Azərbaycan qlobal nəqliyyat
qovşağının səmərəli və etibarlı körpüsüdür
Şahin MUSTAFAYEV: “Prezident İlham
Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya
standartlarına uyğunlaşdırılması ilə
bağlı siyasəti və təşəbbüsləri
ölkəmizin sosial-iqtisadi
inkişafına əsaslı töhfə verir,
regionda siyasi-strateji əhəmiyyətini
daha da artırır”
Azərbaycan tarixən qədim İpək yolunun keçdiyi, ən uzaq dövlətləri birləşdirən ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan olub. Qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə tarixi rolu daha da artaraq, strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, ölkə iqtisadiyyatında da əhəmiyyəti böyük olan nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün mühüm işlər görülür. Həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılır, həm də tranzit potensialı gücləndirilir. Bütün bunlar isə Azərbaycana daha da böyük həcmdə siyasi və iqtisadi dividendlər gətirəcək.
İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin MUSTAFAYEV müsahibəsində bu sahədə görülən işlər barədə ətraflı məlumat verdi.
- Şahin müəllim, son illərdə Azərbaycanın tranzit imkanlarının genişlənməsi
istiqamətində mühüm addımlar
atılır. Bu sahədə görülən
işlərin ölkəmiz üçün
əsas əhəmiyyəti nədir?
- Öncə onu vurğulamaq istərdim ki, ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatının diversifikasiyasının mühüm istiqamətlərindən olan tranzit imkanlarının genişlənməsinə, nəqliyyat dəhlizlərinin inkişafına daim böyük önəm verirdi. Təsadüfi deyildir ki, ulu öndərin təşəbbüsü ilə hələ 1998-ci ilin sentyabrında Bakıda 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna) dövlət başçısı, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir. Saziş 12 ölkənin dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. İran İslam Respublikası 2009-cu ildə TRASEKA proqramına qoşulmuşdur. Əsas çoxtərəfli sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşməsi qərara alınmış və 2001-ci il fevralın 21-də rəsmi açılışı olmuşdur.
Xüsusi olaraq qeyd edilməlidir ki, Heydər Əliyevin təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycanın enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması ilə yanaşı, ölkənin tranzit imkanlarının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.
Hazırda ümummilli liderin uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən digər istiqamətlərdə olduğu kimi, tranzit potensialının gücləndirilməsi sahəsində də uğurla davam etdirilir. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilir. Körpülərin, avtomobil yolları və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da artırır.
Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır”.
- Tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün
hansı tədbirlər həyata keçirilir?
- Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və bu baxımdan, əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq məqsədilə nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm işlər görülür. Bu baxımdan Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi xüsusi önəm kəsb edir. Bu dəhliz məsafə baxımından Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından səmərəlidir. Belə ki, orta hesabla 5400 km uzunluğunda olan Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Müqayisə üçün qeyd edək ki, ənənəvi okean daşımaları vasitəsilə Çindən Türkiyə istiqamətindəki yükdaşımalara 30-35 gün sərf olunur.
2015-ci ilin noyabr ayında Çinin Lyanyunqan vilayətindən yola düşən konteyner qatarı Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə hərəkət edərək, 15 gün ərzində İstanbula çatmışdır. Asiya və Avropa arasında ticarət əlaqələrinin genişlənməsi Azərbaycandan keçən bu dəhlizin inkişafına böyük imkanlar yaradır. Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradacaqdır.
Azərbaycan həmçinin, alternativ dəhlizlərdən üstünlüyü ilə seçilən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı işləri fəal şəkildə davam etdirir. Bu nəqliyyat dəhlizinin önəmli halqalarından olan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilmişdir. Hazırda İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair tədbirlər görülür. Bununla yanaşı, İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin tikintisi davam etdirilir. Bu lin iyun ayında Astarada (İran) 35 hektar ərazidə yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı üzrə Azərbaycan və İran dəmir yolları arasında müqavilə imzalanmışdır. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90%-dən çoxu tamamlanmışdır. Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməklə infrastukturu tam təmin olunacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaqdır.
Cənub-Qərb nəqliyyat marşrutu Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin daha da artırılmasında önəmli rol oynayır. Bu nəqliyyat dəhlizi Hindistan-Fars körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına imkan verir.
Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi də tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına əhəmiyyətli töhfə verəcəkdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bərə terminalı tikilərək istifadəyə verilmişdir. Ticarət limanında bərə-gəmiləri gözləyən yük maşınlarının sürücüləri üçün müvafiq məişət şəraiti yaradılmış, dükan və kafe fəaliyyətə başlamışdır. Limana girişdən öncə kassa yerləşdirilmiş və daşıma qiymətlərini və şərtlərini özündə əks etdirən lövhə quraşdırılmışdır.
- Layihənin ikinci hissəsi üzrə
hansı işlərin görülməsi nəzərdə tutulur?
- Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 aprel tarixli sərəncamına əsasən, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və başa çatdırılması üçün görüləcək işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edilmişdir. Cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlama tarixləri göstərilməklə tədbirlər planı hazırlanmış və artıq yerinə yetirilməsinə başlanmışdır. Belə ki, yeni liman kompleksinin akvatoriya hissəsinə aid olan qurğuların tikintisinin 2017-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bura 7 ümumi yük körpüsü, 2 Ro-Ro körpüsü, xidməti donanma gəmiləri üçün körpünün inşası daxildir. Layihəyə əsasən, 2018-ci ilin birinci rübünun sonunadək olan dövrdə anbarlar, yardımçı binalar, digər əlaqəli infrastruktur obyektləri inşa olunacaq, onların mühəndis-kommunikasiya xətləri (elektrik, rabitə və s. daxil olmaqla) çəkiləcəkdir. Bu dövrdə həmçinin yardımçı sistemlərin (drenaj, siqnalizasiya, yanğınsöndürmə və yanğın xəbərdarlığı, İT, videomüşahidə, İSPS və s. daxil olmaqla) quraşdırılması, əməliyyat binasının inşası başa çatdırılacaqdır.
Bütün bunlar isə limanın birinci fazası üzrə yükaşırma qabiliyyətinin əvvəl nəzərdə tutulan 10 milyon tondan 15 milyon tonadək artırılmasını təmin edəcəkdir.
Limanda azad ticarət zonası tipli xüsusi iqtisadi zona fəaliyyət göstərəcək və bunun üçün müvafiq hüquqi rejim yaradılır.
Ələt Azad Ticarət Zonasının yaradılması qeyri-neft iqtisadiyyatının inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə təkan verəcək, liman vasitəsi ilə yüklərin aşırılması həcmi artacaqdır.
- Bir mühüm
amili də nəzərə alaq ki, tranzit
dəhlizlərinin səmərəliliyi həm də
daşımalara çəkilən xərclərlə müəyyən
edilir...
- Tamamilə doğrudur. Əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır. Şura tərəfindən ölkəmizin ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, yükdaşımaların keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilir. Belə ki, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən iri tonnajlı yük avtomobillərinin keçid prosedurları sadələşdirilmiş, gediş-gəliş xərcləri təqribən 40 faizədək aşağı salınmışdır. Bunun nəticəsində 2017-ci ilin yanvar-iyun aylarında ölkəmizin ərazisindən 16 minə yaxın yük avtomobili keçmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. Ümumiyyətlə, bu sahədə görülmüş işlər nəticəsində 2017-ci ilin yanvar-iyun aylarında ölkə ərazisindən 5,5 milyon ton tranzit yük daşınmışdır. Yüklərin 4,4 milyonu (80%) neft və neft məhsullarının, 1,1 milyonu isə (20%) qeyri-neft məhsullarının payına düşür. Ötən ilin analoji dövrü ilə müqayisədə neft və neft məhsullarının daşınmasında 23%, qeyri-neft məhsullarında isə 36% artıma nail olunmuşdur.
- Azərbaycanın tranzit
imkanlarının təşviqi də xüsusi
əhəmiyyət kəsb edən məsələdir. Bu istiqamətdə hansı tədbirlər həyata
keçirilir?
- Qeyd edim ki, ölkəmizdə, eləcə də xarici ölkələrdə keçirilmiş tədbirlərdə Azərbaycanın tranzit imkanları iştirakçı ölkələr tərəfindən yüksək qiymətləndirilir. Buna misal olaraq, Avstriyada, ABŞ-da, Çində bu dəhlizin əhəmiyyətinə həsr olunmuş tədbirləri göstərmək olar.
Çin Xalq Respublikasının lideri Si Tsinpinin 2013-cü ildə elan etdiyi “Bir kəmər - Bir yol” layihəsi qədim İpək yolu üzərində yerləşən dövlətlər arasında qarşılıqlı əlaqələrin qurulmasını, həmçinin ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastrukturun yaradılmasını ehtiva edən bir təşəbbüsdür. 2017-ci ilin mayında Pekində keçirilmiş “Bir kəmər - Bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumda Azərbaycan nümayəndə heyəti iştirak etmiş, Çinin bu təşəbbüsünün reallaşmasında ölkəmizin dəstəyi ifadə edilmişdir.
2017-ci ilin iyununda Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları strukturlarının iştirakı ilə beştərəfli görüş keçirilmişdir. Görüşdə “Cənub-Qərb” nəqliyyat marşrutunun üstünlükləri vurğulanmış, inkişaf perspektivləri müzakirə olunmuş, Hindistan-Fars körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılması, tərəflərin tranzit potensialının artırılması üçün əməkdaşlığın genişləndirilməsi və marşrut üzrə daşınacaq yüklərə iştirakçı ölkələrin dəmir yolları tərəfindən birgə güzəştli tariflərin tətbiq edilməsi ətrafında fikir mübadiləsi aparılmışdır.
Bu ilin fevralında Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan Respublikası Koordinasiya Şurasının və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” forumu keçirilmişdir. Tədbirdə Çinin Kommersiya və Nəqliyyat nazirliklərinin, Dəmir Yolu Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının, beynəlxalq yükdaşımalarla məşğul olan şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak etmişdir. Çinin İpək yolu üzərində yerləşən ölkələr, o cümlədən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyi diqqətə çatdırılmış, nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi müzakirə edilmişdir. “Azərbaycan Dəmir Yolları” QSC, Dövlət Gömrük Komitəsi, SOCAR, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri Azərbaycanın tranzit, nəqliyyat-logistika və investisiya imkanlarına dair müxtəlif mövzularda təqdimatlarla çıxış etmişdir.
2017-ci il 26-27 iyun tarixlərində Vaşinqtonda yerləşən “Corc Vaşinqton” Universitetində ABŞ dövlət qurumlarının, akademik təşkilatların, biznes və siyasi dairələrin, diplomatik korpusun 200-dək nümayəndəsinin iştirakı ilə Azərbaycandan keçən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhliznin əhəmiyyətinə həsr olunmuş geniş tərkibli forum keçirilmişdir. ABŞ kommersiya katibinin köməkçisinin Avropa üzrə müavini Deyl Taşarski tədbirdəki çıxışında müasir İpək yolunun vacib komponenti olan Trans-Xəzər dəhlizinə ölkəsinin dəstəyini ifadə etmişdir. O, bu dəhlizin Şərq-Qərb yükdaşımalarının həyata keçirilməsində mühüm rolunu vurğulamış və ABŞ-ın tərəfdaş olmaqda marağını çatdırmışdır. Amerika şirkətlərinin İpək yolunda çalışdığını qeyd edən ABŞ rəsmisi onların bu sahəyə daha çox cəlb edilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır.
Belə tədbirlərin digər ölkələrdə də təşkil edilməsi nəzərdə tutulur.
Qeyd etdiyim kimi, Azərbaycanın tranzit və yükdaşıma potensialı genişdir. Əlverişli coğrafi mövqe, nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi üçün həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır.
Tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir. Həmçinin Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirmiş, ölkəmizin dünyada və regionda mövqeyini daha da gücləndirmış, siyasi və strateji əhəmiyyətini daha da artırmışdır.
Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2017.-2 avqust.- S.1; 3.