Müasir dilçilik
elminə daha bir töhfə
Dilçilikdə morfoloji formaların inkişaf və sabitləşməsi prosesini
izləmək, dilin qrammatik kateqoriyalarının
tarixi təkamülünü
müəyyənləşdirmək baxımından türk dillərində feili bağlama formalarının
nəzəri cəhətdən
tətbiqi dil üçün zəngin
faktlar verir. Məlumdur ki,
bu formalar feilə məxsus əlamətləri özündə
gizli şəkildə
qoruyub saxlasa da, onlarda feillik
məzmunu tam şəkildə
özünü göstərə
bilmir. Bu baxımdan
bir işi, bir hərəkəti digər iş və hərəkətlə
bağlayan xüsusi
formal əlamətlər əsasında
yaranan feili bağlama formaları təkcə ümumi dilçiliyin deyil, həm də türkologiyanın ən aktual problemlərindəndir.
Filologiya üzrə fəlsəfə
doktoru, dosent Aynel Məşədiyevanın
“Türk dillərində
feili bağlama formaları sistemi” (elmi redaktoru, akademik T.Hacıyev, rəyçilər professor M.Mahmudov
və professor V.Əliyev)
monoqrafiyası türk
dillərində feili bağlama formalarının
sistemli və tarixi-müqayisəli aspektdə
onun şəxssiz-təsriflənməyən
formaları haqqında
dəyərli elmi əsərlərdəndir. Monoqrafiyanın “Giriş” hissəsində bu sahədə görülmüş fundamental tədqiqatlar mövzunun tədqiqi aspektləri və istiqamətləri təhlil edilir. Feili bağlama formaları təkcə ədəbi dillər səviyyəsində
deyil, 21-dən artıq
türk dili ilə müqayisə əsasında, həm də türk dillərinin dialektləri üzrə araşdırılmışdır.
A.Məşədiyevanın monoqrafiyasında türkologiyada feili bağlama formalarının
müqayisəli-tarixi aspektdə
struktur təşkili,
semantik mahiyyəti, sintaktik funksiyası dil və dialekt
faktlarına əsaslanaraq
tədqiq edilir. Əsərdə həm oğuz,
həm də qıpçaq və karluq qrupu türk
dilləri üzrə
feili bağlama formalarının təkamülü
izlənilmişdir.
Monoqrafiyanın “Türkologiyada feilin feili bağlama formalarının öyrənilməsi
problemi” adlanan birinci fəslində məsələnin qısa
şərhi verilib, feili bağlama formalarının əsas anlayışları, terminləri
izah edilir. Həmin fəsildə
türk dillərində
feili bağlamaların
dəyişilməzliyi barədə
məsələlər və
onların təsnifat prinsipləri təhlil olunur. Həmçinin feili bağlama
formalarının şəxs
mənsubiyyət şəkilçilərini
qəbul etməsi probleminə də aydınlıq gətirilir.
Feili bağlama formalarının
tarixən inkişafı
müqayisəli yolla zəngin faktlarla şərh edilmişdir.
Başlıca məqsəd feili
bağlama sistemindəki
qanunauyğunluqların aşkar
edilməsi olmuşdur.
Araşdırma həm diaxronik,
həm də sinxronik aspektdə aparılmışdır. Bu
istiqamətlərdə zəngin
türk dilləri materiallarına söykənərək
feili bağlama formalarının tərkibində
fonetik dəyişmələrin
qanunauyğun əlaqələri
açılır, onların
inkişaf xüsusiyyətləri
öyrənilir və
meydana çıxarılır.
Buna görə də monoqrafiyanın birinci fəslində məsələnin mahiyyəti,
anlayış bazası,
onların dəyişilməsi
və təsnif problemləri, bu formaların şəxs, mənsubiyyət göstəricilərini
qəbul etməsi geniş şəkildə
tədqiq edilmişdir.
Monoqrafiyanın “Müasir türk dillərində və onların dialektlərində
feilin feili bağlama, feili sifət və infinitiv formalarının bəzi spesifik şəkilçilərinin müqayisəli-tarixi
təhlili” adlı fəsildə müasir türk dillərində və onların dialektlərində feilin feili bağlama, feili sifət və infinitiv formalarının bəzi spesifik şəkilçilərinin
müqayisəli-tarixi təhlilinə
həsr olunmuşdur. Dilin morfoloji
quruluşu onun formalaşması və inkişafı tarixinin aynasıdır. Bu baxımdan hər hansı bir morfoloji kateqoriyanı və ona dair
göstəriciləri müqayisə
etməklə qohum dillərdəki dil hadisələri arasında
ən müxtəlif əlaqələri müəyyənləşdirmək
mümkündür.
Feili bağlama formalarına (istər tarixi, istərsə də müasir) A.Məşədiyevanın
tədqiqatında, Q.Paulun
yazdığı kimi
“tarixi təhlil predmeti” olaraq baxılır. Tədqiqatda feili bağlama
formaları bir-birindən
təcrid olunmuş halda deyil, qarşılıqlı
əlaqədə tədqiq
edilərək onların
formalaşması və
semantik-funksional baxımdan
mükəmməlləşməsində
həm ümumi, həm özünəməxsus,
həm də diferensial cəhətləri
müəyyənləşdirilmişdir.
Morfoloji sistemdə aparıcı kateqoriyaların sistem kimi tədqiqi türk xalqlarının uzunmüddətli dil əlaqələrinin interferativ
nəticəsi kimi özünü əks etdirir.
Türk dillərində feili bağlama formaları mahiyyət etibarilə cümlədə icra olunan iki işi
(hərəkəti) bir-birinə
bağlayır, təsrif
olunmur, zaman, şəxs və kəmiyyətcə əsas
feildən asılı
vəziyyətə düşür. Feili bağlamanın
əsas feillə eyni olan cəhətləri
onun da növ
və təsirlik, təsirsizlik kateqoriyalarına,
həmçinin idarəetmə
xüsusiyyətinə malik
olmasıdır. Bütün bunlar
tədqiqatda bədii əsərlərdən gətirilən
faktlarla izah edilir. Feili bağlama formalarında
vurğu məsələsi
aqlütinasiya mərhələsinin
qalığı kimi izah olunur. Vurğu sabitliyi müqayisə edilən türk dillərinin yazı qaydalarının da tənzimlənməsində mühüm
rol oynayır. Əsərdə vurğu qəbul
edən və etməyən feili bağlama formalarının
mükəmməl şərhi
sözdə tələffüz
şəraitinin sabitliyini
qorumaq baxımından
əhəmiyyətlidir. Çünki Azərbaycan dilinin
feili bağlama formalarını digər türk dillərindəki formalarla müqayisə etmək hər bir dilin spesifik
xüsusiyyətlərini aydınlaşdırmağa
imkan verir. Həmin formaların müqayisəsinin mahiyyəti
dilin tərkib-struktur,
semantik, funksional, etimoloji və s. cəhətlər arasında
ümumi və fərqli cəhətləri
müəyyən qanunauyğunluqlar
əsasında aşkar
etməkdən ibarətdir.
Ona görə ki, konkret əyani düşüncə ilə
abstrakt təfəkkürün
birgə fəaliyyəti
öyrənildikcə praktik
nəzəri təfəkkür
də inkişaf edib yetkinləşir.
Feili bağlamaların formalaşma
prosesi real dil faktına əsaslanır.
Faktlardan da aydınlaşır ki, feili bağlama bəzi hallarda digər predikativ sözlərə - ismi xəbərə də aid
ola bilir.
Əsərdə feili bağlama
şəkilçisinin hər
birinin spesifik xüsusiyyətləri, ümumi
və fərqli cəhətləri sintaktik,
morfoloji-sintaktik səviyyələrdə
faktlarla təhlil edilmişdir. Morfoloji və
sintaktik aspektlərdəki
xüsusiyyətlərin aparılmış
müqayisələrlə ortaya
çıxarılması tədqiqatın
dəyərini artırır.
Aparılan uzun elmi araşdırmalardan
aydın olur ki, bu kitabın
yazılmasında məqsəd
türk dillərində
feili bağlamaların
tarixən formalaşmasını,
onun yaranma qanunauyğunluqlarını aydınlaşdırmaq,
dilçiliyimizin bu sahəsində qarşıda
duran vəzifələri
müəyyənləşdirməkdir. Müasir dilçiliyin
aktual sahələrindən
biri olan türk dillərində feili bağlamalara həsr olunmuş, əhatə dairəsi və yüksək elmiliyi ilə seçilən, poliqrafik baxımdan da nümunəvi səviyyədə
hazırlanan bu əsər həm nəzəri, həm də praktik dilçilik üçün
zəngin material verir.
Sayalı SADIQOVA,
filologiya elmləri doktoru,
professor
Azərbaycan. 2017.-23 aprel.- S. 8.