Alim müdrikliyi, həkim şəfqəti

 

Elm xadimləri

 

Xalqımızın fəxr etdiyi, adını daim uca tutduğu görkəmli elm xadimi, tibb elmləri doktoru, professor, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir. Bu böyük insanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillikmüdriklik məktəbidir. Bu gün şöhrətli alimin əziz xatirəsi xalqımız, tibb ictimaiyyəti və səhiyyə işçiləri, o cümlədən məzunu olduğu Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və çoxminli tələbələri tərəfindən böyük hörmət və ehtiramla yad edilir. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə xalqının məhəbbətini qazanmış akademik Zərifə Əliyeva ilk növbədə əsl ziyalı və nurlu bir şəxsiyyət idi.

Hər bir tədris ocağı görkəmli məzunları ilə fəxr edir. Azərbaycan Tibb Universitetifenomen intellekti, mənəvi zənginliyi, bəşəri xidmətləri ilə dünya şöhrəti qazanmış məzunu - Zərifə xanım Əliyeva ilə daim qürur duyur. Böyük alim sıravi həkim kimi ilk addımlarını atanda da, elmin zirvəsini fəth edib, akademiklik səviyyəsinə yüksələndə də divarları arasında tibbin əsaslarına yiyələndiyi doğma təhsil ocağını, onun əməkdaşlarını, professor-müəllim heyətini, tələbə-gənclər kontingentini heç vaxt unutmayıb. Azərbaycan Tibb Universiteti də sədaqətli məzununun xatirəsini həmişə əziz tutur.

O, 1923-cü ilin 28 aprelində Azərbaycanın əsrarəngsiz gözəlliklərə malik diyarlarından olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Valideynləri elə həmin ilin mayında Naxçıvandan Bakıya köçüblər. Bundan sonra gələcəyin görkəmli oftalmoloq-aliminin Bakı həyatı başlayıb. Orta məktəbi əla qiymətlərlə başa vuran Zərifə Əliyevanın gəncliyi 1941-1945-ci illərin ağır müharibə dövrünə təsadüf edib. Belə qlobal çətinliklərə baxmayaraq o, bilik diapazonunu genişləndirmək, ali məktəbə daxil olmaq, həkimlik sənətinə yiyələnmək üçün daim çalışır, öz üzərində işləyirdi.

Zərifə xanım Əliyeva 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırkı Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinin birinci kursuna daxil olanda ondan iki yaş böyük olan qardaşı Tamerlan Əliyev həmin institutun üçüncü kursuna keçmişdi. O dövrdə - İkinci Dünya müharibəsinin çətin illərində orta məktəbi bitirib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olanların əsas amallarından biriali tibb təhsilinə yiyələndikdən sonra darda olan vətən övladlarına, xalqa layiqli xidmət göstərmək idi.

Zərifə Əliyevanı yaxından tanıyan həmkarları qeyd edirlər ki, o, tələbəlik illərində dərsdən sonrakı vaxtlarında tez-tez rəfiqələri, qrup yoldaşları ilə birlikdə Bakı şəhərinin müxtəlif təxliyə hospitallarındakı yaralı əsgərlərə baş çəkir, tibb bacılarına, sanitarlara yaxından kömək göstərir, çox vaxt onları əvəz edir, bütün gecəni səhərədək ağır yaralıların palatasında növbə çəkir, hətta ağır işləri görməkdən çəkinmirdi. O bilirdi ki, həkimin yolu hamar olmur. Bu yoldakı çətinlikləri dəf etmək üçün zəngin biliyə və təcrübəyə sahib olmaq lazımdır.

Nəhayət, 1947-ci ildə institutu bitirmək vaxtı gəlib çatanda Zərifə Əliyeva ixtisasseçmə dilemması ilə üzləşmədi. Əslində bunu güllə yarası aldıqdan sonra gözünün nurunu itirmiş yaralı döyüşçülərə qulluq edərkən artıq müəyyənləşdirmişdi. Ona görə də tərəddüd etmədən tibbin ən çətin, lakin şərəfli və şəfqətli yollarından birini seçərək həkim-oftalmoloq ixtisasına yiyələnməyə üstünlük verdi. Lakin Zərifə xanım başa düşürdü ki, yaxşı həkim-oftalmoloq olmaq üçün mütləq keçmiş Sovetlər Birliyinin qabaqcıl ali tibb məktəblərindən birində diplomdansonrakı təhsilini davam etdirməli, zərgər dəqiqliyi tələb edən praktik oftalmologiyanın sirlərinə daha dərindən yiyələnməlidir. Elə bu arzu ilə o, 1947-ci ildə Moskvaya gedərək oradakı Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının təkmilləşmə kursunda fəaliyyətə başladı. Həmin institutda çalışan görkəmli professorlarla tanışlıq Zərifə xanımın qəlbində silinməz izlər qoyduo, bütün həyatı boyu bu institutla sıx əlaqəsini davam etdirdi.

İki il müddətində həmin institutda çalışan və oftalmologiya elminin sirlərini həm nəzəri, həm də təcrübi cəhətdən tam mənimsəyən Zərifə Əliyeva 1949-cu ildə Bakıya qayıdır, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi fəaliyyətini davam etdirir. Həmin dövrdən etibarən diqqətini ağır müharibə illərindən sonra Azərbaycanda yenidən traxoma xəstəliyinin yayılmasının qarşısının alınmasına, diaqnostika, profilaktika və müalicəsinə yönəldir. 1950-ci ildə aspiranturaya daxil olur. Gənc tədqiqatçı Azərbaycanın traxoma xəstəliyi ocağına çevrilmiş bölgələrində, eləcə də bu infeksion xəstəliyin ehtimal olunduğu digər rayonlarda əhali arasında maarifləndirici tədbirlər həyata keçirir, dəyərli məsləhətlərini verir, profilaktik tədbirlərin nələrdən ibarət olduğu barədə proqramlar tərtib edir. Yerinə yetirilən profilaktik tədbirlər və geniş miqyasda ciddi müalicə işlərindən sonra ölkədə traxoma xəstəliyinin yayılmasının qarşısı etibarlı şəkildə alınır. XX əsrin ikinci yarısının əvvəllərində, güclü antibiotiklərin, lazımi dərman preparatlarının, səmərəli maddi-texniki bazanın, əlverişli cihaz və avadanlıqların olmadığı bir dövrdə çox ağır infeksion xəstəliklərdən sayılan traxoma xəstəliyinin yayılmasının qarşısının alınması yollarının tapılması hər kəsə müyəssər olan deyildi. Zərifə xanım həyatının ən gözəl çağlarını - gənclik illərinin on ilə yaxın bir dövrünü bu istiqamətə həsr etdi və istəyinə çatdı. O, buna həm ürəyinin şəfqəti, həm əllərinin şəfası, həm də püxtələşmiş alim-həkim təxəyyülü, apardığı məntiqli elmi axtarışları sayəsində nail oldu. Belə ki, bacarıqlı həkim bir sıra terapiya üsulları ilə birlikdə həmin illərin yeni antibiotiklərindən sayılan sintomisindən də istifadə edərək kompleks müalicə üsulu icad etdi. Traxoma xəstəliyinin müalicəsində bundan geniş istifadə edildi və gözlənilən nəticə əldə olundu. Yalnız bundan - qarşısına qoyduğu məqsədə çatdıqdan sonra o, 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü. Bu dissertasiya işi rəyçilər, opponentlər tərəfindən də yüksək qiymətləndirilirdi və doktorluq dissertasiyası mövzusuna layiq bir qədər dəyərləndirilirdi. Zərifə Əliyeva bununla Azərbaycanda yeni bir elmi istiqamətin, elmi məktəbin bünövrəsini qoydu.

Gənc alim 1960-1967-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdı, apardığı tədqiqatların uğurlu nəticələrini kliniki təcrübəyə geniş tətbiq etdi və formalaşdırdığı elmi məktəbin bundan sonra daha böyük zəfərlər qazanacağına əsaslı zəmin yaratdı.

Alimin yaradıcılıq diapazonu getdikcə genişlənirdi və bir sıra tibb təhsili müəssisələrindən də onun adına dəvətlər gəlirdi. 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan (ADHTİ) aldığı dəvəti gənc alim məmnuniyyətlə qəbul edir. O, həmin ildən ADHTİ-nin Oftalmologiya kafedrasının dosenti vəzifəsində fəaliyyətə başlayır. Zərifə xanımın dəvəti qəbul etməsinin səbəblərindən biribu institutu da özünə çox doğma sayması idi. Çünki atası professor Əziz Əliyev həyatının son illərində əvvəlki işlərində olduğu kimi bu instituta da bacarıqla rəhbərlik etmişdi. Görkəmli alimin ölümündən sonra institut artıq Əziz Əliyevin adını daşıyırdı. Böyük həvəs, xüsusi entuziazm, yenilməz əzmkarlıqla ADHTİ-nin Oftalmologiya kafedrasında çalışan Zərifə xanım Əliyeva burada dosentlikdən kafedranın professoruonun müdiri vəzifələrinə yüksəldi, tibb elmləri doktoru elmi dərəcəsinə, “Əməkdar elm xadimi” fəxri adına layiq görüldü, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçildi.

Daim qurub-yaratmaq, xəstələrə nurlu şəfqət paylamaq yolunu tutan alimə bütün vəzifələr, elmi dərəcə və fəxri adlar, yüksək rütbələr, mükafat və təltiflər hələ sonralar veriləcəkdi. Alim bu uğurlara çətin yollardan keçərək, gərgin çalışaraq, böyük zəhmətlərə qatlaşaraq çatacaqdı. Qeyd etmək lazımdır ki, Zərifə xanım bir işə başlayanda heç vaxt onu elmi dərəcə, yaxud elmi ad almaq, şan-şöhrət qazanmaq naminə etmirdi. Bu insanı tanıyanların hamısı təsdiqləyir ki, o, son dərəcə təvazökar, həddindən artıq fədakar, vətəni və xalqı üçün daim qurub yaratmağa, ona fayda verməyə can atan, ölkəsinə, xalqına uğur qazandırmağa çalışan alim, həkim, müəllim idi. Şahidlər söyləyirlər ki, akademik Zərifə Əliyeva işlərinin həddən artıq çox olmasına baxmayaraq, heç bir halda vaxt azlığından şikayətlənməzdi. O, elmi axtarışlar aparmağa da, beynəlxalq miqyaslı konfranssimpoziumlar təşkil etməyə də, uşaqları və nəvələri ilə məşğul olmağa da, dünya şöhrətli siyasətçi Heydər Əliyev kimi dahinin qayğısını çəkməyə, ona möhkəm dayaq olmağa da vaxt tapırdı.

Əziz Əliyev adına ADHTİ-də çalışan Zərifə xanım aramsız olaraq cərrahiyyə əməliyyatları aparır, gözlərə nur bəxş edir, xəstələrə maarifləndirici təlimlər keçir, keçmiş SSRİ-nin müxtəlif respublikalarından, o cümlədən Azərbaycanın regionlarından təkmilləşmə kurslarına gəlmiş müdavimlərə mühazirələr oxuyur, praktik məşğələlərə geniş yer ayırırdı. Onun tibbin oftalmologiya sahəsi üzrə yetişdirdiyi kadrlara keçmiş Sovetlər Birliyinin, eləcə də dünyanın bir çox ölkələrinin tibb müəssisələrində rast gəlmək olur.

Zərifə Əliyeva dövrün, zamanın nəbzini düzgün tutmağı bacarmaq istedadına malik həssas qəlbli həkim idi. Keçən əsrin 60-70-ci illərində Azərbaycanda neft-kimya sənayesinin inkişafı ilə əlaqədar ölkədə peşə xəstəliklərinin artdığını və bunun görmə orqanında ağır fəsadlar törətdiyini açıqlayır və ona etinasız qala bilmirdi.

Görkəmli alim Azərbaycanda peşə patologiyalarının görmə orqanında yaratdığı ağırlaşmaların qarşısını almaq, insanları bu kütləvi bəladan xilas etmək üçün yeni elmi istiqamətin axarına düşür. O, insan orqanizmi üçün zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçirilməsinə nail olur. Alim peşə amili etiologiyalı göz xəstəliklərinin yayılma miqyasını daha dəqiq müəyyənləşdirmək məqsədilə işə başlayır, Bakı Şin Zavodunda, yod sənayesi müəssisələrində, Sumqayıt “Üzvi sintezİstehsalat Birliyində, Mingəçevir “İzolit” və rezin-texnika məmulatları zavodlarında, Gəncə gil-torpaq kombinatında və bir sıra digər müəssisələrdə çalışan insanların görmə orqanlarının kütləvi surətdə peşə xəstəliyinə mübtəla olduqlarını müəyyənləşdirir. Bundan sonra peşə ilə əlaqədar meydana çıxan göz xəstəliklərinin ölkə daxilində yayılma dərəcəsi təhlükəsini aşkar edir və belə xəstəliklərin profilaktikası, diaqnostikası, müalicəsi ilə ciddi məşğul olmağı təxirəsalınmaz hal kimi qarşıya qoyur.

Zərifə Əliyeva peşə amillərinin görmə orqanlarına mənfi təsir göstərmələrini, onların etio-patogenezini, yaranma mexanizmini elmi cəhətdən tam əsaslandırdı və bu növ ağır peşə xəstəliklərinin qarşısını almaq, xalqı bu bəladan xilas etmək məqsədilə geniş layihələr, proqramlar hazırladı. Çəkdiyi zəhmət öz bəhrəsini verdibu, onun doktorluq dissertasiyası işinin mövzusunu təşkil etdi.

Görkəmli alim 1976-cı ilin 27 mayında M.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda dünya miqyasında tanınmış məşhur oftalmoloq-alimlərin iştirak etdiyi Elmi Şurada “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Bu müdafiənin doğurduğu təəssüratdan danışan Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Piroqrov adına II Moskva Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri, akademik A.P.Nesterov yazır: “Bu zəngin elmi-tədqiqatların müəllifini görmək və eşitmək arzusunda idik... Kürsüyə bəstəboy, qara saçlı, suyuşirin, irigözlü, qaynar baxışlı bir qadın qalxdı. Onun nitqi dəqiq və aydın tələffüzü ilə, ən çətin məsələləri belə sadə dildə ifadə etmək bacarığı ilə seçilirdi. O, məruzənin ayrı-ayrı məqamlarına rəngli slaydlarla, qrafiklərlə, cədvəllərlə aydınlıq gətirirdi. Zərifə Əziz qızının məruzəsi Şurada diqqətlə dinlənildi. Rəsmi və qeyri-rəsmi opponentlərin rəyləri yekdil idi. Gizli səsvermə yolu ilə Şura yekdilliklə Zərifə Əziz qızı Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi vermək barədə qərar çıxardı... Zərifə Əziz qızının tədqiqatlarının üstün cəhəti fundamental elmlə səhiyyə təcrübəsinin sıx əlaqəsində idi”.

Zərifə xanımın yüksək səviyyədə keçən dissertasiya müdafiəsi tələbkar rus alimlərinin böyük marağına səbəb olmuş, onların müzakirə obyektinə çevrilmişdi. Möhtəşəm müdafiədən sonra doğma vətəninə qayıdan alimin professor elmi adı təsdiq olundu.

1977-ci ilin 21-22 oktyabrında professor Zərifə Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin VII plenumu keçirildi. Bu plenumun vətənimizin paytaxtında keçirilməsi Azərbaycan alimləri ilə keçmiş SSRİ-nin qabaqcıl tibb alimləri arasında işgüzar əlaqələrin yaranmasında, Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinin başlanmasında mühüm əhəmiyyət kəsb edirdi. Plenumda çıxış edən Zərifə Əliyeva Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə İxtisaslaşdırılmış Elmi-Tədqiqat Laboratoriyası yaradılması haqqında təklif irəli sürdü. Bu təklif plenum iştirakçıları tərəfindən yekdilliklə qəbul edildi.

Bundan sonra, 1979-cu ildə Zərifə Əliyevanın təklifi və təşkilatçılığı ilə Bakı Məişət Kondisionerləri Zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Elmi-Tədqiqat Fiziologiya İnstitutunun “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı laboratoriya yaradıldı. Üç şöbədən ibarət olan laboratoriya Azərbaycanda görmə orqanının peşə xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi mərkəzinə çevrildi. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr aparılır, üçüncüsü isə cərrahi əməliyyatlar keçirmək məqsədinə xidmət edirdi. Zərifə xanımın bu təşəbbüsü keçmiş SSRİ-nin digər oftalmoloji müalicə müəssisələrində də bəyənilərək təcrübəyə tətbiq edildi. Alimin elmi-tədqiqat işlərinin nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarında və digər əsərlərində öz əksini tapıb.

1981-ci il 8-9 oktyabr tarixində Ümumittifaq Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin VIII plenumunda iştirak edən Zərifə Əliyeva yeni bir elmi istiqamət üzrə - həkim deontologiyası haqqında çıxış edərək fikirlərini plenum iştirakçıları ilə bölüşdü. Görkəmli alimin məruzəsi böyük marağa səbəb oldu, mövzu ətrafında qızğın müzakirələr aparıldı, Azərbaycan aliminin bu istiqamətdəki deontoloji fikir və təklifləri alqışlarla qarşılandı. Zərifə xanım bu kontekstdə qələmə aldığı “Yüksək Etimad” kitabını həm həkimlər, həm müəllim və tələbələr, həm də gələcək nəsillər üçün nəzərdə tutmuşdu. Kitabın əsas məğzini təşkil edən həkim-xəstə münasibətlərinin etik normaları o qədər kamil işlənib ki, kitab bütün dövrlərdə aktuallığını saxlaya bilən bir inci təsiri bağışlayır.

Zərifə Əliyeva harada işləməsindən, harada olmasından asılı olmayaraq, həmişə ATU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə sıx əlaqə saxlayırdı. O, Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda çalışanda ATİ-nin Oftalmologiya kafedrasının əməkdaşları ilə sıx ünsiyyətdə olurdu. Bu kafedra o vaxtlar Dövlət Filarmoniyası binasının yaxınlığıındakı ET Oftalmologiya İnstitutunun bazasında yerləşdirilmişdi. O, kafedranın bütün işçilərinə böyük qayğı ilə yanaşır, onlara elmi-tədqiqat işlərinin yerinə yetirilməsində yaxından kömək göstərirdi. Həmin vaxtlar - Zərifə xanım ET Oftalmologiya İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışanda, bacısı Ləzifə xanım Tibb İnstitutunun müəllimi idio, ATİ-nin Oftalmologiya kafedrasının dosenti vəzifəsində çalışırdı. Bu iki tanınmış həkim eyni binada yerləşən Elmi-Tədqiqat İnstitutu ilə ATİ-nin Oftalmologiya kafedrası arasında sıx əlaqələr yaratmışdılar. Görünür, Zərifə xanımla sonralar uzun illər ATİ-nin Oftalmologiya kafedrasının müdiriinstitutun rektoru vəzifələrində çalışmış Zəhra xanım Quliyeva arasındakı yaxın dostluq münasibətlərinin təməli də elə həmin illərdə, o tarixi binanın divarları arasında qoyulmuşdu.

1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda professor Əziz Əliyevin anadan olmasının 80 illiyi təntənə ilə qeyd edilmişdir. Akademik Zərifə Əliyeva ATİ-də keçirilən həmin yubiley tədbirində çıxış etmiş, səmimi ürək sözlərini söyləmişdir.

1981-ci ildə ölkəmizin tibb elmi, tibb təhsili və bütövlükdə səhiyyə sistemində mühüm tarixi hadisə baş verdi. Moskvadan alınan xoş xəbərdə qeyd edilirdi ki, Azərbaycanın dünya şöhrətli alimi və şəfqətli həkimi, professor Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Təbii ki, bu mükafat təkcə səhiyyə işçilərinin deyil, bütövlükdə Azərbaycan xalqının başını uca edən dəyərli bir mükafat idi. Beynəlxalq aləmdə çox nüfuzlu sayılan akademik M.İ.Averbax mükafatının təltifçisi professor Zərifə Əliyevanın bu mükafatı təkcə onun özünə deyil, XX əsrin ikinci yarısında Azərbaycan oftalmologiya elminə verilən qiymət idi.

1982-ci ildə Zərifə Əliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının müdiri vəzifəsinə seçilməsi oftalmoloqların diplomdansonrakı təhsillərinin keyfiyyətinin artırılmasına, bu kafedranın beynəlxalq əlaqələrinin genişləndirilməsinə, elmi-tədqiqat işlərinin nəticələrinin səhiyyə praktikasına tətbiqi səviyyəsinin yüksəldilməsinə gözəl zəmin yaratdı.

1983-cü ildə Azərbaycan oftalmoloq alimləri arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilən ilk oftalmoloq-alim olması Zərifə xanımın simasında ölkə oftalmologiya elminə böyük nüfuz qazandırdı.

Elmi-tədqiqat işlərinin spektr dairəsi çox geniş olduğuna görə görkəmli alim oftalmologiyanın bütün sahələri, bütün istiqamətləri üzrə araşdırmalar aparıb və bu da bir sıra monoqrafiya və kitabların yazılmasının dayaq nöqtəsinə çevrilib. Akademik Zərifə Əliyevanın yazdığı “Herpetik göz xəstəlikləri”, “Ağır virus konyuktivitləri”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi”, “Göz almasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi”, “Oftalmologiyanın aktual məsələləri” və başqa əsərlər hazırda da öz aktuallığını saxlamaqdadır.

Zərifə xanım çoxsaylı monoqrafiya və kitabların, elmi əsərlərin, elmi-kütləvi məqalələrin, ixtira və səmərələşdirici təkliflərin müəllifi, onlarla gənc həkimin doktorluq və namizədlik dissertasiyası işlərinin elmi rəhbəri və məsləhətçisi olub.

Akademik Zərifə Əliyeva ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak edib. Belə ki, o, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini vəzifələrini yüksək səviyyədə yerinə yetirərək, ölkəmizdə və xaricdə sülhməramlı elçi kimi çoxsaylı məruzələr, çıxışlar edib, respublikamızın sülhsevər ölkə kimi tanınması yolunda böyük xidmətlər göstərib. Görkəmli alim həmçinin respublikaBilik” Cəmiyyəti idarə heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çap edilən “Oftalmologiya Xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub.

Akademik Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də, yaradıcılığının ən məhsuldar çağında əbədiyyətə qovuşub. Bu tarixdən 32 ilə yaxın vaxt keçsə də, bütün Azərbaycan xalqı kimi, Azərbaycan Tibb Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və çoxminli tələbələri də özünün dünya şöhrətli məzununun xatirəsinə həsr olunmuş anım tədbirləri və elmi konfranslar keçirir.

Dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın zəngin yaradıcılıq irsi həm bugünkü, həm də gələcək nəsillər, ölkəmizin bütün səhiyyə işçiləri üçün parlaq nümunədir.

 

Gəray GƏRAYBƏYLİ,

Azərbaycan Tibb Universitetinin rektoru, professor

 

Azərbaycan.- 2017.-28 aprel.-S.3.