Ramiz Fərzulla
oğlu Zöhrabov
Azərbaycan musiqi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış
musiqişünas-alim, Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdçüsü,
Xalq artisti, sənətşünaslıq doktoru,
professor Ramiz Fərzulla
oğlu Zöhrabov
2017-ci il aprelin 24-də
ömrünün 78-ci ilində
vəfat etmişdir.
Ramiz Zöhrabov
1939-cu il may ayının 2-də Bakı
şəhərində anadan
olmuşdur. O, 1947–1958-ci illərdə
Azərbaycan Dövlət
Konservatoriyası nəzdindəki
orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə
Konservatoriyanın ifaçılıq
fakültəsinin simli
alətlər şöbəsində
oxumuş, 1965-ci ildə
isə Konservatoriyanı
musiqişünaslıq ixtisası
üzrə bitirmişdir.
Əmək fəaliyyətinə
1965-ci ildə Gəncə
şəhərindəki Qəmbər
Hüseynli adına
orta ixtisas musiqi məktəbində musiqi tarixi və
nəzəriyyəsi üzrə
müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
xalq musiqisi üzrə redaktor vəzifəsində işləmişdir.
O, 1968–1969-cu illərdə Bakı
şəhər 16 saylı
musiqi məktəbində
musiqi nəzəriyyəsindən
dərslər aparmış,
1969-cu ildən etibarən
indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan
xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının
müəllimi, baş
müəllimi, dosenti
və professoru, 1989-cu
ildən isə həmin kafedranın müdiri olmuşdur.
1990-cı ildə
Azərbaycan Bəstəkarlar
İttifaqının İdarə
Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək
həmin vəzifədə
çalışaraq, ölkəmizdə
musiqişünaslığın inkişafına dəyərli
töhfələr vermişdir.
Professor Ramiz
Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın
zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına,
o cümlədən təsniflərə,
zərb-muğamlarına və
dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər
tərəfindən yüksək
qiymətləndirilmişdir. Görkəmli muğam ustadlarının
ifasından çox sayda muğam və təsniflərin ilk
dəfə nota alınması
Ramiz Zöhrabovun səyləri nəticəsində
gerçəkləşmişdir. Alimin tədqiqatları, eləcə
də Azərbaycan bəstəkarlarının yaradıcılığını
əhatə edir.
Ramiz Zöhrabovun Azərbaycan musiqişünaslığının uğuru sayılan araşdırmaları xarici
ölkələrdə nəşr
olunaraq müxtəlif
alimlər tərəfindən
mötəbər mənbə
kimi qəbul edilmişdir.
Ramiz Zöhrabov ölkəmizdə
və onun hüdudlarından kənarda
beynəlxalq simpoziumlarda,
konfranslarda muğam sənətinə dair dərin məzmunlu çıxışları ilə
Azərbaycanın musiqi
mədəniyyətini layiqincə
təmsil etmişdir. Milli mədəni
nailiyyətləri müxtəlif
səviyyələrdə daim
tanıtmağa çalışan
alim uzun illər ərzində apardığı silsilə
radio və televiziya verilişləri ilə musiqisevərlərin rəğbətini
qazanmışdır.
Yarım əsrə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə
məşğul olmuş
Ramiz Zöhrabov respublikada musiqişünas
alimlərin bir neçə nəslinin yetişdirilməsi üçün
böyük əmək
sərf etmişdir. Alimin rəhbərliyi
ilə sənətşünaslıq
sahəsində bir çox fəlsəfə
və elmlər doktorları hazırlanmışdır.
Ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən
genişmiqyaslı mədəni
proqramlarda, o cümlədən
muğam müsabiqələrində
musiqişünas kimi yaxından iştirak edən Ramiz Zöhrabovun muğam aləminin sirlərinin tamaşaçılara dəqiqliklə
çatdırılması və insanların estetik zövqünün inkişaf etdirilməsində
mühüm xidmətləri
vardır.
Ramiz Zöhrabovun Azərbaycan musiqi mədəniyyətinin
zənginləşdirilməsi sahəsində çoxillik
səmərəli fəaliyyəti
yüksək qiymətləndirilmişdir. O, 1990-cı ildə
“Əməkdar incəsənət
xadimi” və 2008-ci ildə “Xalq artisti” fəxri adlarını almış,
2009-cu ildə isə müstəqil Azərbaycan
Respublikasının ali
mükafatlarından olan
“Şöhrət” ordeni
ilə təltif edilmişdir.
Tanınmış musiqişünas-alim, mahir
pedaqoq və səmimi insan Ramiz Fərzulla oğlu Zöhrabovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət
eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Mikayıl Cabbarov
Arif Məlikov
Fərhad Bədəlbəyli
Firəngiz Əlizadə
Siyavuş
Kərimi.
Azərbaycan.
- 2017.- 25 aprel.- S.4.