Helsinkidə “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirilib

 

Azərbaycan Respublikasının Finlandiya Respublikasındakı səfirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Helsinki Universitetinin nəzdində fəaliyyət göstərən Aleksanteri İnstitutunun birgə təşkilatçılığı ilə aprelin 27-də Helsinkidə “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov daxildir.

Konfransın açılışında çıxış edən Helsinki Aleksanteri İnstitutunun rəhbəri professor Markku Kivinen Azərbaycan ilə bağlı belə bir konfransın Finlandiyada ilk dəfə keçirilməsinin əhəmiyyətini vurğulayıb. Multikulturalizm və birgə yaşayış ənənələri olan Azərbaycanın öz nailiyyətləri ilə bu gün bütün dünyada maraq doğurduğunu deyən finlandiyalı alim bu tədbirin keçirilməsi ilə ölkəmizin bu və digər sahələrdəki təcrübəsi ilə yaxından tanış olacağına və bu tanışlığın iki ölkə arasında daha sıx əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirib.

Azərbaycan nümayəndə heyətini və finlandiyalı qonaqları salamlayan ölkəmizin Finlandiyadakı səfiri Adış Məmmədov bu tədbirin əhəmiyyəti barədə söz açıb. Səfir konfransın məqsədinə toxunaraq bildirib ki, qədim tarixə malik olan Azərbaycanın tolerantlıq ənənəsi, dövlət-din münasibətləri, həmçinin hökumətin din sahəsindəki siyasəti ilə bağlı reallıqlar barədə məlumatların Finlandiya cəmiyyətinə çatdırılması çox əhəmiyyətlidir. Bildirilib ki, Helsinkidə belə bir konfransın təşkilində məqsəd ölkəmizdə və cəmiyyətimizdə uzun illər formalaşmış tolerantlıq təcrübəsini, Azərbaycandakı dövlət-din münasibətləri ilə bağlı vəziyyəti Finlandiya ictimaiyyətinə çatdırmaqdır.

A.Məmmədov Azərbaycan xalqının dövlətçilik tarixi haqqında qısa məlumat verərək, tarixin bütün dövrlərində xalqımızın multikultural dəyərlərə önəm verdiyini, bu torpaqlarda müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mehriban şəraitdə yaşadıqlarını bildirib. Sovet İttifaqının dağılması ilə bu regionlarda xaosun hökm sürməsinə baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və titanik səyləri nəticəsində ölkəmizdə tolerantlıq mühiti qoruna bildi, bütün xalqlar arasındakı yüz illərə söykənən dostluq və birgəyaşayış münasibətlərinin ritmi pozulmadı. Prezident İlham Əliyev isə tolerantlıq ənənələrini daha inkişaf etdirərək dövlət siyasətinə çevirdi. Səfir deyib ki, Azərbaycanın tolerantlıq siyasəti yalnız ölkənin hüdudları ilə məhdudlaşmır. Heydər Əliyev Fondunun nəinki Şərqdə, habelə Avropa ölkələrində kilsə və dini abidələrin, muzeylərin bərpa və təmir olunması sahəsində gördüyü işlər buna bariz nümunədir. Bu xeyriyyə işləri Azərbaycan xalqının və hökumətinin dünya mədəni irsinə və dini-mədəni dəyərlərə verdiyi töhfədir.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədovun moderatorluğu ilə keçirilən panel iclasında Azərbaycanın multikulturalizm modelinin təqdimatı olub.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev “Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda məruzəsini konfrans iştirakçılarının diqqətinə təqdim edərək təhlükəsizlik məsələlərindən danışıb, ümumi təhlükəsizlik, nəqliyyat, enerji, qida təhlükəsizliyi kimi multikultural təhlükəsizliyin də eyni şəkildə dövlət səviyyəsində qorunmasının vacibliyini qeyd edib. Kamal Abdullayev multikultural təhlükəsizliyin ümumi mahiyyətini etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi təqdim edərək, cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb ola biləcəyini dilə gətirib. O deyib: “Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar da Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz sərvəti, öz gücü sayır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində – siyasətdə, iqtisadiyyatda, təhsildə, humanitar həyatda, bir sözlə, bütün sahələrdə görmək mümkündür. Multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik, amma qədim kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik doktrinalarının prinsipləri qədər vacib və zəruridir. Burada sadalanan prinsiplərin mənim Vətənimdə bərqərar olması isə Azərbaycan vətəndaşlarının birgə səyi və əməyi nəticəsində mümkün olub. Kənar ideoloji müdaxilələrin qarşısının alınması, müxtəlif separatçılıq meyillərinin minimuma qədər zəifləməsi Azərbaycanın milli rəngarəngliyinin monolitliyini sübut edir”.

Sonra natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin apardığı multikulturalizm və tolerantlıq siyasəti haqqında geniş məlumat verib, son illərin dövlətimizin başçısı tərəfindən “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti haqqında danışıb. İslam həmrəyliyinin müsəlman ölkələrinin deyil, İslamın humanist dəyərlərə əsaslanmış mövqeyi olduğunu qeyd edən K.Abdullayev dünyanın məhz bu prinsiplərə və dəyərlərə ehtiyacı olduğunu bildirib.

Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, dövlətin həyata keçirdiyi din siyasəti və rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verən Mübariz Qurbanlı həyata keçirilən siyasətin nəticəsində ölkəmizdə yaranan multikultural mühit barədə söz açıb. Azərbaycanın tolerant ölkə olduğunu, milli-mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirən Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dəstəklənən bu siyasətin Azərbaycan üçün çox faydalı olduğunu və ölkəmizdə azad cəmiyyətin inkişafına böyük təkan verdiyini qeyd edib. Azərbaycanın Şərq ilə Qərbi birləşdirən körpü kimi regionun siyasətində oynadığı rolundan söz açan komitə sədri ölkəmizin habelə Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti barədə ətraflı danışıb.

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Azərbaycanın tolerantlıq sahəsində böyük təcrübəyə malik olduğunu deyib və bildirib ki, bu təcrübənin təşviqi universal bəşəri dəyərlər baxımından çox zəruridir. Şeyxülislam dini və mənəvi dəyərlərin, mədəniyyətlərarası dialoq, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörmətin ölkəmizdə yüksək səviyyədə olmasından fəxr hissi duyduğunu qeyd edib. O deyib ki, tolerantlığı yüksək mədəni dəyər hesab edən ulu öndər Heydər Əliyevin dinindən və milliyyətindən asılı olmayaraq, bütün vətəndaşları ümumi azərbaycançılıq ideyası ətrafında birləşdirmək istiqamətində apardığı müdrik siyasət hazırda Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin multikultural ənənələrə verdiyi əhəmiyyətin göstəricisi kimi, Azərbaycanda 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etdiyini, bu xoşməramlı addımın bütün dünya müsəlmanlarının bəşəri dəyərlərə əsaslanaraq, birgə sülh və əmin-amanlıq şəraitində yaşaması istəyindən irəli gəldiyini bildirib.

Çıxışına ümummilli lider Heydər Əliyevin “Ölkənin çoxmillətli olması onun zənginliyidir” sözləri ilə başlayan Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanın Konstitusiyasına əsasən bütün dinlərin bərabər olduğunu və buna ciddi əməl edildiyini vurğulayıb. Bütün dinlərin nümayəndələrinin Azərbaycanda həm dövlət, həm də ictimai strukturlarda təmsil olunduğu qeyd edilib. Bildirilib ki, Azərbaycanın əsas özəlliklərindən biri milli məhəllələrin və qəsəbələrin olmamasıdır. Eyni küçədə müxtəlif dini icmaların nümayəndələri yaşayır və birlikdə müxtəlif dini bayramları və mərasimləri qeyd edirlər. Azərbaycanda dini zəmində münaqişələrin olmadığını xatırladan Aleksandr İşein ölkəmizdə yaşadığımız həyat tərzinin məhz indi multikulturalizm və tolerantlıq adlandırıldığını diqqətə çatdırıb.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev çıxışını dağ yəhudilərinin Azərbaycandakı gündəlik həyatları üzərində qurub. O qeyd edib ki, yəhudi icmasına hədiyyə olaraq bir müsəlman dövlətində Prezidentin Sərəncamı ilə sinaqoqun tikilib və onun saxlanılması üçün Prezident Fondundan maliyyə vəsaiti ayrılıb. Antisemitizmin bütün dünyada tüğyan etdiyi dövrdə Azərbaycan bu bəladan azad bir məkandır.

Daha sonra çıxış edən ordinari Vladimir Fekete Azərbaycanın nadir ölkə olduğunu, burada əcnəbi və ya keşiş olduğuna görə heç vaxt pis münasibətlə rastlaşmadığını, əksinə, respublikanın hər bir guşəsində hörmətlə qarşılandığını və yerli insanların xarici dövlətlərin həyatı ilə yaxından maraqlandığını bildirib. Multikulturalizm və tolerantlığın gələcəyinə hələ də şübhə ilə yanaşan siyasətçiləri və insanları Azərbaycana dəvət edən ordinari Azərbaycan dövlətinin adi vətəndaşlar ilə birlikdə yaratdığı bərabərhüquqlu cəmiyyətdən dərs götürülməsini məsləhət bilib.

Milli Məclisin deputatı Cavanşir Paşazadə çıxışında Finlandiya-Azərbaycan əlaqələri, parlamentlərarası mübadilə məsələlərindən danışıb. O, Azərbaycan Respublikası Milli Məclisinin dini azadlıq və tolerantlıq ənənələrini qorumaq üçün qəbul etdiyi qanunlar barədə məlumat verib. Cavanşir Paşazadə müxtəlif təhlükələrin artdığı dünyamızda multikultural mühitin qorunmasının, bu dəyərlərin daha da inkişaf etdirilməsi üçün belə konfransların keçirilməsinin vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Təqdimatdan sonra Azərbaycan nümayəndə heyətinin üzvləri konfrans iştirakçılarının ölkəmizlə bağlı suallarını cavablandırıblar.

Konfransda iştirak edən erməni əsilli Finlandiya vətəndaşı Azərbaycan heyətinə konfransın işinə kölgə salmaq niyyəti ilə təxribat xarakterli sualla müraciət edib. O, Macarıstanda erməni əsgərini qətlə yetirən Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi qarşılanmasının heç bir tolerantlığa sığmadığını bildirib. Konfransın digər qonağı isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində dini liderlərin həyata keçirdiyi fəaliyyət barədə məlumat almaq istədiyini qeyd edib.

Suallara cavab verən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu münaqişəni daha yaxşı başa düşmək üçün onun tarixinə nəzər salaraq qeyd edib ki, Sovet İttifaqının dağılmağa başladığı dövrlərdə, yəni 1988-ci ildən başlayaraq, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində əzəldən bu ölkədə yaşayan 300 mindən artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salınıb. Sonra isə Ermənistan hərbi birləşmələri müstəqil Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu zəbt edib. Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı öz ev-eşiyini itirib. Hazırda həmin ərazilərdə Azərbaycana məxsus bütün mədəni abidələr, eləcə də təbii sərvətlər ermənilər tərəfindən amansızcasına talan edilir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamənin qəbul olunduğunu və bu qətnamələrin hər birində erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarının tələb edildiyini xatırladan Mübariz Qurbanlı deyib ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini bu gün də davam etdirir.

Azərbaycanın münaqişəni sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə çalışdığını vurğulayan komitə sədri Ermənistan dövlətinin qeyri-konstruktiv mövqe tutduğunu, bunun nəticəsi olaraq, münaqişənin bütün regionun inkişafına mənfi təsir etdiyini bildirib. O, habelə münaqişənin həlli üçün Ermənistan və Azərbaycan dini liderlərinin bir neçə dəfə görüşdüyünü, lakin buna baxmayaraq, lazımi nəticəyə nail olunmadığını, ərazilərimizin hələ də işğal altında qaldığını bildirib. “Ermənistan xalqı bizim düşmənimiz deyil, azərbaycanlılar müharibədən əvvəl bu xalqın nümayəndələri ilə sülh və əmin-amanlıq şəraitində yaşayıb, hazırda da Azərbaycanda çoxlu sayda erməni yaşayır”, - deyən Mübariz Qurbanlı Ermənistanı bu müharibəyə sürükləyən hazırkı hakimiyyətin olduğunu xüsusi qeyd edib. Ramil Səfərovla bağlı məsələyə gəldikdə isə Mübariz Qurbanlı erməni əsgəri tərəfindən Ramil Səfərova qarşı təhrikedici hərəkətlərin edildiyini, bütün bunlarla bağlı məlumatların Macarıstanın məhkəmələrinin sənədlərində əksini tapdığını qeyd edib, bu insanın uşaqlıq illərindən erməni işğalının və zorakılığının qurbanı olduğu üçün əsəblərini cilovlaya bilməyib, affekt vəziyyətində hadisəni törətdiyini bildirib. Bunun Azərbaycan xalqının tolerantlığı ilə heç bir əlaqəsinin olmadığını bildirən M.Qurbanlı erməni xanımı Azərbaycanda erməni xalqına qarşı heç bir düşmən münasibətin olmadığını görmək üçün ölkəmizə dəvət edib.

Sonra “Finlandiyanın multikulturalizm və dinlərarası dialoq təcrübəsi” mövzusuna həsr olunan panel iclası keçirilib.

Mikko Palonkorpinin moderatorluğu ilə keçirilən panel iclasında Finlandiya Evangelik Lüteran kilsəsinin Lüteran kilsə camaatı ittifaqının dinlərarası dialoq və əməkdaşlıq üzrə pastoru Heidi Rautionmaa çıxış edərək Azərbaycanın son 15 ildə çox sürətlə inkişaf etdiyini, ölkəmizin regional mərkəz rolu oynadığını bildirib. Heidi Rautionmaa Azərbaycanın həm özü üçün, həm də region üçün vacib sayılan multikulturalizm sahəsində təşəbbüsü öz üzərinə götürdüyünü vurğulayıb.

Finlandiya Xarici İşlər Nazirliyinin insan hüquqları siyasəti bölməsinin direktoru Nina Nordström çıxışında diplomatiyanın rolu barədə danışıb. Bildirib ki, diplomatiyanın əsas məqsədi bizi birləşdirən ümumi cəhətləri taparaq üzə çıxarmaq, bizi ayıran cəhətləri isə aradan qaldırmaqdır. Amma bu, o demək deyil ki, biz bir-birinə bənzər insanlara çevrilməliyik. Belə olarsa, dünya çox maraqsız olar. Müxtəliflik çox vacib dəyərdir, amma bu müxtəliflik münaqişələrin və dözümsüzlüyün yaranmasına gətirib çıxarmamalıdır. Bunun üçün biz bir-birimiz barədə daha çox şey öyrənməli və bir-birimizi daha yaxşı başa düşməliyik. Bu tədbir məhz elə bu məqsədə qulluq edir və biz bu gün Azərbaycan və onun tolerantlıq təcrübəsi barədə çox şey öyrənə bildik. Azərbaycan ilə Finlandiya arasında müxtəlif təşkilatlar səviyyəsində məhsuldar əlaqələrin olduğunu deyən Finlandiya rəsmisi bütün oxşarlıqları nəzərə alaraq, qadın haqları, sülhyaratma, və beynəlxalq hüququn qorunması kimi işlərdə birgə fəaliyyətin mümkünlüyünü diqqətə çatdırıb.

Sonda çıxış edən Finlandiya Miqrasiya İnstitutunun rəhbəri Tuomas Martikainen, Finlandiya Şərq Universitetinin professoru Teuvo Laitila, Finlandiya İslam Cəmiyyətinin idarə heyətinin sədri, Dinlərarası Kooperasiya Forumunun prezidenti Atik Ali Finlandiyada dinlərarası dialoq modeli barədə ətraflı məlumat veriblər. Onlar deyiblər ki, Finlandiyanın hazırkı siyasəti daha çox insanlara münasibətdə açıq olmaqdadır, lakin bəzən bu da problemlərə yol açır. Buna görə, bu ölkədə millətlərarası dialoqa verilən önəm son illər ərzində artıb. Finlandiyada olan liberal multikulturalizm dəyərlərinin Azərbaycan modelinə bənzərliyini diqqətə çatdıran natiqlər Azərbaycandan olan dini icma rəhbərlərinin birlikdə dünyanın müxtəlif ölkələrinə səfərlər edərək öz təcrübəsini nümayiş etdirmələrinin yaxşı hal olduğunu vurğulayıblar. Bu gün dünya ölkələrində dini-etnik millətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişaf etməsinin hamıya örnək olduğunu bildiriblər.

Konfrans Azərbaycan səfirliyinin təşkil etdiyi ziyafətlə başa çatıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.-29 aprel.- S.5.