Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2017-ci ildə dünya şöhrətli operaestrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin anadan olmasının 75 illiyi tamam olur.

Azərbaycanın çoxəsrlik mədəniyyət salnaməsinə parlaq səhifələr yazmış Müslüm Maqomayev son dərəcə rəngarəng repertuara malik qüdrətli sənətkardır. Onun özünəməxsusluğu ilə səciyyələnən və ümumən sovet estradasını yeni mərhələyə yüksəldən bənzərsiz yaradıcılığı musiqi tarixində ayrıca mərhələ təşkil edir. Fitri istedadlı böyük sənətkar opera vokal ifaçılığının ecazkar nümunələrini meydana gətirmiş, milyonlarla insanın rəğbətlə qarşıladığı mahnılar bəstələmiş, həmçinin kino sahəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyəti xəzinəsinin zənginləşdirilməsi və nailiyyətlərinin təbliği işinə dəyərli töhfələr vermiş görkəmli sənətkar Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2017-ci il

 

Azərbaycan.- 2017.-1 avqust.- S.4.