İslamiada paralimpiyaçılara qələbə
meydanı olacaq
İsmayıllı İdman Olimpiya Kompleksində gərgin məşqlər
gedir
İsmayıllı İdman Olimpiya Kompleksinə daxil oluruq. Gəlişimizin səbəbi burada IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) Cüdo komandasının keçirdiyi təlim-məşq toplantısını izləmək və reportaj hazırlamaqdır. Təlim-məşq prosesinin keçirildiyi zaldayıq. İdmançılar məşqə hazırlaşırlar.
Kompleksin direktoru Tofiq Hümbətov bizi ARMPK Cüdo komandasının baş məşqçisi, Prezident təqaüdçüsü İbrahim İbrahimovla tanış edir. O, təlim məşqlərin gedişi barədə məlumat verərək deyir: “Cari il may ayının 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarına start veriləcək. İlk dəfə olaraq həmin Oyunlarda paralimpiyaçı idmançılar da iştirak edəcək, cüdo və atletika yarışlarında öz qüvvələrini sınayacaqlar. Ölkəmizi cüdo idman növündə dördü qadın, səkkizi kişi olmaqla dünya göz yoxlanışından keçmiş 12 idmançı təmsil edəcək. Kişilər 4, qadınlar isə 2 çəkidə mübarizə aparacaqlar. Mayın 12-də qızlar, 13-də isə kişi idmançılarımız nəyə qadir olduqlarını göstərəcəklər. Atletika yarışlarında isə ikisi qadın olmaqla 15 paralimpiyaçı ölkəmizi təmsil edəcək”.
Fikirlərini davam etdirən müsahibimiz məlumat verdi ki, Paralimpiya əsasən fiziki qüsurlu insanlardan ibarət idman hərəkatıdır. Bu hərəkatda cüdo idman növü 2003-cü ildə ikiqat paralimpiya, dünya və Avropa çempionu İlham Zəkiyevin yarışlara qədəm qoyması ilə başlayıb. İ.İbrahimov isə 2005-ci ildən paralimpiyaçıların cüdo yığmasının sıralarına qoşulub. Məşqçi kimi tələbələri də var. Bunlardan Avropa və dünya çempionu, Paralimpiya ikincisi Tofiq Məmmədov kimi güclü idmançıları göstərmək olar. Hazırda cüdo yığmasında böyük bir idmançı dəstəsi fəaliyyət göstərir. İdmançılardan Ramil İbrahimov, Ramil Qasımov, Afaq Sultanova Paralimpiya çempionları, Rövşən Səfərov, Bayram Mustafayev və başqaları isə mükafatçılardır. Bir sözlə, burada təcrübəli idmançılardan ibarət böyük bir komanda formalaşıb. Paralimpiyanın cüdo yığmasında ümumilikdə 30 idmançı var. Onlara əsasən kömək edən, dəstək verən isə Cüdo Federasiyası və “Neftçi İdman Klubu”dur.
Hazırda idmançılar İslam Həmrəyliyi Oyunlarında yüksək nailiyyətlər əldə etmək üçün ciddi hazırlıq prosesi keçirlər. Bununla yanaşı, Milli Paralimpiya Komitəsi 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün hazırlıq işlərinə start verib. İlkin olaraq, komitə tərəfindən müvafiq kadr islahatları aparılıb və Azərbaycan Milli Paralimpiya Komitəsinin “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planı” hazırlanıb. Burada Milli Paralimpiya Komitəsinin növbəti dörd il ərzində görəcəyi işlərin istiqamətləri öz əksini tapıb.
Müsahibimiz onlar üçün yaradılan şəraitdən də xeyli məmnun qaldıqlarını açıq etiraf etdi. Hazırda İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplantısında olmaları da onlar üçün yaradılan şəraitdən qaynaqlanır. Təlimlərə aprelin 23-də start verilib. May ayının 3-də isə yekunlaşacaq. İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun onları qəbul edərək xeyir-dua verməsi, şəraitləri ilə maraqlanmasını xüsusi minnətdarlıqla vurğuladı. Eyni zamanda İsmayıllı Olimpiya İdman Kompleksi rəhbərliyinin də daim onlara hərtərəfli diqqət və qayğı göstərməsini nəzərə çatdırdı.
Dövlətin paralimpiyaçılara olan diqqət və qayğısının nəticələrindən danışan İ.İbrahimov konkret olaraq özünün aldığı mükafatlardan söz açdı. O, “Şöhrət” ordeni, “Vətənə xidmətə görə” ordeni, əməkdar bədən tərbiyəsi və idman xadimi kimi fəxri adlara və mükafatlara layiq görüldüyünü söylədi.
2015-ci ildə keçirilən Avropa Oyunlarında Paralimpiya Komitəsinin cüdo növü üzrə idmançılarının ən böyük nəticə qazandıqlarını deyən İ.İbrahimov həmin yarışlara 3 nəfərin çıxdığını və nəticədə hər 3 əyarda (qızıl, gümüş, bürünc) medallar qazanıldığını nəzərə çatdırdı. İlham Zəkiyevin uğurları Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. O, İslam Həmrəyliyi Oyunlarında da komandalarının yüksək nəticələr qazanacaqlarına şübhə etmir.
İdmançılardan Ramil Qasımova yaxınlaşırıq. Onun dedikləri: “Cüdoya 1990-cı ildə məşqçi Əli Hacıyevin rəhbərliyi altında Gəncə şəhərində başlamışam. 2013-cü ildən isə paralimpiya yığmasındayam. Hazırkı məşqçimiz İbrahim müəllimdən çox razıyam. Onun sayəsində ikiqat Avropa və birqat dünya çempionu olmuşam. 2016-cı ildə isə Braziliyada keçirilən Olimpiya yarışlarında 72 kiloqram çəki dərəcəsində paralimpiyaçı qismində uğur qazanmışam. İslamiadadan da xalqımıza qələbə sevinci bəxş etməklə ayrılacağıma inanıram. Əsas məqsədim Vətən bayrağının daim yüksəklərdə dalğalanması, himnimizin səslənməsidir”.
Bayram Mustafayev isə idmana 1998-ci ildə “Neftçi” idman klubundan gəlib. Çoxsaylı uğurlara imza atıb. 2010-cu ildə zədə aldıqdan sonra həyatını paralimpiyaya
bağlayıb. Braziliya Paralimpiadasında
gümüş mükafatçı
olub. 3 dəfə
Avropa, 1 dəfə dünya çempionu pilləsinə yüksəlib.
İslam
Həmrəylik Oyunlarında
da uğur qazanacaqlarına inanır.
Beləliklə, təlim-məşq qızışır. İdmançıların döşək üzərindəki
hərəkətləri, gərgin
işləmələri, məşqçiləri
İ.İbrahimovun öyrətdiyi
bir-birindən fərqli
fəndləri dəfələrlə
təkrar etmələri
onların daha böyük uğurlara imza atacaqlarından xəbər verir.
Milli Paralimpiya Komitəsi müstəqil Azərbaycandan
cəmi 4 yaş kiçikdir. Azərbaycan Paralimpiya hərəkatının
yaranma tarixi ümümmilli lider Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından
sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf
edir. 1996-cı il fevral ayının 9-u ölkəmizin
idman salnaməsinə
Azərbaycan Respublikası
Milli Paralimpiya Komiitəsinin (ARMPK) yaranma
tarixi kimi daxil olub. Həmin gün
ARMPK-nin təsis konqresi keçirilib və Konqresdə İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilib.
İlk dəfə olaraq ARMPK
1996-cı ildə Atlantada
keçirilən X Yay
Paralimpiya Oyunlarında
iki idman növü üzrə iki idmançı ilə iştirak ediblər. Ümummilli lider Heydər
Əliyev Paralimpiya Oyunlarına yola düşən paralimpiyaçılarımızla
görüşərək onlara uğurlar arzulamışdı.
2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində ümummilli lider Heydər Əliyevin idmançılarımızın təlim-məşq bazasında paralimpiya oyunlarına yolasalma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmançılarımızla görüşü, həmin ərəfədə ulu öndərin paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində yeni, beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında sərəncam imzalanması ölkəmizin idman həyatında böyük dəyişikliklərə və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu. Bunun başlıca səbəbi, hazırda Heydər Əliyev kursunun layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi oldu. Onun MOK-a gəlişindən sonra Azərbaycan idmanının fəth etdiyi zirvələr göz qabağındadır. Bu mənada paralimpiyaçıların da diqqətdən kənarda qalmaması, əksinə, onlara daim qayğının artması özünü yarışların nəticələrində əyani göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarından birində özünü paralimpiyaçıların ən yaxın dostu adlandırıb. Eyni zamanda elə o vaxt Paralimpiya Komitəsinin prezidentinin, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilməsi təşkilati məsələlərdə həmrəyliyin və birliyin nümunəsi oldu.
2008-ci il avqust ayının 28-də Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq paralimpiyaçılar üçün belə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilib. Tədbirdə Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak etmişlər.
Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətini hiss ediblər. Müntəzəm olaraq qələbə qazanmış idmançılarımız, məşqçilərimiz Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunmuşlar. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, idmançılarımız mənzillər, minik avtomobilləri ilə təmin olunurlar.
Paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması daim öz bəhrəsini verməkdədir. Respublikada paralimpiya hərəkatı genişləndirilmiş, onun maddi-texniki bazası gücləndirilmiş və qısa müddət ərzində idman növünün sayı 13-ə çatdırılmışdır.
2014-cü il sentyabrın 27-də beynəlxalq təcrübədə ilk dəfə olaraq ARMPK-nin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Xarici əlaqələr genişləndirilmiş, bir sıra beynəlxalq idman təşkilatları və ölkələrin Milli Paralimpiya komitələri ilə sıx əməkdaşlıq qurulmuş, Beynəlxalq Paralimpiya Komitəsi ilə əlaqələr gücləndirilmişdir.
21 il ərzində Azərbaycan Milli Paralimpiya Komitəsi 6 yay paralimpiya oyunlarında iştirak etmişdir. İdmançılarımız yüksək nəticələr göstərərək 48 medal qazanmışlar ki, onlardan 9-u qızıl, 18-i gümüş və 11-i bürüncdür. İdmançılar arasında 7 Paralimpiya çempionu vardır ki, onlardan İlham Zəkiyev və Oleq Panyutin ikiqat Paralimpiya çempionlarıdır. Bundan əlavə idmançılardan 7 nəfəri dünya, 14 nəfəri Avropa çempionu və 7 nəfər dünya oyunlarının qalibləridir.
Əli SƏLİMOV,
Azərbaycan.- 2017.- 30 aprel.-
S.4.