“Bakı-2017” İslamiadanın yeni
və mükəmməl standartını yaradacaq
1600 əməkdaşın
çalışdığı Təşkilat Komitəsi
möhtəşəm tədbirlər və maraqlı
yarışlar vəd edir
Azərbaycanın multikultural dəyərlərə böyük önəm verməsi artıq dünya birliyində etiraf olunur. Elə bu səbəbdən də 2017-ci ildə ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi böyük dəstək qazanıb. Həmçinin 2015-ci ildə I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi və uğurla başa çatması belə möhtəşəm idman tədbirinin Bakıda keçirilməsi üçün zəmin yaradıb.
“Bakı-2017”də keçiriləcək yarışlar ilk Avropa Oyunları zamanı istifadə olunan arenalarda təşkil ediləcək. Beynəlxalq ekspertlər də təsdiqləyirlər ki, həmin idman meydançaları ən müasir texniki tələblərə cavab verir. Ona görə də I Avropa Oyunları dövründə əldə edilən böyük təcrübədən bu Oyunlar zamanı da istifadə olunacaq.
IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinə etimad göstərilməsinin digər əsas səbəblərindən biri də ölkəmizin İslam dövlətləri ilə əməkdaşlığının və münasibətlərinin yüksək səviyyədə olması, İslam aləmində xüsusi əhəmiyyətə malik dövlətlərin tərəfdaşına çevrilməsidir. İslam dünyasında özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli şərait yaradır. Uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirin keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir.
Oyunlara hazırlıq prosesi məsuliyyətlə
aparılır
IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli sərəncamında da qeyd olunur ki, bu mühüm hadisə Azərbaycanın dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmasını bir daha nümayiş etdirir. IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin 23 sentyabr 2015-ci il tarixdə keçirilən ilk iclasında Prezident İlham Əliyev deyib: “2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır.
Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bugünə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Eyni zamanda, biz bunu İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk və öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin. Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər. Biz çalışacağıq ki, bütün təşkilati məsələlər öz həllini tapsın. I Avropa Oyunlarında əldə edilmiş təcrübə, əlbəttə ki, bizə kömək göstərəcək. Nəzərə alsaq ki, Təşkilat Komitəsi təxminən bu tərkibdə Avropa Oyunlarının keçirilməsi ilə də məşğul idi, mən əminəm, qarşıda duran bütün vəzifələr icra ediləcəkdir və bir daha Azərbaycan öz imkanlarını ortaya qoyacaqdır”.
IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin öz işinin öhdəsindən layiqincə gələcəyinə heç bir şübhə yoxdur. Komitədə həm təcrübə, həm də hazırlıqlı mütəxəssislər var. Oyunlara hazırlıq prosesi və mərhələləri ilə maraqlanmaq üçün sözügedən Əməliyyat Komitəsinin fəaliyyəti ilə tanış olduq.
Burada 1400 azərbaycanlı, 200 əcnəbi işçi çalışır. Əməkdaşların 90 faizi gənclərdən ibarətdir. Onlar üçün yaradılan yüksək iş şəraiti ilə tanış olarkən bir neçə yerli və əcnəbi gənclə söhbətləşdik.
Komitənin hüquq işləri üzrə müşaviri Ümman Ağamalıyev, “Databaza” üzrə mütəxəssis Tural Abbasov, taksi xidmətlərinə nəzarət üzrə menecer Fərid Mahmudov, mühasib Aynurə Murtuzəliyeva, əcnəbi vətəndaşlardan Mühasibat və təchizat şöbəsinin əməkdaşı Tom Varvik, Marketinq şöbəsinin direktoru Daniel Tomlinson onlar üçün yaradılan iş şəraitindən məmnun olduqlarını bildirdilər. Qeyd edildi ki, komitə əməkdaşlarında yüksək məsuliyyət hissi var. Hərə öz işinin mütəxəssisi olduğundan nə iş görəcəyini çox yaxşı bilir, ona görə də üzərlərində əlavə təsirlər və ya sıxıntılar hiss etmirlər. Xüsusən də əcnəbilər Azərbaycanda çalışmaqdan zövq aldıqlarını, onlar üçün hər cür imkanın yaradıldığını dedilər.
“Bakı-2017” əvvəlki İslam
Həmrəyliyi Oyunlarından fərqlənəcək
Oyunlara hazırlıqlarla bağlı suallarımızı IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov cavablandırdı. Bildirdi ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğat işlərinə bir neçə aydır ki, start verilib. Bu istiqamətdə beynəlxalq tədbirlər üçün “Grassroots” kimi təbliğat proqramı çox mühüm əhəmiyyət daşıyır: “Oyunların təbliğat işləri iki istiqamətdə aparılır. “Bakı-2017”nin beynəlxalq və yerli səfirləri var. Onlar incəsənət və idman aləmində öz sözlərini demiş insanlardır. Oyunların səfirləri təbliğat layihələri ilə “Bakı-2017”nin yüksək təşkilatçılığına öz töhfələrini verəcəklər. Apreldə təkcə Bakıda deyil, Azərbaycanın 21 regionunda tədbirlər keçiriləcək. Bu tədbirlər açılış mərasiminin startı olacaq. Bu, bizim qarşımızda duran ən böyük təbliğat proqramıdır. Yerli ulduzların rayonlarda və Bakının müxtəlif yerlərində gənclər və könüllülərlə birgə tədbirlərinin təşkili də nəzərdə tutulub”.
E.Səfərovun sözlərinə görə, “Bakı-2017” əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqlənəcək. Bu fərq ilk növbədə iştirakçı ölkələrin sayında özünü göstərəcək. Belə ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançıları iştirak edəcək. Əvvəlki İslam Həmrəyliyi Oyunlarında bu qədər ölkə iştirak etməyib. İdmançıların sayı, atletlər və jurnalistlər üçün yaradılan şərait, jurnalistlərlə idmançıların bir sahədə görüşməsi və onlardan rahat müsahibələr alması, qonaqlar üçün hazırlanan mədəni-kütləvi tədbirlər də “Bakı-2017”ni əvvəlki İslam Həmrəyliyi Oyunlarından fərqləndirəcək.
Bölgələrimiz IV İslam Həmrəyliyi
Oyunlarından kənarda qalmayacaq
Digər tədbirlər proqramından biri də “Xəzər dənizindən başlayan səyahət” adlanır. Olimpiya Oyunları, o cümlədən “Bakı 2015” I Avropa Oyunları başlamazdan əvvəl məşəl müqəddəs atəşlə alovlandırılmış və evsahibliyi edən ölkənin hər bir guşəsinə Oyunların ruhunu və həyəcanını gətirmək üçün bütün respublika ərazisində daşınmışdır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının təşkilində də məqsəd dəyişməz olaraq qalır. Lakin bu dəfə səyahət od deyil, su ünsürünə həsr olunur. Çünki İslam dinində su ünsürünə böyük önəm verilir. Su saflıq, təmizlik və şəfa rəmzidir.
2017-ci ilin 5 aprel tarixində Bakı şəhərinin Daş Salnamə Muzeyində “Xəzər dənizindən başlayan səyahət”in ilkin təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi. Daha sonra “Xəzər dənizindən başlayan səyahət” adlı tədbirlər proqramının tərkib hissəsi olaraq, uşaqlar həmin suyu yaşadıqları rayonlara aparmağa başladılar. Bu su Bakı şəhərinin və İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın rayonlarına xatirə hədiyyəsidir.
Səyahət hazırda davam etdirilir. Səyahət müddətində 15-dən çox tarixi şəhərin və su mənbəyinin ziyarət edilməsi, 3000 kilometrdən artıq məsafənin qət edilməsi nəzərdə tutulur. 15 rayon bu mərasimlərinə, axşam saatlarında keçiriləcək Su festivalına evsahibliyi edəcəkdir. İlkin təqdimat mərasiminin keçirilməsindən 37 gün sonra səyahət Bakı Olimpiya Stadionunda sona çatacaqdır. Bütün guşələrdən toplanan su 12 may tarixində Bakıya gətiriləcək və Azərbaycanın İslam Həmrəyliyi Oyunlarının idmançılarını salamlamasını simvolizə edəcəkdir.
Atributlarda Qobustan qaya rəsmləri və milli ornamentlər
yer alacaq
E.Səfərov qeyd etdi ki, hazırlıqların
ilkin mərhələsi
idman məkanlarında
texniki məsələlərin
- rabitə, elektrik avadanlıqlarının və
mühafizə çəpərlərinin
quraşdırılması, həmçinin könüllülərin
hazırlanmasından ibarətdir:
“Hazırda akkreditasiya
prosesi gedir. 12 nöqtədə bilet satışı aparılır. Bunlar
“28 Mall”, “Gənclik Mall”, “Park Bulvar”, Heydər Əliyev Sarayı kimi ictimai yerlərdə
həyata keçirilir.
Bundan başqa, nəqliyyat proqramının tətbiqi,
tamaşaçıların daşınmasının təşkili
istiqamətində işlər
aparılır. Avtomobil yollarında
xüsusi zolaqların
rənglənməsi, şəhərin
İslam Həmrəyliyi
Oyunlarının atributları
ilə bəzədilməsi,
eləcə də medalların, bayraqların,
geyimlərin hazırlanması
və paylanması işləri davam etdirilir. Bütün bu işlər
yaxın günlərdə
tamamilə yekunlaşacaq.
IV İslam Həmrəyliyi
Oyunlarının atributlarında
əsasən Qobustan qaya rəsmləri, milli xalçalarımızdakı
ornamentlər və idman növlərindəki
loqolar əks olunacaq”.
40 mindən
çox bilet satılıb
Biletlərin satışına gəlincə,
komitə rəsmisi bildirdi ki, artıq
40 mindən çox bilet satılıb. Ümumilikdə Oyunlar üçün 500
minə yaxın bilet nəzərdə tutulub. Bunlardan 30 mini açılış, 60
mini bağlanış mərasimləri
üçündür.
IV İslam
Həmrəyliyi Oyunları
Əməliyyat Komitəsi
əməkdaşlarının yüksək əhvali-ruhiyyə
ilə çalışdıqlarının
şahidi olduq. Əminliklə demək olar ki, Bakı budəfəki
mötəbər tədbirə
də peşəkar səviyyədə evsahibliyi
edəcək. IV İslam Həmrəyliyi Oyunları da I Avropa Oyunları kimi tarix yazacaq,
yaddaşlarda qalacaq.
Xatırladaq ki, “Bakı-2017” IV İslam
Həmrəyliyi Oyunları
mayın 12-22-də keçiriləcək. Oyunlarda 57 İslam
ölkəsinin idmançıları
20 idman növü üzrə 270 dəst
medal uğrunda mübarizə
aparacaqlar. Atletlər
on yarış günü
ərzində idmanın
20 növü (23 kateqoriya)
- atletika və paraatletika, su idmanı növləri (suyatullanma, üzgüçülük,
su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü
tennis, həndbol, cüdo
və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi,
sərbəst güləş,
atıcılıq, tennis, voleybol,
boks, zorxana, karate, taekvondo, ağır atletika üzrə 16 müasir idman qurğusunda keçiriləcək
yarışlarda güclərini
sınayacaqlar.
Bu Oyunlar
dörd ildən bir İslam Həmrəyliyi İdman Federasiyası (İSSF) tərəfindən
həyata keçirilir. İlk Oyunlar
2005-ci ildə Səudiyyə
Ərəbistanında təşkil
olunub. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda
keçirilməsi barədə
qərar isə 24 iyul 2013-cü ildə qəbul edilib.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2017.- 22 aprel.- S. 1;7.