Parisdə Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub

 

Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub.

Tədbirdə UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklərin, müşahidə missiyalarının rəhbərləri, üzvləri, bir çox mədəniyyət adamları və ictimai xadimlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin Azərbaycanın namizədi ilə görüşməyə imkan yaratdığını, P.Bülbüloğlunun təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə tanındığını diqqətə çatdırıb. O, zəngin təcrübəyə malik Polad Bülbüloğlunun bu vəzifəyə tam uyğun olduğunubaş direktor seçiləcəyi təqdirdə UNESCO-nun daha da inkişafına töhfə verəcəyini vurğulayıb.

Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov ölkəmizin qədim İpək Yolu üzərində, sivilizasiyaların qovuşuğunda yerləşən, müxtəlif dinlərin və xalqların nümayəndələrinin birgə mehriban şəraitdə yaşadığı məkan olduğunu diqqətə çatdırıb.

O, ölkəmizdəki multikulturalizm, mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərindən söz açaraq, onların UNESCO dəyərləri ilə üst-üstə düşdüyünübuna görə də ölkəmizin bu vəzifəyə namizədliyinin tam uyğun olduğunu bildirib. Səfir Azərbaycanın bu sahələrdə əldə etdiyi nailiyyətlərin arxasında müdrik siyasətin dayandığını vurğulayıb. O, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, təklif və tövsiyələri əsasında “Bakı prosesinin əsasının qoyulduğunuonun qlobal təşəbbüsə çevrildiyini qeyd edib. “Bakı prosesinin əsas məqsədinin müxtəlif mədəniyyətləri, xalqların nümayəndələrini bir araya gətirərək mədəniyyətlərarası dialoqu təşviq etmək olduğunu bildirib. Ölkəmizdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyiniUNESCO-nun bu Forumun tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb.

“Bu il UNESCO-ya üzvlüyümüzün 25 ili tamam olur. Ölkəmiz çətin vaxtlarında bu beynəlxalq quruma üzv olub. Bu illər ərzində əməkdaşlıq daha da inkişaf edib dərinləşib. 2013-cü ildə UNESCO maliyyə sıxıntıları yaşayanda onu dəstəkləyən ölkələr arasında Azərbaycanın da olub. Mədəni irsin qorunub saxlanması istiqamətində ölkəmiz böyük töhfələr verib”, - deyə səfir bildirib.

Səfir ölkəmizin UNESCO-ya verdiyi töhfələrdən söz açaraq Azərbaycan namizədinin bu qurumun baş direktoru vəzifəsinə tam uyğun olduğunu bildirib. O, Polad Bülbüloğlunun karyerası haqqında geniş məlumat verib, Azərbaycanın çətin günlərində onun mədəniyyət naziri kimi vəzifəni müvəffəqiyyətlə icra etdiyini, həmçinin diplomatiya sahəsində zəngin təcrübəsinin olduğunu vurğulayıb.

Sonra UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu çıxış edib. O, baş direktor seçiləcəyi təqdirdə zəngin təcrübəsini onlarla bölüşəcəyini bildirib. Səfir hazırda dünyada mövcud olan mürəkkəb vəziyyətdən söz açaraq savaşların minimuma endirilməsinin, humanitar sahədə daha da fəallıq nümayiş etdirərək sülhə nail olmağın önəmini qeyd edib.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Polad Bülbüloğlunun karyerasından, müxtəlif çətin vəziyyətlərdə icra etdiyi vəzifələrdən danışıb. O, Rusiyanın mədəniyyət nümayəndələrinin Polad Bülbüloğlunun UNESCO üçün çox uyğun namizəd olduğunu bildirib. Bir neçə dil bilən Polad Bülbüloğlunun müxtəlif mədəniyyətləri yaxından tanıdığını bildirib. Mixail Şvıdkoy iştirakçıları Azərbaycan namizədinə səs verməyə çağırıb. O deyib: “Rusiya bu seçkilərdə birmənalı olaraq Azərbaycanın namizədini dəstəkləyəcək. Çünki Azərbaycan bizə dost ölkədir. Çünki bu, Polad Bülbüloğludur. Onu təkcə Azərbaycanda postsovet məkanında deyil, bütün dünyada tanıyırlar. İndidən sizə yalnız onu deyə bilərəm ki, belə bir rəngarəng təqdimat UNESCO tarixində ilk dəfə təşkil olunur. Burada xarici qonaqlarla söhbətimdə bildirdim ki, UNESCO maraqsız, bürokratik bir təşkilat yox, incəsənət, mədəniyyət, xoşbəxtlik adası olmalıdır. Bu təşkilata yeni yaradıcı ideyalar lazımdır. Bu baxımdan Polad Bülbüloğlu olduqca münasib namizəddir”.

Sonra məşhur pianoçu Denis Matsuev video vasitəsilə Polad Bülbüloğlunun fəaliyyətindən danışıb, onun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyini alqışlayıb. O, mədəniyyət sahəsində zəngin təcrübəsi olan bir şəxsin belə vəzifəyə seçilməsinin əhəmiyyətinə toxunub. Denis Matsuev bugünkü narahat dünyada mədəniyyətin böyük rol oynadığını, sülh, barışıq yaratdığını bildirib. O, Polad Bülbüloğlunun bu vəzifəyə seçiləcəyinə əminliyini ifadə edib.

Sonra Polad Bülbüloğlu pianoda ifa edib, həmçinin Azərbaycanın Əməkdar Artisti, tanınmış pianoçu, UNICEF-in xoşməramlı səfiri, UNESCO-nun “Sülh Artisti” Emil Əfrasiyabın müşayiəti ilə bir neçə mahnı ifa edib. Onun ifası iştirakçıların alqışları ilə qarşılanıb.

Fransanın UNESCO-dakı səfiri Loran Stefanini UNESCO-nun baş direktorluğuna namizədlərin çox olduğunu bildirib. O deyib ki, UNESCO-nun baş qərargahının yerləşdiyi ölkə kimi Azərbaycanın namizədliyindən çox məmnunuq. Xüsusilə təklif olunan namizədin keyfiyyətləri bizi heyran etdi. Azərbaycan namizədinin digər namizədlərdən üstünlüyü onun mədəniyyət sahəsindəki təcrübəsi, xüsusilə tanınmış müğənni olmasıdır.

Serbiyanın UNESCO-dakı səfiri Darko Tanaskoviç deyib: “Mən Azərbaycanda səfir işləmişəm. Ona görə Azərbaycan azərbaycanlılarla bağlı gözəl xatirələrim var. UNESCO-nun növbəti rəhbərinin kim olacağını indidən söyləmək çətindir. Amma onu dəqiq deyə bilərəm ki, Azərbaycanın güclü namizədi var. Biz bu gün bunun bir daha şahidi olduq. Polad Bülbüloğlunun tərcümeyi-halı ilə tanış olduq. Budəfəki seçkilərdə bir çox iddialı ölkələrdən namizədlər irəli sürülüb. Seçkidə səs verəcək bir şəxs kimi deyə bilərəm ki, sizin namizəd olduqca güclüdür”.

Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, Rusiyanın mövqeyindən danışanda, əlbəttə, Azərbaycanın namizədliyi daha önəmlidir. Çünki Azərbaycan dost ölkədir. Parisin mərkəzində bu gözəl mədəniyyət mərkəzində Azərbaycanın namizədinin təqdimatının keçirilməsi özlüyündə böyük bir uğurdur. Burada bəzi dövlətlərin UNESCO-dakı səfirləri ilə söhbət etmək imkanım oldu. Onlar digər namizədlərin təqdimat mərasimində iştirak ediblər. Onlar etiraf etdilər ki, heç bir namizəd bu cür təntənəli şəkildə təqdim edilməyib. Polad Bülbüloğlu səfir olmaqla yanaşı, həm parlaq musiqiçi, böyük istedad sahibi olan bir bəstəkardır. UNESCO rəhbərliyində heç vaxt belə namizəd olmayıb. Polad Bülbüloğlunda digər namizədlərdə olan bütün müsbət xüsusiyyətlərsiyasi, diplomatik karyera, dövlət xidməti, çoxillik nazir, səfir təcrübəsi var. Bundan əlavə, o, həm böyük incəsənət nümayəndəsidir. Bu gün yaşadığımız mürəkkəb dünyada incəsənət dili olduqca əhəmiyyətlidir. Polad Bülbüloğlu Azərbaycan dünya mədəniyyətinin daşıyıcısı kimi, UNESCO-nun rəhbəri kimi mədəniyyətin, incəsənətin xalqları birləşdirən dəyər olmasına öz töhfəsini verə bilər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 23 aprel.- S.5.