İdigül Qosimzoda: “Konfransda müzakirə olunan
məsələlər çox
aktualdır”
Aprelin 25-də Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Tacikistanın Qadın və Ailə Məsələləri üzrə Komitəsinin sədri İdigül Qosimzoda ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı və qadın sahibkarlığına dəstək məsələləri müzakirə edilib.
Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən “Qadınlar arasında sahibkarlığın inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda müzakirə edilən mövzuların hər iki tərəfin maraq dairəsində olduğuna əminliyini bildirib. Qeyd olunub ki, qadın sahibkarlığının inkişaf etdirilməsi qadınların cəmiyyətdə fəaliyyətinin yaxşılaşdırılması ilə yanaşı, iqtisadiyyatın inkişafı istiqamətində də böyük rol oynayır. Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar və layihələr barədə qonağa məlumat verən Baş nazirin müavini bildirib ki, ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi ilə yanaşı, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə mühüm dövlət sənədləri qəbul edilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları ölkə həyatının müxtəlif sahələrində təmsil olunur.
Tədbirdə çoxsaylı xarici qonaqların iştirakının əhəmiyyətini vurğulayan Əli Əhmədov bildirib ki, bu, qadınların cəmiyyətdə fəaliyyətinin Azərbaycanda olduğu kimi, dünyanın bir çox ölkəsinin də maraq dairəsində olduğunun göstəricisidir.
Azərbaycanda ilk dəfə olduğunu
bildirən xanım İdigül Qosimzoda burada şahid olduğu hərtərəfli
və yüksəksəviyyəli inkişafa
heyran qaldığını bildirib. Tədbirdə müzakirə olunan məsələlərin cəmiyyət üçün vacibliyini
qeyd edən qonaq
qadınların cəmiyyətdə fəaliyyətinin
artırılmasında gender bərabərliyi
siyasətinin önəmini vurğulayıb. Bildirilib
ki, bu istiqamətdə
atılacaq ən vacib addımlardan biri ucqar kəndlərdə
yaşayan qız uşaqlarının təhsilə
cəlb olunmasıdır.
Azərbaycan.- 2017.-26 aprel.- S.2.