Avropa Xalq Partiyası Siyasi
Qrupunun vitse-prezidenti Milli Məclisdə olub
Aprelin 25-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə
səfərdə olan
Avropa Parlamentində Avropa Xalq Partiyası
Siyasi Qrupunun vitse-prezidenti, italiyalı deputat Lara Kominin başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Lara Kominin ölkəmizə səfərinin əhəmiyyətindən danışan sədr bu səfərin Avropa Parlamenti ilə Milli Məclis, həmçinin Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini bildirib. Sədr diqqətə çatdırıb ki, Milli Məclis ilə Avropa Parlamenti arasında münasibətlər son vaxtlar çox sürətlə inkişaf edir.
Azərbaycan ilə İtaliya arasında da yaxşı əlaqələrin olduğunu deyən Oqtay Əsədov bu əlaqələrin artıq strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və hər iki tərəfin maraqlarına xidmət etdiyini xüsusi vurğulayıb.
Lara Komi diqqətə çatdırıb ki, son zamanlar Azərbaycan ictimaiyyətinin güclü səsi və qəbul olunmuş qətnamələrin mahiyyəti Azərbaycan diasporunun güclü olduğunu sübut edir.
Qonaq ölkəmizdə olduğu bir neçə gün ərzində keçirdiyi görüşləri məhsuldar hesab etdiyini və bundan məmnunluğunu bildirib. Qeyd edib ki, belə görüşlər reallığı dəyərləndirmək baxımından çox önəmlidir və mühüm əhəmiyyətə malikdir.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan-İtaliya
parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri
Azər Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.
AZƏRTAC
Azərbaycan.-
2017.-26 aprel.- S.2.