“Jara-2017”: musiqinin, dostluğun, sevginin təntənəsi
Bakıda keçirilən möhtəşəm musiqi
festivalı xoş məramı, iştirakçı
kontingenti, zəngin proqramı, yüksək səviyyədə
təşkili ilə fərqlənirdi
İyulun 27-dən 30-dək Bakıda - Xəzərin qumlu sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçirilən “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi oldu. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izlədi. Alla Puqaçova, Sofiya Rotaru, Layma Vaykule, Alessandro Safina, Qriqori Leps, Polad Bülbüloğlu, Lev Leşşenko, Vladimir Vinokur, Valeri Meladze, Filip Kirkorov, Kristina Orbakayte, Nikolay Baskov, EMİN, Oleq Qazmanov, Vera Brejneva, Svetlana Loboda, Ani Lorak və digər tanınmış estrada ulduzlarının iştirak etdiyi bu möhtəşəm musiqi bayramı artıq tarixə çevrildi.
Günəş, dəniz, külək, ecazkar ifa,
coşqun publika...
Hərarətli musiqi, Xəzər sahilinin füsunkar mənzərəsi bir məkanda birləşərək, həm festival iştirakçılarına, həm də tamaşaçılara dörd gün ərzində unudulmaz anlar yaşatdı. “Jara” bu isti iyul günlərində paytaxtımızın mədəni həyatına özünəməxsus hərarət gətirdi: Günəş, dəniz, külək, ecazkar ifa, coşqun publika, xoş ovqat... Festival iştirakçılarının dilində bu sözlər tez-tez səslənirdi.
“Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov:Qonaqpərvərlik, füsunkar təbiət, xoş əhval-ruhiyyə “Jara”ya xüsusi hərarət gətirir.
Vladimir Vinokur: Bakı dünyanın ən hərarətli şəhəridir. Rusiyanın soyuq havası məni bezdirdi. Buna görə də Bakıya, dünyanın ən hərarətli şəhərinə gəldim.
Timur Rodrigez: Günlər günəşli keçir, əsl dəniz havasıdır. Səhnə olduqca gözəl məkanda yerləşir. Bəzən dəniz ön plana keçir. “Jara” isə isti Bakı havasına əlavə hərarət gətirir.
Alla Puqaçova:
Gözəl ölkədə gözəl festival
Sofiya Rotaru: Mən bu yubiley gecəsini
heç vaxt unutmayacağam.
Alla Puqaçova: Gözəl ölkədə
gözəl festival.
Qriqori Leps: Bu möhtəşəm
festivala görə çox sağ ol,
Bakı.
Bu üç qısa
cümlə “Jara-2017” çərçivəsində
yaradıcılıq gecələri keçirilən dünya
şöhrətli müğənnilərin Bakıya və
festivala verdikləri yığcam qiymətdir.
“Jara”da hərarət gündən-günə
artırdı.
Əvvəlcə Sofiya Rotaru, sonra Alla Puqaçova və
Qriqori Leps gecələri... Bənzərsiz ifalar, sürpriz
duetlər, yeni aranjimanlar, maraqlı performanslar, hərarətli
alqışlar...
Bakıya ən çox sevilən
mahnıları ilə gələn Sofiya Rotaru yubiley gecəsinin
Bakıda, bu qonaqpərvər, günəşli şəhərdə
keçirilməsindən çox məmnun olduğunu bildirdi. Onun
bacısı Aureliya Rotaru ilə birlikdə oxuduğu
“Melanxoliye”, EMİN ilə ifa etdiyi “Lavanda” mahnıları
tamaşaçıları ötən illərə
qaytardı. Qlyukoza, Potap və Nastya, Nastya Zadorojnaya,
Valeriya, Àlekseyev,
Ani Lorak, Artik & Asti, Slava, İrina Dubtsova, Jasmin, Timur
Rodrigez, Svetlana Loboda, Lev Leşşenko onun repertuarından digər
sevilən mahnıları səsləndirdilər. Hər ifa, hər mahnı coşqu ilə
qarşılanır, müsbət emosiyalar
aşıb-daşırdı.
“Jara”nın səbirsizliklə
gözlənilən anlarından biri də Alla
Puqaçovanın gecəsi idi. Primadonna Bakıya qədəm
qoyarkən hələ Heydər Əliyev Beynəlxalq
Aeroportunda jurnalistlərə müsahibəsində demişdi
ki, yetmiş illik yubileyi ərəfəsində solo konsert
hazırlamaq planı var və onu hər yerdə təqdim etmək
fikrində deyil, lakin Bakıda hökmən oxuyacaq. Bu, əlbəttə, böyük müğənninin
Azərbaycana hörmətinin ifadəsidir. O, son vaxtlar
qastrollara nadir hallarda gedir, təyyarəyə minmir. Amma deyir ki, Bakıya gəlmək üçün
özündə güc tapıb.
“Jara”nın Alla
Puqaçova gecəsi də gözəl və sürpriz
ifalarla zəngin oldu. Parlaq estrada ulduzları - Maksim Qalkin,
Vladimir Vinokur, Oleq Qazmanov, Ani Lorak, Filip Kirkorov, Kristina Orbakayte,
Stas Mixaylov, Dima Bilan, Valeri Meladze, Qlyukoza, Layma Vaykule, Aleksandr
Panayatov, Emiliya Yaqubova və başqaları Alla
Puqaçovanın mahnılarını həmin gecə
xüsusi şövqlə səsləndirdilər. “Sea Breeze” istirahət mərkəzindəki ab-hava,
yüksək musiqi duyumuna malik auditoriya onları sanki vəcdə
gətirmişdi. İfaçılar
sonradan jurnalistlərə müsahibələrində bu məqamı
xüsusi vurğulayırdılar.
Nəhayət, Qriqori Lepsin
yaradıcılıq gecəsi... Onu cəsarətlə “Jara”nın zirvəsi, kulminasiyası adlandırmaq
olar: həmin gecə bir-birindən gözəl 50-dən
çox ifa, duet səsləndi, konsert məkanına
toplaşmış minlərlə tamaşaçı bənzərsiz,
bəlkə də heç yerdə görmədikləri
performansların şahidi oldu. Bu ifalar Rusiya
estradasında Qriqori Leps məktəbini parlaq şəkildə
təcəssüm etdirirdi. Yorulmaz Leps, demək olar, səhnədən
çıxmır, sanki bu konsertə ürəyini qoyurdu. O,
eləcə də Vaxtanq Kikabidze, Stas Mixaylov, Aleksandr
Marşal, Soso Pavliaşvili, Diana Arbenina, Dima Bilan, Vladimir
Presnyakov, EMİN, Valeri Meladze, Sergey Lazarev, Nərgiz, IOWA və
MBAND qrupları gecədən xeyli keçənədək
oxudular.
Leyla Əliyeva
“Jara-2017”nin fəxri qonaqları
sırasında
Festival çərçivəsində
keçirilən yaradıcılıq gecələrinin fəxri
qonaqları sırasında Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın olması “Jara”ya xüsusi
ab-hava gətirmişdi. Aparıcı ona belə bir sualla müraciət etdi:
“İnsanlar sadəcə heyrət içərisindədirlər.
Bütün artistlər deyirlər ki, burada
özlərini evlərindəki kimi hiss edirlər. Siz
buna necə nail olursunuz?”. Leyla xanım
sualı belə cavablandırdı: “Bura Bakıdır, həmişə
olduğu kimi, hərarətli və mehriban, ən
başlıcası isə xeyirxah insanlar. Əlbəttə,
hamı birdir - burada yaşayanlar da, buraya qonaq gələnlər
də. Bugünkü axşam sevgi ilə
doludur. Buna görə çox sağ
olun. Hamınıza təşəkkür edirəm,
xoşbəxtlik, firavanlıq, möhkəm
cansağlığı, sevgi arzulayıram. Çox sağ olun ki, bu gün burada bizimləsiniz. Bu axşam bizim hamımıza görə, burada
iştirak edən hər kəsə görə çox
gözəldir”.
Doğrudan da, “Jara”nın
hər günü gözəl keçdi. O, əsl musiqi
bayramına, dostluğun, sevginin təntənəsinə
çevrildi. Əlbəttə, festivalın
festivalı təkcə bununla bitmir.
Azərbaycan-Rusiya
dostluğuna dəyərli töhfə
Hazırda çoxsaylı
yay musiqi festivalları keçirilir. Lakin əminliklə
demək olar ki, “Jara” musiqi aləmində əlamətdar hadisəyə
çevrilməkdədir. Bu, strateji tərəfdaşlar
olan Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin
möhkəmlənməsinə, humanitar əlaqələrin
genişlənməsinə töhfə verir. Musiqi
bayramının ölkəmizin iqtisadi həyatı
üçün də xüsusi önəmi var. Səkkiz
yüzdən çox musiqiçinin qatıldığı
möhtəşəm festivalı izləmək
üçün Azərbaycana gələn çoxsaylı
qonaqlar ölkəmizdə turizm üçün
yaradılmış şəraitlə də yaxından tanış olur, paytaxtımızın və
regionlarımızın inkişafını öz gözləri
ilə görürlər. Bu da Azərbaycan həqiqətlərinin
və ölkəmizin turizm potensialının təbliği
baxımından olduqca faydalıdır.
“Jara”nın təşkilatçıları
deyirdilər: “Əlbəttə, dövlət səviyyəsində
kömək olmadan bu miqyasda musiqi tədbirini təşkil etmək
mümkün deyil”. Onlar göstərilən
yüksək diqqətə və dəstəyə görə
Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım
Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını
bildirirdilər.
Bu festival musiqi və mədəniyyət
bayramı olmaqla yanaşı, digər mühüm bir məqamı
da nümayiş etdirirdi. “Jara” həm də Azərbaycanla Rusiya
arasında son illər bütün sahələrdə dinamik
inkişaf edən, o cümlədən humanitar sahədə
genişlənən münasibətlərin göstəricisi
kimi xarakterizə oluna bilər. Rusiyanın
məşhur “ulduzları” Azərbaycana sevgilərini bu
sözlərlə ifadə edirdilər.
İosif Priqojin: “Jara” festivalı
Rusiya ilə Azərbaycan arasında mədəni
körpüdür. Bu, iki ölkə arasında
mədəni əlaqələrin inkişafı
baxımından çox vacibdir. Musiqi
insanları birləşdirir.
Qriqori Leps: “Jara” Azərbaycanın
yüksək səviyyəli qonaqpərvərliyinin tərənnümüdür.
Festival xarici qonaqlara Azərbaycan mədəniyyətini
təqdim etməklə yanaşı, çoxsaylı yerli
musiqisevərləri məşhur ulduzlarla yaxından təmas
qurmaq imkanı yaradır. Xəzərin
sahilində təşkil edilən festival üçün hər
kəsə təşəkkür edirəm. Böyük rəğbətlə qarşılanan
“Jara” festivalı həm də Azərbaycan-Rusiya humanitar əlaqələrinin
möhkəmlənməsinə töhfə verir.
Vera Brejneva: Bu layihə müxtəlif
millətlərə mənsub insanları bir yerə, bir
auditoriyaya toplayır. Deməliyəm ki, Azərbaycan
musiqisi çox güclü və emosional təsirə
malikdir. Bakı
tamaşaçısının böyük
marağını, isti münasibətini də xüsusi qeyd
etmək istərdim. Bu, əslində
musiqinin təntənəsidir.
Qlyukoza: “Jara” Azərbaycan-Rusiya
dostluğunun tərənnümüdür, əsl musiqi
bayramıdır. “Jara” bu günədək
iştirak etdiyim festivallar arasında öz möhtəşəmliyi
ilə seçilir. Musiqi sərhəd
tanımır. Biz öz ifamızla
insanları dostluğa, sülhə səsləyirik.
Vurğulamaq yerinə
düşər ki, festival Azərbaycan həqiqətlərinin,
ölkəmizin turizm potensialının təbliği
baxımından da mühüm əhəmiyyət
daşıyır.
Hamı Bakıya
gəlmək istəyir
Son illər Azərbaycanın beynəlxalq
tədbirlərə uğurla ev sahibliyi etməsi,
sorağı bütün dünyaya yayılan tolerantlıq
mühiti ölkəmizə marağı daha da artırır.
Azərbaycana gələn turistlər,
çoxsaylı qonaqlar bütün bunları xüsusi qeyd
edirlər. “Jara” festivalının
iştirakçıları da eyni fikirdədir:
Potap və Nastya: Bakıda
özümüzü doğma evimizdəki kimi hiss edirik.
Ümidvarıq ki, festival gələn il də
keçiriləcək və biz qonaqpərvər Bakı sakinləri
ilə yenidən görüşəcəyik. “Jara”
xalqları, insanları dostluğa səsləyən
festivaldır. Bizim də arzumuz odur ki,
dostluq, qardaşlıq zəfər çalsın.
Anita Tsoy: “Bakını çox sevirəm.
Ailəm də buradadır, artıq Xəzərin
sahilində dincəlir. Ötənilki
qonaqpərvərliyə görə bir daha təşəkkür
edirəm.
Oleq Qazmanov: “Heydər Əliyev Beynəlxalq
Aeroportuna qədəm qoyduğumuz andan isti və səmimi
münasibətlə qarşılaşdıq. Əgər
Bakı bizi sevirsə, biz niyə bu şəhəri, bu
mehriban insanları sevməyək? Buradakı
hər bir konsertim yaddaşımda unudulmaz anları ilə
qalıb. Azərbaycan xalqı musiqini sevir
və qiymətləndirir”.
Kristina Orbakayte: Bakı hər dəfə
fərqli görünüşü, durmadan inkişafı ilə
məni təəccübləndirir. Məşhur
memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzi
arxitekturası ilə bütün dünyaya səs salıb.
Mən də oğlumla gedib baxmaq istəyirəm.
Bakıda görməli yerlər çoxdur.
Bu dəfə şəhəri başdan-başa
gəzmək fikrindəyəm.
Gələn il görüşənədək...
Beləliklə,
tamaşaçılar yayın qızmar, bir qədər də
küləkli dörd günündə, sözün əsl mənasında,
“Jara” hərarətini yaşadılar. Builki festival onu da
göstərdi ki, “Jara” təkcə paytaxtımızın
sakinlərində deyil, dünyanın müxtəlif guşələrindən
musiqi həvəskarlarında da böyük maraq oyadıb.
Festivalın sonuncu günü təşkilatçılar
- müğənni və bəstəkar Emin Ağalarov,
Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye
radio"nun və "Qızıl qrammofon"
mükafatının təsisçisi Sergey Kojevnikov indidən
hər kəsi gələn il keçiriləcək festivala dəvət
etdilər.
“Jara-2017” Azərbaycan
Dövlət Televiziyasında və Rusiyanın Birinci
kanalında yayımlanacaq, 150 milyon televiziya
tamaşaçısına da unudulmaz anlar yaşadacaq.
EMİNin dediyi kimi, “Jara”
artıq böyük musiqi platformasına çevrilib. Hər
kəs bu bayramın bitməməsini, davam etməsini istəyir,
çünki bu hisslər heç nə ilə müqayisə
oluna bilməz.
Azərbaycan.-
2017.-1 avqust.- S.6.