İctimai iaşə fəaliyyəti sahəsində
vergitutma məqsədləri üçün gəlirlərin
və xərclərin uçotunun aparılması Qaydası
Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 19 aprel
tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Bu Qayda Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə
əsasən hazırlanmışdır və ictimai iaşə
fəaliyyəti sahəsində vergitutma məqsədləri
üçün gəlirlərin və xərclərin
uçotunun aparılması ilə bağlı münasibətləri
tənzimləyir.
1.2. Bu Qaydanın məqsədi
ictimai iaşə sahəsində fəaliyyət göstərən
vergiödəyicilərinin gəlirlərinin və xərclərinin
müəyyən edilməsi ilə bağlı malların mədaxilinin
və məxaricinin sənədləşdirilməsini, habelə
bu sahədə şəffaflığın, uçot və
hesabatlılığın artırılmasını təmin
etməkdən ibarətdir.
1.3. Bu Qaydada istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.3.1. ictimai
iaşə fəaliyyəti - xidmət göstərilən
obyektin ərazisində və ya səyyar qaydada istehlak məqsədilə
hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının
alıcıya təqdim edilməsi ilə əlaqədar
sahibkarlıq fəaliyyəti;
1.3.2. təhtəlhesab
şəxs - inzibati-təsərrüfat fəaliyyəti və
əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən
mal və xidmətlərin alışını həyata
keçirən şəxs;
1.3.3. kommersiya
(satış) təmsilçisi - hazır məhsulların
sifarişçilərə çatdırılması ilə
bağlı sahibkarı təmsil edən və onun adından
müqavilə bağlayan şəxs.
1.4. Bu Qaydada istifadə olunan
digər anlayışlar Azərbaycan Respublikasının Vergi
Məcəlləsi, Azərbaycan Respublikasının
Gömrük Məcəlləsi, “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan
Respublikasının digər qanunları ilə müəyyənləşdirilmiş
mənaları ifadə edir.
2. Gəlir və
xərclərin uçotunun aparılması
2.1. Azərbaycan Respublikasının
Vergi Məcəlləsinə uyğun olaraq, ictimai iaşə
sahəsində fəaliyyət göstərən vergiödəyiciləri
gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq
uçotunu aparmağa, həmin Məcəlləyə əsasən
tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini
və xərclərini onların əldə edildiyi və ya
çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə
və bu fəaliyyətlə bağlı bütün əməliyyatların
başlanmasını, gedişini və başa
çatmasını müəyyənləşdirməyə
imkan verən uçot aparılmasını təmin etməyə
borcludurlar.
2.2. İctimai iaşə sahəsində
fəaliyyət göstərən vergiödəyiciləri
mühasibat uçotunun, gəlirlərin (xərclərin) və
vergitutma obyektlərinin, o cümlədən əmtəə-material
ehtiyatlarının uçotunun aparılması, habelə
uçot sənədlərinin tərtib edilməsi və
saxlanması ilə bağlı Azərbaycan
Respublikasının Vergi Məcəlləsi və
“Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri,
habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik
aktlarının tələblərini yerinə yetirməyə
borcludurlar.
3. İctimai
iaşə sahəsində malların mədaxilinin sənədləşdirilməsi
3.1. İctimai iaşə sahəsində
fəaliyyət göstərən vergiödəyicilərinin
bu fəaliyyəti həyata keçirməsi üçün
vergi orqanlarında uçotda olan şəxslərdən, o
cümlədən istehsalçılardan, topdansatış və
pərakəndə satış fəaliyyəti göstərən
şəxslərdən satın alınan mallar
aşağıdakı qaydada sənədləşdirilir:
3.1.1. ictimai
iaşə sahəsində fəaliyyət göstərən
vergiödəyiciləri malları əlavə dəyər
vergisinin (ƏDV-nin) məqsədləri üçün
qeydiyyata alınmayan vergiödəyicilərindən
aldıqda, bu malların alışına dair Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş qaimə-faktura və ya elektronqaimə-faktura tələb
edilir və belə malların anbara təhvil verilməsi
“Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir;
3.1.2. ictimai
iaşə sahəsində fəaliyyət göstərən
vergiödəyiciləri malları (işləri, xidmətləri)
ƏDV-nin məqsədləri üçün qeydiyyata
alınmış vergiödəyicilərindən aldıqda,
bu malların alışına dair qaimə-faktura və ya
elektronqaimə-faktura ilə yanaşı, elektron vergi
hesab-fakturasının da verilməsi tələb edilir və
belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul
aktı” ilə sənədləşdirilir.
3.2. Mallar vergi orqanında uçotda
olmayan şəxslərdən alındıqda, “Malların
alış aktı” tərtib edilir. “Malların
alış aktı”nda satıcının şəxsiyyətini
təsdiq edən sənədin məlumatlarının
(FİN, seriyası və nömrəsi) göstərilməsi
mütləqdir. Belə malların anbara təhvil
verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
3.3. Vergiödəyicisi malları təhtəlhesab
şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə
vəkalətnamə (etibarnamə) verir. Malların
alışı zamanı təhtəlhesab şəxs
satıcıya vəkalətnamə (etibarnamə) təqdim
etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə)
verən vergiödəyicisinin adına sənədləşdirilmiş
malların satışına dair qaimə-fakturanı və ya
elektronqaiməni, yaxud elektron vergi hesab-fakturasını və
ya “Malların alış aktı”nı təhtəlhesab şəxsə
təqdim edir. Təhtəlhesab şəxsin
malları anbara təhvil verməsi “Malların təhvil-qəbul
aktı” ilə sənədləşdirilir.
3.4. İdxal mallarının anbara mədaxili
alış dəyərini təsdiq edən sənəd və
malların anbara təhvil verilməsi ilə bağlı tərtib
olunan “Malların təhvil-qəbul aktı”ilə sənədləşdirilir.
İdxal malları uçota alınarkən həmin
malların idxalına dair gömrük bəyannamələri,
faktura (invoys) və malların satın alınmasına dair
müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının
daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi
birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə -
müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd,
əmtəə-nəqliyyatqaiməsi, gömrük ödənişlərinin
ödənilməsini və ya gömrük borcuna görə
təminatın verilməsini təsdiq edən sənədlər
əlavə edilir. İdxal malları
uçot sənədlərində qeydiyyata alınarkən həmin
malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat
xərclərinin, malların yüklənmə,
boşaldılma, yenidən yüklənmə xərclərinin
və sığorta xərclərinin cəmi nəzərə
alınır.
3.5. İctimai iaşə fəaliyyəti
göstərən vergiödəyicisinə məxsus
malların təsərrüfatdaxili hərəkəti (anbardan-anbara)
“Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”
ilə sənədləşdirilir. İctimai
iaşə fəaliyyəti göstərən vergiödəyicisinin
bu fəaliyyətlə yanaşı, istehsal, topdan və ya pərakəndə
satış fəaliyyəti üzrə təsərrüfat
subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat
subyektlərindən (obyektlərdən) malların (hazır məhsulların)
ictimai iaşə fəaliyyətində istifadə
üçün götürülməsi və ya
qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi
qaimə-fakturası” ilə sənədləşdirilir.
3.6. Vergiödəyicisinə məxsus
anbarlar və ya təsərrüfat subyektləri (obyektlər)
ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat
subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə
və malların daşınması nəqliyyat vasitəsilə
həyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə,
əlavə olaraq, “Yük avtonəqliyyatı
üçün yol vərəqi” verilir.
3.7. İctimai iaşə fəaliyyəti
göstərən vergiödəyicisi malları mərasimlərin
təşkili ilə bağlı həmin mərasimlərin təşkilatçılarına
malların istifadə edilməyən hissəsinin sonradan geri
qaytarılmasını nəzərdə tutan müqavilə əsasında
təqdim etdikdə, istifadə olunmayan mallar müqavilə
şərtlərinə uyğun olaraq geri
qaytarıldığı zaman vergiödəyicisi onları
anbara və ya malların saxlandığı digər təsərrüfat
subyektlərinə (obyektlərə) mədaxil edir. Malların mərasimlərin təşkilatçılarına
təqdim edilməsi bu Qaydanın 3.1-ci bəndində nəzərdə
tutulmuş sənədlərlə, malların istifadə edilməmiş
hissəsinin geri qaytarılması isə tərəflər
arasında imzalanmış “Malların qaytarılması
aktı” ilə sənədləşdirilir.
3.8. İctimai iaşə fəaliyyəti
göstərən vergiödəyicisi malları malgöndərənlərlə
bağlanmış müqavilələrə uyğun olaraq
“Alış sifarişi” (Purchase order) təqdim etməklə
aldıqda, həmin malların sənədləşdirilməsi
bu Qaydanın 3.1-ci və 3.4-cü bəndlərində nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
3.9. Malların anbara mədaxilinin
uçotu məsul şəxslər, malların adları
(növləri, partiyaları və s.), miqdarı və ya digər
kəmiyyət göstəriciləri və saxlanma yerləri
üzrə aparılır.
4. İctimai
iaşə sahəsində malların satışı və
ya məhsul istehsalında istifadəsi əməliyyatlarının
sənədləşdirilməsi
4.1. İctimai iaşə fəaliyyəti
göstərən vergiödəyicisinin anbarından mallar
hazır məhsul (yemək) hazırlanması
üçün hazırlanmaya məsul şəxsin
(aşpazın) sifarişi (tələbi) əsasında
buraxılır. Sifariş məsul şəxs
(aşpaz) tərəfindən imzalanmış və müəssisə
rəhbəri (və ya onun səlahiyyətli nümayəndəsi)
tərəfindən təsdiq edilmiş reseptlər əsasında
tərtib edilir. Reseptlər
olmadığı halda malların anbardan buraxılması
üçün məsul şəxsin (aşpazın) tələbi
əsas götürülür. Bu zaman verilmiş
sifarişə və məsul şəxsin (aşpazın) tələbinə
uyğun olaraq, anbarın maddi məsul şəxsi həmin
mallar üzrə “Malların anbardan mətbəxə
buraxılışı qaimə-fakturası”nı
tərtib edir. Sifariş əsasında mətbəxə
verilmiş mallar sifarişçinin (aşpazın) maddi məsuliyyətinə
keçir.
4.2. Alınmış mallardan
hazır məhsul (yemək) hazırlanmasında tam istifadə
edilmədikdə və malların qaytarılması zərurəti
yarandıqda, həmin mallar anbara qaytarılır. Bu əməliyyat “Malların mətbəxdən
anbara qaytarılması aktı” ilə sənədləşdirilir.
4.3. İctimai iaşə obyektlərində
xidmət göstərilməsi nəzarət-kassa aparatı və
POS-terminallar tətbiq edilməklə həyata keçirilir. Bu zaman xidmətlərin dəyəri nağd qaydada
ödənildikdə, müştəriyə
(istehlakçıya) nəzarət-kassa aparatının
çeki, xidmətlərin dəyəri POS-terminal vasitəsilə
ödənildikdə isə müştəriyə
(istehlakçıya) nəzarət-kassa aparatının
çeki və POS-terminaldan çıxarış verilir.
4.4. Hüquqi şəxslərin və
fərdi sahibkarların xərclərinin sənədləşdirilməsi
üçün, onların tələbinə əsasən, nəzarət-kassa
aparatının çeki və POS-terminalın
çıxarışı ilə yanaşı, qaimə-faktura
və ya elektronqaimə-faktura, yaxud elektron vergi
hesab-fakturası verilir.
4.5. İctimai iaşə obyektlərində
alkoqollu içkilərin süzülməklə
satışı müvafiq ticarət avadanlıqları,
ölçü cihazları və ya qabları vasitəsilə
həyata keçirilir. Bu obyektlərdə
alkoqollu içkilərin süzülmədən və ya
qablaşdırılması pozulmadan satışı
qadağandır.
4.6. Malların satışı
kommersiya təmsilçiləri vasitəsilə müxtəlif
vergiödəyicilərindən alınmış sifarişlər
əsasında (keytrinq xidmətləri) həyata
keçirildikdə, malların sifarişçilərə
çatdırılması qaimə-faktura və ya elektronqaimə-faktura,
yaxud elektron vergi hesab-fakturası ilə sənədləşdirilir.
4.7. Təhtəlhesab şəxs tərəfindən
alınmış malların və idxal mallarının anbara
təhvil verilməsi, habelə ictimai iaşə fəaliyyətində
malların itməsi, əskik gəlməsi, xarab olması, zay
olması və oğurlanması “İtmiş, əskik gəlmiş,
xarab və ya zay olmuş və oğurlanmış mallar barədə
akt”la sənədləşdirilir. Həmin akt
vergiödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin),
maddi məsul şəxsin və malları anbara təhvil verən
şəxsin imzaları ilə təsdiqlənir.
4.8. Malların itməsi, əskik gəlməsi
və xarab və ya zay olması fövqəladə hal nəticəsində
baş verdikdə, aidiyyəti dövlət orqanlarının
verdikləri arayışlar əsasında həmin mallar maddi
məsul şəxslərin hesabından silinə bilər. Bu zaman “Fövqəladə hallarda malların itməsi,
əskik gəlməsi və xarab və ya zay olması barədə
akt” tərtib olunur.
4.9. İctimai iaşə fəaliyyətində
satışın nəticələrinə görə
malların silinməsi məsul şəxsin (aşpazın) təsdiqlənmiş
reseptlərə uyğun tərtib etdiyi “Satışın nəticələrinə
görə malların (məhsulların) silinməsi barədə
akt”a əsasən həyata keçirilir.
4.10. Təsdiqlənmiş resept
olmadıqda, malların xərcə aid edilməsi həmin
malların satışın nəticələrinə görə
silinməsinə uyğun olaraq aparılır. Bu
zaman miqdar ifadəsində hesabat ayının əvvəlinə
malların qalığı ay ərzində bu Qayda ilə
müəyyən edilmiş mədaxil sənədləri əsasında
alınmış malların cəmindən həmin hesabat
ayının sonuna malların qalığının
çıxılması yolu ilə müəyyən edilir.
Yaranan fərq satılmış mallara aid edilməklə
məsul şəxs (aşpaz) tərəfindən tərtib
edilən “Satışın nəticələrinə görə
malların (məhsulların) silinməsi barədə akt” əsasında
sənədləşdirilir. Silinmiş
malların dəyəri, həmin mallar üzrə fərdi
uçot aparılmadıqda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin
139.4-cü maddəsinə uyğun olaraq orta maya dəyəri
ilə müəyyən edilir.
5. İctimai
iaşə fəaliyyəti göstərən vergiödəyicisinin
gəlirlərinin və xərclərinin müəyyən
edilməsi
5.1. İctimai iaşə fəaliyyəti
göstərən vergiödəyicisinin istehsal etdiyi hazır
məhsulun bu Qaydada nəzərdə tutulan sənədləşdirmələr
əsasında alıcılara təqdim edilməsi üzrə
dövriyyə bu fəaliyyəti həyata keçirən
şəxsin gəlirlərinə aid edilir.
5.2. Vergitutma məqsədləri
üçün gəlirin əldə edilmə vaxtı Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 132-ci və 135-ci maddələri
ilə müəyyən olunur.
5.3. İctimai iaşə fəaliyyəti göstərən vergiödəyicisinin təqdim etdiyi hazır məhsulun satışı üzrə məsrəflər, o cümlədən hazır məhsulun istehsalı zamanı silinmiş malların dəyəri, tədavül xərcləri (hesabat dövrünün sonuna mal qalıqları arasında bölüşdürülən məbləğlər istisna olmaqla) bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir.
5.4. Vergitutma məqsədləri üçün xərclərin çəkilmə vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə müəyyən olunur.
6. İctimai iaşə fəaliyyəti göstərən
vergiödəyicisinin anbarlarında mal qalığının
müəyyən edilməsi
6.1. İctimai iaşə fəaliyyəti göstərən vergiödəyicisinin anbarlarında malların qalığı hər bir anbar üzrə ayrılıqda inventarizasiya aparılmaqla müəyyən edilir.
6.2. Məsul şəxslərin maddi məsuliyyətində qalan malların miqdarı müəyyənləşdirilərkən, bu Qayda ilə müəyyən edilmiş mədaxil və məxaric sənədləri əsasında malların mühasibat uçotu üzrə qalıqları inventarizasiya nəticəsində aşkar edilən faktiki qalıqlarla tutuşdurulur və nəticəsindən asılı olaraq, malların uçotunda düzəlişlər edilir.
7. Yekun müddəalar
Bu
Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində,
3.3-cü, 4.4-cü və 4.6-cı bəndlərində nəzərdə
tutulan qaimə-faktura, 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində,
3.2-3.4-cü bəndlərində nəzərdə tutulan
“Malların təhvil-qəbul aktı”, 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulan “Malların
alış aktı”, 3.3-cü bəndində nəzərdə
tutulan vəkalətnamə (etibarnamə), 3.5-ci bəndində
nəzərdə tutulan “Malların təsərrüfatdaxili
yerdəyişməsi qaimə-fakturası”, 3.6-cı bəndində
nəzərdə tutulan “Yük avtonəqliyyatı
üçün yol vərəqi”, 3.7-ci bəndində
nəzərdə tutulan “Malların qaytarılması
aktı”, 3.8-ci bəndində nəzərdə tutulan
“Alış sifarişi” (Purchase order), 4.1-ci bəndində nəzərdə
tutulan “Malların anbardan mətbəxə
buraxılışı qaimə-fakturası”, 4.2-ci bəndində
nəzərdə tutulan “Malların mətbəxdən anbara
qaytarılması aktı”, 4.7-ci bəndində
nəzərdə tutulan “İtmiş, əskik gəlmiş,
xarab və ya zay olmuş və oğurlanmış mallar barədə
akt”, 4.8-ci bəndində nəzərdə tutulan “Fövqəladə
hallarda malların itməsi, əskik gəlməsi və xarab
və ya zay olması barədə akt”, 4.9-cu və 4.10-cu bəndlərində
nəzərdə tutulan “Satışın nəticələrinə
görə malların (məhsulların) silinməsi barədə
akt” ciddi hesabat blanklarıdır və onların
formasını Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi təsdiq edir.
Azərbaycan.- 2017.-23 aprel.- S.3.