Böyük dövlətlər tarixi həqiqətlərə söykənsəydilər,
bu gün dünyada qanlı toqquşmalar
baş verməzdi
“XX əsrdə türk-müsəlman
xalqlarına qarşı
soyqırımları” mövzusunda
Lənkəranda keçirilən
IV Beynəlxalq elmi konfransda dünya ictimaiyyətinə mesajlar
ünvanlanıb
Əgər böyük dövlətlər tarixi həqiqətlərə söykənsəydilər, bu gün dünyada yaşanan müharibələr, qanlı toqquşmalar baş verməzdi. “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda Lənkəranda keçirilən IV Beynəlxalq elmi konfransda dünya ictimaiyyətinə bununla bağlı mesajlar ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, aprelin 25-də dünyanın müxtəlif ölkələrini təmsil edən tədqiqatçı-alimlərin qatıldığı beynəlxalq konfransın bağlanış mərasimində çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Lənkəranın Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu diqqətə çatdıraraq, tədbirin iştirakçılarına minnətdarlığını bildirib.
Tarixçi alim qeyd edib ki, Ermənistan prezidenti S.Sarkisyan çıxışlarında Xocalı soyqırımının törədilməsində iştirakını dönə-dönə vurğulayıb. Dünya ictimaiyyəti isə bu cəlladın bəyanatlarına məhəl qoymur.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında dünyanın tanınmış elm adamlarının Lənkəranda bir araya gəlməsini və türk-müsəlman xalqlarına qarşı həyata keçirilən soyqırımları ilə bağlı müzakirələrin aparılmasını rayonun ictimai-siyasi həyatında tarixi hadisə kimi dəyərləndirib.
Türkiyənin Atatürk Araşdırma Mərkəzinin sədri, professor Mehmet Ali Beyhan, Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, professor Derya Örs, Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Həsən Cəlal Gözəl, Türk Tarix Qurumunun sədri, professor Refiq Turan beynəlxalq konfransda son 200 ildə böyük bir coğrafiyada türk-müsəlman xalqlarına qarşı sistemli şəkildə yeridilmiş soyqırımı, deportasiya, repressiya siyasəti və bunun ağır nəticələri ilə bağlı alimlərin çıxışlarını, məruzələri yüksək dəyərləndiriblər.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və dünya ictimaiyyətinə müraciət qəbul olunub.
Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfrans iştirakçıları günün ikinci yarısında Lənkəran şəhərindəki Şəhidlər xiyabanına, Azərbaycanlıların Soyqırımı Abidə Kompleksinə, Həzi Aslanov parkına və Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib, Sütəmurdov kəndinə və Gərmətük qəsəbəsinə gedərək, burada erməni daşnaklarının 1918-ci ildə törətdikləri vəhşiliklərə şahidlik edən məzarlıq və məsciddə olublar.
Qonaqlar, həmçinin Lənkəran rayonunun Şıxəkəran kəndində “Şeyx Zahid”, Astaranın Pensər kəndində “Şeyx Camaləddin” türbələrini, türk zabiti Camal Paşanın məzarını ziyarət ediblər.
Azərbaycan.-2017.-26
aprel.- S. 5.