Dövlətimizin çiyindaşı

 

Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin xalqımız üçün miras qoyduğu ən böyük dəyərdir. Həm də bu dəyər sadəcə söz deyil. Müstəqillik xalqımızın nəbzi ilə vuran həyatı və fasiləsiz tərəqqi prosesidir. Axı, dövlət də canlı bir orqanizmdir, bütün xalqın əlbir və gündəlik işidir. Məhz işidir, çünki dövləti sevmək, ilk növbədə onu qorumaq və güclü etmək mənasına gəlir.

Hər kəs dövlətimizə öz imkanı və qabiliyyəti dairəsində xidmət göstərir. Bu işin böyük-kiçiyi yoxdur, bir şərtlə ki, içində yaşadığın bütöv cəmiyyəti, onun dərdi-sərini, problemlərini, hətta sıravi nəfərlərini də sevəsən, ona ürəkdən çiyindaş olasan. Onda hamımızın taleyi və güvənc yeri olan müstəqil Azərbaycanımız da qol-budaq atıb ucalacaq. Təsadüfi deyil ki, son on beş illik həyatımız müstəqilliyə səmimi xidmətin canlı timsalını da yaradıb. Bu timsal həm də bir Azərbaycan anasıdır.

Hesab edirəm ki, analıq bu timsalın dəyərə gəlməyən bir zinətidir. Bu xanımın ən böyük məziyyəti bağlı qapılar açan, talesizlərə tale bəxş edən gücü, qüdrəti, qəlbindəki qədərsiz sevgidir. Bu sevginin kökləri dərindədir. Özü də əzizlərinin, doğmalarının və onu sevənlərin sonsuz məhəbbətindən yaranıb ərsəyə gəlib. O biri tərəfdən, bu örnək bütün cəmiyyətimizin misilsiz məhəbbətini fəth edən, onun zərif vücudunda özünə yer edən əfsanəvi sevginin bəhrələridir. Əlbəttə, burada zəka da, zəhmət də, ardıcıllıq da, rəftar və inandırma mədəniyyəti də var, amma bunların hamısını mən elə o insani məhəbbətin qətrələri və təzahürləri kimi görürəm.

Mehriban xanım örnəyi...

Siyasət, onun uğurları bu yöndə çalışanların şəxsi nüfuzu, siyasi ustalığıdır. Mehriban xanım Əliyeva ölkənin birinci xanımı olaraq böyük humanitar və ictimai fəaliyyət göstərib. Onun bu qədərsiz zəhməti insanların gözü qabağında olub, insanlarla təmaslar, görüşlər və yerlərdə vəziyyətin səbirlə öyrənilməsi, onların ağrılı problemlərinə səmimi müdaxilə və hər cür yardımlar formasında keçib. Getdikcə bu, cəmiyyətimizin və dövlətimizin böyük bir ümummilli reallığına çevrilib. Dövlət və dövlətçilik maraqları bu amildən, nəhəng şəxsiyyət amilindən istifadə etməli idi və etdi. Mehriban xanım Əliyeva insanlarımız naminə böyük və çoxcəhətli fəaliyyət miqyasına uyğun rəsmi kürsü qazandı. Bu, ilk növbədə, indiyədək onun gördüyü real işlərin, geniş fəaliyyətin, böyük zəhmətin ədalətli nəticəsi olaraq başa gəldi.

Bunun ümdə səbəbini Mehriban xanımın insanlara münasibətində, onlarla dil tapmaq bacarığında görürəm. Bunun əsli - sadə insanlara məhəbbətdir, onlara bağlılıqdır. Belə bağlılığın nəticəsində rəsmi mövqeli bir ananın hər bir işi, hətta bu işlərin ən xırda görünəni də sosial təsir yaradır, insanların qəlbində, yaddaşında iz qoyur. Deyərdim ki, ilkin niyyət olmadan bunlar sosiallaşır və cəmiyyət üçün vəzn kəsb edir. Bu ananın obrazı adamların qəlbində yuva salır, doğmalıq və güvənc yaradır. İnsanlar onu yaxın himayədar, ümid yeri, səmimi bir dayaq, köməkdaş kimi görürlər. Xalq, sadə insanlar, xüsusilə cəmiyyətimizin problemli məqamları ilə ünsiyyətdə yaranan belə münasibət populyar insana sosial rəğbətin ən güclü şəklidir. Belə sosial rəğbət bütün sahələrdə müsbət bəhrələr verir, bizi insani dəyərlər ətrafında birləşdirir. Sosial güvənc hissi yaradır, bir sözlə, həm də fərdlərə və topluma yaşamağa, sabaha ümidlə baxmağa, öz cəmiyyətinə daha sıx bağlanmağa kömək edir. Son nəticədə cəmiyyətlə dövlətin münasibətlərində qarşılıqlı təsir amilinə də çevrilə bilir.

Mehriban xanımın taleyində də belə oldu. İnanıram ki, o heç zaman özünü siyasətdə görməyib və buna can atmayıb. Amma onun insanlara böyük məhəbbəti, onların taleyində və problemlərində səmimi iştirak etmək istəkləri öz-özünə onun gördüyü böyük və kiçik işləri siyasiləşdirdi, insanların nəzərində onun böyük sosial güvənc obrazını yaratdı və Mehriban xanımın siyasi işlərlə birbaşa məşğul olması ilə nəticələndi.

Bu, bəlkə bəziləri üçün gözlənilməz bir nəticədir. Amma Mehriban xanımın son on beş illik fəaliyyətini birər-birər araşdıranda aydın olur ki, onun taleyindəki dönüş - böyük həvəs və məhəbbətlə gördüyü işlərin, xalqımızla və insanlarımızla gündəlik təmasların, ürək səsi ilə irəlilədiyi yolun qanuni və təbii bir hissəsidir. Bu hissə yoxuşdur, üzü yuxarıdır. Yükü və məsuliyyəti daha ağır və şərəflidir. Bu gün daha böyük uğurlara Mehriban xanıma rəğbət bəsləyən milyonlarla insanın heç birində şübhə yoxdur. Bir hədisdə deyildiyi kimi: məhəbbətlə get, ürəyini eşit. Ölkəmizin birinci xanımı həmişə belə gedib həyat yolunu. Bundan sonra da belə gedəcək, qanad verən el məhəbbəti ilə, ürəklərə təpər bağışlayan böyük lütfkarlıq və sonsuz inamla!

Bu, əlbəttə, cəmiyyətimizin, insanlarımızın, böyüklü-kiçikli problemlərimizin həlli xeyrinədi və biz bunu getdikcə daha böyük miqyasda görəcəyik. Adi bir gerçəyi araşdırmaq olar: öz problemləri ilə məhz Mehriban Əliyevaya müraciət edən insanların sayı insan hüquqları ilə məşğul olan qurumlara müraciətlərdən heç də az deyildir. Bu nədir və niyə belədir? Mən qəlbimlə bunu çox yaxşı anlayıram, bu, insanların misli-bərabəri olmayan etimadı, onun əli ilə minlərlə insanın ülvi inamıdır. Amma sosial fenomen kimi bunu izah etmək mütəxəssislərin üzərinə düşür. Yəqin ki, böyük Allahımız da sevdiyi bəndəsinə bundan daha böyük heç nə bəxş edə bilməz. Buna Allah payı da, tale payı da demək olar. Səni görməyən, tanımayan on minlərlə insan sənə inanır, sənə pənah aparırlar. Bu, bəlkə də mistik görünə bilər. Lakin gözlərimiz önündə baş verən reallıq və gerçəklikdir. Bu gün həmin gerçəklik vətəndaşla dövlət arasında etimadın güclü amilinə, mən deyərdim ki, sosial nikbinlik mənbəyinə, sadə adamların öz dövlətinə güvənc yerinə çevrilib.

Vətənpərvər insanlar taleyin töhfələrindən özləri üçün deyil, xalq üçün, toplumlar və dövlət üçün istifadə edirlər. Çünki onların tale missiyası, ömür hədəfi adamlara xidmətdir, ehtiyacı olanlara əl tutmaqdır. Bizim birinci xanım təkcə taleyin qismətləri ilə kifayətlənsəydi, o, əsl Mehriban Əliyeva olmazdı. O, yaradıcı və qurucu bir iradə sahibidir. Bütün titullar, adlar, vəzifələr də əslində ona bu iradəni gerçəkləşdirmək, insanların xidmətinə vermək üçün gərəkdir.

Mehriban xanımın işgüzarlığı ulu öndər Heydər Əliyevin ideyalarından güc alır, iş üslubunu xatırladır. Əlbəttə, onların dövlətçi simaları fərqlidir. Amma daxilən onların xalq üçün işləmək, azərbaycançılıq bayrağını ucaltmaq əzmkarlığında böyük bir bənzərlik vardır. Bu bənzərliyin ən görünən tərəfi dövlət quruculuğunda, firavan gələcək naminə ən müasir təhsilə və mədəniyyətin tərəqqi potensialına əsaslanmaqdır. Xalqın tərəqqisi - müasir məzmunlu təhsildən və qədimlərdən gələn mədəniyyətimizin mənəvi potensialından güc alır, bunların vəhdətindən ərsəyə gəlir.

Heydər Əliyev Fondunun yarandığı gündən aparıcı bir fəaliyyət sahəsi var: bu, təhsil və geniş mənada sosial tərbiyə məsələləridir. Həmin məsələlər əslində xalqımızın gələcəyini qurmağın və yaratmağın əsas istiqamətləridir və aydındır ki, hər bir dövlətin, hər bir cəmiyyətin bundan önəmli hədəfi yoxdur. Texnoloji və informasiya sıçrayışları cəmiyyətlərin fəaliyyətini get-gedə mürəkkəbləşdirir. Bu da öz növbəsində keyfiyyətli təhsil və sosial tərbiyə prosesini mürəkkəbləşdirir, dövlətin daha böyük və daha səmərəli müdaxiləsinə ehtiyacı artırır. Bu ehtiyac bütün dövrlərdə böyük olub, amma qloballaşan və informasiya texnologiyalarına daha çox əsaslanan müasir cəmiyyətdə buna ehtiyac qat-qat artır. Ona görə ulu öndərin başladığı təhsil reformalarını əzmlə davam etdirmək zəruridir. Heydər Əliyev Fondu bu işə neçə illərdir nadir töhfələr verir. İlk növbədə, təhsilin maddi bazasına, onun keyfiyyətinə və dünya ilə əlaqələrinə diqqət yetirir.

İnformasiya texnologiyaları müəyyən mənada, dünyada təhsili də vahid meyar və proqramlara tərəf təmərküzləşdirir. Bu istiqamətdə də Heydər Əliyev Fondu bizim elm və təhsilimizə, mən deyərdim ki, bütün ictimai düşüncəmizə dünya ilə informasiya mübadiləsi aparmağa istiqamət verir. Digər tərəfdən, qabaqcıl informasiya və innovasiya sahələrinə inteqrasiya üçün elmi, yaradıcı, ictimai fikrimizə misilsiz yardım göstərir. Müasir humanitar, mədəni və sosial düşüncənin ən aktual problemlərinə dair beynəlxalq tədbirlər, forum və seminarlar, dialoq meydançaları yaradır və buna misilsiz enerji sərf edir. Bu, uzaqgörən və son dərəcə gərəkli bir fəaliyyətdir. Ona görə ki, cəmiyyətlərin, dövlətlərin tərəqqisi konkret insanlardan və təzə ideyalardan başlanır. Qabaqcıl informasiyanın dövlətin gücünə çevrilməsi müasir bilik və təcrübədən istifadə yolu ilə gerçəkləşir. Heydər Əliyev Fondu səs-küysüz, amma təkidli bir ardıcıllıqla ölkəmizin informasiya və bilik açıqlığını yaradır, mədəniyyətlərin dialoqundan zənginləşməsini təmin edir. Güman edirəm ki, bu da sosial tərəqqinin və quruculuğun bir sahəsidir. Və Mehriban xanımın bu sahədəki işləri bizim ictimai rəyi və sosial tərbiyə təsisatlarımızı qabaqlayır və arxasınca aparır. Biz təhsil işçiləri buna görə ona minnətdarıq.

Heydər Əliyev irsinin ən önəmli tərəfi olan belə quruculuq üslubu xarici siyasətdə də işləyir. O mənada ki, dünyaya inteqrasiya bircə dövlətin iqtisadi və siyasi gücü ilə etiraf oluna bilmir. Xalqlar və dövlətlər birliyinə indiki mərhələdə çoxəsrlik mədəniyyət yaratmış tarix kimi, bu mədəniyyətin gerçək daşıyıcısı kimi daxil olmaq və etiraf olunmaq olar. Həm də milli mədəniyyətlərin, əslində, etirafa ehtiyacı yoxdur, o, həmişə bəşəri dəyərlərin bir hissəsi və həlqəsidir. Və bunun görünməsi, nümayişi xalqların ən böyük etirafıdır. Ona görə Mehriban xanım Qərb ölkələrindən hansına getsə, ondan əvvəl, ondan qabaq sərhədləri aşan Azərbaycan mədəniyyəti olur. Onun xarici səfərlərinin söz sahibləri mədəniyyətimizin nailiyyətləri, onun humanist, bəşəri məzmunu, korifeyləri olur. Onlar da diplomat işi görürlər, amma mədəniyyət dəyərlərimizdən istifadə edərək görürlər. Milli mədəniyyətin məşhur olması elə dövlətin və onun xalqının tanınan olmasıdır. Azərbaycanın UNESCO xətti ilə Fransada, Vatikanda qurduğu əlaqələr, onların əməkdaşlıq potensialı xarici siyasətimizin nailiyyətləridir. Deyərdim ki, tarixi nailiyyətləridir. Paris Qərb mədəniyyətinin mədəni paytaxtıdır: Azərbaycan mədəniyyətini orada təqdim edən hər bir tədbir, layihə, təqdimat inteqrasiyada bir addımımızdır. Bunun qədrini bilmək, bunu davam etdirmək lazımdır. Bunların milli-tarixi mənasını anlamaq bəzən sarı mətbuat, onun qərəzli qələmçiləri üçün çətin olur. Xalqı qaldırmaq, dövləti ucaltmaq asan bir şey olsaydı dünyada bu qədər problem olmazdı. Həm də tarixin yaddaşı möhkəmdir, orada böyük işlər və nəticələr heç vaxt itmir və itməyəcək. Xalqımızın sağlam düşüncəsi də bunun təminatı olacaq həmişə. Bütün bunlar Azərbaycanın yeni mədəni və siyasi xəttinin əsas strategiyasıdır. Və nəticələrə diqqət yetirərkən Prezident

İlham Əliyevin və Mehriban xanım Əliyevanın xarici mədəniyyət siyasətinin heyranedici və möhtəşəm təqdimatının ürəkaçan reallığı görünür. Bu reallıq doğma Vətənimizin yeni beynəlxalq incisidir! Bu, azad, müasir çoxmədəniyyətli dövlət incisidir. Ölkəmizin Avropanın ayrılmaz hissəsinə çevrilməsi faktıdır! Bu faktın yaranmasında Birinci vitse-prezident Mehriban Əliyevanın ardıcıl fəaliyyəti, misilsiz mədəniyyət səfiri olmaq bacarığı həlledici rol oynamışdır.

Mehriban xanım Əliyevanın adı artıq dünyanın görkəmli lider qadınları sırasındadır. Özü də taleyin ona nə kimi gələcək hazırlamasından asılı olmayaraq... Onun izi diplomatiya dünyasında da qalacaq. Birinci vitse-prezident sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfələr verir. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir, Avropanı Asiyada və öz vətənində təmsil edir. Birinci xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Avropada islam-xristian dialoqunda böyük rol oynamağa başlayıb. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat yardım edir. Azərbaycanın özündə Heydər Əliyev Fondunun təşəbbüsü ilə məscidlər, sinaqoqlar, katolik və pravoslav kilsələri təmir edilir.

Digər tərəfdən, Mehriban xanım Prezident İlham Əliyev tərəfindən aparılan zəruri islahatları fəal himayə edir. Həyat göstərir ki, buna da ciddi ehtiyac var. Xüsusilə ən ağır olan sosial sahələrdə. Buradakı işlər insan amili, müxtəlif təbəqələrin və qrupların maraqları ilə bağlıdır. Digər tərəfdən, sosial problemlər həyatın özüdür, daim yeni problemlərin ortaya gəlməsi prosesidir. Burada həmişə külli miqdarda görülməli iş var. Amma bu işlər o vaxt uğurla görülür ki, onları xoş məramla, insanlara qayğı ilə, onların dərdi-sərini nəzərə alaraq həll edəsən, sosial ədalət prinsipini gözləyəsən. Mehriban xanımın bu sahədə təcrübəsi də, səriştəsi də kifayət qədərdir. Üstəlik, insanlarımızın ona etimadı da, ədalətinə inamı da mühüm amildir.

İslahatları başlamaq və sona çatdırmaq misilsiz dövlətçilik bacarığı tələb edir. Bu dünyanın bütün ölkələrində belədir. Həyat çox sürətlə dəyişir və dövlət də bunlara vaxtında reaksiya verməli, ortaya gələn problem və çağırışlara vaxtında münasibət göstərməlidir. Bu, milli tərəqqimizin fasiləsizliyi və sürəti üçün zəruridir. Mehriban xanımın təşkilatçılıq bacarığı, insanların problemlərinə həssaslığı, ardıcıllığı onun bu prosesdə iştirakını çox səmərəli edir. Digər tərəfdən, onun adı ilə bağlanan işlərə insanlarda rəğbət və etimad da kifayət qədərdir. Bu, ölkə həyatının bütün sahələrində gedən yeniləşmə proseslərinin cəmiyyətdə uğurla başa çatacağına inam yaradır.

Azərbaycanın Birinci vitse-prezidenti bu qənaətdədir ki, qadın hüquqlarının qorunması hər bir cəmiyyətin inkişafı və sağlam gələcəyi baxımından son dərəcə vacibdir. Güclü qadın övladının mənəvi tərbiyəsində, cəmiyyət üçün layiqli insan və kamil şəxsiyyət kimi yetişməsində, dünyaya yetkin baxışının formalaşmasında mühüm rol oynayır. Bu baxımdan qadınlara geniş hüquqların verilməsi, onların cəmiyyətdə layiqli yerinin təmin edilməsi, ilk növbədə, sağlam nəslin formalaşması, xalqın genetik saflığının qorunub saxlanması baxımından vacibdir. Qadınlara özünütəsdiq imkanı yaratmaq, onların qabiliyyət və bacarığından səmərəli şəkildə istifadə etmək sağlam gələcəyini düşünən hər bir dövlətin əsas vəzifəsidir.

Bu gün YAP-ın sədr müavini kimi Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də Azərbaycan qadınının üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasına, onların cəmiyyətdə öz layiqli yerlərini tutmasına yönəlmişdir. Bu fəaliyyət qadınlarımız tərəfindən böyük rəğbətlə, ehtiramla qarşılanır, onların YAP-a, ölkə iqtidarına, Prezident İlham Əliyevə inamını daha da artırır.

Qarabağ problemi dövlətimizin ən ağrılı fəaliyyət sahələrindən biri olaraq qalır. Prezident İlham Əliyevin bu məsələdə dəyişilməz mövqeyi qətidir: problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Bu, dövlətimizin dəyişməz rəsmi mövqeyidir. Prezident

İlham Əliyevin siyasəti xalqı dövlət ətrafında yumruq kimi birləşdirməkdir. Bu birlik həm xalqın təhlükəsizliyi ilə bağlıdır, həm də kəmfürsət düşmənə qarşı zəruridir. Aprel döyüşlərində bu yumruğun gücü də ortaya qoyuldu və yarılmış düşmən cəbhəsində indiyəcən davam edən çaşqınlığa səbəb oldu. İndi ermənilər yeni müttəfiqlər, “ittifaqlar” və qarantiyalar gəzirlər. Böyük dövlətlər onlara şirin vədlər verir. Bu vədlər həmişə olub. Amma aprel döyüşləri göstərdi ki, Ermənistan gec-tez öz cinayətlərinin cəzasını alacaq. Heç bir müttəfiq bunun qarşısını ala bilməyəcək. Dara düşmüş Ermənistan Azərbaycanın iqtisadi və hərbi qüdrəti qarşısında öz acizliyini getdikcə daha yaxşı anlayır. İndi hər cür fitnəkarlığa əl atır. Amma bu fitnələr Prezident

İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti qarşısında gücsüzdür.

Dağlıq Qarabağ problemi və onun nəticələri dövlətimizin ən çox diqqət və maddi vəsait sərf etdiyi məsələdir. Söhbət təkcə hərbi işə, orduya qayğıdan getmir. Konfliktin səngiməsindən iyirmi ildən artıq vaxt keçir. Amma bir milyonluq qaçqın və məcburi köçkünlər ordusunun problemləri dövlətimizin daimi diqqət mərkəzindədir. Fikir verin: Prezident İlham Əliyev 2003-2017-ci illərdə bu haqda 55 fərman və sərəncam imzalayıb!

Mehriban Əliyeva Birinci vitse-prezident təyin olunandan sonra keçirdiyi ilk iri müşavirə də qaçqın və köçkünlərin problemlərinin həlli ilə bağlı idi. Həmin müşavirədə xatırlandı ki, son on beş ildə qaçqınlar üçün 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Amma Birinci vitse-prezident kürsüsünə təzəcə gəlmiş Mehriban Əliyeva ilk müşavirəni elə bu məsələyə həsr etdi. Nə üçün? Ona görə ki, söhbət bir milyon sadə insanın dərdi-sərindən gedir. Mehriban xanım qaçqınların problemlərini daxildən bilir, insanlarla konkret ünsiyyətdən anlayır. Hələ nə qədər işlər görülməli olduğunu rəqəmsiz və kağızsız da dərk edir. Və görüləcək işlərin əsas istiqamətini də çox düzgün təyin edir.

Dövlət adamının, xalq adamının nüfuzu da buradan yaranır. Həqiqəti görməkdən və deməkdən yaranır. Yığıncaqlarda Mehriban xanım bütün hesabatları səbirlə dinləyir, amma bütün hallarda onun özünün vəziyyət haqqında məlumatı daha konkret və dəqiqdir. İlk sualından, qeydindən, ilk məsləhətindən bu görünür. Böyük səlahiyyətli rəsmiləri dinləyib öz sözünü deyir: Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də həmin məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıtda yararsız, qəzalı binalarda yaşayan köçkünlər tezliklə yeni mənzillərə köçürülməlidir. Buna əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə onların tikintisinə başlanmalıdır. Müşavirənin hədəfi elə budur, insanlara konkret işləri təşkil etməklə yardımçı olmaq.

Bəli, konkret işlər təşkil ediləndən sonra yerli icra orqanlarının imkanlarına da baxmaq olar və lazımdır. Ona görə Mehriban xanım tələb edir ki, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınsın. Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir.

Birinci vitse-prezidentin ilk müşavirələrindən biri də aprel döyüşlərində iştirak edən, yaralanan əsgərlərimizin problemlərinə həsr olunmuşdu. Bu, bizim ictimai rəyimiz üçün köklü əhəmiyyəti olan bir məsələdir. Həm əsgər ailələri, həm bütün gəncliyimiz, həm ordumuzun şəxsi heyəti cəmiyyətin və dövlətin səmimi qayğısını, şəhidlərimizin müqəddəs ruhuna ümumi pərəstişi hər addımda hiss etməlidir. Onlar bizim qürur yerimizdir. Hər azərbaycanlı övladı onlara pərəstişlə böyüməlidir və böyüyür. Qisas qiyamətə qalmaz və qalmayacaq. Gec-tez biz torpaqlarımızı geri alacağıq və bu qələbənin bayraqdarı şəhidlərin qalib ruhu olacaq.

Bu gün, bir sözlə, Mehriban xanım Əliyeva görkəmli yazıçı Mir Cəlal Paşayevin təməlini qoyduğu “Bir gəncin manifesti” missiyasını davam etdirərək xoşbəxt Azərbaycan gəncliyinin manifestini yazır. Bütün əsgərlərimizə, ümumiyyətlə, gəncliyimizə mənəvi ucalıq aşılayır ki, buna qarşı da dünyada hələ heç bir silah yoxdur. Bir daha xatırlayaq: 2016-cı ilin aprel döyüşlərində bunun canlı şahidi olduq. Bu rəşadət erməni işğalçılarına qarşı yeni bir gücün meydana çıxdığını göstərdi. Bu güc şəhidliyi mübarək bir ucalıq kimi qəbul edən Azərbaycan əsgərinin iradəsi idi. Hər bir döyüşçümüzün hərbi potensialı, gücü ermənilər üçün ölümdən də qorxuludur. Çünki bu potensialı yaradan cəmiyyətdə milli-mənəvi dünyamızın şərəfli, fəxarət gətirən ünvanı - Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mövqeyi aydın görünür.

Adamlar hər şeyi görürlər, dövlət adamının hər sözünü eşidirlər və qiymətləndirirlər. Xalqın, elin sağlam düşüncəsi tükənməzdir. Ölkəmizdəki birlik və sabitliyin bir şərti də budur! Bu yaxınlarda Prezident İlham Əliyevin göstərişi ilə 255 jurnalistə, ziyalıya mənzillər hədiyyə edildi. Bu, Azərbaycanın tarixində misilsiz, böyük miqyaslı addımdır. Dünyanın heç bir yerində milli ziyalılığa bu dərəcədə qayğı göstərilmir. Bu, dövlətimizə və onu sevən, quran fəal insanlara qayğıdır. Mənası da odur ki, kim öz dövlətini uca tutursa, dövlətimiz də onu həmişə uca tutacaqdır. Yadlara “xidmətlə” himayədar axtaranlar qoy papaqlarını qabaqlarına qoyub düşünsünlər!

Mehriban xanım dövlət başçısının köməkçisi, sadə adamların güvənc yeri, xalqımızın ləyaqətli qızıdır. Onun sadə adamlara, onların dərdi-sərinə səmimi müdaxiləsi, qayğısı insanların ən böyük etibarını və ümidini qazanıb. Onun ana məhəbbəti, dövlətçi şəfqəti tükənməzdir. Bu zərif ana qəlbində xalqının, elinin, obasının tükənməz məhəbbətini daşıyan insanın özü də bizdən birimizdir, onun da qayğıya, əsl insani qayğıya və şəfqətə ehtiyacı var. Biz bunu da unutmayaq, Mehriban xanımı sevək və qoruyaq! Özümüz üçün qoruyaq, müstəqil dövlətimiz və xoş gələcəyimiz naminə qoruyaq.

O zaman xalqımız sabaha daha inamla baxar, həyatımız daha sürətlə firavanlaşar. Dayağımız, istinadgahımız daha qüdrətli olar. Cəmiyyətdə birlik və şəfqətin, etimad və sabaha inamın meydanı daha geniş olar.

Əsl xoşbəxtlik də elə budur!

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri, professor

 

Azərbaycan.- 2017.-26 avqust.- S.3.