Fəttah Heydərov: “Azərbaycan mədəniyyət
və incəsənət sahəsində də dünyaya örnək ola
bilər”
Qəbələ Beynəlxalq Musiqi Festivalı son zamanlar Azərbaycanda ənənəvi keçirilən mühüm tədbirlərdən birinə çevrilib. Bu festival Heydər Əliyev Fondunun çox uğurlu layihələrindən biridir. Çox şadam ki, dünyada kifayət qədər tanınan və sevilən, canlı ifalarının dinlənilməsi hər vaxt mümkün olmayan korifey sənətkarlar Qəbələ festivalının iştirakçısı olur, gözəl konsertləri ilə yerli və xarici tamaşaçıların zövqünü oxşayırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib.
Milli Məclisin deputatı bildirib ki, Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmaq imkanı yaradır: “Müxtəlif ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi IX Qəbələ Beynəlxalq Musiqi Festivalında səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri böyük tamaşaçı marağına səbəb olur. Festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi ab-hava hökm sürür”.
Festivalda musiqiçilərin gözəl ifalarından və yaddaqalan çıxışlarından danışan Fəttah Heydərov bu tədbirin gözlənildiyi kimi böyük marağa səbəb olduğunu bildirib. “Buraya gələn xarici qonaqlar ölkəmizin inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti, milli musiqimiz, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Yerli və xarici musiqiçilər və tamaşaçılar bir-biri ilə ünsiyyət qurur, xalqlar arasında mədəni əlaqələrə töhfə verən qarşılıqlı təcrübə və yaradıcılıq söhbətləri aparırlar. Festival onu göstərir ki, Azərbaycan hər sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də dünyaya örnək ola bilər. İstedadlı xalqımız bu dəfə də nəyə qadir olduğunu yüksək səviyyədə sübut edir və ölkəmiz belə yüksək səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəsi və ənənəsi olan dövlətlərdən heç də geridə qalmadığını göstərir. Azərbaycanlılar həmişə sülh, tərəqqi istəyən bir xalq olub”.
Milli Məclisin deputatı Qəbələdə
beynəlxalq musiqi festivalının
keçirilməsinin təşəbbüskarı olan Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya mədəniyyətimizə,
milli musiqimizin
inkişafına, bu sahədə ölkəmizin
dünyada tanınması işinə
daim qayğı göstərdiyi üçün minnətdarlıq edib. “Sizi əmin
edirəm ki, Heydər Əliyev Fondunun uğurlu layihələrindən
olan bu beynəlxalq musiqi festivalı hələ uzun
illər keçiriləcək, Qəbələ
dünyanın mədəniyyət mərkəzinə
çevriləcək və burada bəşəriyyətin
ən gözəl klassik əsərləri
korifey sənətkarların
canlı ifasında dinləniləcək”.
Azərbaycan.-
2017.- 1 avqust.- S.7.