı cinayətini
bağışlayır, onu atmır, tək-tənha qoymur!
Özü danlasa da, özü
qınasa da!
Ananı öldürənin cinayətinə
isə heç bir şüurlu məxluq bəraət verməz!
Ən yırtıcı vəhşi
heyvanlarda da “bala qoruma instinkti” olur. Balasını qorumaq
üçün bəzən heyvan özündən
güclüsü ilə ölüm-dirim vuruşuna girir.
Ya ölür, ya xilas edir.
Mümkün olmadıqda isə
kənardan baxaraq göz yaşı tökür.
***
Arvadından “qisas” almaq
üçün doğma oğlunu çəkiclə
döyüb öldürən ataya nə ad verəsən?!
Lap heç sənin doğman deyil!
Körpə uşağı
çəkiclə necə qətlə yetirmək olar? Adamın əti
ürpəşir.
Gərək nə olasan ki,
bu qeyri - (yazmağa söz tapmıram) əməli törədəsən.
O “ata” bilmir ki, cəhənnəmin
qır qazanında başına nə qədər çəkic
zərbəsi dəyəcəkdir!
***
Bir yerdə yeyib içdikdən sonra
iki dostun birinin digərini qətlə yetirməsi də “dəbə”
minib!
Siz necə dostsunuz, bir
süfrədəki çörəyi necə kəsirsiniz?!
Doğrudanmı “yüz qram
araq” illərin dostluğunu belə tez zamanda “yox etmək”
gücündədir?
Doğrudanmı çörək
yeyən zaman bir-birinizin şəninə dostluqdan,
mehribanlıqdan, sədaqətdən, kişilikdən dediyiniz
tostlar belə tez unudulur?
Doğrudanmı çəp
gələn sözü bıçaqdan başqa heç nə
ilə “düzəltmək” mümkün deyil?
***
Yaxud, ay qardaş, arvadı
boşadın, qurtardı getdi!
Əgər onu sevirdinsə,
boşama!
Əgər onsuz yaşaya bilmirsənsə,
boşama!
Əgər təzədən
barışıb bir dam altında yaşayacaqsansa, boşama!
Bu da təzə “dəblər”dəndir!
Arvadı boşayır, sonra gəlir qətlə yetirir!
Təzədən
ayılmısan?
Əgər əyri yola
düşmüşdüsə, boşadın, qurtardı
getdi!
Əgər sən
boşayandan sonra əyri yola gedirsə, sənə nə dəxli?
Axı sənin namusun sayılmır!
İkincisi, arvadı boşayandan sonra bilmirsən
nə istəsə edəcək, hara istəsə gedəcək,
kiminlə istəsə telefonla danışacaq?!
Sonradan qeyrətə gəldin?!
Özün getdin həbsə,
keçmiş arvadını da yola saldın o biri dünyaya!
Bəs ortada qalan uşaq(lar) nə etsin?
Onu kim saxlayacaq?
Taleyi necə olacaq?
Kim baxacaq, kim
böyüdəcək, kim ailə edəcək?
Hələ arvad bir yana,
ortalıqda qalan övladlarının günahını
çəkə biləcəksənmi?
***
Bəzən bir gündə
bir neçə intihar xəbəri eşidirik.
Əvvəla, bu
günahdır. Dinimizdə buyurulur ki, “Allahın verdiyi
canı ondan başqa kimsə ala bilməz!” Bu prinsiplə dünya ölüm hökmündən
imtina edir.
İkincisi, kimdənsə, hətta
dünyadan da küsə bilərsən, amma bu, intihara əsas
vermir, barışacaqsan!
Ən nəhayət, hansısa
problemi həll edə bilmədiyindən yaxanı
ölümünlə qurtarırsansa, bu da səhvdir!
Bəs sənə güvənənlər,
sənə göz dikənlər, səndən asılı
olanlar necə olsun?
İki məqama diqqət yetirək:
intihar edənlər əksərən həm övlad, həm
də valideynlərdir. Səni boya-başa
çatdıran, qocalığında sənə ümid bəsləyən,
həyatını səni böyütməyə və
oxutmağa sərf edən valideynlərin səndən sonra necə
olsun? Axı onlar təzədən dünyaya övlad gətirib
böyütmək iqtidarında deyillər! Təqsirləri
nədir ki, ümidlərini puç edirsən?!
Sənin valideynlərini səndən
çox sevib, səndən çox qayğısına qalan
olacaqmı? Ahıl yaşlarında onları niyə oğulsuz,
yaxud qızsız qoyursan?!
Sən tək özünü yox, həm
də bir ata-ananın övladını da
öldürmüş olursan!
Deməli, təkcə intihar etmirsən,
həm də qatilə çevrilirsən!
Yaxud işsizsən, ailəni
dolandıra bilmirsən, banka kredit borcun
var!
Bəli, çətindir, çox
çətin!
Qoyub getdiyin arvad və yetim uşaq
iş tapıb işləyə, çörək tapıb yeyə,
pul tapıb sənin kredit borcunu qaytara biləcəkmi?
Üstəlik, sənə yas da verib
qəbirüstünü sahmana salmalıdırlar!
Baş götürüb gedəndə
geridə qalanları düşünməzlərmi?!
Axı sənin gedişin problemi həll
etmir, çünki sən problemləri qoyub gedirsən,
özünlə aparmırsan!
Gorda necə yatacaqsan?
Dul arvadın və yetim
qalmış övladın səni narahat etməyəcəkmi?!
Deyirlər o dünyada daş-tərəzi
var, insanlar əməllərinə görə sorğu-sual
edilirlər!
İnanıram, həm də bu
çək-çevirdən çoxlarının
yaxşı çıxmayacağını da bilirəm!
Və bir də, heç kəsə
dirilib geriyə qayıtmaq, səhvlərini düzəldərək
günahlarını yumaq imkanı verilmir!
***
Az qala bir həftə ərzində
internet mediada “qardaşı qızını qaçıran” əmidən
yazıldı.
Sosial şəbəkə də
onlarla ağız-ağıza verdi.
Sonda dəqiq bilinmədi ki, belə
bir hadisə həqiqətən olub, ya yox!
Aydın olmadı ki, ərinə
“qeyrətsiz” deyən arvad düz danışır, yoxsa
arvadına “əxlaqsız” söyləyən ər!
Amma bütövlükdə millət
üçün utanc olacaq belə bir hadisədən (əgər
olubsa) elektron media o qədər şövqlə və həvəslə
yazırdı ki...
Adam az qala bu
mövzuda dönə-dönə yazanların azərbaycanlı
olduğuna inanmaq istəmir. Çünki
onların heç biri hadisənin doğruluğunu dəqiqliyi
ilə yoxlamamışdı, faktın təsdiqinə əmin
deyildi.
Yalnız eşitdiklərini
yazırdılar.
Bir-birlərilə
düşmənçilik edən tərəflərin sözlərinə
görə, millət üçün şərəf gətirməyəcək
hadisə barədə bu qədər də yazarlarmı?
Hətta belə bir hal olsa belə!
***
İndi də KİV yeni mövzuya
aludə olub: “400 minlik toy” və keçmiş ər - yeni ər
- gəlin “qarşılıqlı ittiham
üçbucağı...”
Bu şəxslər bütün məhrəmlərini
açıb töküblər medianın önünə...
Ailə şərəfini, ər-arvad namusunu ediblər
açıq müzakirə meydanı... Utanmadan,
ar etmədən bir-birini hər cür rəzillikdə
günahlandırırlar.
“Həmkarlarımız” da elə bunu
gözləmirlərmi?.. Artıq bir
neçə gündür ki, yüzdən artıq saytın əsas
xəbərinə çevrilən bu məsələ az qala “ümummilli problem” kimi oxuculara
sırınır. Gün ərzində mövzuya yeni “əlavələr”
edilir: səhər keçmiş ər keçmiş
arvadını günahlandırır, günorta
keçmiş arvad keçmiş ərini söyür,
axşama yaxın yeni ər arvadının keçmiş ərinə
qarşı videoittiham səsləndirir. Saytlar
bu mövzu ilə bağlı xəbərləri “ən
çox oxunanlar” rubrikasında yerləşdirir.
KİV-in “fədakar” səyləri nəticəsində indi
xalqımız bu ailədə kimin ilk xəyanəti etdiyini əsas
gündəm mövzusu kimi müzakirə edir...
Və görünən odur ki,
internet portalları yeni “qurbanlar”, təzə mövzu tapanadək
bu ailə gündəmdən düşməyəcək!
Ara, namusa qısılaraq susmaq gərəkdir,
mənəviyyatsızlığın reklamçısına
çevrilmək yox!
***
Mənəvi dəyərlər yaz
qarı kimi əriyərək yoxa çıxır!
Dövlət
başçısı bir sərəncam ilə adi vətəndaşı
səlahiyyət və söz sahibinə çevirir, vəzifəli
şəxslər, adətən, “ağıllı” və
“müdrik” insanlar kimi özlərini təqdim edirlər.
Amma nə deyəsən?! Bəzən
bu etimadı doğrultmaq üçün gecə-gündüz
işləmək, çalışmaq əvəzinə
tamahlarının quluna çevrilirlər.
Sanki bilmirlər ki, ikinci bir sərəncamla
əvvəlki “sadə”, “orta ağıllı” insana, hələ
bəlkə də hörmətsiz məxluqa çevriləcəklər!
Özü də dəfələrlə
belə halların şahidi də olublar.
Şəxsi maraq vəzifə məsuliyyətini
unutdurur!
***
Yaxşı, heç kəsə
inanmayasan, heç kimə etibar etməyəsən?
Məhkəmələr nə
qədər “dələduzluq” cinayətlərinə
baxmalıdırlar?
Bir evi neçəsinə
satmaq olar?
Neçə adamın
“işə düzəltmək” adı ilə pulunu alıb mənimsəmək
olar?
Aleksandr Düma yazırdı ki, azərbaycanlı
ilə nə barədəsə sövdələşəndə
ondan imzalanmış sənəd tələb etməyə
ehtiyac yoxdur! Onlar sözlərinin sahibidirlər.
Bəs hara getdi o azərbaycanlılar?! Az qala
respublikanın bir yarısı o biri yarısına “atıb”!
***
Bazar iqtisadiyyatı
münasibətləri belə tezmi yeyib qurtardı mənəvi
dəyərləri?! Doğrudanmı pul hər şeydir və
hər şey də ona qurban verilməlidir?!
Mənəvi dəyərlərin
itirilməsində biz jurnalistlərin də təqsiri
çoxdur!
Belə hadisələri elə
acgözlüklə, elə sensasiyalı formada oxuculara
çatdırırıq ki, sanki yenidən Amerika kəşf
edirik!
Elə bil qorxuruq ki, başqası bu
xəbəri əvvəlcə versə, bizdən qabağa
düşəcək!
Nədənsə fikirləşmək
istəmirik ki, bu tip xəbərləri saf-çürük
etmədən, doğuracağı effekti nəzərə
almadan tez-tələsik ictimailəşdirmək, hərdən
manşetə çıxararaq gündəmə çevirmək
nə qədər təhlükəlidir!
***
XIX əsrin sonları, XX əsrin
əvvəllərində xeyli azərbaycanlı gənc
Rusiyaya və Avropa ölkələrinə gedərək təhsil
aldı. Onların əksəriyyəti geriyə qayıdaraq
Vətənə xidmət etdi, savadsızlığın ləğvində,
xalqın maarifləndirilməsində və
dünyagörüşünün genişləndirilməsində,
mədəniyyətimizin inkişafında böyük xidmətlər
göstərdi. Ötən əsrdə Azərbaycan
Xalq Cümhuriyyətini quranların da bir qismi xaricdə oxuyub
gələnlərdən idi.
İndi də xaricə
oxumağa gedənlərimiz çoxdur. Hətta “Neft
kapitalını insan kapitalına çevirək” çağırışını
irəli sürən dövlətimiz onların təhsilinə
yaxından kömək göstərir.
Oxuyub geri dönən,
müstəqil dövlətimizə ürəklə qulluq edən
gənclər çoxdur. Adam onlara baxanda sonsuz
iftixar hissi keçirir.
Amma...
İllər boyu oxuyub xarici universitetləri
qurtara bilməyənlər...
Qurtarıb xaricdə qalandan sonra Vətənini,
dilini və xalqını unudanlar...
Narkoman olaraq geri qayıdanlar...
Qulağına sırğa taxanlar...
Xaricə gedərək “5-ci kalon”un üzvü kimi Azərbaycanın əleyhinə
iş aparanlar...
Bəs belələrinə nə
deyəsən?!
Onlar təkcə valideynlərinin,
qohum və dostlarının deyil, Vətənin də
etimadını, bir gənc kimi onlara olan gözləntiləri
doğrultmayırlar!
Bu gün Azərbaycanın
ağıllı başlara, savadlı mütəxəssislərə,
müasir düşüncəli gənclərə ehtiyacı
çoxdur!
Məhz belələri dövlətimizin
irəliyə gedişini sürətləndirməli, Azərbaycanın
dünyada öz yerini möhkəmləndirməsinə,
nüfuzunu daha da artırmasına kömək göstərməlidirlər!
Həm də təkcə
yalnız yaxşı mütəxəssis kimi yox. Ondan da öncə vətənpərvər
insan, milli ruhlu gənc, xalqımızın mənəvi dəyərlərinin
qoruyucusu olmalıdırlar! Çünki xalqın, dövlətin
gələcəyi məhz belələrindən
asılıdır!
Vətənpərvər gənclər
sarıdan, necə deyərlər, korluğumuz yoxdur!
Torpaqların müdafiəsi
uğrunda şəhid gedənlərimiz bizim fəxrimiz və
əzizlərimizdir!
Aprel müharibəsinin qəhrəmanları
igid və vətənpərvər gənclərin
sayının getdikcə artdığının əyani
şəkildə nümayişi oldu. Onlarla Milli Qəhrəmanımız,
Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz
Qurbanov və digərləri qəhrəmanlıq rəmzinə
çevriliblər.
İkili standartların geniş intişar tapdığı bir zamanda xaricdə
yaşayaraq sığınacaq və qrant almaq naminə
dövlətimiz əleyhinə iş aparanlara nə ad verəsən?!
Yaxşı, Azərbaycanı bəyənmədin,
getdin, əcəb elədin!
İndi Vətənindən
(lap qoy olsun “keçmiş”) qisas alırsan?!
Azərbaycana qarşı ədalətsizlik
olunanda, hüquqları tapdalananda sənə ləzzət
edir?!
Onda de görüm sən kim olursan, hansı xalqın, millətin
nümayəndəsi sayılırsan?
Məgər xaricə gedən
vətənpərvərlik, dövlətçilik, milli maraq və
təəssübkeşlik, ədalət hissini özü ilə
aparmır?
Onsuz da Azərbaycan bütün
problemlərini, o cümlədən ərazi
bütövlüyü məsələsini həll edəcək!
Sadəcə zamana ehtiyacı var!
Həm də onun müdrik dövlət
başçısı, kifayət qədər qeyrətli
övladları, necə deyərlər, zəri də, zoru da
var!
Sizin kimilər isə ömrünüz
boyu yad ellərdə çağırılmamış qonaq
kimi yaşayacaqsınız!
Çörək tapmaq
üçün daim Vətəni satmağa məhkum qonaq!
Öz evinə dönməyə
üzü və evi olmayan qonaq!
Övladlarınızın onları
vətənsizliyə məhkum etdiyinizə görə sizi
qınayacağı qonaq!
***
Milli-mənəvi dəyərləri
qoruyanların və yaşadanların önündə
jurnalistlər getməlidir. Amma görün elektron və
çap mediasının bir qismi nə gündədir!
Süni sensasiya yaratmaq xəstəliyi
peşəkarlığı məhv edib!
Oxucu məhəbbəti və rəğbəti
qazanmadığından dövlətin maddi dəstəyi
olmadan bir KİV belə yaşamağa qadir deyil!
Oxuyançılar və özəl
klinikalar özəl telekanalları zəbt edib!
Onlara baxanda elə bilirsən ki, bu
xalqın manıslardan başqa ağıllı, ziyalı,
hörmətli, dünya görmüş və savadlı
insanı yoxdur!
Onlara baxanda elə bilirsən ki, bu
xalq başdan-ayağa xəstədir və özəl
klinikaların tanınmamış həkimlərindən ciddi
müalicə almalıdırlar!
***
Sosial şəbəkələr
söyüş və təhqir meydanına çevrilib.
Məgər
başqasını aşağılamadan fikir söyləmək,
mövqe bildirmək mümkün deyil? Niyə
haqlı olduğunu (əgər haqlısansa) fakt və
arqumentlə yox, söyüşlə sübut etmək istəyirsən?
Axı hörmət hörmətə
bağlıdır, - demişlər. Hörmət elə
ki, hörmət görəsən! Söyüş söysən,
söyüş eşidəcəksən!
***
Üzeyir bəy Hacıbəylinin məşhur
kəlamını bir daha xatırladırıq:
Bu dövlət də bizimdir!
Bu millət də bizimdir!
Bu Vətən də bizimdir!
Gəlin Avropadan öyrənək!
Gəlin üzümüzü Avropaya
tərəf çevirək!
Gəlin Avropadan istifadə edək!
Amma Avropadan öyrənəndə nəyi
öyrəndiyimizi və öyrənməli olduğumuzu
yaxşı bilək!
Üzümüzü Avropaya
çevirəndə şərqli olduğumuzu,
daşıdığımız milli-mənəvi dəyərləri
yaddan çıxarmayaq!
Avropadan istifadə edək, onun
köləsinə çevrilməyək,
texnologiyasını, elmini, insanlara və dövlətlərə
fayda gətirəcək yeniliklərini mənimsəyək!
Başqa dinlərə və mədəniyyətlərə
dözməzliyini yox!
“Miqrant” adı qoyduqları
qaçqınlara qeyri-insani münasibəti yox!
Dinc şəkildə
etirazlarını bildirən insanları atların ayaqları
altına salmağı və itlərə gəmirtməyi
yox!
Dünyanın hər yerindən gözəl, sabit və əmin-aman olan balaca bir Vətənimiz var!
Hələ otuz yaşı tamam olmayan müstəqil dövlətimiz var!
Hələ işğal altında qalan torpaqlarımız var!
Hələ doğma yurd-yuvaya dönmək həsrətini içərisində daşıyan bir milyon qaçqın və məcburi köçkünümüz var!
Bu Vətənə biz sahib çıxmasaq, kim onu sevərək inkişaf etdirər?
Bu dövləti biz qorumasaq, düşmənlərdən sinəmizlə müdafiə etməsək, bunu bizim əvəzimizdən kim edər?
Bu torpaqları biz qaytarmasaq, əkib-becərməsək, gələcək nəsillər bizə necə baxar?
Bu dəyərləri biz
yaşatmasaq, babalarımızın ruhları bizi
qınamazmı?
***
Gəlin vətənpərvərlik ənənəsini yaşadaq!
Gəlin ziyalılarımızın qədrini bilərək hörmətli tutaq!
Gəlin Vətənimizə səmimi qəlbdən əsl övladlıq edək!
Bir-birimizin qədrini bilək!
Qəddarlığı mərhəmət, nifrəti məhəbbətlə əvəz edək!
Təkcə özümüzü yox, Vətəni və xalqı, doğmaları və yaxınları, dostları və hətta tanımadığımız Vətən övladlarını da düşünək!
Hamı yaşamaq istəyir, - buna haqqı var!
Hamı yemək, geyinmək, şənlənmək istəyir, - bu onun hüququdur!
Hamı sevmək, sevilmək, arzularına çatmaq istəyir, - belələrinə dəstək olaq!
Allah dövlətimizə və xalqımıza kömək olsun, ürəyimizə mərhəmət və xeyirxahlıq, insaf duyğuları salsın!
Allah tamahımızdan kəsib,
ağlımıza calasın!..
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2017.-21 aprel.- S.1; 5.