El şənliyinə çevrilən su səyahəti

 

Azərbaycanın bölgələrində İslamiadanın bayram əhvali-ruhiyyəsi yayılır

 

Qərbi Asiya və Şərqi Avropanın qovşağında yerləşən, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verən Azərbaycan şanlı idman tarixinə yeni səhifə yazmaq ərəfəsindədir. Müsəlman aləminin ən mötəbər idman tədbiri - IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcək Odlar yurdunda ötən hər gün bizi İslamiadaya daha da yaxınlaşdırır.

 

İki sivilizasiyanın siyasiidman mərkəzi

 

Bu idman bayramı müsəlman dünyasının bütün ölkələrini bir məkana toplayıb birlikdostluq şəraitində əldə edilən qələbənin təntənəsini nümayiş etdirəcək. Beynəlxalq aləm bir daha Azərbaycanın bacarığının, həmrəylik və dostluq dəyərlərinin təşviqinə verdiyi töhfənin şahidi olacaq.

İki il öncə Azərbaycan I Avropa Oyunlarına evsahibliyi edərkən əbədi alov məkanı olan Atəşgahdan götürülən od məşələ çevrilərək 47 gün ərzində ölkəmizin hər bir guşəsini gəzib dolaşdı. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınaraq Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət etdi. Məşəlin səyahəti Azərbaycanda el şənliyinə çevrildi.

İndi isə qədim tarixə, mədəniyyətə malik olan Odlar Yurdu müsəlman ölkələrinin böyük maraqla, həyəcanla gözlədiyi mötəbər idman yarışına evsahibliyi edəcək. İslam dünyasında dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək bu idman bayramı Azərbaycanın həm siyasi, həm də idman tarixində yeni səhifə açacaq. Müstəqilliyinin cəmi 25 yaşı olan ölkəmizin paytaxtı Bakı həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına qucaq açan ilk şəhər kimi tarixə düşəcək.

İslamiadanın startına sayılı günlər qalır. Avropa Oyunlarının simvolu od idisə, İslam Həmrəyliyi Oyunlarının simvolu paklıq və birlik rəmzi olan sudur. Çünki su hər bir canlı üçün həyat mənbəyidir. İslamda böyük mənəvi dəyəri olan su Xəzər dənizinin sahilində yerləşən Bakı üçünxüsusi əhəmiyyəti ilə seçilir. Aprelin 5-i isə İslamiadanın həyəcanının başlanğıc günü oldu. Paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi.

 

Bakıdan İslam dünyasına mesaj

 

Mərasimdə iştirak edən Prezident İlham Əliyev bəyan etdi ki, İslam Həmrəyliyi Oyunları həm böyük idman bayramı, həm də müsəlman ölkələrinin dostluğunu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar: “Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdirbizim birliyimiz bizim gücümüzü artırır. İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində, bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun”.

Prezident İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi. 37 gün ərzində 3 min kilometrdən artıq məsafənin qət olunacağı səyahət turu Xəzər dənizindən başlayaraq Azərbaycan ərazisində mövcud olan 15 su hövzəsini əhatə etməlidir. Səyahət zamanı bu hövzələrdən toplanan su mayın 12-də “Bakı-2017”nin açılış mərasiminin bir hissəsi olacaq. Bu münasibətlə keçiriləcək hər bir su mərasimi axşamlar su festivalı ilə müşayiət olunur. Xəzər dənizinin suyu ilə doldurulmuş “Bakı-2017” səhənglərinin nümayişi zamanı tədbirə təşrif buyuran hər bir vətəndaş Azərbaycan musiqisindən, rəqslərindən zövq alıb, su effektlərinin yaratdığı gözəlliyi, eyni zamanda atəşfəşanlığı izləmək imkanı qazanır.

 

Əlincədən Yanarbulağadək...

 

Bakıdan başlanan su səyahəti ölkəmizi qarış-qarış dolaşmaqdadır. Artıq 10 bölgədə əsl bayram əhvali-ruhiyyəsi yaradan su səyahətinin öncə Naxçıvan mərhələsi keçirildi. Muxtar respublikada səyahətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü oldu. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır. Göldəki üzən torf adacıqları yerini gündə iki-üç metr dəyişir.

Səyahətçilər Batabat gölünə axan məşhur Zor bulağından su götürdülər və ardınca Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilər arasında əyləncəli idman yarışlarına start verildiaxşam saatlarında şəhərin mərkəzində - Heydər Əliyev prospektində “Su festivalı” hər kəsə sevinc yaşatdı.

Aprelin 9-da isə su səyahəti Astarada el şənliyinə çevrildi. Şərqdən Xəzər dənizi, cənub-qərbdən isə meşə örtüklü dağlarla əhatə olunan Astaranın Ərçivan qəsəbəsindəki Yanarbulaq adı ilə məşhur olan su mənbəyinin öz yeri, öz şöhrəti var. Burada suyun tərkibində kükürd olduğundan kibrit çəkəndə alışıb yanır. Yanarbulaq Odlar yurdu adlanan məmləkətimizin bir möcüzəsidir. Elə buna görə də tədbir çərçivəsində bu bulaqdan su götürülməsi qərara alınmışdı. Səhər saatlarında səyahətçilər gətirdikləri su səhənglərini bulaqdan doldurduqdan sonra rayon mərkəzinə qayıtmışdılar. Su səyahəti konsert sədaları və Astara şəhərinin səmasında gül çələngini xatırladan atəşfəşanlıqla başa çatmışdı.

 

Suqovuşanda bayram növrağı

 

Su səyahəti Astaradan sonra aprelin 11-də Şirvan şəhərində davam etdi. Əvvəlcə Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsindən su götürüldü. Sonra Şirvan Olimpiya İdman Kompleksində regional idman tədbiri keçirildiaxşam saatlarında şəhərdə təşkil olunan Su festivalı və möhtəşəm lazer şousu atəşfəşanlıqla əsl bayrama çevrildi.

Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı bərəkətli Muğan düzündə də bayram-əhvali-ruhiyyəsi yaratdı. Aprelin 13-də Sabirabadda xan Arazla Dəli Kürün qovuşduğu bu müqəddəs məkanda izdiham yaşandı. Tarixi minillərlə ölçülən Suqovuşan adlı bu əsrarəngiz məkanda su səyahəti böyük sevinclə qarşılandı. Səyahətçilərin KürAraz çaylarının qovuşduğu məkandan su götürüb rayon mərkəzinə gəlişi Muğan düzünün mərkəz şəhəri olan Sabirabadı bayram libasına bürüdü.

 

“Havalansın Xanın səsi, Qarabağın şikəstəsi”

 

Aprelin 15-də isə Qarabağ bayram əhvali-ruhiyyəsinə büründü. Xoş ovqatlı bir yaz səhərində səyahətçilər Ağcabədidə gölə üz tutdular. Nadir təbiət incisi olan göl xalqımızın milli sərvətidir. 2003-cü il 5 iyul tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə “ göl” Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilib və ona milli park statusu verilib. Eyni zamanda göl” Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmişdir. Milli park ərazisində 20-dən çox balıq növü var. Bura bir-birinə bənzəməyən quşlarla da zəngindir.

Səyahətçilər səhənglərini gölün göz yaşı kimi dupduru suyu ilə doldurub şəhərin mərkəzi meydanına üz tutdular. Burada onları səbirsizliklə gözləyən insanlarda xoş bayram ovqatı vardı. Axşam isə Heydər Əliyev meydanında Su festivalı keçirildi. Qarabağ Muğam Mərkəzinin şagirdlərinin ifasında səslənən “Qarabağ şikəstəsi”ni tamaşaçılar sürəkli alqışlarla qarşıladılar. Lazer şousu, atəşfəşanlıq isə festivalın xoş ovqatını daha da artırdı.

Su səyahətinin növbəti ünvanı isə Ermənistan silahlı qüvvələri ilə təmas xəttinə ən yaxın məsafədə yerləşən Horadiz şəhəri oldu. Aprelin 17-də Qarabağın gündən-günə gözəlləşən diyarında davam edən su səyahətinə Araz çayından su götürülməklə start verildi. Su qabı axşam saatlarında Horadiz şəhərindəki Qəhrəmanlar parkında keçirilən Su festivalında nümayiş etdirildibu, cəbhə bölgəsinin sakinlərində yüksək ovqat yaratdı.

 

Göy göldən Şəmkirçaya...

 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 19-da qədim Nizami yurdu Gəncədə davam etdirildi. Su səyahəti tədbirinin növbəti mərhələsinə əzəmətli Kəpəz dağının ətəklərində yerləşən Göy göldən saf suyun götürülməsi ilə başlanıldı. Sonra tədbir möhtəşəm Heydər Əliyev park-kompleksindəki amfiteatrda davam etdi. Minlərlə sakinin toplaşdığı məkanda böyük izdiham yaşandı. Hətta ətraf rayonlardan da maraq göstərərək su səyahətinin Gəncə mərhələsini izləməyə gəlmişdilər.

Aprelin 21-də isə Xəzərdən başlayan su səyahəti şənliyinə şəmkirlilər qoşuldular. Şəhərdə əlamətdar hadisəyə geniş hazırlıq işləri görülmüş, hər tərəf “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını əks etdirən plakatlarla bəzədilmişdi. Şəhərin baş meydanı insanlarla dolu idi. Əllərində Azərbaycan bayrağı tutmuş rayon sakinlərinin üzlərindən ölkəmizdə reallaşan bu idman bayramının təşkilatçılarına minnətdarlıq ifadəsi duyulurdu. Səyahətçilər rəmzi səhəngi Şəmkirçaydan götürülmüş su ilə doldurub Bayraq meydanına gətirdilər. Su səyahətinə Şəmkirin də daxil olması rayonda böyük ab-hava yaratmışdı. İdman təntənəsinin bir parçası olmaqdan qürur duyan rayon sakinləri ölkəmizin bu yarışları da uğurla keçirəcəyinə əmin olduqlarını bildirirdilər. Su səyahəti tədbiri axşam saatlarınadək davam etdirildi. Rayonun incəsənət ustalarının, eləcə də müxtəlif rəqs qruplarının çıxışları iştirakçılarda xoş ovqat yaratdı. İnsanlar böyük təntənə ilə keçən su festivalından zövq aldılar.

Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Mingəçevir şəhəri oldu. Aprelin 23-də ana Kürün sahilində, Bozdağın ətəyində yerləşən “nur şəhəri”ndə möhtəşəm bayram şənliyi keçirildi. Su festivalı Mingəçevir sakinlərində yüksək əhvali-ruhiyyə yaratdı. Şəhər sakinlərinin bayram ovqatı təbəssümlü çöhrələrdən, fərəhli gözlərdən aydın hiss olunurdu. Xəzərdən götürülən su səhəngi könüllərə xoş duyğular gətirdi.

Səyahətçilər mis səhəngi Mingəçevir Su Anbarının suyu ilə doldurub Heydər Əliyev meydanındakı bayram şənliyinə yetişdilər. Su festivalı isə şəhərdə hökm sürən bayram ovqatına yeni çalarlar qatdı. Nur şəhəri beləcə bayram ovqatlı, çal-çağırlı, toylu-büsatlı bir gün yaşadı.

 

Nohur gölündən başlayıb Dəmiraparandan keçdi...

 

Su səyahəti turunun 11-ci ünvanı Qax rayonu oldu. Hər kəsə bəllidir ki, Qax su mənbələri ilə zəngindir. İçməli bulaqlardan İlisu kəndinin ərazisində Beşbulaq, Səngərbulaq, Hamambulaq, Qaşqaçay kəndində Gövrücbulaq, Ləkit-Kötüklü kəndində Qoturbulaq və digərlərini göstərmək olar. Aprelin 25-də şimal-qərb bölgəsinin, Şəki-Zaqatala iqtisadi rayonunun ürəyinin döyündüyü Qaxda böyük bir coşqu, canlanma hiss olunurdu. Sakinlər su səyahətinin bu məkanda keçiriləcəyindən xəbərdar idilər. Ona görə də hər tərəf əsl bayram ab-havasına bürünmüşdü. Öncə Su festivalının iştirakçıları İlisu ərazisindəki Ram-rama şəlaləsinə qalxaraq su götürdülər. Su səhəngi festivalın keçirildiyi meydana gətirildi. Mərasim axşam saatlarında mərkəzi parkda davam etdi. İslamiadanın talismanları “İncə” və “Cəsur”un uşaqlarla birgə əylənməsi isə hər kəsdə xoş təəssürat yaradırdı. Qeyd edək ki, talismanlar vətəndaşlarımızı Oyunların bir parçası olmağa ruhlandırır, ölkəmizin bütün ərazisində əsl idman bayramı ovqatı yaradır.

Xəzərdən başlayan su səyahəti Qaxdan sonra ölkəmizin sürətlə inkişaf edən və gözəlləşən diyarı, qədim və müasir Qəbələ şəhərində el şənliyinə çevrildi. Mərasimə Nohur gölündən su götürülməklə start verildi. Dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatələnib. Uzunluğu 1925, eni 1355 metr, sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır.

Səyahətçilər “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Nohur gölünün suyu ilə dolduraraq Heydər Əliyev parkına üz tutdular. Burada keçirilən Su festivalı, konsert proqramı və atəşfəşanlıq hələ uzun müddət qəbələlilərin yaddaşından silinməyəcək.

Bu gün isə Qusar bayram əhvali-ruhiyyəsindədir. Çünki su səyahətinin növbəti ünvanı Azərbaycanın başqa dilbər guşəsidir.

 

Azərbaycan nümunəsi

 

Ölkəmizin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti sevgisindən və paklığından hər evə pay verir. Başlanğıcını Xəzərdən götürərək bütün Azərbaycanı əhatə edən bu layihə ölkəmizin tarixini, mədəniyyətini, adət və ənənələrini nümayiş etdirmək üçün əvəzsiz rol oynayır.

“Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt səyahətçilər ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 57 dövlətinin idmançılarını Oyunlarda salamlayacaqlar.

Artıq paytaxtımızda bütün hazırlıq işləri başa çatmaq üzrədir. Oyunların açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5 mindən çox əməkdaş fəaliyyət göstərir. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə olunacaq. Bakı Olimpiya Stadionunda baş tutacaq mərasimlərin iştirakçısı olmaq üçün 9 min azərbaycanlı gənc Əməliyyat Komitəsinə müraciət edibonlardan 4 mini seçilib.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Oyunların hazırlığına çox ciddi yanaşıb və ölkəmiz İslamiadanın qəbuluna, ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Təşkilat Komitəsinin yekun iclasında Mehriban xanım Əliyeva demişdir: Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir”.

Bu, ilk növbədə Azərbaycan dövlətinin potensialının və xalqımızın qabiliyyətinin göstəricisidir. İslam ölkələri ilə hərtərəfli münasibətlərin inkişafı, müsəlman dünyasında qardaşlığın, həmrəyliyin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz İslam ölkələrinin bir araya gəlməsində bütün imkanlardan istifadə edir. IV İslam Həmrəyliyi Oyunları da müsəlman ölkələri arasında qarşılıqlı hörmət və anlaşma əlaqələrinin, birliyin möhkəmləndirilməsinin və inkişaf etdirilməsinin parlaq təntənəsinə çevriləcək.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 29 aprel.- S. 1; 6.