Milli Kino Günü
münasibətilə Bakıda təntənəli mərasim keçirilib
Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda baş tutan film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələri, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin qərarına əsasən bu əlamətdar günün artıq 17 ildir qeyd olunduğunu diqqətə çatdırıb.
Nazir son illərdə Azərbaycan filmlərinin zirvələri fəth etdiyini söyləyib: “Azərbaycan filmlərinin hansı zirvələri fəth etdiyini, hansı yenilikləri tamaşaçılara təqdim etdiyini rəqəmləri nəzərdən keçirməklə müəyyən etmək olar. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində Azərbaycanda 44 tammetrajlı bədii film, yüzlərlə sənədli film çəkilib. Dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında, “Yaddaş”, “Salnamə”, “Debüt” studiyalarında çəkilmiş filmlərin sayı 300-dən artıqdır. Azərbaycan filmləri 50-dən çox ölkədə festivallarda iştirak edib. 200-dən çox beynəlxalq kino festivallarında filmlərimiz nümayiş olunub. Azərbaycan filmləri müxtəlif kino festivallarında ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari adlarına layiq görülüb”.
Nazir bildirib ki, Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir. Bu sənətə yeni nəslin gətirilməsi, yeni imkanların açılması üçün ciddi addımlar atılır. Hazırda bir neçə istedadlı gənc dövlət hesabına müxtəlif ölkələrdə təhsil alır. Filmlərin çəkilişlərində təcrübəli kino xadimləri ilə yanaşı, gənclər də iştirak edirlər.
Əbülfəs Qarayev Heydər Əliyev Fondu tərəfindən dəstəklənən layihələrin beynəlxalq səviyyədə təbliğ olunduğunu deyib.
Nazir Azərbaycanda yeni, müasir özəl studiyalar formalaşdığını vurğulayaraq bildirib ki, özəl şirkətlər bu sənətin inkişafına diqqət göstərməlidir. Gələn il 120 illiyi qeyd ediləcək Azərbaycan kinosu daim inkişaf etməkdədir. Ə.Qarayev son illərdə Qarabağ mövzusunu əks etdirən bədii, Milli qəhrəmanlardan bəhs edən sənədli filmlərin lentə alındığını da söyləyib.
Sonra nazir Prezident İlham Əliyevin cari il iyulun 31-də “Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında” Sərəncamına əsasən təltif edilən kino xadimlərinə mükafatları təqdim edib. Həmçinin bir qrup kino xadiminə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döz nişanı və fəxri fərmanları verilib.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib. O, Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq Artisti, kinorejissor Vaqif Mustafayevə ittifaq tərəfindən təsis edilən “Milli Kino Mükafatı”nı təqdim edib. Vaqif Mustafayev mükafata görə minnətdarlığını bildirib.
Sonra kinoşünas, rejissor Ayaz Salayevin təbliğat xarakterli “Qarabağın həsrət salnaməsi” kino layihəsinin növbəti buraxılışlarının təqdimatı olub. Ayaz Salayev müəllifi olduğu “Qarabağın səsi” ümummilli layihəsi barədə məlumat verərək bildirib ki, internet layihəsində 4500 insan çəkilib. Layihənin məqsədi internet vasitəsilə həmvətənlərimizin Qarabağ probleminə baxışlarını təqdim etməkdir.
Kino işçilərinin peşə bayramı, ənənəyə uyğun olaraq, bu il də yeni ekran əsərinin premyerası ilə yadda qalıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsal etdiyi “Nar bağı” bədii filminin təqdimatı olub.
Nümayişdən əvvəl filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Filmin rejissoru İlqar Nəcəf “Nar bağı” bədii filminin 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif edildiyini diqqətə çatdırıb. O, Qurban İsmayılovun “Ən yaxşı kişi rolu” mükafatına layiq görüldüyünü qeyd edərək mükafatı aktyora təqdim edib.
Daha sonra “Nar bağı” bədii filminin təqdimatı olub. Filmi Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası
və “Buta Film” kino şirkəti birgə istehsal edib.
Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu
operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı
Firudin Allahverdi, icraçı prodüseri
Akif Əliyev, prodüserləri Müşfiq
Hətəmov və İlqar Nəcəfdir.
Ekran əsəri maraqlı bir ailə dramı
üzərində qurulub. Qabil 12 il əvvəl
heç kimlə sağollaşmadan tərk
etdiyi evinə qayıdır. Lakin onun geridə
buraxdığı dərin
emosional yara hamının xatirindədir
və asanlıqla unudula bilməz.
Psixoloji
dram janrında çəkilən filmdə
baş rolları Qurban
İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad,
Həsən Ağayev və digərləri
canlandırıblar.
Azərbaycan.- 2017.-3 avqust.- S.4.