“Xəzərdən başlayan su səyahəti”nin növbəti dayanacağı Şəmkir oldu

 

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti” şənliyinə bu dəfə şəmkirlilər qoşuldular. Respublika iqtisadiyyatının yüksəlişində öz yeri olan bu qədim diyarda əlamətdar hadisəyə geniş hazırlıq işləri görülmüşdür. Hər tərəf “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını əks etdirən plakatlarla bəzədilmişdir. Şəhərin baş meydanı insanlarla dolu idi. Əllərində Azərbaycan bayrağı tutmuş rayon sakinlərinin üzlərindən ölkəmizdə reallaşan bu idman bayramının təşkilatçılarına minnətdarlıq ifadəsi duyulurdu.

Şəmkir rayonu hazırda özünün yeni inkişaf dövrünü yaşayır. Regionların sosial-iqtisadi yüksəlişini bu gün onun timsalında da aydın görmək olar. Son illər rayonun şəhər, qəsəbə və kəndləri öz simasını başdan-başa dəyişmiş, onlarla yeni sosial obyekt istifadəyə verilmiş, yol infrastrukturu yenilənmiş, əhalinin həyat səviyyəsi xeyli yüksəlmişdir. Şəmkir Olimpiya İdman Kompleksinin, stadionun, müasir idman qurğularının istifadəyə verilməsi rayonda idmanın inkişafını daha da sürətləndirmiş, gənclərin ölkə və beynəlxalq səviyyəli yarışlarda uğur qazanmalarını təmin etmişdir.

Rayon sakinləri cəmi 25 illik müstəqillik tarixi olan respublikada belə bir möhtəşəm tədbirin keçirilməsini Azərbaycanın necə sürətlə inkişaf etməsinin göstəricisi kimi dəyərləndirirlər. İndi respublikamız təkcə neft ölkəsi kimi tanınmır. Azərbaycanın idman sahəsində qazandığı uğurlar onu deməyə əsas verir ki, respublikamız həm də idman ölkəsidir. Hazırda elə bir şəhər, elə bir rayon yoxdur ki, orada ən müasir idman qurğuları fəaliyyət göstərməsin. Yaradılan bu şəraitdən bəhrələnən idmançılarımız hər il yeni uğurlara imza atırlar. Onların arasında şəmkirli idmançılar da çoxdur. Təkcə son bir neçə ildə rayon idmançıları mötəbər idman yarışlarından 13 ədəd qızıl, 9 ədəd gümüş, 21 ədəd bürünc medal qazanmışlar.

...Boks üzrə əməkdar məşqçi Ramiz Yusibov, sərbəst güləş üzrə respublika və beynəlxalq yarışların mükafatçısı Elçin Həsənov və Şəmkir şəhər Məhəmməd Füzuli adına məktəb-liseyin 4-cü sinif şagirdi Murad Namazov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin rəmzi olan misdən hazırlanmış qabı Şəmkirçaydan götürülmüş su ilə doldururlar. Mis qab günortadan sonra Şəmkirin Bayraq meydanına gətirilir. Məlumat verilir ki, Şəmkirçaydan götürülmüş su mayın 12-də “Bakı 2017”nin açılış mərasimində təqdim olunacaqdır.

Su səyahətinə Şəmkirin də daxil olması rayonda böyük ab-hava yaratmışdı. İdman təntənəsinin bir parçası olmaqdan qürur duyan Şəmkir sakinləri ölkəmizin bu yarışları da uğurla keçirəcəyinə əmindirlər.

Şəmkir rayon uşaq-gənclər idman məktəbinin direktoru Namiq Mahmudov deyir: “Rayonumuzda bayram əhvali-ruhiyyəsi var. Çünki mayın 12-dən 22-dək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyuram. Bu Oyunlar Azərbaycanın beynəlxalq arenada idman ölkəsi kimi tanınmasına bir daha sübutdur”.

Su festivalının sevincini yaşayan Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov dedi: “ I Avropa Oyunlarından sonra xalqımız ikinci ən böyük idman sevincini yaşayır. IV İslam Həmrəyliyi Oyunlarına minlərlə turistin gələcəyi gözlənilir. Onlar Azərbaycanın necə sürətlə inkişaf etməsi ilə yanaşı, onun tarixi abidələri, gözəl təbiəti, zəngin muzeyləri ilə də tanış olacaqlar. Bunun da ölkəmizin dünyaya tanıdılmasında böyük əhəmiyyəti var”.

Şəmkir Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxıl edilmişDomestik Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirildi. Tədbirin açılış mərasimində çıxış edənlər “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları barədə geniş məlumat verərək bunun ölkəmizin ictimai-siyasiidman həyatında mühüm hadisə olduğunu diqqətə çatdırdılar. Sonra məktəblilər arasında idman yarışına start verildi. Təşkil edilən yarışda 5 məktəbin hər birindən 50-si qız və 50-si oğlan olmaqla 20 komanda iştirak etdi. Məktəblilər idmanın qaçış, basketbol, penalti növləri üzrə yarışda və əyləncəli müsabiqədə iştirak etdilər. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunan kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verildi.

Su səyahəti tədbiri Şəmkirin Bayraq meydanında davam etdi. Hər tərəfdə bayram əhvali-ruhiyyəsi hökm sürürdü. Burada səyyar səhnə quraşdırılmışdı. Əvvəlcə səhnədə quraşdırılmış ekranda Azərbaycanın təbiətini, tarixini, eləcə də bugünkü reallıqlarını, həmçinin IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Xəzərdən suyun götürülüb mis qablarda respublikamızın bölgələrinə göndərilməsini əks etdirən videoçarx nümayiş etdirildi. Sonra idmançılar Ramiz Yusibov, Elçin Həsənov və məktəbli Murad Namazov alqış sədaları altında Şəmkirçaydan götürülmüş suyu səhnəyə gətirdilər. Qeyd olundu ki, bu mötəbər idman yarışı mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək. İdman tədbirində 57 ölkəni təmsil edən 4 minə yaxın idmançı 20 idman növündə mübarizə aparacaq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki İslam dinində suya böyük önəm verilir. Bundan əlavə, beynəlxalq idman tədbirinə evsahibliyi edəcək Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzərdən götürülmüş suyu özləri ilə aparmaq üçün ölkəmizin müxtəlif guşələrindən gəlmiş uşaqlara təqdim edib. 3 min kilometr məsafə qət edildikdən sonra su səyahəti mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə yekunlaşacaqdır. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından götürdükləri su ilə idmançıları salamlayacaqlar.

Su səyahəti tədbiri axşam saatlarınadək davam etdirildi. Rayonun incəsənət ustalarının, eləcə də müxtəlif rəqs qruplarının çıxışları iştirakçılarda xoş ovqat yaratdı. İnsanlar böyük təntənə ilə keçən su festivalından zövq aldılar.

Xatırladaq ki, su səyahəti ölkəmizin 15-dən çox tarixi şəhərini, 5 gölü, bir su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edərək 3 min kilometrdən çox məsafəni qət edəcək.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2017.-22 aprel.- S.8.