Həcmcə kiçik, dəyərcə
böyük mənəvi sərvət
23 aprel Beynəlxalq
Kitab və Müəllif Hüquqları Günüdür
“Ginnesin Rekordlar Kitabı”na adı yazılan Miniatür Kitab Muzeyinin Bakıda olması heç də təsadüfi deyil. Respublika “Kitab” Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahova ömrünü, demək olar ki, kiçikhəcmli nəşrlərin kolleksiyasına həsr edib. Miniatur kitablardan ibarət kolleksiya yaradaraq, dünyaya səs salacaq qədər zənginləşdirib.
Ulu öndər Heydər Əliyevin ilk dəfə 1993-cü ildə Prezident seçilərkən andiçmə mərasimindəki dərin məzmunlu nitqini dinlədikdən sonra qəti qərara gəlib ki, həmin çıxışı miniatür kitab kimi nəşr etdirsin: “C.Kennedinin nitqi olan miniatür kitabı görməsəydim, bəlkə də bu fikir ağlıma gəlməzdi. Hollandiyada buraxmışdılar. Ona görə də biz ilk miniatür kitabı - “Vətənə, dövlətə, xalqa sədaqət andı”nı nəşr etdirdik. Azərbaycan, rus və ingilis dillərində buraxdığımız miniatür nəşrin 1995-ci il iyunun 3-də Milli Kitabxananın oxu zalında təqdimat mərasimi keçirildi. Kolleksiyadan 2000 kitabın sərgisini təşkil etmişdik. O zaman çıxışımda ulu öndərə müraciətlə bildirdim ki, əgər yer versələr, Miniatür Kitab Muzeyi yaradar və kitabları da orada sərgiləyərik. Ulu öndər Heydər Əliyev sərgiyə baxarkən soruşdu ki, bu kitabların hamısı səninkidir? Dedim ki, bəli, amma, hamısı deyil, sərgidə 2000 kitab var, kolleksiyamda isə onlar 4000 nüsxədir”.
Bütün bunları xatırlamaqda həmsöhbətimizin məqsədi, əlbəttə, ümummilli lider Heydər Əliyevin muzeyin yaradılmasına göstərdiyi mənəvi dəstəyi dilə gətirməkdir.
Aradan bir müddət keçdikdən sonra Heydər Əliyevin göstərişi ilə Zərifə Salahovanın şəxsi kolleksiyası və UNESCO-nun qərarı əsasında Miniatür Kitab Muzeyi yaradılır və 2002-ci il aprelin 23-də Beynəlxalq Kitab və Müəllif Hüquqları Günündə rəsmi açılışı olur. Artıq dünyanın 20 ölkəsində sərgisi keçirilən muzeydə bu gün 39 rəfdə 5700 nüsxədən artıq kitab nümayiş etdirilir. 70-dən artıq ölkədə çap olunmuş bu kitabların ən kiçiyinin ölçüləri 0,75x0,75 mm-dir. 3 ədəd kitab isə 2x2 mm formatındadır. Muzeyə 2002-2017-ci illər (fəaliyyət göstərdiyi dövrdə) ərzində 315 min nəfərə yaxın ziyarətçi gəlib ki, onlardan 91723-ü əcnəbilərdir. Fəaliyyət göstərdiyi illər ərzində 158 miniatür kitab buraxan, dünyada unikallığı ilə seçilən muzeyin fəaliyyətinə 600-dən artıq məqalə həsr edilib. Burada eyni zamanda, 108 kitab təqdimatı keçirilib.
Bu mənəvi sərvətlə dolu muzeyin “Ginnesin Rekordlar Kitabı”na düşməsi olduqca qürurverici hadisədir. “Evronyus” tele-kanalının ölkəmizin iqtisadi, siyasi, sosial-mədəni inkişafını miniatür nəşrlərdə dünyaya çıxaran muzeydə çəkilişindən sonra London qəzetlərindən birində yazılmışdı ki, Azərbaycana kim səfər etsə, mütləq gedib Bakının qədim qala divarları ilə müdafiə edilən İçərişəhərdəki Miniatür Kitab Muzeyinə baxsın.
Ölkədə baş verən əlamətdar günləri, tarixiləşən ictimai hadisələri bu vasitə ilə təbliğ edən Zərifə Salahova onu da bildirdi ki, xalqımızın tarixi nailiyyəti sayılan və ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən yeni neft strategiyasının uğurlarını əks etdirən 5 miniatür kitab Respublika “Kitab” Cəmiyyətinin xətti ilə çap edilib. İlk nəşr isə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin 75 illiyi münasibətilə buraxılıb. Muzeyin yaradılması və keçdiyi 15 illik tarixi yola nəzər salan Zərifə Salahova xatırlatdı ki, həmin miniatür nəşr xatirə hədiyyəsi kimi tərtib olunub. Kitabın yerləşdiyi qutuya Moskvada, “Monetnıy dvor”da qızıldan hazırlanmış xatirə medalı da daxil edilib. “Əsrin müqaviləsi” adlanan kitabda ümummilli liderin həyat və fəaliyyəti, 1994-1998-ci illərdə yeni neft strategiyası ilə bağlı imzalanmış müqavilələr, xarici şirkətlərin siyahısı öz əksini tapıb.
1995-ci il iyunun 3-də M.F.Axundzadə adına Milli Kitabxanada üç dildə (Azərbaycan, rus və ingilis) çıxan “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabların təqdimat mərasimi keçirildi. Azərbaycan Prezidenti Heydər Əliyev təqdimat mərasimində iştirak edərək nitq söylədi. Ulu öndər həmin nitqində Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə Salahovanın fəaliyyətinin yüksək qiymətə layiq olduğunu bildirdi.
Bu nəşrin ardınca Azərbaycan dilində 3 min nüsxə tirajla 60x80 mm ölçüdə “Azərbaycan Respublikasının Konstitusiyası”, 38x53 mm ölçüdə min nüsxədə (üç dildə) “Azərbaycan Respublikası”, 1998-ci ildə ümummilli liderin ikinci müddətə Prezident seçildikdən sonra andiçmə mərasimindəki çıxışı min tirajla (üç dildə) çap olundu.
Ulu öndərlə bağlı həmin kitablar mövzu baxımından da rəngarəngdir: “İstanbul sammitinin yekunları”, “Yeni Azərbaycan Partiyasının I qurultayı”, “Görkəmli siyasətçilərə “İstiqlal” ordeni”, “Dünya Azərbaycanlılarının I qurultayı”, “Minilliyin Zirvə görüşü”, “Azərbaycan Qadınlarının I qurultayı”, “Olimpiya oyunları-2000”, “Heydər Əliyevin neft strategiyasının təntənəsi” və s. adla buraxılan miniatür kitablarda əlamətdar hadisələrlə bağlı keçirilən tədbirlər, ulu öndərin çıxış və nitqləri, imzaladığı fərman və sərəncamlar, xarici olkələrə səfərləri öz əksini tapıb.
Miniatür Kitab Muzeyində nümayiş etdirilən ən dəyərli nəşrlər məhz ümummilli lider Heydər Əliyevə həsr olunanlardır. Onu da unutmamalıyıq ki, ölkəmizdə belə bir muzeyin yaradılması da məhz ulu öndərin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Zərifə Salahovanın bu sahədəki fəaliyyətini dəyərləndirərkən deyib: “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir”.
Zərifə xanım muzeyin “Ginnesin Rekordlar Kitabı”na düşməsini təfsilatı ilə xatırlatdı: “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün çox ciddi tələblər irəli sürülür, sənədlər lazım gəlirmiş. İlk növbədə standartlara cavab verən kitablar (ölçüləri 0,75x0,75 mm) olmalı idi. Burada isə həmin ölçülü nəşrləri tapmaq o qədər də asan deyildi. Muzeydəki kitabların əksəriyyəti, demək olar ki, keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarına səfərlərdə əldə edilmişdi. O zaman sovetlərin miniatür kitablarının ölçüsü 100x100 mm idi.
Ekspozisiyada olan kitabların arasından tələb olunan ölçülü nəşrləri seçdik. 2913 kitab olduğunu müəyyənləşdirdik. Muzey haqqında toplanmış sənədləri poçt vasitəsilə göndərdik. 2014-cü il dekabr ayının ortalarında cavab aldıq. Bizdən “Ginnesin Rekordlar Kitabı”nda necə, yəni hansı adla təmsil olunmağımızı soruşurdular. Hələ 1982-ci ildə mətbuatdan oxumuşdum ki, hindistanlı bir nəfərin şəxsi kolleksiyasını “Ginnesin Rekordlar Kitabı”na qəbul ediblər. Ona görə də fikirləşdik ki, qoy elə şəxsi kolleksiya kimi təqdim edilsin”.
Muzeyə hədiyyə edilən kitablar az deyil. Avstraliyadan, Vaşinqtondan, xüsusilə Ağ evdən 1625-ci ilin nəşri göndərilib. 2913 miniatür nəşr “Ginnesin Rekordlar Kitabı”na düşdü. Hazırda muzeyin Naxçıvan və Gəncə filialları fəaliyyət göstərir, Sumqayıtda isə açılışı gözlənilir.
Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatının dərci olan 4 mikrokitab hesab edilir. Onlardan birinin ölçüsü 0,75x0,75 mm və 3-nün ölçüsü isə 2x2 mm təşkil edir. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən düzəldilib. Adi gözlə nöqtə kimi görünən kitabın oxunması üçün xüsusi lupa var. Bundan başqa, vitrində alman istehsalı olan mikrokitablardan birinin ölçüsü 2,9x2,9 mm (Leypsiq) və 3-nün ölçüsü 3,5x3,5 mm (Münhen) olan kitablar da var.
Muzey haqqında xoş təəssürat yaradan səbəblərdən biri də buradakı kitabların əksəriyyətinin yaşının 100 ildən artıq olmasıdır. Ən “qoca” kitab 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan “Quran”dır. Burada məşhur “Beatles” qrupunun mahnılarının sözləri toplanan və cəmi 5 nüsxəsi olan minikitab da var.
Bu il yanvar ayının 20-də muzeyin elektron poçtuna şad bir xəbər daxil oldu. Məktubda bildirilirdi ki, kolleksiyanızın “Ginnesin Rekordlar Kitabı”na düşməsini təsdiq edən sertifikatı alacaqsınız. Bundan sevindirici xəbər ola bilərdimi?! Bu, əlbəttə, yalnız muzeyin yaradıcının xidmətləri deyil, öncə ümummilli lider Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinə dəstəyi, diqqət və qayğısının növbəti nailiyyəti deməkdir.
Bu il də Miniatür Kitab Muzeyi üçün bir neçə məqamla bağlı əlamətdardır. Fevral ayının 2-də 85 yaşı tamam olan, səmərəli fəaliyyətini, əslində, ömrünü unikallığı ilə seçilən muzeyə həsr edən Zərifə Salahova deyir ki, 23 aprel 2017-ci il tarixdə muzeyin yaradılmasının 15 illiyidir: “Noyabr ayında isə yaratdığım miniatür kitab kolleksiyasının 35 yaşı tamam olacaq. Bu il həm də Milli Olimpiya Komitəsinin 25 illiyini qeyd edəcəyik. MOK-un İcraiyyə Komitəsinin ilk tərkibinin 17 nəfər üzvündən yeganə qalanı mənəm. Tərkib dəfələrlə dəyişilsə də, 25 ildir ki, MOK-da fəaliyyət göstərirəm. Orada təhsil, mədəniyyət və qadınlarla iş üzrə komissiyanın sədriyəm. Milli Olimpiya Komitəsinin yaradılması və fəaliyyəti ilə bağlı dövlət başçısı, MOK-un prezidenti İlham Əliyev məni diplomla təltif edib”.
Həmsöhbətim bildirdi ki, dörd ildən bir Beynəlxalq Olimpiya Komitəsində konfranslar keçirilir. 2003-cü ildə Zərifə Salahova da Varşavada həmin konfransda iştirak edib. Tədbirdə Belarus və Ermənistandan olan nümayəndələr arasında qadınlar da olub. Konfransda nələr baş verdiyini həmsöhbətim belə xatırladı: “Çıxış etmək mənə çatanda, respublikamızda bir milyon qaçqın və məcburi köçkünlərin, aralarında xeyli azyaşlı, məktəbli uşaqların olması, Ermənistanın təcavüzkar siyasəti nəticəsində onların bəzilərinin hər iki valideynini itirməsi və s. barədə geniş məlumat verdikdən sonra təşəbbüs irəli sürdüm: yaxşı olardı ki, BOK belə uşaqlar üçün yay idman düşərgələri təşkil etsin. Təşəbbüsüm bəyənildi. Doğrusu, gözləyirdim ki, Ermənistandan olan qadın nümayəndə əks-mövqe göstərəcək və adətləri üzrə, öz ölkəsinin təcavüzkarlığını ört-basdıra cəhd edəcək. Lakin apardığım materiallar, əlimdəki faktlar əsaslı olduğu üçün o, susmağa məcbur idi”.
Zərifə xanımın MOK-un xətti ilə beynəlxalq konfranslara qatılması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. O, yalnız miniatür kitab kolleksiyasını zənginləşdirməklə məşğul olmayıb, həm də Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin ifşasını qarşısına məqsəd qoyub. Bu barədə gətirdiyi faktlar olduqca diqqətçəkəndir: “Mənə konfransda verilən diplom BOK-da heç kimə təqdim edilməyib. Növbəti dəfə MOK-da bildirdim ki, məni İsveçrədə keçiriləcək beynəlxalq konfransa göndərin, onların muzeyinə Azərbaycan idmanı ilə bağlı, daha dəqiq desək, Pekin Olimpiadasına həsr etdiyimiz miniatür kitabları hədiyyə edim. 2015-ci ildə bu məsələ gündəmə gəldi. MOK-un 10 və 20 illik yubileylərinə həsr etdiyimiz, Sidneydə çempionlarımızın uğurlarını əks etdirən (iki dildə), Afina Olimpiadasında nailiyyətlərdən söz açan, Londonla bağlı (2012-ci il), Prezident İlham Əliyevin 50 illiyi münasibətilə həyat və fəaliyyətinin xronologiyası, eləcə də ölkəmizin inkişafından bəhs edən kitabları miniatür formatda nəşr etdirib BOK-un muzeyində saxlanması üçün apardım. Bu muzeyə gələnləri heyran qoyur. Beynəlxalq Olimpiya Komitəsinin və bütünlüklə MOK-ların tarixi arxivi orada yerləşir. Ekspoziyası çox zəngindir. Muzeyin əməkdaşları bizə 3 mm ölçüdə buraxılan “Olimpiya andı” kitabını göstərdilər. Amma hədiyyə üçün apardığım kitabları görəndə heyran qaldılar. Ulu öndər Heydər Əliyevə və xalq rəssamı Tahir Salahova həsr etdiyimiz, ümumiyyətlə, ingilis dilində buraxdığımız 20 kitabı hədiyyə olaraq muzeyə bağışladım. Bunlara görə sertifikat alacağımı heç ağlıma gətirmirdim”.
Zərifə Salahovanın yalnız Bakıda deyil, Moskva, Kabil, Paris, Sidney, Kiyev və başqa şəhərlərdə, bir sözlə, dünyanın 20 ölkəsində təşkil etdiyi sərgilər də onun Vətənə, xalqa sədaqətlə xidmət göstərdiyini təsdiqləyir. 2003-cü ilin mart ayında Almaniyanın Maynts şəhərində, həmin ilin iyun ayında Moskvada, 2005-ci ilin oktyabrında Ankarada, 2006-cı ilin aprelində Parisdə - UNESCO-nun mənzil-qərargahında təşkil olunmuş sərgilər xüsusilə yaddaqalan olub. Onun 1981-ci ildən Respublika Kitabsevərlər Cəmiyyətinin sədri kimi dünyanın müxtəlif elmi və mədəni mərkəzləri ilə yaratdığı işgüzar əlaqələr bu bənzərsiz inciləri rəhbərlik etdiyi muzeyin xəzinəsinə çevirməkdə mühüm amildir.
Miniatür kitablar kütləvi satışda olmur. Onları ayrı-ayrı
ölkələrdəki ixtisaslaşmış
kitabxanalarla, fərdi kolleksiyaçılarla rəsmi
və şəxsi əlaqələr qurmaqla əldə etmək mümkündür. Bütün bu
xidmətlərinə görə
isə Zərifə Salahova dövlət başçısı cənab
İlham Əliyevin imzaladığı diploma da
layiq görülüb.
O, bunu əməyinə,
zəhmətinə verilən
ən yüksək qiymət hesab edir.
Zərifə Salahovanın səmərəli
fəaliyyəti dövlətimiz,
bir sıra xarici ölkə başçıları və
beynəlxalq qurumlar tərəfindən yüksək
qiymətləndirilib. Azərbaycan Prezidentinin
sərəncamı ilə
Z.Salahova “Şöhrət”
ordeni ilə təltif olunub.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2017.-23 aprel.- S.8.