Şahdağın ətəklərinə su səyahəti

 

Suyun müqəddəsliyi əsrlərdən keçib gələn bir inanc, duyğu və ürək məsələsidir. Harasa səfərə gedənin dalınca su səpər, “yolun uğurlu olsun” deyərlər. Bəzən suyu həyatın özü ilə eyniləşdirənlər də olub. Digər tərəfdən, su kimi təmiz olmağı ulularımız da buyurub. Əbəs yerə deyil ki, minillərin yadigarı olan Novruz çərşənbələrindən biri də su çərşənbəsidir.

Elinin, obasının dəyərini bilənlər Tanrı qisməti olan təbiət nemətlərinin də qədrini bilirlər. Qədir bilinən yerdə isə halallıq olur, birlik olur. 2017-ci il başlayandan bəri dünyanın nəzərləri yenə də yurdumuza yönəlib. Həmişə öz mövqeyi, doğru-düzgün addımları ilə fərqlənən Azərbaycan yeni bir möhtəşəm tədbirin astanasındadır. Bakının evsahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarına az qalır. Növbəti İslamiadanın yüksək səviyyədə təşkil edilib keçiriləcəyi heç kəsdə şübhə doğurmur.

Prezident İlham Əliyevin idmana xüsusi qayğı və diqqəti, İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə zəngin təcrübəsi böyük idman tədbirinin hamını heyrətləndirəcəyini öncədən şərtləndirir.

Aprelin 5-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlamış su səyahəti ölkəmizi qarış-qarış dolaşmaqdadır. Su səyahətinin növbəti dayanacağı Qusardır. Neçə gündür rayon sakinlərini maraqlandıran əsas mövzu bu bayramla bağlı idi. Hamı onun yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verməyə tələsirdi.

Azərbaycanın dilbər guşələrindən olan Qusar Şahdağın ətəyində yerləşir. Qusar vaxtaşırı keçirilən turnirlərə, simpoziumlara evsahibliyi edir.

Qusar rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Dağıstanla həmsərhəddir. Rayonun inzibati mərkəzi Qusar şəhəri Xudat dəmir yolu stansiyasından 35 km aralıda yerləşir. Dağlar və vadilər diyarı olan bu rayonun ərazisindəki Bazardüzü dağı (4466 metr) Azərbaycanın ən uca nöqtəsidir. Rayon ərazisinin 20 faizi meşələrlə örtülüb. Meşələrdə əsasən enliyarpaqlı ağaclar, o cümlədən vələs, palıd və fıstıq bitir. Çayların sahilləri boyunca Tuqay meşələri uzanır. Bu meşələrdə sumax, əzgil, yemişan, zoğal, itburnu, qaragilə və quşüzümü bitir. Dərman bitkiləri və cır meyvələr də geniş yayılıb. Urva kəndinin yaxınlığında yerləşən, sahəsi 7 hektar olan “Əlistan baba” adlı fıstıq meşəsi isə xüsusi mühafizə olunur. Şahnabaz və Laza şəlalələri rayonun bəzəyidir. Bu şəlalələrin yuxarıdan şırıltı ilə axaraq qar kimi ağ köpük yaradan suyunun qeyri-adi mənzərəsi və günəşdə bərq vuran damlaları insanı valeh edir.

Rayonun heyvanat aləmi də zəngindir. Burada ayı, canavar, qaban, dağkeçisi, quşlardan isə qızılquş, bayquş və başqaları daha geniş yayılıb.

Qusarın tarixi abidələri qorunub saxlanılır. Əniğ kəndinin yaxınlığında XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndinin yaxınlığında Şeyx Cüneyd məqbərəsi, Hil, Əniğ, Balaqusar, Yasab, Köhnə Xudat, Gündüzqala və başqa kəndlərdəki qədim məscidlər bu cür abidələrdir. Rayon mərkəzində həmçinin mədəniyyət və istirahət parkı var.

Turizmin inkişafında regionların xüsusi çəkisinin davamlı surətdə artması isə bölgələrdə əhalinin maddi rifah halının yüksəldiyi açıq şəkildə göstərir. Ölkəmizin şimal bölgələri, o cümlədən də Qusar hər zaman turistlərin maraq göstərdiyi ən sevimli məkanlar sırasında yer alıb. Bu rayon nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın çox gözəl guşələrindən biridir. İlin bütün fəsillərində burada səyahətə çıxan minlərlə təbiət həvəskarına rast gəlmək mümkündür. İsti aylarda gözəlliyi ilə göz oxşayan meşələri, qışda pambıq kimi ağappaq qara bürünmüş dağ və dərələri Qusara yolu düşənləri ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa sövq edir.

Dövlət rəhbəri rayonda turizmin potensialının gücləndirilməsinə böyük diqqət yetirir. Yeni-yeni turizm obyektləri tikilir. Prezident İlham Əliyevin tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə, Şahdağ Milli Parkının ərazisində inşa edilmiş “Şahdağ” Qış-Yay Turizm Kompleksi Qusarın turizmin inkişafına böyük diqqətin konkret təzahürüdür.

...Dünən səhərdən başlayaraq rayon mərkəzində canlanma hiss edilirdi. Bayram əhvali-ruhiyyəli qusarlılar bir-birini təbrik edirdilər. Şahdağdan gələn ruh oynadan hava, eləcə də insan səmimiyyəti bu ovqata bir təmizlik qatırdı.

Bir qədər sonra ayrılmış dəstə Laza kəndindəki şəlaləyə doğru üz tutur. “Laza” ləzgi dilində “ağ” mənasını verir. Kənd yaz aylarında dörd tərəfdən ağ rəngli çiçəklərlə örtüldüyündən belə adlandığı güman edilir. Buranın camaatı şən və gülərüzdür. Laza şəlaləsi isə yüzillərin nurunu göylərdən yerə-torpağa qovuşdurur. İdmançılar Karulla Şingərov və Renat Rəhimxanov dağlardan axıb gələn suyu səhəngə süzür. 4-cü sinif şagirdi Mətin Bədəlov su səhəngini başı üzərinə qaldırır.

Rayon sakini Ülviyyə Mustafayeva bizimlə söhbətində ürək sözlərini belə bölüşdü:

- Bu gün doğma Qusar tarixinin ən gözəl və möhtəşəm anını yaşayır. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti özünün Qusar epopeyasını yaşamaqdadır. Rayonda böyüklü-kiçikli hamı bu günü gözləyirdi. Baxın, başımızın üstündə möhtəşəm görkəmi ilə dayanan Şahdağ da sanki bu bayrama sevinir. Ucalıq zirvəsində məkan tutan Şahdağ hamımız üçün bir qələbə arzusu ilə görün necə məğrur dayanıb. Bir də IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin qüdrətini göstərən amillərdən biridir. Vətən bayrağının göylərə ucaldığını görməkdən qürurlu nə ola bilər ki?! Bu həm də gələcəyə inamın daha da güclənməsinə dəlalət edir.

Dilarə Şıxaverdiyeva bayramı sevə-sevə izləyənlərdəndir. O bildirdi ki, digər xalqlardan fərqli olaraq, bizdə suya inanc kimi baxırlar. Həm də su olan yerdə həyat öz axarı ilə gedər. Qoy hamımızın çoxdan səyahətini gözlədiyi su bu yüksəklikdən bütün Azərbaycanın üzərinə səpilsin və həmişə ölkəmiz sayılıb-seçilən olsun.

David İbramxəlilov öz arzularını belə ifadə etdi:

- IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi İslam dünyasının Azərbaycana verdiyi önəmin konkret təzahürüdür. Dinamik inkişafı ilə seçilən ölkəmiz dünyaya sübut etdi ki, bizim xalq hər şeyə qadirdir.

Qusarın elə bir küçəsi tapılmaz ki, orada şənlik səsi duyulmasın. Xalq gəzintisində iştirak edənlər arasında İslam Həmrəyliyi Oyunlarında kimin qalib gələ biləcəyi barədə hətta mərc çəkənlər də tapıldı.

Qusar Olimpiya İdman Kompleksində yerli məktəblilər öz məharətlərini nümayiş etdirdilər. Onların nümunəvi çıxışları tamaşaçılarda xoş ovqat yaratdı. Basketbol, qaçış, qapılara vurulan toplar sübut etdi ki, Azərbaycan gəncliyi sağlamdır, fəaldır və gələcək qələbələr onun imzası ilə olacaqdır.

Axşam saatlarında hamı general Mahmud Əbilovun adını daşıyan meydana tələsirdi. Başdan-başa bəzənmiş meydanda insanlar burada qurulmuş səhnənin ətrafına toplanmışdılar. Fəvvarənin ruh oxşayan şırıltısı çal-çağırı bir qədər də rövnəqləndirirdi. Lazer işıqlandırma ətrafda əlvanlığı daha da artırırdı. İfa edilən mahnılar, gənclərin rəqsləri alqışlarla müşayiət olunurdu.

Tədbirin sonunda qusarlılar atəşfəşanlığı “Yaşasın Azərbaycan!” şüarı ilə qoşalaşdırdılar.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2017.- 30 aprel.- S.8.