IV İslam Həmrəyliyi Oyunları ən layiqli səviyyədə
keçiriləcək
Aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva iclasda çıxış etdi.
Təşkilat Komitəsinin sədri Mehriban
Əliyevanın çıxışı
-Hörmətli tədbir iştirakçıları.
IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılışına bir aydan az vaxt qalır və bu gün Təşkilat Komitəsinin yekun iclasını keçiririk. Biz gərək əmin olaq ki, paytaxtımız Oyunların açılışına və keçirilməsinə tam şəkildə hazırdır, bütün lazımi tədbirlər görülüb, addımlar atılıb, yarışların keçirilməsi ilə bağlı və bütün istiqamətləri əhatə edən tədbirlər planı cavabdeh strukturlar tərəfindən yerinə yetirilir.
Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanır. Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları – həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə Azərbaycan dövləti birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır.
Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olub. Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din özü-üzlüyündə terroru rədd edən amildir və İslam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Ölkəmiz artıq bütün dünyada idman məkanı kimi tanınır. Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafına dövlətimizin verdiyi dəstək bütün dünya tərəfindən çox yüksək qiymətləndirilir. Aparılan siyasətin nəticəsi isə göz qabağındadır. İlk növbədə, bu, əlbəttə ki, Azərbaycan idmançılarının son illər ərzində əldə etdikləri nailiyyətlərdir. Ötən il Rio Yay Olimpiya Oyunlarında bizim idmançılarımız 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri tutmağa nail olmuşlar. Siz yaxşı xatırlayırsınız ki, birinci Avropa Oyunları zamanı bizim yığma komandamız 56 medal qazanaraq ikinci yeri tutmuşdur. Əlbəttə, belə nəticələrlə bütün xalqımız fəxr edir və bu, Azərbaycan dövlətinin potensialının, Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları zamanı da idmançılarımız bizi sevindirəcəklər, bizə qələbə sevinci bəxş edəcəklər.
Oyunlarda 57 ölkəni təmsil edən 3 mindən çox idmançının iştirakı gözlənilir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmamışdır. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar, Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulub. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.
Oyunların uğurla keçirilməsində könüllülərin rolu xüsusi yer tutur. Hamımız yaxşı xatırlayırıq ki, birinci Avropa Oyunları zamanı bizim gənclər çox gözəl, çox bacarıqlı, peşəkar iş nümayiş etdirdilər. Oyunlar zamanı onların xidməti bir çox qurumlar - həm beynəlxalq, həm də yerli qurumlar tərəfindən xüsusi vurğulandı. İslam Həmrəyliyi Oyunlarının keçirilməsində 8 mindən çox könüllü iştirak edir və əminəm ki, bu dəfə də gənclərimiz öz vətənpərvərliyini, peşəkarlığını, qonaqpərvərliyini, bacarıq və zəkalarını nümayiş etdirəcəklər.
Bu günə qədər Təşkilat Komitəsi tərəfindən Oyunların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb və ümumiyyətlə, demək olar ki, şəhərimiz Oyunların açılışına hazırdır.
Nəqliyyat sisteminin koordinasiyası ən vacib məsələlərdən biridir. Bunu keçmiş təcrübəmizdən də bilirik və biz burada bir neçə istiqamətdə çalışmalıyıq. İdmançıların idman obyektlərinə vaxtında və təhlükəsiz çatmaları, tamaşaçıların müxtəlif idman infrastrukturlarına gediş-gəlişi və əlbəttə, Oyunlar zamanı şəhər sakinlərinin rahat hərəkət etməsi təmin olunmalıdır. Əlbəttə, ümumi təhlükəsizlik məsələlərinə xüsusi diqqət göstərilməlidir. İnformasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi kimi məsələlərə diqqət yetirilməlidir. Hərtərəfli tibbi xidmətin təmin edilməsi vacibdir. Bir sözlə, heç bir məsələ diqqətdən kənarda qalmamalıdır.
Qeyd etdiyim kimi, bu gün bizim son iclasımızdır. Gərək biz əmin olaq ki, bütün məsələlərə diqqətlə yanaşmışıq və Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik.
İndi isə Oyunlara hazırlıq haqqında daha geniş informasiya vermək üçün gənclər və idman naziri Azad Rəhimova söz verilir.
***
Gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad RƏHİMOV çıxış edərək dedi:
- Hörmətli Birinci vitse-prezident.
Ölkəmizin ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyətinizə - Azərbaycan mədəniyyətinin geniş təbliği, mədəni, mənəvi və tarixi irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində və çoxsaylı digər işlərdəki fədakar fəaliyyətinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Ölkəmizdə və ölkədən kənarda keçirilmiş bir sıra qlobal tədbirlər - “Eurovision” mahnı müsabiqəsi, Azərbaycan muğamının qorunması və təbliği, bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil olması, Sivilizasiyalar Alyansının Qlobal Forumu, xüsusilə də birinci Avropa Oyunları məhz Sizin rəhbərlik etdiyiniz Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində çox yüksək səviyyədə təşkil edilib. Birinci Avropa Oyunları nəinki bizim, hətta bütün dünya ictimaiyyətinin yaddaşında ən möhtəşəm şəkildə təşkil edilmiş idman tədbiri kimi qalacaq.
IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərliyiniz Oyunların yüksək səviyyədə keçirilməsinə əsas zəmanətdir.
Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı olub.
İyirmi bir gündən sonra başlayacaq İslam Oyunları zamanı bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək.
Bildiyiniz kimi, Oyunların Təşkilat Komitəsi Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə yaradılıb və 2015-ci il noyabrın 1-də Sizin tapşırığınıza əsasən İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Əməliyyat Komitəsində 16 ölkəni təmsil edən 100 xarici və 1400 yerli mütəxəssis çalışır. Artıq qeyd edildiyi kimi, Oyunların açılış və bağlanış mərasimlərində, o cümlədən idman tədbirləri zamanı yardım göstərmək üçün 8 mindən çox könüllü səfərbər etmişik. İşçi qüvvəsinin və könüllülərin təlim prosesi başa çatmaq üzrədir. Bundan əlavə, Əməliyyat Komitəsinin tərkibində müxtəlif sahələrdə təxminən 14 minə qədər podratçı çalışır.
Əməliyyat Komitəsinin yarandığı vaxtdan gündəlikdəki əsas məsələlərdən biri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan bütün Milli Olimpiya komitələri ilə danışıqların aparılması və onların bu yarışlarda iştirakını təsdiqləmək olub. Bu gün məmnunluqla qeyd etmək istərdim ki, İƏT-ə üzv olan bütün 57 ölkədən 3 mindən çox idmançının iştirakı təsdiq edilib. Üzv dövlətlərin maksimal sayda iştirakı İslam Həmrəyliyi Oyunlarının tarixində bir rekorddur.
Həmçinin Oyunlarda 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək.
Yarışların cədvəli tam hazırdır. Bununla yanaşı, artıq komanda yarışlarının püşkatma mərasimi də keçirilib. İdman Əməliyyat Proqramı çərçivəsində 20 idman növünün formatı və standartı müvafiq Beynəlxalq İdman Federasiyaları ilə razılaşdırılıb. Eyni zamanda, antidopinq laboratoriyası təşkil edilib.
Yarışlar 17 müxtəlif idman obyektində keçiriləcək. Bununla yanaşı, Oyunlar zamanı 21 qeyri-yarış məkanından istifadə olunacaq. Nəzərdə tutulan bütün idman obyektləri Oyunlara tam hazırdır.
Bütün idmançılar, məşqçilər, komanda rəsmiləri və texniki heyət Atletlər kəndində yerləşdiriləcək. Onu da qeyd etmək lazımdır ki, Atletlər kəndində 5544 yataq yeri var. IV İslam Həmrəyliyi Oyunları zamanı Atletlər kəndinin maksimal imkanlarının 90 faizdən çox istifadə edilməsi nəzərdə tutulur. Atletlər kəndi rəsmi olaraq may ayının 1-də açılacaq.
Oyunlar zamanı yerli iaşə podratçısı qonaqları 195 min ədəd yemək dəsti ilə təmin edəcək. Atletlər kəndində yerləşəcək 5 minə qədər beynəlxalq iştirakçının təhlükəsizlik və sağlamlıq məsələləri də bizim öhdəmizə düşür.
Birinci Avropa Oyunları zamanı əldə edilmiş inventar və avadanlıqların qorunub saxlanılmasına ciddi nəzarət təmin olunması bizə İKT avadanlıqları, mebel, yataq dəstləri, digər təchizat məsələlərini əlavə vəsait cəlb etmədən həll etmək imkanı verib. Yarışların keçirilməsi üçün lazım olan bütün digər avadanlıqlar da artıq Bakıya gətirilib.
Oyunlar zamanı təhlükəsizlik işlərinə nəzarət dövlət təhlükəsizlik orqanları tərəfindən həyata keçiriləcək. Birgə təhlükəsizlik mərkəzi hazırda Əməliyyat Komitəsinin ofisində fəaliyyət göstərir.
Yarışlar zamanı nəqliyyatın təmin edilməsi və hərəkəti ilə bağlı əməliyyat planında mövcud olan bütün məsələlər həll olunub. Oyunlar dövründə 144 Neoplan avtobusu, 20 Sprinter avtobusu və 206 taksi xidmətə cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyi 750 sürücü ayırıb və hazırda onların təlimləri davam etdirilir. Yarış müddətində ictimai nəqliyyatın iş qrafiki müvafiq dövlət müəssisələri ilə razılaşdırılıb.
Nəqliyyat əməliyyat proqramı çərçivəsində Atletlər kəndinin arxasındakı avtobus deposu Oyunların tələblərinə tam uyğun olaraq yenidən işə başlayıb. Bundan əlavə, əhali üçün nəqliyyat məhdudiyyətinin aradan qaldırılması məqsədilə Atletlər kəndi yaxınlığındakı ictimai nəqliyyat mərkəzinin yeri dəyişdirilib.
Fürsətdən istifadə edərək, nəqliyyatla bağlı məsələlərin həllində bizə göstərdikləri yardıma görə bütün müvafiq dövlət qurumlarına minnətdarlığımızı bildiririk.
Oyunlar üçün bütün texnoloji sistemlər və infrastruktur tam hazırdır. Texnologiyanın hazırlıq səviyyəsi bütün obyektlərdə bu həftə ərzində test edilir.
Oyunların proqramına daxil edilmiş 165 idman yarışına tamaşa etmək üçün 500 mindən çox bilet satışa çıxarılıb.
IV İslam Həmrəyliyi Oyunlarının yayım hüququ üçün yerli yayım şirkəti ilə müqavilə bağlanıb. Açılış və bağlanış mərasimlərinin, o cümlədən futbol yarışlarının canlı yayımlanması planlaşdırılır. Digər yarışlar tamaşaçılara idman bülleteni formatında təqdim ediləcək. Oyunların, həmçinin Olimpiya kanalı vasitəsilə yayımlanması nəzərdə tutulub.
Oyunların 24 beynəlxalq və 17 yerli səfiri Oyunlar haqqında məlumatları geniş sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırırlar. Onlar, həmçinin İslam dəyərləri haqqında ictimaiyyət arasında müsbət fikrin formalaşmasına da xidmət edirlər.
IV İslam Həmrəyliyi Oyunlarına olan böyük maraq və diqqətin nəticəsidir ki, tədbirin 8 yerli və 5 beynəlxalq sponsoru var.
Oyunların açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5 mindən çox əməkdaş fəaliyyət göstərir. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə olunacaq. Bu mərasimlər Bakı Olimpiya Stadionunda baş tutacaq. Mərasim iştirakçısı olmaq üçün 9 min azərbaycanlı gənc Əməliyyat Komitəsinə müraciət edib və onlardan 4 mini seçilib.
Əməliyyat Komitəsi fəaliyyətə başladığı gündən İslam Həmrəyliyi İdman Federasiyası ilə sıx əməkdaşlıq qurub. Son 18 ay ərzində İslam Həmrəyliyi İdman Federasiyası Koordinasiya Komissiyasının 5 iclası, Milli Olimpiya komitələrinin toplantıları, seminarları və İslam Həmrəyliyi İdman Federasiyası ilə Birgə İşçi Qrupunun bir çox iclasları keçirilib.
Qeyd etmək istərdim ki, nailiyyətlərimiz burada iştirak edən dövlət qurumları ilə sıx əməkdaşlıq nəticəsində əldə olunub və buna görə hamınıza dərin təşəkkürümü bildirirəm.
Sonda IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına 21 gün qalmış əminliklə bəyan etmək istərdim ki, biz Oyunların müvəffəqiyyətlə keçirilməsinə hazırıq. Ümidvaram ki, bu Oyunları da nümunəvi şəkildə keçirəcəyik. Azərbaycanın bacarığını, həmrəylik və dostluq dəyərlərinin təşviqinə töhfəsini beynəlxalq aləmə bir daha nümayiş etdirəcəyik. Diqqətinizə görə çox sağ olun.
***
Mehriban ƏLİYEVA: Çox sağ olun. İndi isə təhlükəsizlik məsələləri haqqında. Ramil müəllim, buyurun.
***
Daxili işlər naziri Ramil USUBOV çıxış edərək dedi:
- Çox hörmətli Birinci vitse-prezident
Mehriban xanım.
Hörmətli müşavirə
iştirakçıları.
Məruzə edirəm ki, Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı
ilə IV İslam Həmrəyliyi Oyunlarının Bakı
şəhərində keçirilməsi üzrə Təşkilat
Komitəsi yaradıldıqdan dərhal sonra Daxili İşlər
Nazirliyi tərəfindən ciddi hazırlıq işlərinə
başlanılıb. Dövlətimizin
başçısının qarşıya qoyduğu vəzifələrin
tam və vaxtında yerinə yetirilməsi üçün
nazirlikdə xüsusi tədbirlər planı təsdiqlənərək
icraya yönəldilib.
Oyunlar ərəfəsində
və dövründə asayişin və təhlükəsizliyin
təmin olunmasına cəlb ediləcək daxili işlər
orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə
2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə
30 yarış və qeyri-yarış obyektini əhatə edən
15 köməkçi qərargah yaradılıb.
Bütövlükdə,
daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli
beynəlxalq tədbirə cəlb ediləcək şəxsi
heyətin sayı 12 min nəfər olacaq. Onlardan da
252-si qadın əməkdaşlarımızdır.
Cari ilin mart və aprel
aylarında qüvvə və vasitələrin Oyunların
keçiriləcəyi obyektlərdə perimetr boyu, eləcə
də sektorlar üzrə yerləşəcəyi nöqtələr
konkretləşdirilib. Nəzarət-buraxılış məntəqələri,
xüsusi təyinatlı və mühəndis istehkam
qruplarının xidmət aparacağı bütün yerlər
yoxlanılıb, şəxsi heyətə vəzifələri
izah edilib, köməkçi qərargahların təlim-məşqləri
keçirilib.
Əməliyyat Komitəsi ilə birgə
aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış
yerlərində 154 ədəd “X-RAY” və 286 ədəd
stasionar metal detektordan istifadə edilməsi nəzərdə
tutulur. Bununla əlaqədar, xüsusi yoxlama
avadanlıqlarında xidmət aparacaq 1800 əməkdaş
praktiki məşğələlərə cəlb edilib.
Yol hərəkətinin təhlükəsizliyi
və yüksək səviyyəli nümayəndə heyətlərinin
müşayiəti üzrə görüləcək digər
işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə
qarşıda duran vəzifələr yol-patrul xidmətinin
1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı
400 avtomobillə təmin ediləcək. Yol hərəkətinin
təşkili üzrə fəaliyyət çərçivəsində
paytaxtda 8 mindən çox yeni yol nişanı və 35
işıqfor quraşdırılıb, küçə və
yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri
aparılıb.
Yarış
iştirakçılarının daşınmasına cəlb
olunan nəqliyyat vasitələrini idarə edəcək şəxslərin
seçiminə də xüsusi diqqət yetirilib, peşəkarlıq
səviyyəsi yoxlanılıb. Nəticədə 1918
nəfərdən 158 sürücü seçimdən kənarlaşdırılıb,
habelə namizədliyi təsdiqlənmiş sürücülər
üçün cari ilin mart ayında müvafiq tədris
proqramı əsasında nəzəri və praktiki təlimlər
keçirilib.
Bundan əlavə, ictimai
asayişə nəzarətin fasiləsiz həyata
keçirilməsi məqsədilə hazırda yarış və
qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə
642 videomüşahidə kamerasından istifadə edilir. May ayının 1-dək isə
buraxılış rejimində tətbiq olunacaq hər bir
stasionar metal detektorun qarşısında “üztanıma”
funksiyasını yerinə yetirən 267 kamera
quraşdırılacaq. Ümumilikdə, bu
gün respublikada “Təhlükəsiz şəhər”
sisteminin 3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə
olan obyektlərə aid avtonom rejimdə işləyən daha
100 min videomüşahidə kamerası fəaliyyət
göstərir.
Xüsusi qeyd etmək istəyirəm
ki, möhtərəm Prezidentin əvəzsiz dəstəyi sayəsində
birinci Avropa Oyunları ərəfəsində
alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700
planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və
330 “İPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı 837
xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları
zamanı da istifadə ediləcək.
Həmin dövrdə ingilis
dili kurslarını bitirmiş bayır xidmətinin 1000-dən
çox əməkdaşının müvafiq biliklərini
artırılması istiqamətində əlavə tədbirlər
də görülüb. Asayişin qorunmasında iştirak edəcək
əməkdaşların professional
hazırlığının, o cümlədən etik
davranış səviyyəsinin daha da yüksəldilməsi,
əcnəbilərlə rahat ünsiyyət qurmaq
bacarığına yiyələnməsi məqsədilə
onlar üçün xüsusi treninqlər təşkil
edilib.
Çox hörmətli
Birinci vitse-prezident.
Respublikada kriminogen durumun tam
nəzarətdə saxlanılması və profilaktik işin
gücləndirilməsi üzrə kompleks tədbirlər
davam etdirilir.
Bu gün Azərbaycan və onun paytaxtı
Bakı şəhəri əvvəlki illərdə olduğu
kimi, dünyanın ən təhlükəsiz yerlərindən
biridir. Vətəndaşların əmin-amanlığının
yüksək səviyyədə qorunduğu ölkəmizdə
indi qarşımızda duran mühüm vəzifələrdən
biri preventiv tədbirlərin davamlılığının təmin
edilməsidir.
Su, hava və dəmir yolu nəqliyyatında,
avtovağzallarda, Bakı Metropolitenində, neft kəmərlərində,
kommunikasiya vasitələrində və digər strateji obyektlərdə
təhlükəsizlik tədbirləri və diplomatik nümayəndəliklərin
mühafizəsi digər hüquq-mühafizə və təhlükəsizlik
orqanları ilə birgə, yəni əlaqəli şəkildə
təşkil olunur.
Profilaktik qeydiyyatda olan, cinayət
və hüquqpozmalara meyilli şəxslər ciddi nəzarətdə
saxlanılacaq.
Onu da məruzə edirəm
ki, artıq Oyunların Akkreditasiya Mərkəzi cari ilin aprel
ayının 7-dən mühafizəyə
götürülüb. Aprel ayının 30-dan isə
ardıcıllıqla - yarış, qeyri-yarış və məşq
yerlərini əhatə edən 30 obyekt mühafizəyə qəbul
ediləcək və hər birində sutkalıq xidmət təşkil
olunacaq.
Sonda əmin etmək istəyirəm
ki, bu möhtəşəm beynəlxalq tədbirlə
bağlı cənab Prezidentin və Sizin bütün tələb
və tapşırıqlarınız daxili işlər
orqanları və Daxili Qoşunlar tərəfindən tam yerinə
yetiriləcək, ictimai asayiş və təhlükəsizlik
yüksək səviyyədə qorunacaq. Diqqətinizə
görə sağ olun.
***
Mehriban
ƏLİYEVA:
Təşəkkür edirəm, Ramil müəllim. İndi isə təhlükəsizlik məsələləri
ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidmətinin
rəisi Vaqif Axundovu dinləmək istərdim.
***
Xüsusi Dövlət Mühafizə
Xidmətinin rəisi Vaqif AXUNDOV
çıxış edərək dedi:
-Möhtərəm xanım Birinci
vitse-prezident.
Hörmətli iclas
iştirakçıları.
Daxili işlər naziri Ramil Usubov
burada təhlükəsizlik məsələləri ilə
bağlı geniş məlumat verdi. Biz
Xüsusi Dövlət Mühafizə Xidməti olaraq, Daxili
İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi
Xidməti, Fövqəladə Hallar Nazirliyi və Oyunların
Təşkilat Komitəsi ilə birlikdə, xüsusən də
bu Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik
departamentinin nümayəndələri ilə sıx əməkdaşlıq
şəraitində təhlükəsizlik tədbirlərini həyata
keçiririk. Oyunlar zamanı istifadə ediləcək
idman, məşq, qeyri-idman obyektlərinin siyahıları tərtib
olunub. Bu siyahıları bizə
Oyunların Təşkilat Komitəsinin təhlükəsizlik
departamenti təqdim edib. Bu obyektlərin
hamısına baxış keçirilib. Daxili
İşlər Nazirliyi və digər qurumlarla
buraxılış rejimini həyata keçirmək
üçün texniki mühafizə və videonəzarət
avadanlıqlarının quraşdırılması və
mühafizə planlarının hazırlanması işlərinə
başlanılıb.
Biz birinci Avropa Oyunları
zamanı alınaraq respublikamıza gətirilmiş çoxlu
sayda texniki avadanlıqlardan IV İslam Həmrəyliyi
Oyunları zamanı da istifadə edəcəyik. Bunlar “X-RAY”
avadanlıqları, stasionar metalaxtaran, partlayıcı maddələri
aşkarlayan qurğulardır. Həmçinin
1000-dən çox kameranı təmir etmək
üçün “Boch” videomüşahidə sistemi,
üç baza stansiyası, dörd min “Motorola” tipli əl
radiostansiyalarıdır. Altı yüz
“Motorola” mobil stansiya alınaraq artıq gətirilib və
qoruduğumuz obyektlərdə bunlardan tam həcmdə istifadə
edəcəyik. Hazırda bu avadanlıqların
obyektlərdə qurulması işləri tam başa
çatıb. 17 obyektdə 114 “X-RAY”
avadanlığı, 213 stasionar metalaxtaran avadanlıqlar
quraşdırılıb, 13 obyektdə isə 41 “X-RAY” və
81 stasionar metalaxtaranların quraşdırılması aprelin
sonlarında başa çatdırılacaq.
On idman obyektində daxildə
və perimetr boyunca videomüşahidə sistemləri
quraşdırılıb. Beş obyektdə isə
belə sistemlərin quraşdırılması nəzərdə
tutulur.
2017-ci ilin fevral ayından
başlayaraq aidiyyəti qurumlarla birgə Oyunların kibertəhlükəsizliyinin
təmin olunması üzrə zəruri tədbirlər
hazırlanaraq həyata keçirilir.
Qeyd olunduğu kimi, tədbirlərə
cəlb olunmuş çoxsaylı personal - bu idman obyektlərində
çalışacaq işçilər ətrafında yoxlama
tədbirləri həyata keçirilib. Bu siyahılar
bizə və eyni zamanda, Dövlət Təhlükəsizliyi
Xidmətinə, Daxili İşlər Nazirliyinə təqdim
olunub. Bu insanları xüsusi yoxlamalardan
keçirmişik. Təkcə Xüsusi
Dövlət Mühafizə Xidməti 1560 nəfəri
yoxlayıb. Onlardan 107 nəfəri barəsində
nüfuzdan salan məlumatlar əldə olunduğuna görə
tədbirlərdən kənarlaşdırılıb.
Oyunların keçirilməsi
ilə bağlı Azərbaycana gələn çoxsaylı
qonaqlara qarşı Heydər Əliyev Beynəlxalq Aeroportunda
baş verə biləcək hər hansı təxribat
hallarının qarşısının alınması məqsədi
ilə “AZAL”ın Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları
ilə birgə profilaktik tədbirlər hazırlanaraq həyata
keçirilir.
Bakı Olimpiya Stadionunda
Oyunların açılış və bağlanış mərasimləri
zamanı havaya qaldırılacaq helikopterlərin təhlükəsizlik
uçuşu ilə əlaqədar “Silk Way Helicopter” şirkəti
və Təşkilat Komitəsinin mərasimlər departamenti
ilə müvafiq hazırlıq işləri aparılır. IV İslam Həmrəyliyi
Oyunlarının təhlükəsizliyi ilə bağlı
mühafizə tədbirlərinə Xüsusi Dövlət
Mühafizə Xidmətindən 700 hərbi qulluqçu, o
cümlədən 100 qadın hərbi qulluqçu cəlb
olunub. Aprel ayında onlarla təlim
toplanışları keçirilib, buraxılışa nəzarət
avadanlıqlarından - “X-RAY” və metalaxtarandan istifadə etmək
bacarıqlarını təkmilləşdirmək məqsədilə
kurslar təşkil edilib.
Ümumiyyətlə, Xidmətimizin
texniki mütəxəssisləri tərəfindən
mühafizə tədbirlərinə cəlb olunacaq hüquq
mühafizə orqanlarının 1500 nəfərlik şəxsi
heyəti ilə xüsusi təlim toplanışları və
məşqlər keçirilib. İdman obyektlərində
və qeyri-idman obyektlərində
quraşdırılmış “X-RAY” və metalaxtaranlarda
işləmək üçün Daxili İşlər
Nazirliyinin və digər qurumların əməkdaşlarının
peşəkarlığının artırılması istiqamətində
təlimlər təşkil olunub. Xüsusilə qeyd etmək
lazımdır ki, bütün idman obyektlərinin lift
sektorlarının və yüksək səviyyəli
qonaqların yaşayacağı mehmanxanaların mühafizə
planları və sxemləri hazırlanaraq, Oyunların Təşkilat
Komitəsinin təhlükəsizlik departamenti ilə
razılaşdırılıb.
Bundan əlavə, Xidmətimizin
situasiya mərkəzi tərəfindən 5 mindən çox
müşahidə kamerası vasitəsilə obyektlərə
videonəzarətin təmin edilməsi ilə bağlı həyata
keçirilən hazırlıq tədbirləri başa
çatdırılıb. İdman və
qeyri-idman obyektlərinin etibarlı mühafizəsini təmin
etmək məqsədilə Xidmətimiz tərəfindən
ayrılmış mühafizə rəhbərlərinin
mayın 1-dən etibarən obyektlərə göndərilməsi,
mayın 8-dən isə idman obyektlərinin VIP
sektorlarının müayinə edilərək tam mühafizəyə
götürülməsi nəzərdə tutulur. Təhlükəsizlik məsələlərinin
operativ həlli üçün Xidmətimizin işçi
qrupu mayın 1-dən Təşkilat Komitəsinin baş ofisinə
ezam olunacaq, orada digər qurumların əməkdaşları
ilə birlikdə tam fəaliyyətə başlayacaqlar.
Bununla yanaşı, IV İslam Həmrəyliyi
Oyunları ilə bağlı Bakı şəhərinə səfər
edəcək yüksək səviyyəli qonaqların təhlükəsizliyini
təmin etmək məqsədilə Xidmətimizin avtomobil
parkında zəruri sayda avtonəqliyyat vasitələri texniki
baxışdan keçirilərək tam hazır vəziyyətə
gətirilib və qonaqlara xidmət göstərəcək.
Təhlükəsizlik tədbirlərinə
cəlb olunacaq mühafizə əməkdaşları
üçün xüsusi gödəkçələr
hazırlanıb. Bu gödəkçələrin
forması Təşkilat Komitəsi ilə
razılaşdırılıb və tədbirlərin təhlükəsizliyinin
təmin olunması zamanı bu gödəkçələrdən
istifadə olunacaq. Yaddaş kitabçaları
hazırlanıb və 1000-ə yaxın əməkdaşımıza
paylanıb. Burada bütün məlumatlar var: həm
idman obyektlərinin yerləri, həm keçiriləcək
idman növləri, təmsil olunacaq dövlətlər
haqqında bütün məlumatlar yaddaş
kitabçasında öz əksini tapıb. Şəxsi
heyət bu tədbirlərin həyata keçirilməsinə
demək olar ki, tam hazırdır.
Çox hörmətli Birinci
vitse-prezident, Sizi əmin etmək istəyirəm ki, Azərbaycan
Respublikasında IV İslam Həmrəyliyi Oyunlarının
müvəffəqiyyətlə keçirilməsi
üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin
şəxsi heyəti əlindən gələni əsirgəməyəcək
və bu tədbirlərdə təhlükəsizlik yüksək
səviyyədə təmin olunacaq.
Mehriban ƏLİYEVA: Çox sağ olun, Vaqif müəllim. Məndə
olan məlumata görə, siz bir neçə idman obyektində
əlavə müşahidə sistemlərinin qurulması ilə
bağlı müraciət etmisiniz. Bu
problem maliyyə baxımından həllini tapıbmı?
Vaqif AXUNDOV: Bəli, beş obyektdə. Bu məsələ
ilə bağlı Gənclər və İdman Nazirliyi ilə
işləyirik. Düzdür, biz o işlərə
başlamışıq, amma hələ maliyyə
almamışıq.
Mehriban ƏLİYEVA: Maliyyə
Nazirliyi ilə bərabər bu məsələnin həlli
yolunu tapmaq lazımdır. Siz qeyd etdiniz ki,
birinci Avropa Oyunları zamanı təhlükəsizliklə
bağlı bütün lazımi avadanlıq alınıb və
bu gün həmin avadanlıqdan istifadə edirik, amma bir
neçə idman obyekti var ki, əlavə videokameralarla təmin
olunmalıdır. Bu məsələ
öz həllini tapmalıdır.
Oyunlar zamanı təbii ki,
ölkəmizə böyük turist axını gözlənilir,
qonaqlar olacaq.
Bu baxımdan, əlbəttə, Oyunların
keçiriləcəyi günlərdə turistlər
üçün mədəni proqramların, turizm marşrutlarının
hazırlanması çox böyük önəm
daşıyır. Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin bu barədə fikirlərini
dinləyək, buyurun.
***
Mədəniyyət və turizm naziri
Əbülfəs QARAYEV
çıxış edərək dedi:
- Çox hörmətli Birinci
vitse-prezident.
Hörmətli Təşkilat
Komitəsinin üzvləri.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təşəbbüsü,
himayəsi və dəstəyi, birbaşa Sizin rəhbərliyinizlə
həyata keçirilən regional və beynəlxalq layihələr
ölkəmizin qlobal səviyyədə nüfuzunu daha da
artıraraq, Azərbaycanı mədəniyyətlərarası
dialoqun inkişafı sahəsində xalqları, dövlətləri,
sivilizasiyaları bir araya gətirməyə yönəlmiş
mühüm bir missiyanı həyata keçirən
multikultural və tolerant bir ölkəyə çevirib. Düşünürəm ki, IV İslam Həmrəyliyi
Oyunlarının keçirilməsi bunun növbəti əyani
və inşallah, uğurlu sübutu olacaq.
Bildiyiniz kimi, daxili və gəlmə
turizmə əlavə stimul yaratmaq, yerli istehsalı və
sahibkarlığı hərəkətə gətirmək,
qeyri-neft sektorunun yeni yolla canlanmasına nail olmaq məqsədilə
Bakı şəhərində və Azərbaycanda bir
neçə yeni turizm layihəsi həyata keçirilir.
Bunların sırasında Sizin
tapşırığınız əsasında Novruz
bayramı ərəfəsində və hazırda Sabir
bağı ərazisində, Köhnə qala
divarlarının yanında və İçərişəhərdə
davam etdirilən, ölkəmizin zəngin mədəni irsini,
mətbəx nümunələrini, xalq tətbiqi sənətini,
bir növ tarixi-milli kimliyimizi əks etdirən yarmarka təşkil
olunub. Bu yarmarkanın vətəndaşlarımız
və turistlər tərəfindən böyük maraq və
rəğbətlə qarşılandığı nəzərə
alınaraq, IV İslam Həmrəyliyi Oyunlarının
keçiriləcəyi müddətdə də davam etdirilməsi
nəzərdə tutulur.
Bundan əlavə,
Oyunların keçiriləcəyi günlərdə turistlər
üçün Bakı şəhərində və
regionlarda yerləşən tarix-mədəniyyət
qoruqları, müxtəlif profilli muzeylər və xüsusi
hazırlanmış turizm marşrutları üzrə
ekskursiya xidmətləri təşkil olunacaq. Muzey və qalereyalar Oyunlar
zamanı ölkəmizdə olan turistlərə daha uzun
müddətdə xidmət göstərməsi
üçün iş rejimlərini müvəqqəti
uzadılmış şəkildə həyata keçirəcəklər.
Müvafiq qurumlarla, təhlükəsizlik,
nəqliyyat təşkilatları ilə əldə olunmuş
razılığa əsasən, Oyunların keçiriləcəyi
günlərdə turist avtobusları müəyyənləşdirilmiş
“şəhər turu” marşrutu üzrə
paytaxtımızın qonaqlarına öz xidmətlərini təqdim
edəcək.
Turistlərin
suallarını cavablandırmaq, onlara lazımi köməyin
operativ şəkildə həyata keçirilməsi məqsədilə
könüllülərdən ibarət “Ask me – Məndən
soruş” layihəsi təşkil olunacaq. Bu gənclər
kütləvi yerlərdə fəaliyyət göstərəcəklər.
Oyunlar zamanı ölkəmizə təşrif
buyuracaq turistlərə Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən lazımi informasiyanın verilməsi,
müvafiq köməyin göstərilməsi, bir növ ilkin
bələdçilik funksiyasını yerinə yetirmək məqsədilə
Bakı şəhərində yerləşən əsas
mehmanxanalarda növbəli qrafik əsasında fasiləsiz fəaliyyət
göstərən qərargahlar yaradılacaq.
Bu yaxınlarda “Paşa
Sığorta”nın və Mədəniyyət
və Turizm Nazirliyinin birgə layihəsi əsasında “Sirli
Bakı” mobil tətbiqi layihəsi hazırlanıb. Xüsusi texnologiyaya əsaslanan bu proqram
Bakının tarixi irsini sakinlərə və şəhərin
qonaqlarına tanıtmaq məqsədi daşıyır.
Proqramın tətbiq olunduğu hər hansı bir cihazla tarixi
abidələrin qarşısında
quraşdırılmış informativ stendləri “skan” etməklə
ziyarətçilər onlar haqqında üç dildə (Azərbaycan,
rus, ingilis) müfəssəl məlumat əldə edə biləcəklər.
Qeyd etmək istərdim ki,
“Go-map” naviqasiya sistemi təkmilləşdirilərək istifadəçilərin
ixtiyarına verilib. Bu naviqasiya sistemi vətənimizin
qonağı olan hər bir kəs üçün elektron xəritə
üzərindən virtual bələdçilik vəzifəsini
yerinə yetirəcək. Məlumat vermək
istəyirəm ki, bu gün “Go-map” sistemindən gündə
25 min nəfər istifadə edir.
IV İslam Həmrəyliyi
Oyunlarının təbliği məqsədilə aprel
ayında, hazırda ərəb ölkələrində
keçirilən bütün turist sərgilərində bizim
bütün təmsilçilərimiz vasitəsilə Oyunlar haqqında
geniş məlumat yayılır və bu proses Oyunlar zamanı
da davam etdiriləcək. Eyni zamanda, “Euronews” və
“CNN” telekanallarında müvafiq reportajların
yayımlanması haqqında razılıq əldə olunub.
“Baku Guide” kitabçasının xüsusi
buraxılışı təmin olunub və bütün
mehmanxanalara çatdırılacaq.
Hörmətli Mehriban
xanım, Sizin tapşırığınıza əsasən,
eyni zamanda, konsert və teatr müəssisələrində
xüsusi proqramların təşkili ilə bağlı
işləri həyata keçirdik. Proqramların qısa
məzmunu daha çox İslam mədəniyyətinin və
Azərbaycan xalqının ənənəvi mədəniyyətinin
təqdim edilməsindən ibarətdir.
Heydər Əliyev
Sarayında mayın 13-dən etibarən həm Dövlət Rəqs
Ansamblının çıxışları, həm də
Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə
Qasımovanın konsertləri təşkil olunacaq. Eyni zamanda,
Türkiyənin tanınmış rəqs ansamblı – “Anadolu
atəşi” də çıxış edəcək. Azərbaycan Dövlət Musiqili Teatrında
Üzeyir Hacıbəylinin əsərlərinin
tamaşaları təqdim olunacaq. Beynəlxalq Muğam Mərkəzində
“Muğam axşamı”, Natiq Şirinovun rəhbərlik etdiyi
“Natiq Ritm Qrupu”nun, caz ifaçılarının xüsusi
konsertləri təşkil ediləcək. Mayın 20-dən
etibarən Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında, həmçinin Opera və Balet Teatrında
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və
“Arşın Mal Alan” əsərləri əsasında
hazırlanan tamaşaların nümayişi nəzərdə
tutulur.
Teatr tamaşalarında həm
gənc Azərbaycan müəlliflərinin, həm də
klassik müəlliflərin əsərləri əsasında
qurulmuş səhnələr təqdim olunacaq. Məlumat vermək
istəyirəm ki, bütün teatrlarda Prezidentin tapşırığına
əsasən, sinxron tərcümə təşkil edilir.
Teatrlarda gedən tamaşaların mətnini həm
rus, həm ingilis dilində izləmək mümkündür.
Mehriban
ƏLİYEVA:
Bu, yalnız Oyunlar zamanı olacaq, yoxsa hər zaman?
Əbülfəs
QARAYEV: Xeyr, bu,
daimidir. Oyunlarla əlaqədar həmin
tamaşaları da tərcümə etdik, onları da təqdim
edəcəyik.
Xüsusi sərgilər də təşkil
olunacaq: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində
“İslam Dünyasının Musiqi Mədəniyyəti Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
Kolleksiyalarında” adlı sərgi. Heydər
Əliyev Mərkəzində davam edəcək sərgilər
cədvəl əsasında qurulacaq.
Azərbaycan Milli İncəsənət
Muzeyində “Azərbaycan Milli İncəsənət Muzeyinin
Kolleksiyalarında İslam İrsi”, Azərbaycan Xalça
Muzeyində “İlahi Sənət: Naxışlar, İlmələr”,
Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət
Din Tarixi Muzeyinin kolleksiyasından ibarət “İslam: Sülh və
Birlik” adlı sərgilər və Muzey Mərkəzində
“Azərbaycan İslam Abidələri” adlı fotosərgi
açılacaq.
“Nizami” Kino Mərkəzində
"Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi
filmlərin festivalı keçiriləcək. “Niyyət”, “Buta”, “Nabat” bədii
filmlərinin, “Bakı - İslam Mədəniyyətinin
Paytaxtı”, “Bakı əsrlərin aynasında”, “Bakı
Birinci Avropa Oyunları”, “Azərbaycan xalçası”,
“Çovqan”, “Lahıc”, “Qobustan - bəşəriyyətin
beşiyi”, “Hapıtlar”, “Eviniz nurla dolsun”, “Azərbaycan mətbəxi.
Dad sonrası dad” sənədli filmlərinin
nümayişi olacaq.
Fürsətdən istifadə
edərək, Sizə məruzə etmək istəyirəm ki,
paralel olaraq bu ərəfədə - Oyunlardan qabaq Bakıda
bir neçə böyük kütləvi tədbirin
keçirilməsi də nəzərdə tutulur. Ayın 23-də
Bakıda Mstislav Rastropoviçin adını daşıyan IV
Beynəlxalq musiqi festivalı başlayır. Eyni zamanda, Bakı şəhərində aprelin 10-da
başlamış ticarət festivalı işini mayın 10-dək
davam etdirəcək.
Sizin rəhbərliyiniz ilə
mayın 4-dən 6-dək Bakıda IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçiriləcək. Foruma təxminən
700-dək nüfuzlu şəxsin, dövlət və parlament
rəhbərlərinin, nazirlərin qatılması nəzərdə
tutulur. Onlar üçün də
xüsusi mədəni proqram hazırlanmaqdadır və Sizə
məruzə olunacaq.
Ümumiyyətlə, qeyd etmək istərdim
ki, Azərbaycanın daha öncə əldə etdiyi idman
nailiyyətlərini qürurla xatırlayaraq, xüsusi əminlik
hissi ilə ümid edirik ki, bu möhtəşəm idman
yarışlarında idmançılarımız
bayrağımızı ən uca zirvəyə qaldıracaq,
himnimizi tez-tez səsləndirəcək və İslam Həmrəyliyi
Oyunlarında təkrarolunmaz tarixi uğura imza atacaqlar. Bu yolda hamımıza uğurlar diləyirəm.
Diqqətinizə görə çox sağ
olun.
***
Mehriban ƏLİYEVA: Adətən turistlər
ölkəyə gələndə mədəniyyət
proqramına aid ilk məlumatı oteldə alırlar. Ona görə çox vacibdir ki, siz bu məsələyə
xüsusi diqqət yetirəsiniz, nəzarət edəsiniz.
Hər bir oteldə sadaladığınız
bütün marşrutlar, tədbirlər haqqında qısa məlumat
olmalıdır ki, qonaqlar istənilən anda bu informasiyanı
ala bilsinlər.
Qeyd etdiyim kimi, nəqliyyatla
bağlı məsələlər çox həssas məsələlərdir
və bizim keçmiş təcrübəmiz də bunu
göstərir. Nəqliyyatla bağlı görülən
hazırlıq işləri haqqında məlumat
üçün söz verilir Bakı Nəqliyyat Agentliyinin
baş direktoru Vüsal Kərimliyə.
***
Bakı Nəqliyyat Agentliyinin baş
direktoru Vüsal
KƏRİMLİ çıxış edərək dedi:
- Hörmətli xanım Birinci
vitse-prezident və IV İslam Həmrəyliyi Oyunları Təşkilat
Komitəsinin sədri.
Hörmətli müşavirə
iştirakçıları.
Artıq qeyd edildiyi kimi, son illər
ölkəmiz beynəlxalq miqyaslı mötəbər
yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə,
nüfuzlu tədbirlərə ev sahibliyi
edir. Bu miqyaslı tədbirlərin keçirilməsi
üçün ölkəmizə olan etimad Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu
xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq
aləmdə etibarlı tərəfdaş kimi
tanınmasının göstəricisidir. Eyni
zamanda, bütün bu tədbirlər Azərbaycanımızın
gücünü, potensialını və təşkilatçılıq
qabiliyyətini bir daha nümayiş etdirir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
xüsusi diqqət və qayğısı, həmçinin rəhbərlik
etdiyiniz Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində
birinci Avropa Oyunlarının yüksək səviyyədə
hazırlanıb keçirilməsi zamanı böyük təcrübə
əldə edilib. Bu təcrübəyə əsaslanaraq,
ölkəmizin həyatında çox əlamətdar hadisə
olan IV İslam Həmrəyliyi Oyunlarının da ən
yüksək səviyyədə keçiriləcəyinə əminik.
IV İslam Həmrəyliyi
Oyunları ilə əlaqədar ölkəmizə gələcək
idmançıların, nümayəndə heyətlərinin,
yerli və xarici turistlərin, eləcə də paytaxt sakinlərinin
rahatlığı üçün nəqliyyat xidmətlərinin
koordinasiyalı təşkili olduqca vacib amildir. Məhz nəqliyyat
tədbirlərinin düzgün koordinasiyası paytaxt sakinlərinin
gündəlik həyatında yarana biləcək maneələrin
minimuma endirilməsinə imkan verəcək.
IV İslam Həmrəyliyi
Oyunlarının Əməliyyat Komitəsi tərəfindən
Bakı Nəqliyyat Agentliyinə aşağıda qeyd edilən
nəqliyyat tədbirlərinin təşkili həvalə
edilib:
- Açılış və bağlanış
mərasimləri zamanı ictimai nəqliyyatın təşkili;
- Atletlərin nəqliyyatı
üçün sürücülərin ayrılması;
- İdman arenalarına ictimai nəqliyyatla
gediş-gəlişin təmin edilməsi;
- “Koroğlu” Nəqliyyat Mübadilə
Mərkəzinin (HUB) nəqliyyat-mübadilə mərkəzinə
dair tədbirlərin həyata keçirilməsi;
- Maarifləndirmə və digər zəruri
tədbirlər.
Məlum olduğu kimi, Oyunların
sınaq açılışında, açılış
və bağlanış mərasimlərində müvafiq
olaraq 23 min, 30 min və 60 min nəfərin iştirakı
gözlənilir. Qeyd edilən mərasimlər zamanı
tamaşaçıların Bakı Olimpiya Stadionuna
çatdırılması və mərasimlər bitdikdən sonra
seçilmiş istiqamətlər üzrə metronun “20
Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarına
çatdırılması üzrə 3 ekspress xəttin təşkil
edilməsi məqsədilə 228 avtobus cəlb olunub.
Zərurət
yaranacağı təqdirdə ekspress xətlərə əlavə
avtobusların buraxılması üçün 90 avtobus
ehtiyatda saxlanılacaq. Bu istiqamətlər üzrə Bakı
şəhərində sərnişindaşıma ilə məşğul
olan bütün daşıyıcılar tərəfindən
müəyyən edilən avtobus və sürücülərin
siyahısı yekunlaşdırılıb.
Sınaq
açılışı, açılış və
bağlanış mərasimləri zamanı
tamaşaçıların daşınması ekspress xətlər
vasitəsilə Olimpiya Stadionuna və mərasimlər bitdikdən
sonra müəyyən edilən istiqamətlərdə ödənişsiz
əsasda həyata keçiriləcək. Bununla
bağlı, agentlik tərəfindən aidiyyəti
daşıyıcılarla görüşlər keçirilib
və müvafiq razılaşmalar əldə edilib.
Eyni zamanda, terminalın
daxilində avtobusların daha təhlükəsiz hərəkət
etməsi üçün dairənin əlavə edilməsi və
giriş-çıxışın beton baryerlərlə
ayrılması təklif olunub. Hazırda Əməliyyat
Komitəsindən bununla əlaqədar yekun cavab gözlənilir.
İctimai Nəqliyyat
Terminalında avtobusların hərəkəti
üçün Bakı Nəqliyyat Agentliyinin müraciəti
əsasında daşıyıcılar tərəfindən
xüsusi texniki heyət ayrılıb, onların
yoxlanılması üçün müvafiq qurumlara müraciət
edilib.
Sınaq
açılışı, açılış və
bağlanış mərasimləri günlərində
üç ekspress xəttin çatdırılma nöqtəsinin
idarə edilməsi məqsədilə Bakı Nəqliyyat
Agentliyinin və Bakı Metropoliteninin əlaqəli şəkildə
gecə saatlarına qədər fəaliyyət göstərməsi
nəzərdə tutulur.
Atletlər üçün
sürücülər bəndinə əsasən, beynəlxalq
səviyyəli idman tədbirlərinin praktikasına uyğun
olaraq, Oyunlarda iştirak edəcək atletlərin rahat hərəkətinin
və maksimum təhlükəsizliyinin təmin edilməsi məqsədilə
Əməliyyat Komitəsi tərəfindən xüsusi
ayrılmış avtobuslardan istifadə edilməsi
planlaşdırılıb. Ayrılmış 144 ədəd
“Neoplan” və 20 ədəd “Sprinter” markalı avtobusların
idarə edilməsi üçün 320
sürücünün cəlb edilməsi nəzərdə
tutulub. Bu məqsədlə sərnişindaşıma
ilə məşğul olan daşıyıcıların
müəyyən etdiyi 616 nəfərdən ibarət sürücünün
siyahısı yoxlanılmaq üçün Əməliyyat
Komitəsinə təqdim edilib.
Sürücülərin
siyahısı müvafiq strukturlar - Səhiyyə Nazirliyi,
Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili
İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən uyğunluğa dair yoxlamadan
keçirilib. Yoxlamadan keçən 490
sürücü Bakı Nəqliyyat Agentliyinin
Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə
cəlb edilib və artıq 245 sürücü təlimi
uğurla başa vurub.
Bütün idman
arenalarına tamaşaçıların, könüllülərin,
işçi qüvvəsinin ictimai nəqliyyatla rahat
gediş-gəlişinin təmin edilməsi məqsədilə
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi
və Agentlik arasında mütəmadi aparılan
görüş və müzakirələrin nəticəsi
olaraq Tədbirlər Planı işlənilib. Plana əsasən,
Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat
ilə təmin edilməsi üçün bir sıra avtobus xətlərində
dəyişikliklər aparılması, hərəkət cədvəllərinə
düzəlişlərin olunması, zərurət
yarandığı istiqamətlərdə avtobusların
sayının artırılması və digər məsələlərin
həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edilən məsələlərlə
bağlı müvafiq şərnişindaşıma şirkətlərinin
rəhbərləri ilə mütəmadi görüşlər,
həftəlik sxem üzrə maarifləndirmə işləri
aparılır.
Mayın 18-də Xəzər rayonunun
Mərdəkan qəsəbəsində yerləşən
“Dalğa Arena”da keçiriləcək iki futbol oyununda
iştirak edəcək tamaşaçıların və digər
şəxslərin daşınması üçün
“Koroğlu” metrosu-“Dalğa Arena” istiqamətində xüsusi
ekspress xəttin fəaliyyəti təmin ediləcək.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən,
Əməliyyat Komitəsi tərəfindən akkreditasiya
edilmiş sərnişinlərin (könüllülər,
işçi qüvvəsi, media nümayəndələri və
digər iştirakçıların) Bakı şəhərinin
şəhərdaxili və şəhərətrafı
marşrut xətlərindən mayın 1-dən 30-dək
ödənişsiz istifadəsi təmin olunacaq. Bu məqsədlə
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi
tərəfindən verilmiş akkreditasiya kartlarının
nümunələri müvafiq daşıyıcılara təqdim
edilib.
Ümumilikdə atletlərin
nəqliyyat üzrə tələbatının təmin edilməsi
tədbirləri çərçivəsində atletlər
üçün ayrıca nəqliyyat mərkəzinin
yaradılması da həyata keçirilib. Bunun
üçün “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin
ərazisi seçilib. Bu məqsədlə
müvəqqəti fəaliyyət ərazisi kimi Milli Gimnastika
Arenası ilə üzbəüz ərazi müəyyən
edilib. Tərəfimizdən hazırlıq
işləri aparılıb, ərazinin plan-sxeminin layihəsi
tərtib edilərək, müvafiq dövlət qurumları ilə
razılaşdırılıb.
Eyni zamanda, hazırlıq
işləri bitdikdən sonra avtobus əməliyyatı aprelin
3-də tam şəkildə Milli Gimnastika Arenası ilə
üzbəüz yerləşən həmin əraziyə
köçürülüb. Məlumat üçün
bildirim ki, gün ərzində “Koroğlu” HUB-a ətraf kənd
və qəsəbələrdən 29 marşrut üzrə
430 avtobus daxil olur.
Müvəqqəti
yaradılmış “Koroğlu” HUB-da sərnişinlərin
rahatlığının və ən əsası, təhlükəsizliyinin
artırılması məqsədilə bir sıra zəruri tədbirlər
görülüb. O cümlədən avtobusların sürətinin
azaldılması üçün xüsusi tramplinlər
quraşdırılıb, sərnişinlər
üçün istiqamətləndirici və məlumatlandırma
lövhələr yerləşdirilib. Piyadaların
təhlükəsiz hərəkətinin və məlumatlandırma
işlərinin əhəmiyyətini nəzərə alaraq,
könüllülərin imkanlarından da geniş istifadə
edilir.
Qeyd edim ki, Oyunların
müvafiq təhlükəsizlik səviyyəsinin təmin
edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən
Bakı şəhərinin bəzi avtomobil yollarının
müvəqqəti bağlanılması nəzərdə
tutulub. Bununla əlaqədar “Koroğlu” HUB-da fəaliyyət
göstərən marşrutların işində müvafiq dəyişikliklərin
edilməsi zərurətinin yaranması gözlənilir.
Qeyd olunanları nəzərə alaraq, Bakı
Nəqliyyatı Agentliyi tərəfindən “Koroğlu” HUB-un
dayanacaqlarının digər ərazilərdə yerləşdirilməsi
və dayanacaqların yerlərinin dəyişdirilməsi bir
daha planlaşdırılıb və işlənilib.
Qeyd edilən məsələlərdən
əlavə digər təşkilati və texniki tədbirlər
də həyata keçirilir. Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzinin inzibati
binasında müvafiq dövlət qurumlarının və
Əməliyyat Komitəsinin nümayəndələrindən
ibarət Nəqliyyat Əməliyyat Mərkəzinin təşkili
işləri aparılır. Oyunlar
zamanı nəqliyyatın ümumi mərkəzləşdirilmiş
idarəetməsi məhz burada aparılacaq.
Əməliyyat Komitəsinin
təklifinə əsasən, Oyunlara hazırlıq və
Oyunlar zamanı ictimai nəqliyyat üzrə bütün
maarifləndirmə və məlumatlandırma kampaniyası
Agentliyin vasitəsilə həyata keçiriləcək. Bunun üçün
aşağıdakı məlumat kanallarından istifadə
ediləcək:
- “AvtoRadio” 107.7 FM vasitəsilə
yarışlar və yollar haqqında məlumatlar;
- Dayanacaqlardakı Avtobus
İnformasiya Terminalları vasitəsilə avtobusların gəlib-getmə
vaxtları və eyni zamanda, yarış istiqamətləri və
yarışlar haqqında məlumatlar;
- VMS (elektron informasiya tabloları) və
stasionar bannerlər vasitəsilə yarışların
işıqlandırılması;
- Avtobusların daxilində maarifləndirici
məlumatlar vasitəsilə və eyni zamanda, BNA əməkdaşları
və könüllülərin gödəkçələri
üzərində “Nəqliyyat bələdçisi” layihəsinə
start veriləcək.
Hörmətli xanım
Birinci vitse-prezident, nəzərdə tutulan nəqliyyat işlərinin
daha səmərəli həyata keçirilməsi məqsədi
ilə Əməliyyat Komitəsi ilə Bakı Nəqliyyat
Agentliyi arasında nəqliyyat sahəsində səlahiyyətlərin
bölgüsünə dair protokolun hazırlanıb
imzalanmasını məqsədəmüvafiq hesab edirik.
Həmçinin nəqliyyat
sahəsindəki işlər üzrə məsul əlaqələndirici
təşkilatın təyin edilməsini təklif edirik.
Sonda Sizi əmin etmək istərdik
ki, bizə həvalə edilən və bugünkü
müşavirədə verəcəyiniz tapşırıqlar
Bakı Nəqliyyat Agentliyi tərəfindən vaxtında və
tələb olunan səviyyədə icra ediləcək. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin və
şəxsən Sizin yüksək
etimadınızı doğruldacaq və bunun üçün
əlimizdən gələni əsirgəməyəcəyik.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
İclasa yekun vuran Təşkilat
Komitəsinin sədri Mehriban
ƏLİYEVA dedi:
-Təşəkkür edirəm. Biz burada bütün məsələlərə diqqət
yetirməliyik. Bir daha qeyd edirəm ki, bu,
Oyunların rəsmi açılışından əvvəl
bizim son görüşümüzdür. Gərək
əmin olaq ki, heç bir məqam, heç bir məsələ
diqqətimizdən kənarda qalmayıb. Ona
görə də əgər hansısa sahələrdə həllini
tapmayan məsələlər varsa, buyurun, biz indi bütün
bu məsələləri müzakirə edib
çıxış yolunu tapmalıyıq. Kimsə bir söz demək istəyirmi?
Mən bir daha qeyd etmək istərdim
ki, Təşkilat Komitəsi Oyunların
hazırlığına çox ciddi yanaşıb, artıq
böyük iş görülüb. Bugünkü
iclasımız da onu göstərir ki, ölkəmiz və
paytaxtımız Oyunların qəbuluna və ən yüksək
səviyyədə keçirilməsinə tam hazırdır.
Biz “dünya standartlarına uyğun” kəlməsindən
tez-tez istifadə edirik. Mənə elə
gəlir ki, biz son illər artıq Azərbaycanın
standartlarını yaratmışıq. Siz
də xaricdə keçirilən bir çox beynəlxalq tədbirlərdə
iştirak edirsiniz. Müqayisə etmək
üçün imkanınız olur. Biz
çalışırıq ki, hər bir tədbiri hərtərəfli
hazırlayaq. Bu sahədə bizim artıq
böyük təcrübəmiz var. Ölkəmizdə bir
çox sahələri əhatə edən beynəlxalq tədbirlər
keçirilir. Gələcəkdə də
belə tədbirlərin keçirilməsi üçün
bir çox müraciətlər var. Yəni, artıq beynəlxalq
aləmdə Azərbaycanın bu sahədə imici
formalaşıb. Bizə müraciət edən
beynəlxalq qurumlar əmindirlər ki, Bakıda, Azərbaycanda
keçirilən böyük beynəlxalq tədbirlər
doğrudan da bütün tələblərə - həm təhlükəsizlik
tələblərinə, həm də təşkilati tələblərə
cavab verəcək. Bir daha deyirəm ki, bu,
ilk növbədə, Azərbaycan dövlətinin
potensialının və Azərbaycan xalqının qabiliyyətinin
göstəricisidir.
Mən sizin hər birinizə
gördüyünüz işlərə görə dərin
minnətdarlığımı bildirirəm. Müvafiq
strukturlarda aparılan işlərə görə minnətdarlığımı
bildirirəm. Mən çox şadam ki, bizim artıq
formalaşmış komandamız var. Əgər yenə də
birinci Avropa Oyunlarına qayıtsaq, əminəm ki,
Oyunların uğurlu keçməsi, əlbəttə, ilk
növbədə, cənab Prezidentin dəstəyi,
bütün Azərbaycan xalqının dəstəyi və
çox peşəkar komandamızın birgə əməyi
nəticəsində başa gəlmişdir.
Siz bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Oyunlara hazırlığı daim diqqət mərkəzində saxlayır. Cənab Prezident son çıxışlarında Təşkilat Komitəsinin işini bir neçə dəfə çox yüksək qiymətləndirib. Bu, əlbəttə, bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Biz gərək bu etimadı tam gücümüzlə doğruldaq.
Bildiyiniz kimi, Azərbaycan
Prezidentinin Sərəncamı ilə 2017-ci il Azərbaycanda
“İslam Həmrəyliyi İli” elan olunub. Bu da öz növbəsində
keçiriləcək Oyunların əhəmiyyətini
gücləndirir. Əminəm ki, birgə səylərimizlə
IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək,
Azərbaycanın tarixində növbəti bir qələbə
kimi qalacaq. Bu Oyunlar həm böyük idman bayramına
çevriləcək, həm də müsəlman aləmində
dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin
möhkəmlənməsinə öz töhfəsini verəcək.
Bir daha hər birinizə təşəkkür edirəm.
Çox sağ olun.
Azərbaycan.- 2017.- 22 aprel.- S. 1; 2; 3.