Azərbaycan
Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi
Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 31 iyul
tarixli fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının
Dövlət Reklam Agentliyi (bundan sonra - Agentlik) avtomobil
yollarının torpaq sahəsində, şəhər, qəsəbə,
kənd və digər (“İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla)
yaşayış məntəqələrində (bundan sonra -
açıq məkanda) reklam
daşıyıcılarının yerləşdirilməsi,
reklam daşıyıcılarında yerləşdirilən
reklamların istehsalı (hazırlanması) və
yayımlanması sahəsində (bundan sonra - müvafiq sahə)
vahid tənzimləməni və nəzarəti həyata
keçirən publik hüquqi şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, bu nizamnaməni, Azərbaycan
Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, digər
normativ hüquqi aktları rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən dövlət və yerli
özünüidarəetmə orqanları, beynəlxalq və
qeyri-hökumət təşkilatları, digər hüquqi və
fiziki şəxslərlə qarşılıqlı əlaqədə
fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur.
Agentlik bu nizamnamədə qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə
məşğul ola bilər.
1.5. Agentliyin müstəqil
balansı, əmlakı, xəzinə və bank hesabları,
öz adı həkk olunmuş möhürü, müvafiq
ştampları və blankları vardır.
1.6. Qanuna uyğun olaraq Agentliyin əqd
bağlamaq, öz adından əmlak və qeyri-əmlak
hüquqları əldə etmək və həyata keçirmək
hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edə bilər.
1.7. Agentlik Bakı şəhərində
yerləşir.
2. Agentliyin fəaliyyətinin məqsədi,
vəzifə və hüquqları
2.1. Agentliyin fəaliyyətinin əsas
məqsədi açıq məkanda reklam
daşıyıcılarının yerləşdirilməsi,
reklam daşıyıcılarında yerləşdirilən
reklamların istehsalı (hazırlanması) və
yayımlanması sahəsində vahid tənzimləmənin və
nəzarətin həyata keçirilməsini təmin etməkdir.
2.2. Agentlik aşağıdakı vəzifələri
yerinə yetirir:
2.2.1. Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində
nəzərdə tutulmuş hallarda və qaydada açıq
məkanda ölçülərindən asılı olmayaraq
reklam daşıyıcılarının tikintisinə,
quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin
edilməsinə icazə verir;
2.2.2. açıq
məkanda reklam yerləşdirilməsinə icazə verir;
2.2.3. açıq
məkanda reklam yerləşdirilməsinə icazə verərkən
açıq məkanda reklama dair texniki şərtlər
pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir
və reklam yayıcısı ilə icazə müqaviləsi
bağlayır;
Qeyd: Agentlik 2017-ci il avqustun 1-dək
açıq məkanda reklam yerləşdirmək
üçün icazə almış və icazəsi qüvvədə
olan reklam yayıcılarına “Reklam haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun
tarixli 755-VQD nömrəli Qanununun 3-cü maddəsinə
uyğun olaraq icazə müqaviləsinin
bağlanılması zərurəti barədə bildiriş
göndərir.
2.2.4. açıq məkanda reklam fəaliyyətinə
nəzarət edir, o cümlədən açıq məkanda
yerləşdirilmiş reklam
daşıyıcılarının və yayımlanan
reklamın qanunvericiliyin tələblərinə
uyğunluğunu yoxlayır, onların həmin tələblərə
uyğunlaşdırılması üçün göstərişlər
verir, bu, nəticə vermədikdə, bu cür reklam
daşıyıcılarının sökülməsi barədə
qərar qəbul edir, reklamın yerləşdirilməsinə
verilmiş icazəyə münasibətdə isə
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlər
görür;
2.2.5. müasir
informasiya-kommunikasiya texnologiyalarını və
innovasiyaları tətbiq etməklə, açıq məkanda
reklamların yayımı və tərtibatı sahəsində
mərkəzləşdirilmiş idarəetmə sistemi
yaradır;
2.2.6. müvafiq sahədə elektron
xidmətləri “Dövlət orqanlarının və Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılan
publik hüquqi şəxslərin elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23
may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil
edir;
2.2.7. açıq
məkanda yerləşdirilmiş reklam
daşıyıcılarının və yayımlanan
reklamın uçotunu aparır, onların elektron
bazasını yaradır;
2.2.8. Azərbaycan
Respublikasının müstəqilliyinin və dövlətçiliyinin
möhkəmləndirilməsi istiqamətində görülən
tədbirlərin, həyata keçirilən islahatların
mahiyyətinin sosial reklamlar vasitəsilə vətəndaşlara
çatdırılmasını təmin edir və bu məqsədlə,
həmçinin açıq məkanda reklam
daşıyıcılarının yerləşdirilməsi ilə
bağlı tədbirlər görür;
2.2.9. dövlət
və bələdiyyə mülkiyyətində olan
daşınmaz əmlak üzərində reklam
daşıyıcısının yerləşdirilməsi ilə
bağlı Agentliyə edilmiş müraciət əsasında
həmin əmlakın mülkiyyətçisi ilə (və
ya onun barəsində sərəncam vermək hüququ olan
şəxslə) müraciət edən şəxs
arasında müvafiq müqavilənin bağlanmasını təşkil
edir;
2.2.10. reklamvericilərin,
reklam istehsalçılarının, reklam
yaradıcılarının, reklam agentlərinin və reklam
yayıcılarının hərəkətlərində
açıq məkanda reklam üzrə inzibati xəta və
cinayət əlamətləri olduqda aidiyyəti üzrə məlumat
verir;
2.2.11. dövlət
orqan və qurumlarının keçirdiyi irimiqyaslı tədbirlərin
təşkilində və tərtibatında iştirak edir;
2.2.12. dövlət
orqan və qurumlarının, yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin
müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirir;
2.2.13. açıq
məkanda reklam yerləşdirilməsi və şəhər
mühitinin informasiya-bədii tərtibatı ilə əlaqədar
dövlət orqan və qurumları ilə, yerli
özünüidarəetmə orqanları ilə, habelə
hüquqi və fiziki şəxslərlə əməkdaşlıq
edir;
2.2.14. qabaqcıl
beynəlxalq təcrübəni nəzərə almaqla,
müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini
təmin edir;
2.2.15. ayrılan
büdcə vəsaitlərindən, kreditlərdən,
qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
edir;
2.2.16. müvafiq
sahədə Azərbaycan Respublikasının dövlət
dili və dövlət rəmzləri ilə bağlı Azərbaycan
Respublikası qanunlarının tələblərinə riayət
olunmasını təmin edir;
2.2.17. dövlət
və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması
üçün tədbirlər görür;
2.2.18. öz fəaliyyəti
haqqında əhalinin məlumatlandırılmasını,
internet səhifəsinin yaradılmasını, malik olduğu
və siyahısı “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş açıqlanmalı olan ictimai
informasiyanın həmin səhifədə yerləşdirilməsini
və bu informasiyanın daim yenilənməsini təmin edir;
2.2.19. müvafiq
sahədə kadr hazırlığını təmin edir, həmçinin
mütəxəssislərin hazırlanması və əlavə
təhsili üçün tədbirlər görür;
2.2.20. strukturunun və
fəaliyyətinin təkmilləşdirilməsi
üçün tədbirlər görür;
2.2.21. fəaliyyəti
ilə bağlı daxil olan müraciətlərə
baxır;
2.2.22. Azərbaycan
Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirir.
2.3. Agentliyin aşağıdakı
hüquqları vardır:
2.3.1. müvafiq
sahəyə aid hüquqi aktların layihələrini
hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, həmçinin
onların hazırlanmasında iştirak etmək;
2.3.2. açıq
məkanda reklam yerləşdirməyə icazə verilməsinə
görə tutulan dövlət rüsumunun Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi hissəsini əldə
etmək;
2.3.3. müqavilə
əsasında ekspertləri və mütəxəssisləri
öz fəaliyyətinə cəlb etmək;
2.3.4. beynəlxalq
təcrübənin tətbiqi imkanlarının
araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla,
xarici dövlətlərin aidiyyəti dövlət
orqanları (qurumları) və reklam yayıcıları ilə
əməkdaşlıq etmək, xarici dövlətlərin
müvafiq təcrübəsini öyrənmək;
2.3.5. fəaliyyət
istiqamətlərinə aid məsələlərlə
bağlı araşdırmaların və texniki
ekspertizaların aparılması, məsləhət xidmətləri
göstərilməsi üçün elmi tədqiqat və təhsil
müəssisələri ilə əməkdaşlıq etmək,
işçi qruplar, komissiyalar və elmi-texniki şura yaratmaq;
2.3.6. dövlət
orqan və qurumlarına, yerli özünüidarəetmə
orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
2.3.7. müvafiq
sahə üzrə analitik materiallar hazırlamaq, tədqiqatlar
aparmaq, təkliflər vermək;
2.3.8. fəaliyyət
istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr,
seminarlar keçirmək və digər tədbirlər təşkil
etmək;
2.3.9. vəzifələrinin
yerinə yetirilməsi məqsədilə təsərrüfat
cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
2.3.10. Azərbaycan
Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
3. Agentliyin idarə olunması
3.1. Agentliyi Müşahidə
Şurası və direktor idarə edirlər.
3.2. Agentliyin Müşahidə
Şurası (bundan sonra - Şura) Agentliyə ümumi rəhbərliyi
və nəzarəti həyata keçirir.
3.3. Şura, onun sədri də daxil
olmaqla, üç üzvdən ibarətdir. Şura
üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə
təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti
5 ildir.
3.4. Şura ictimai (ödənişsiz)
əsaslarla fəaliyyət göstərir.
3.5. Şura qərar qəbul etməkdə
müstəqildir.
3.6. Şura aşağıdakı vəzifələri
yerinə yetirir:
3.6.1. Agentliyin inkişaf istiqamətlərini
müəyyən edir;
3.6.2. Şura üzvlərinin və
direktorun müraciətlərinə baxır və qərar qəbul
edir;
3.6.3. Agentliyin fəaliyyətinə
dair illik hesabatı dinləyir;
3.6.4. Agentliyin strukturunu, əməkhaqqı
fondunu və işçilərin say həddini təsdiq edir;
3.6.5. Agentliyin fəaliyyətinə
dair daxili qaydaları, habelə idarə, filial və nümayəndəliklərinin
əsasnamələrini təsdiq edir.
3.7. Şuranın iclasları ildə
azı bir dəfə olmaqla çağırılır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü
ilə Şuranın üzvü və ya direktor
çıxış edir. Şuranın
iclasları Şura üzvlərinin hamısı iştirak
etdikdə səlahiyyətlidir. Şuranın
iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar
sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına icazə verilmir.
3.8. Şuranın sədri:
3.8.1. Şuranın işini təşkil
edir və onun fəaliyyətinə rəhbərlik edir;
3.8.2. Şuranın iclaslarının
gündəliyini müəyyənləşdirir, iclaslar
çağırır və iclaslarda sədrlik edir;
3.8.3. öz təşəbbüsü
ilə, habelə Şuranın hər hansı digər
üzvünün və ya direktorun xahişi əsasında digər
şəxsləri Şuranın iclasında iştirak etməyə
dəvət edir;
3.8.4. Şuranın fəaliyyətinin
təşkili ilə bağlı digər tədbirlər
görür.
3.9. Şuranın üzvləri:
3.9.1. Şuranın səlahiyyətlərinə
aid olan məsələlərin həllində iştirak edirlər;
3.9.2. Şuranın iclasının
gündəliyi ilə və baxılması nəzərdə
tutulmuş materiallarla əvvəlcədən tanış
olurlar;
3.9.3. Şurada qəbul ediləcək
qərarlara dair fikir bildirirlər;
3.9.4. Şuranın səlahiyyətlərinə
aid məsələlərə Şuranın iclaslarında
baxılması barədə təkliflər verirlər;
3.9.5. Şuranın qərarları ilə,
iclas protokolları ilə və digər sənədlərlə
tanış olurlar.
3.10. Şura üzvləri
Şuranın iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməlidirlər.
3.11. Agentliyin cari fəaliyyətinə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin edilən və vəzifədən
azad edilən direktor rəhbərlik edir. Direktor
Agentliyə həvalə olunmuş vəzifələrin yerinə
yetirilməsi və hüquqların həyata keçirilməsi
üçün cavabdehdir.
3.12. Direktorun vəzifəyə təyin
və vəzifədən azad etdiyi iki müavini vardır. Direktorun müavinləri direktor tərəfindən
onlara həvalə edilmiş vəzifələri yerinə
yetirirlər. Direktor müvəqqəti
olmadıqda onu müvafiq əmrlə onun müavinlərindən
biri əvəz edir.
3.13. Direktor aşağıdakı vəzifələri
yerinə yetirir:
3.13.1. Agentliyin fəaliyyətini təşkil
edir, onun cari fəaliyyətinə rəhbərlik edir və
onu təmsil edir;
3.13.2. təsisçinin
səlahiyyətlərini həyata keçirmək
üçün müvafiq olaraq Azərbaycan
Respublikasının Prezidentinə və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təkliflər
verir və sənədlər təqdim edir;
3.13.3. Agentliyin fəaliyyətinə
dair illik hesabatı hazırlayaraq Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir;
3.13.4. bu Nizamnamə
ilə müəyyən edilmiş vəzifələri həyata
keçirmək üçün Şuraya təkliflər
verir və sənədlər təqdim edir;
3.13.5. Azərbaycan Respublikası
Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat
cəmiyyətlərinin yaradılması və ya onlarda
iştirak barədə, həmçinin idarə, filial və
nümayəndəliklərinin yaradılması barədə
qərar qəbul edir;
3.13.6. Azərbaycan Respublikası
Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin
dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri aktivlərinin 5
faizini və daha çox hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul edir;
3.13.7. aidiyyəti
şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək
hissəsini təşkil edən əqdin
bağlanılması haqqında qərar qəbul edir;
3.13.8. müəyyən
edilmiş struktur, əməkhaqqı fondu və işçilərin
say həddi daxilində Agentliyin Aparatının və
qurumlarının strukturunu, ştat cədvəlini və xərclər
smetasını təsdiq edir;
3.13.9. Agentliyin işçilərinin
vəzifə maaşlarının, vəzifə
maaşlarına əlavələrin, mükafatların və
digər ödənişlərin verilməsini əməkhaqqı
fondu çərçivəsində təşkil edir;
3.13.10. icrası məcburi
olan sərəncam və əmrlər verir;
3.13.11. Agentliyin, o cümlədən
idarə, filial və nümayəndəliklərinin
işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin
rəhbərlərinin vəzifəyə təyin və vəzifədən
azad edilməsi, onlar barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirlərinin görülməsi
barədə qərarlar qəbul edir;
3.13.12. Agentliyin vəzifəli şəxslərinin
qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
3.13.13. Agentliyin fəaliyyət istiqamətləri
üzrə məşvərətçi komitələr və
işçi qruplar yaradır;
3.13.14. Şuranın səlahiyyətlərinə
aid edilməyən bütün digər məsələlər
barədə qərar verir.
3.14. Agentlik öz fəaliyyətində
və idarəetmədə mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4. Agentliyin nizamnamə fondu, əmlakı
və maliyyə fəaliyyətinin əsasları
4.1. Agentliyin nizamnamə fondu 10 000 (on
min) manatdır.
4.2. Agentliyin əmlakı təsisçi
tərəfindən ödənilən nizamnamə fondundan, təsisçinin
ona verdiyi digər əmlakdan, ilkin mərhələdə
saxlanma xərclərinin maliyyələşdirilməsi
üçün dövlət büdcəsindən ayrılan
vəsaitdən, habelə fəaliyyətindən əldə
olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb
edilən investisiyalardan və qanunla qadağan edilməyən
digər vəsaitlərdən formalaşır.
4.3. Agentlik əmlakından yalnız
bu nizamnamədə müəyyən olunmuş məqsədlərə
uyğun istifadə edir. Agentlik balansında olan
dövlət əmlakına münasibətdə səlahiyyətlərini
müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada
həyata keçirir.
4.4. Agentlik açıq məkanda
reklam yerləşdirməyə icazə verilməsinə
görə “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə
və qaydada dövlət rüsumu tutur. Həmin
dövlət rüsumunun Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilən hissəsi
Agentliyin fəaliyyətinin, o cümlədən işçilərinin
əməkhaqqı fondunun maliyyələşdirilməsi məqsədi
ilə Agentliyin hesabına köçürülür.
4.5. Agentliyin məhsullarının
(mallarının, işlərinin, xidmətlərinin) qiymətləri
dövlət tərəfindən tənzimlənmir.
4.6. Agentlik qanunla nəzərdə
tutulmuş vergiləri və digər məcburi ödənişləri
müəyyən edilmiş qaydada ödədikdən sonra
Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə,
filial və nümayəndəliklərinin fəaliyyətindən
əldə edilmiş mənfəəti üzərində
müstəqil sərəncam vermək hüququna malikdir.
5. Agentliyin fəaliyyətinə nəzarətin
forması və əhatə dairəsi
5.1. Agentliyin fəaliyyətinə nəzarət
Azərbaycan Respublikasının Prezidenti, həmçinin
illik maliyyə hesabatlarının təsdiqi çərçivəsində
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
həyata keçirilir.
5.2. Agentliyin fəaliyyətinə
dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə
təqdim edilir.
6. Agentlikdə uçot və hesabat
6.1. Agentlik “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik
hüquqi şəxslər üçün müəyyən
edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə
hesabatlarını tərtib, təqdim və dərc edir.
6.2. Agentlik “Rəsmi statistika
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, statistik uçot aparır və statistik hesabatlar tərtib
edir.
6.3. Agentlik idarə, filial, nümayəndəlik
və təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasını təmin edir.
6.4. Agentlik öz fəaliyyətinin
müstəqil surətdə yoxlanılması
üçün kənar auditor cəlb edir.
7. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvi və
yenidən təşkili Azərbaycan Respublikasının
Prezidenti tərəfindən həyata keçirilir.
Azərbaycan.-
2017.-1 avqust.- S.3; 5.