İndi Pirallahı təkcə neftçilər qəsəbəsi deyil...

 

Rayonda yeni infrastruktur qurulur, müxtəlif sənaye sahələri, turizm inkişaf edir

 

Bir neçə il əvvəl Pirallahının adı gələndə insanlar təsəvvürlərində uzaq ada canlandırırdılar. Bakı ilə Pirallahı arasındakı məsafə çox böyük olmasa da, qəsəbə sakinləri də özlərini paytaxtdan bir o qədər yaxınlıqda hiss etmirdilər. Pirallahını Abşeron yarımadasının digər yaşayış məntəqələri ilə birləşdirən yol dambadan keçirdi.

Keçən əsrin 40-cı illərində quraşdırılmış həmin damba Pirallahı ilə paytaxt arasında əlaqə vasitəsi olsa da, onun gətirdiyi narahatlıqlar da az deyildi. Ələlxüsus da küləklər əsib-coşanda, Xəzər dalğalanıb daşanda... Bu gün isə Bakıdan Pirallahıya gedən yolların başqa mənzərəsi var.

2012-ci il dekabrın 21-də Milli Məclis “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” qanun qəbul etdi. Prezident İlham Əliyevin həmin tarixdə imzaladığı qanun qüvvəyə mindi. 2013-cü il yanvarın 17-də isə dövlət başçısı qanunun tətbiqi barədə sərəncam imzaladı.

Paytaxtın sayca 12-ci, Pirallahı rayonunun tərkibinə Pirallahı, Çilov qəsəbələri və Neft Daşları daxil edildi. “Hər oba ilk növbədə öz yolundan bəlli olar” - deyiblər. Təsadüfi deyil ki, yeni rayonun abadlığına da məhz yolların qaydaya salınmasından başlandı.

İndi o köhnə dambadan əsər-əlamət qalmayıb. Dənizdə durğunluq, bataqlıq yaradan, dəfələrlə maşınların aşıb dənizə düşməsinə səbəb olan dambanın yerində tamamilə yeni infrastruktur yaradılıb. Dəniz səviyyəsindən 11 metr yüksəklikdə körpü salınıb. Beləliklə, dənizin təbii axını təmin olunub. Yəni dəniz suları körpünün altından axaraq ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.

Gələcəkdə buraya gəmilərlə, yaxtalarla gəlmək də mümkün olacaq. Pirallahıya eləcə də aeroport yanından başlayaraq dördzolaqlı geniş, ən yüksək standartlara cavab verən müasir yol salınıb. Ən vacib məsələlərdən biri kimi ada sakinlərinin su ilə təminatı önə çəkilib. Ümumiyyətlə, Pirallahı rayonunun inkişafı ilə bağlı bütün məsələlərə kompleks şəkildə yanaşılıb.

Xatırladaq ki, bu adada yeraltı sərvətlərin olduğu haqqında ilk geoloji məlumatları 1861-ci ildə akademik Q.Abix verib. O sübut edib ki, Pirallahıda zəngin neft ehtiyatları var. Tarixi mənbələr burada hələ 1870-ci ildə neft istismar quyusunun olduğu barədə xəbər verir. Həmin vaxt ərazidə dərinliyi 132 metr olan quyudan neft çıxarılıb. Odur ki, Pirallahıda hələ bir əsr yarım bundan əvvəl yaşayışın olduğu da şəksizdir.

Adada yaşayan insanların əsas məşğuliyyəti təbii ki, mədənlərlə bağlı olub. Onlar təbiətin bu yerlərə bəxş etdiyi zəngin sərvəti - “qara qızıl” və mavi yanacağı hasil edərək neftçi adını şərəflə daşıyıblar. Burada fəaliyyət göstərən neft və qazçıxarma idarəsi sovet dönəmində yad adla çağırılsa da, indiAbşeronneft” NQÇİ adlanır. İdarənin əməkçiləri bu günsevimli peşələri ilə məşğuldurlar, köhnə yataqda hasilatı sabit saxlamaq və artırmaq uğrunda mübarizə aparırlar.

Ötən onilliklər ərzində ərazidə məskunlaşmış insanlar su sarıdan çox korluq çəkiblər. Adada içməli suyun yoxluğu son vaxtlara qədər onların ciddi məişət problemi olaraq qalırdı. Belə ki, Zirə quyu zonasından gələn, son zamanlar tamamilə şoranlaşmış texniki suyun vaxtaşırı qısa müddət verilməsi, içməli suyun isə maşınlardan alınması sakinlərin narahatlığına səbəb olurdu. 2011-ci ildə qəsəbədə ƏKS-OSMOS sutəmizləyici qurğularının tikintisi problemin kiçik bir qismini ödəyirdi. Bununla belə, onları sevindirmişdi. İndi isə Pirallahı sakinlərinin su bolluğundan duyduğu sevinc və məmnunluq hədsizdir. Bu ilin iyul ayında Prezident İlham Əliyev Pirallahıya səfəri çərçivəsində qəsəbənin içməli si təchizatı layihəsinin açılışında iştirak etdi. Layihə qəbul edilmiş dövlət proqramları çərçivəsində həyata keçirilib. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və 84 kilometr uzunluğunda Ceyranbatan-Zirə su kəmərinin istismara verilməsi qəsəbənin dayanıqlı və keyfiyyətli su ilə təminatına imkan yaradıb. Pirallahı rayonunun Pirallahı və Gürgan, Xəzər rayonunun Zirə və Türkan qəsəbələrinin dayanıqlı su təchizatı üçün Zirədə 10 min kubmetr su tutan anbar tikilib. Pirallahı qəsəbəsində uzunluğu 65 kilometr olan yeni supaylayıcı şəbəkə inşa olunub. 35 yaşayış binasının daxili su təchizatı sistemlərinin təzədən qurulması da sözügedən layihə çərçivəsində həyata keçirilib. Zirə-Pirallahı xəttindən Gürgan qəsəbəsinin sakinləri də içməli su alırlar. İndi Pirallahı və Gürgan qəsəbələrinin sakinləri gecə-gündüz fasiləsiz olaraq keyfiyyətli içməli su ilə təmin edilirlər.

Pirallahının yaşlı sakinləri ötən əsrin 80-ci illərində ümummilli lider Heydər Əliyevin Pirallahıya səfərini yaxşı xatırlayırlar. Həmin hadisədən sonra burada məktəb, uşaq bağçası, musiqi məktəbi açılmış, neft hasilatı sahəsində yeni nailiyyətlər əldə olunmuşdu. Lakin sonrakı dövrlərdə təsərrüfata baxımsızlıq ucbatından bir sıra problemlər ortaya çıxmışdı. Külək əsən kimi işıqlar sönür, qaz kəsilir, yağış yağanda küçələri su basır, ada ilə şəhər arasında əlaqə kəsilirdi. 35 ildən çoxdur buraya çörək Bakının digər rayonlarından gətirilirdi. Artıq qəsəbədə çörək zavodu da işə düşüb.

İyulun 21-də Prezident İlham Əliyevlə görüşlərdə iştirak edən sakinlərdən biri hamının fikrini ifadə edərək dövlət başçısına minnətdarlıq etmişdemişdir: “Sizin sayənizdə abad yolumuz, müasir körpümüz, təmirli binalarımız, geniş parklarımız, dadlı çörəyimiz və xüsusilə qeyd etmək istəyirəm ki, içməli suyumuz var”.

İndi Pirallahıda həm də çoxsaylı yeni yerləri açılacaq. Çünki burada istehsal təyinatlı müəssisələr, eləcə də xidmət obyektləri fəaliyyət göstərəcək. Prezident İlham Əliyev Pirallahıda balıqyetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış oldu. Dövlət başçısı “Nərəkənd” layihəsi çərçivəsində yaradılacaq MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak etdi.

Həmin gün “Pirallahı” Günəş Elektrik Stansiyasının da açılışı oldu. Bu layihənin məqsədi rayonda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təmin etməkdir. Hazırda stansiya istismar təlimatına uyğun olaraq test rejimində işləyir. Layihə çərçivəsində “Bir ev-bir elektrik stansiyası” prinsipi əsasında qəsəbədəki 235 nömrəli məktəbdə 25 kVt-lıq Günəş Elektrik Stansiyası quraşdırılıb. Ərazidə eləcə də 85 metr hündürlüyündə stasionar və “KaMAZavtomobilinin bazasında səyyar ölçü-müşahidə nəzarət kompleksi yaradılıb. Burada dövlət başçısına “Azgüntexzavodunda istehsalı nəzərdə tutulan günəş və külək texnologiyaları əsasında hazırlanan qurğu və avadanlıqlar barədə məlumat verildi.

Gələcəkdə Pirallahıda dərman istehsalı fabriki də fəaliyyət göstərəcək.

Siması gündən-günə gözəlləşən, yeni infrastrukturlarla zənginləşən Pirallahı yaxın gələcəkdə turistlərin çox sevdiyi məkana çevriləcək. Çünki yeni yaradılan infrastruktur sayəsində keçmiş zamanlardan yalnız neftçilərin yaşayış məntəqəsi kimi tanıdığımız Pirallahı təkcə müasir qəsəbə deyil, az qala gözəl bir şəhər olub.

Pirallahının coğrafi mövqeyininiqlim şəraitinin əlverişli olması onun turizm imkanlarını daha da artıracaq. Adanın sahilboyu ən əlverişli yerləri ayrılmaq şərti ilə həmin ərazilərdə dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, hotel, kafe, kütləvi çimərliklər, idman-konsert kompleksi və digər infrastrukturun yaradılması üçün əlverişli şərait var.

Bütün bunlar həm adada və dənizdə çalışan fədakar neftçilərin, qəsəbənin digər sakinlərinin həyatını gözəlləşdirəcək, həm də buraya üz tutan qonaqların gözünü-könlünü oxşayacaq. İndi Pirallahı sakinləri özlərinə təkcə neft mədənlərində deyil, çoxsaylı müəssisə və sosial obyektlərdə də yeri tapacaqlar. Başqa sözlə, Pirallahı neft rayonu olmaqla yanaşı, sənaye zonası, turizm məkanı, istirahət yeri olacaq. Burada işləyənlərin də, yaşayanların da, dincələnlərin də sayı artacaq. Çünki artıq yollar rəvan olduğu üçün paytaxtdan Pirallahıya məsafə heç kəsə uzaq görünmür.

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2017.-1 avqust.- S.1; 4.