Qeyd olunmayan ad
günü
Yaxud ermənilərin
azərbaycanlılara qarşı törətdiyi
soyqırımları bir ailənin taleyində
Özgə gəmisinə
minib gəmiçilik etmək hərisliyi. Özgə
torpağında özgə atını minib çapmaq həyasızlığı.
“Dost, kirvə” deyib üzünə
güldüyün qonşunu qətlə yetirmək. Sənə öz torpağında yaşamağa yer
verən xalqa xəyanət etmək, çörəyini yeyib,
suyunu içdiyin millətə qarşı əsrlər boyu qətliamlar,
qırğınlar, soyqırımları törətmək.
Bu, yalnız o mənfur millətə xas olan eybəcərliklərdir.
O mənfurlara ki, Xocalı soyqırımında törətdikləri
vəhşiliklərin dünyada bənzəri, misli-bərabəri
yoxdur...
Bütün bu deyilənlərin
Məlahət Əliyeva adlı Azərbaycan vətəndaşının
həyatını necə tar-mar etdiyini biləndə, dəhşətə
gəlməmək mümkün deyil. Məlahət
xanımın başına gələnlər xəyanətkar
və vəhşi qonşularımızın zaman-zaman
xalqımızı düçar etdiyi böyük bəlaların
yalnız bir nümunəsidir.
Məlahət Əliyeva
1955-ci ildə Xocalıda dünyaya gəlib və orada
böyüyüb. Sonra Xankəndiyə gəlin
köçüb. Tapdıq adlı oğlanla xoşbəxt
ailə qurub:
- Mən evdarlıq edirdim, işləməyimə
ehtiyac da yox idi. Həyat yoldaşım
qaldırıcı kran sürücüsü kimi tikintidə
çalışırdı, evə yaxşı qazanc gətirirdi.
Böyük bir evin təməlini qoyduq, yavaş-yavaş
tikdirməyə başladıq... Artıq iki oğlumuz var idi:
Teymur və Seymur. Amma mən çox istəyirdim
ki, qız övladımız da olsun. Demə, bu,
yoldaşımın da ürəyinin gizli mətləbi
imiş... Qızımızın adını Nəzakət
qoyduq. O, dünyaya gələn il
evimizi də tikib başa çatdırdıq. Elə xoşbəxt
idik ki...
Məlahət Xocalı
soyqırımından sonra başından
açmadığı qara örpəyinin ucu ilə
üzünü örtüb hönkürür. Amma söhbətini
yarımçıq kəsmək istəmir, olub-keçənlərin
hamısını ətraflı danışmaq, həqiqəti,
vəhşi erməni xislətini necə varsa
çatdırmaq istəyir:
- Hələ də təəccüblənirəm
ki, onlar uzun müddət necə maskalana bilmişdilər, əsl
sifətlərini hiyləgərcəsinə necə gizlədə
bilmişdilər? Xankəndidəki üzdəniraq
qonşularımı deyirəm. 1988-ci ilə
qədər münasibətlərimizdə bir insident baş
verməmişdi. Uşaqlarımız həyətdə
birlikdə oynayırdılar, bayramlarda bir-birimizə pay
verirdik... Bir gün bizə, azərbaycanlılara
mağazada talonla ərzaq verməkdən imtina etdilər.
Növbəti gün səhər tezdən
oyanıb gördük ki, erməni məktəblərində
Azərbaycan dilinin tədris olunduğu dərslikləri
cırıb həyətimizə atıblar. Daha uşaqları da bayıra buraxmırdıq, çünki
balaca erməni dığaları və axçiləri onlarla
oynamırdılar. Beləcə, vəziyyət getdikcə
kəskinləşirdi... Mənim kiçik
bacım da Xankəndidə yaşayırdı, buraya təzəcə
gəlin gəlmişdi. Yoldaşı bir
erməninin evini kirayəyə götürmüşdü.
Yaranmış xoşagəlməz vəziyyətə
görə mən gənc ailəni öz evimə gətirdim.
Səhərisi gün sahə müvəkkili həyətə
gəlib məni hədələdi, dedi ki, səni də, ərini
də cəzalandıracayıq, çünki bizim Stepanakertə
azərbaycanlıları yığırsınız.
Xankəndidə mitinqlər
başlanır. Artıq orada yaşamaq mümkün olmur
və Tapdıq ailəsini Xocalıya, Məlahətin ata evinə
gətirir. Burada Məlahətin xəstə
anası və evlənmək ərəfəsində olan
qardaşı yaşayırdılar. Tapdıq iki il ərzində Xocalıda da ev tikdirir. Deyir ki, artıq Teymurun da, Seymurun da evi var,
böyüyəndə biri Xankəndidə, biri Xocalıda
yaşayacaq. Xankəndiyə qayıtmaq
ümidini əlbəttə itirməmişdilər. Lakin Xocalıda da vəziyyət getdikcə gərginləşirdi.
Tanımadığı bir
erməni Tapdığa yaxınlaşıb deyir ki, Bakıda
yaşayıram, Bakıxanov qəsəbəsində imarətim
və bağ-bağçam var, gəl razılaşaq, onu sənin
Xankəndidəki evinlə dəyişək. “Sən kimsən
ki, məni Xankəndidən qovmaq istəyirsən? Bakı da, Xocalı da, Xankəndi də mənimdir.
Harada yaşamaq seçimini də mən
özüm edirəm. Rədd ol buradan”, -
deyərək Tapdıq ermənini qovur.
İndi Məlahət
xanım qəlbi göynəyə-göynəyə
danışır ki, bəlkə də o vaxt bu təkliflə
razı olub Bakıya köçsə idilər, nə
Tapdığı itirərdi, nə də sevimli Nəzakətini. Lakin bu,
Xocalıda törədilən ağlagəlməz qətliam,
faciə, soyqırımından yalnız bir ailənin
xilası olardı. Xocalı dərdi isə
elliklə gəlmişdi. Bir xalqın faciəsidir
və bütün bəşəriyyətin dərdi
olmalıdır.
Xocalıda baş verən xoşagəlməz
olaylar, qızlarının Xankəndidəki ev-eşiklərindən
didərgin düşməsi səhhəti onsuz da zəif olan
Qumru xanımı (nəvələri ona Qu nənə deyirdilər)
üzür və qadın 1991-ci ilin may ayında
dünyasını dəyişir. Məlahət
fikirləşir ki, anasının ölümünün
ildönümünü qeyd edəndən sonra
qardaşını evləndirər və özü ailəsi
ilə birlikdə təzə tikdirdikləri evə
köçər. Lakin reallıq başqa
idi. Artıq Xocalıda ərzaqla da
bağlı problemlər yaranmışdı. Kim nə tapırdı, onu yeyirdi. Süfrə açılan vaxt bir də
görürdün ki, atəş səsləri gəlir, aləm
titrəyir, yeməyin içinə toz-torpaq
tökülürdü.
- Uşaqlarımın birinin 11, digərinin
10, balacanın 8 yaşı vardı. Mən
onları üst paltarlarını soyundurmadan
yatızdırırdım ki, birdən qaçaqaç
düşər, - deyə Məlahət acı hekayəti
davam etdirir, - günlərlə uşaqları çimdirə
bilmirdim. İnsana yaraşmayan bir həyat
yaşayırdıq. Xocalıda demək
olar ki, işıq yox idi. Ona görə
çörəkbişirmə müəssisəsindən evlərə
xəmir paylanırdı.
Soyqırımından bir gün əvvəl
balaca Nəzakət anasına yuxuda gördüklərini
danışır: “Gördüm ki, həyətimizdə
çoxlu adam toplaşıb. Mən də dayanmışam ortalıqda,
qucağımda çoxlu şirin çörəklər var.
Qu nənəm də sağdır. Gəlib mənim əlimdən
tutur və biz uzaqlara gedirik...”
Məlahət yuxunu ürəyində
yozub vahimələnir. Ancaq qorxunc fikirləri özündən
uzaqlaşdırıb növbələri
çatdığına görə, aldıqları xəmirdən
odun sobasının üstündə kiçik kökələr
bişirib uşağa verir...
Sonra da qardaşını evləndirmək
üçün anasının sağ ikən tədarük
etdiyi zinət əşyalarını, eləcə də
özünə toyunda bağışlanan
sırğa-üzüyü və əllərində
olub-qalan çörəkpulunu kiçik bir çantaya
yığır. Uşaqları qalın geyindirir. Artıq Xocalını tərk etmək məqamı
idi. Atəş səsləri aləmi
bürümüşdü. Bir azdan yer-göy
alışıb-yanacaqdı...
Bundan sonra baş verənləri
onlar ən dəhşətli kinolarda da görməmişdilər. Biri “anam vay”, digəri “balam
vay” deyərək qışqırır, evlər bir-birinin
ardınca od tutub yanırdı. Xəbər gəlmişdi ki, artıq kəndin o başında
evlər alınıb. Bir dəstə
qonşu yığılıb od-alov içərisindən
yola düzəldi. Göydən od
yağırdı. Məlahət də
üç balası ilə birlikdə çətinliklə
irəliləyirdi. Elə bəri
başdaca içərisində çörəkpulu və ər
yadigarı, ana hədiyyəsi olan çantası əlindən
düşüb itdi. Məktəbin zirzəmisində
daldalanmaq istədilər. Lakin kimsə dedi ki, dayanmaq
olmaz, kəndi tərk etmək
lazımdır.
- Uşaqları növbə ilə
qucağımda çaydan keçirdim. Üçüncüsünü
keçirəndə çox yorulmuşdum, uşağın
üst-başı suda islandı. Sonra da meşə,
daş-qaya, kol-kos... Artıq
ayaqqabılarımı çıxarıb atmışdım,
indi corabların da mənə mane olduğunu hiss edib yolun
qalanını tamamilə ayaqyalın irəlilədim. Uşaqları düz yerə çıxarandan sonra
nəfəsimi dərmək istədim. Qeyri-ixtiyari
dönüb arxaya baxdım. Xocalı
tüstü içərisində görünməz
olmuşdu. Atəş
açıldıqca ermənilərin maşınlarla qarət
daşıdıqları görünürdü. Biz irəlilədikcə sıralarımız seyrəlirdi.
Erməni cəlladları insanları
amansızcasına məhv edirdilər. Bizim
dəstənin başında Əlif Hacıyev gedirdi. Qabağımızdan ötən UAZ maşınındakı
ermənilər bizə “keçin, keçin” dedilər.
Bu, həm bizi öldürmək üçün bir fənd,
həm də özlərinin bir-birinə parolu, işarəsi
idi... Artıq milli ordumuzdan bir dəstə gəlib
bizə çatmışdı. Gördüm
ki, Tapdıq - yoldaşım da buradadır. Sonrasını kaş görməyəydim, gözlərim
kor olaydı... - Məlahət təzədən daha da kövrəlib
ağlayır.
Teymur və Seymur anasından
qabağa düşüb iməkləyə-iməkləyə,
yerlə sürünə-sürünə irəliləyirdilər. Nəzakəti
isə Məlahət qucağında aparırdı. Çünki o həm kiçik idi, həm də təzəcə
keçirdiyi qızılcadan sonra zəifləmişdi.
Olduqca qızğın
atışma baş verir. Əlif də elə
bu zaman şəhid olur. Neçə vaxtdır
mühasirədə qalıb mənəvi və fiziki cəhətdən
taqətdən düşmüş insanlar güllə
yarası alan kimi yıxılıb
qalırdı. Bəziləri isə irəliyə
getməyə özündə güc tapırdı.
Bu zaman Məlahət
qızını yerə uzadıb onu öz bədəni ilə
örtür.
Balasının təhlükəsizliyini təmin
etdiyini düşünsə də, düşmən gülləsi
onlardan yan keçmir. Uşaq ufuldanıb
“ana, mənə nə isə dəydi” deyir. Məlahət özünün qolu boyu qan
axdığını görür. Bu, qolundan yaralanan
ananın və qılçasından yara alan
balanın bir-birinə qarışan qanı idi.
Kimsə uşağın
corabını aşağı çəkir. Məlahətin
gözləri dumanlansa da, yanında yoldaşını
görür və dərk edir ki, artıq onlar ailənin
sevimli sonbeşiyini itiriblər.
Məlahət ərinə
yalvarır ki, belə məqamda məndən çox
uzaqlaşma.
Tapdıq isə əlindəki avtomatı yuxarı
qaldıraraq az qala nərə çəkir:
“Bu silah mənə qənim olar! Mən təkcə sənin
deyiləm, Məlahət! Camaat qırılır, mən onlara
da kömək etməliyəm...”
Məlahət cansız
qızını qucağına götürmək istəyir,
ancaq buna gücü çatmayıb yıxılır.
- Artıq Ağdama çatmağımıza az qalmışdı. Burayadək necə gəlmişdim, məni necə gətirmişdilər, bilmirəm, xatırlamıram. Özümə gəlməyimlə yoldaşımın yerə yıxıldığını görməyim bir oldu. Bütün gücümü toplayıb ona tərəf getmək istədim. “Yaxın gəlmə, səni də vuracaqlar, - deyə qışqırdı, - uşaqları gözdən qoyma”. Bu onun son sözləri oldu. Ağdama çatanda qardaşımla rastlaşdıq. Bir-birimizə sarılıb ağlayırdıq. Qardaşım o qədər meyit, o cümlədən öz doğmalarımızın cəsədlərini görmüşdü ki, “mən niyə sağ qaldım?” - deyə dəhşətlə hayqırırdı... - Məlahətin səsi yenidən qırılır.
Şelli kəndində Məlahəti və iki oğlunu bir ailə öz isti ocağına gətirir. Ev sahibəsi ayaqları donmuş qadına ilk yardım göstərir. Bir-iki gündən sonra ona deyirlər ki, həyat yoldaşının cəsədini yuyub, kəfənə tutub Ağdamda dəfn ediblər.
Sonra heç nə bildirmədən Məlahəti Ağdama gətirirlər. Demə, burada onu çox çətin və çox dəhşətli bir sınaq gözləyirmiş. Meyitləri tanınmaz hala düşmüş uşaqlar arasında öz qızını tapmalı olur...
- Nəzakəti yalnız qulaqlarındakı balaca sırğalara görə seçə bildim. Axı biz əhd eləmişdik ki, qızımız olsun və Nəzakət doğulanda atası ona qızıl sırğa almışdı... Kimsə dedi ki, sırğaları uşağın qulağından çıxarmaq lazımdır, şəriətə görə belə dəfn etmək olmaz. Mən qoymadım... - Məlahət əlləri ilə üzünü qapayıb hönkürür. Sanki o günü təzədən yaşayır.
Bu, 1992-ci ilin 28 fevral
günü idi. Məlahətin iki təzə məzar -
ömür-gün yoldaşının və ciyərparasının
məzarları başında dayandığı gün.
Həmin gün Məlahətin 37 yaşı
tamam olurdu və o vaxtdan bəri ad gününü qeyd etməyi
ağlına belə gətirmir. Hətta
oğullarının, gəlinlərinin, nəvələrinin
şərti olaraq başqa bir tarix seçib ona ad günü
keçirmək təkliflərinə də razı olmayıb.
Hər il
fevralın 26-da isə Goranboy rayonunda qaçqınlar və məcburi
köçkünlər üçün salınmış məhəllədəki
evində məclis düzəldib qızını və həyat
yoldaşını bir daha anmaqla bərabər, Xocalı
soyqırımının bütün şəhidlərini yad
edir.
Flora SADIQLI,
Azərbaycan.- 2017.- 23
aprel.- S. 5.