Balakəndə
hərtərəfli inkişaf təmin olunur
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev avqustun 3-də Balakəndə “ABAD
Mərkəz”in açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki,
Prezident İlham Əliyev əvvəlcə rayonun Katex kəndində
yerləşən “Balxurma” müəssisəsinin 2016-2017-ci
illər üzrə fəaliyyəti və gələcək
planları ilə bağlı məlumatları əks etdirən
stendlərə baxdı. Qeyd edildi ki, “Balxurma” müəssisəsinin
işçilərinin sayı 15 nəfərdən 85 nəfərə
çatdırılacaq. İlkin 5 milyon manat kapital qoyulan
müəssisəyə əlavə olaraq 12 milyon manat
investisiya cəlb ediləcək. Məhsul daxili bazardan əlavə
MDB, Avropa və ərəb ölkələrinə ixrac
olunacaq. “Balxurma” müəssisəsinin gələcək
planlarına yeni korpusların tikintisi, gündəlik istehsal
sayının 45 min ədəd xurmadan 150 min ədəd
xurmaya, iş yerlərinin sayının isə 200 nəfərə
çatdırılması daxildir.
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
İnam Kərimov “ABAD” layihəsi çərçivəsində
görülən işlər barədə dövlətimizin
başçısına məlumat verdi.
Son illərdə ölkəmizdə
kiçik ailə biznesinin və təsərrüfatlarının
inkişafını təşviq etmək və regional
inkişafa töhfə vermək məqsədilə icra olunan
layihələr arasında “ABAD” layihəsinin xüsusi yeri var.
“ABAD” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
irəli sürülən və 2016-cı il sentyabrın 23-də
yaradılan publik hüquqi şəxsdir. O, Dayanıqlı
İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək
verməyi nəzərdə tutan yeni sosial innovasiya
konsepsiyasıdır. Layihənin məqsədi kiçik və
orta sahibkarlığın inkişafına, məşğulluq
səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli
ailə təsərrüfatlarının
formalaşdırılmasına, ölkədə regionların
və kənd təsərrüfatının inkişafına
dəstək verməkdir. Qeyri-kommersiya və
sosialyönümlü qurum olan “ABAD” yeganə ictimai təşkilatdır
ki, ailə təsərrüfatının “ideyadan rəflərə”
daşınmasına kömək edir. “ABAD” istehsalın
planlaşdırılmasından məhsulların
satışına qədər olan bütün biznes prosesinin
idarə edilməsini həyata keçirir, yığılan gəlirin
ailələrə köçürülməsini təmin
edir. Ailələr öz bizneslərini qurmaq üçün
ictimai və özəl qurumlarla birbaşa
qarşılıqlı əlaqə saxlamır. Bu funksiya
“ABAD” tərəfindən həyata keçirilir. “ABAD” ailələr
üçün bacarıqların inkişaf etdirilməsi təlimləri
də təşkil edir, “vahid pəncərə” prinsipindən
istifadə edərək ailə məhsullarının
sertifikatlaşdırılmasını təmin edir. Layihənin
mütəxəssisləri ailələrə
bazaryönümlü qablaşdırma həlləri və məhsulların
dizaynı ilə bağlı kömək göstərirlər,
supermarket şəbəkəsində ailə məhsullarının
satışını, habelə onların daşınması
və saxlanmasını idarə edirlər. “ABAD” əl işlərinin
satışını öz İncəsənət mərkəzlərində
təşkil edir. Bu ilin martında İçərişəhərdə
“ABAD”ın ilk İncəsənət Mərkəzi
açılıb. İyunda isə ikinci İncəsənət
Mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə
verilib. Balakəndə “ABAD Mərkəz”in yaradılması da
olduqca önəmlidir.
Bildirildi ki, ötən ilin
oktyabrında Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti (SOCAR) və Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında
“ABAD mərkəz”lərin fəaliyyət sahələrində
Korporativ Əməkdaşlıq Sazişi imzalanıb. Əməkdaşlıq
çərçivəsində Balakən rayonunun “ABAD” layihəsi
2-ci pilot layihə olaraq müəyyən edilib. SOCAR-ın dəstəyi
ilə 12 ailəyə 9 meyvə, 2 süd və 1 ət
emalı üçün xüsusi istehsal avadanlığı
ilə təchiz edilmiş konteynerlər təhvil verilib.
Prezident İlham Əliyev “ABAD”
layihəsi çərçivəsində Balakəndə və
digər rayonlarda istehsal edilən məhsullara baxdı.
Balakən rayonundan əl işləri
hazırlayan dörd sənətkar “ABAD” layihəsinin
iştirakçısıdır. Ümumilikdə Balakənin
və qonşu rayonların potensialını, layihəyə
olan marağı, bu səbəbdən də artan iş həcmini
nəzərə alaraq, Balakəndə regional “ABAD Mərkəz”in
təsis edilməsi məqsədəuyğun hesab olunub. Burada
layihə çərçivəsində 280 kvadratmetrə
yaxın sahəsi olan ikimərtəbəli inzibati bina inşa
edilib. Binadakı iş otaqları zəruri avadanlıqla təchiz
olunub. Burada, həmçinin təqdimat və görüş
zalları, laboratoriya da fəaliyyət göstərəcək.
Binada ümumi sahəsi 640 kvadratmetrdən çox olan müxtəlif
temperaturlu anbar kompleksi də yaradılıb.
“ABAD Mərkəz” ilə
tanışlıqdan sonra Prezident İlham Əliyev rayon
ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Tədbir
iştirakçılarını salamlayan dövlətimizin
başçısı çıxış etdi.
Prezident
İlham Əliyevin çıxışı
-Mən yenidən Balakən
rayonunda səfərdəyəm. Çox məmnunam ki,
növbəti dəfə Balakənə səfər edirəm.
Bu, mənim sayca beşinci səfərimdir. Bu,
özlüyündə onu göstərir ki, Azərbaycan
dövləti Balakən rayonunun inkişafına çox
böyük diqqət göstərir. Bu diqqət və
qayğı nəticəsində Balakən rayonunda işlər
yaxşı gedir, rayon inkişaf edir, bir çox önəmli
sosial, iqtisadi layihələr, biznes, infrastruktur layihələri
icra edilir. Bir sözlə, Balakəndə hərtərəfli
inkişaf təmin olunur və əlbəttə ki, gələcək
illərdə bu inkişaf daha da sürətlə gedəcək.
Bu günə qədər rayonda
bir çox önəmli sosial layihələrin icrası təmin
edilmişdir. Bölgələrimizdə ən böyük xəstəxanalardan
biri Balakəndə bir neçə il bundan əvvəl
tikilmişdir, təxminən 200 çarpayılıq gözəl
xəstəxanadır. Olimpiya Mərkəzi, Gənclər Evi,
digər sosial obyektlər inşa olunmuşdur, məktəb
tikintisi sürətlə gedir. Mənə verilən məlumata
görə, 26 yeni məktəb tikilib, bir neçə məktəb
təmir edilib. Yəni, bu, çox önəmli sosial sahədir
və bu sahə çox böyük vəsait tələb
edir, Azərbaycan dövləti bu vəsaiti təmin edir.
Balakən rayonunda qazlaşdırma
100 faiz səviyyəsindədir. Biz hələ ki, heç
ölkə üzrə bu səviyyəyə
çatmamışıq. Ölkə üzrə
qazlaşdırmanın səviyyəsi 93 faizdir, Balakəndə
isə 100 faiz. Elektrik enerjisi ilə bağlı problemlər həllini
tapır, kənd yolları salınır. Biz artıq bu
gün növbəti kənd yolu layihəsinin
açılışını qeyd etdik. Növbəti illərdə
digər kəndlərə də yollar salınacaq.
Siz yaxşı bilirsiniz ki, zəlzələdən
sonra Azərbaycan dövləti zərərçəkmiş
vətəndaşlara öz maddi yardımını göstərdi,
7 mindən çox fərdi ev ancaq Balakən rayonunda dövlət
hesabına tikilmişdir, 2 mindən çox ev əsaslı təmir
edilmişdir. Yəni, bu, hesab edirəm ki, bir göstəricidir.
Çünki ağır vəziyyətə düşən
soydaşlarımızın problemlərinin həlli
üçün dövlət öz dəstəyini əsirgəmədi
və bu gün Balakən rayonunda sosial-iqtisadi inkişaf
yaxşı səviyyədədir. “ABAD Mərkəz”in
yaradılması da bunun bariz nümunəsidir. Bu, sayca ikinci
“ABAD Mərkəz”dir. Birincisi Masallıda yaradılıb,
ikinci isə Balakən rayonunda. Bu mərkəzin fəaliyyəti
nəticəsində minlərlə insan işlə təmin
olunacaq, özünüməşğulluq proqramı sürətlə
icra ediləcək. Mən bu barədə artıq
bütün müvafiq tapşırıqları vermişəm
ki, növbəti illərdə özünüməşğulluq
proqramı Azərbaycanda geniş vüsət almalıdır,
dövlət isə, öz növbəsində, bu şəraiti
yaradır. Mənə verilən məlumata görə, Balakən
rayonunda vətəndaşlara 12 konteyner təqdim edilib və o
konteynerlərdə indi artıq məhsul istehsal olunur. Bax, bu
mürəbbələr sizin məhsulunuzdur, gözəl
qablaşdırılıb və həm daxili bazara
çıxarılır, həm də xarici bazarlara
çıxarılacaq.
Eyni zamanda, bu gün mənə
daha bir gözəl layihə haqqında məruzə edildi, əvvəllər
də məruzə edilmişdi. Bu, indi sizin
gördüyünüz paketlənmiş quru xurma məhsuludur
ki, bunun da xarici bazarlara çox böyük
çıxış imkanı var və indi bir çox
ölkələrdən sifarişlər verilib. Bu istehsal
geniş vüsət alacaq və nəinki Balakən rayonunun,
bütün ətraf rayonların xurması, yəni, bazara
çıxarılmayan xurma məhsulu buraya gətiriləcək,
emal olunacaq və belə gözəl şəkildə xaricə
ixrac ediləcək. Vətəndaşlar yaxşı pul
qazanacaqlar, ölkəmizə valyuta gələcək və
eyni zamanda, bu, xurma istehsalının inkişafına növbəti
təkan verəcəkdir.
Ona görə “ABAD Mərkəz”in
yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində
aparılan islahatların nəticəsidir. Bilirsiniz ki, bir
neçə il əvvəl Azərbaycanda “ASAN xidmət” mərkəzləri
yaradıldı. İndi bu mərkəzlərə 16 milyon 500
min müraciət olunmuşdur. Növbəti mərhələdə
“ASAN Kommunal” və “ABAD” ailə biznesinə dəstək mərkəzlərinin,
- ikinci mərkəz burada açılır, - əlbəttə
ki, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına
çox böyük müsbət təsiri olacaq və Balakən
rayonunun sosial-iqtisadi inkişafı, ixrac potensialı
böyük dərəcədə artacaq.
İndi siz yaxşı bilirsiniz ki,
biz ölkəmiz üçün ənənəvi olan kənd
təsərrüfatı sahələrini bərpa edirik. Bu
bölgənin imkanları, iqlim şəraiti və ənənələri
nəzərə alınır. Bölgədə çox
geniş vüsət alan sahələr
fındıqçılıqla, baramaçılıqla,
tütünçülüklə bağlıdır. Siz –
burada yaşayan insanlar yaxşı görürsünüz ki,
son bir-iki il ərzində bu sahədə çox böyük
artım var və bu, əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasına birbaşa müsbət
təsir göstərir. Bir il ərzində Balakən rayonunda
2 min 200 hektarda yeni fındıq bağları salınıb və
bağların sahəsi 7 min hektara çatıbdır. Ancaq
növbəti illərdə əlavə minimum 3 min hektarda
fındıq bağları salınacaq və bütün
bunlar dövlət hesabına olan məsələlərdir. Yəni,
dövlət lazım olan tingləri gətirir, suvarma işlərini
təşkil edir, kəndlilərə şərait yaradır
ki, onlar bu ağaclara qulluq edərək öz maddi vəziyyətlərini
daha da yaxşılaşdırsınlar və xaricə valyuta
gətirən məhsullar çıxara bilsinlər.
Buna görə növbəti illərdə
bu bölgənin - həm Balakən rayonunun, həm qonşu
rayonların ənənəvi kənd təsərrüfatı
sahələrinin inkişafı üçün daha da ciddi
addımlar atılacaqdır. Balakən rayonunda hər dəfə
olarkən burada gedən quruculuq, abadlıq işləri məni
çox sevindirir. Məni daha çox sevindirən odur ki, Balakən
rayonunda yaşayan insanlar Vətənə bağlı
insanlardır, vətənpərvər insanlardır. Azərbaycanda
əsrlər boyu yaşayan bir çox xalqların nümayəndələri
Balakən rayonunda bir ailə kimi, dostluq, qardaşlıq,
mehribanlıq şəraitində yaşayır və bu, bizim
böyük sərvətimizdir. Azərbaycanda milli və dini zəmində
mövcud olan çox gözəl vəziyyət bir çox
ölkələr üçün də maraq doğurur və
indi bizim təcrübəmiz öyrənilir. Bizim siyasətimiz
isə çox aydındır, açıqdır, Azərbaycan
ölkəmizdə yaşayan bütün xalqların doğma
vətənidir. Bizim həmrəyliyimiz, milli müxtəlifliyimiz
böyük sərvətimizdir. Təsadüfi deyil ki,
keçən il Azərbaycanda “Multikulturalizm İli” elan
edilmişdir. Hesab edirəm ki, tarixdə ilk dəfə olaraq
belə bir təşəbbüs Azərbaycanda irəli
sürüldü. Bu, əslində, daha çox xaricə bir
mesaj idi ki, birgə yaşamaq, qurmaq, müxtəlif
xalqların nümayəndələrinin dostluq, mehribanlıq
şəraitində yaşaması mümkündür və
bunu Azərbaycanın timsalında hər kəs görə
bilər. Bu il isə “İslam Həmrəyliyi İli”dir. Bu da
yenə bir çağırışdır. Çünki Azərbaycanda
nə multikulturalizmlə, nə də İslam həmrəyliyi
ilə bağlı heç bir problem yoxdur. Biz, sadəcə
olaraq, bu çağırışları etməklə bir
mesaj veririk, əgər belə demək mümkündürsə,
yol göstəririk ki, bütün müsəlman xalqları
birləşsin, onların arasında heç bir
qarşıdurma, anlaşılmazlıq olmasın və biz Azərbaycanın
timsalında görürük ki, buna nail olmaq
mümkündür. Azərbaycan böyük
coğrafiyanın bir hissəsidir, Qafqazın bir
parçasıdır, Qafqaz vahid orqanizmdir. Qafqazda yaşayan
bütün xalqlar arasında bir-biri ilə tarixi əlaqələr,
qohumluq əlaqələri, dostluq, qardaşlıq olub. Hesab
edirəm ki, Azərbaycan bütün Qafqaz üçün də
çox önəmli bir ölkəyə çevrilibdir. Ona
görə Balakəndə həm bu sahədə, həm də
iqtisadi, sosial, kənd təsərrüfatı, emal sənayesi
sahələrində çox gözəl nəticələr
var. Rayon gündən-günə gözəlləşir,
abadlaşır, turistlərin sayı artır. Mən
Bakıya qayıdan kimi rayonun inkişafı ilə
bağlı əlavə tapşırıqlar verəcəyəm
ki, hələ icra olunmayan layihələr də tezliklə
icra olunsun və növbəti açılışlarda biz
bir daha görüşək.
***
Rayon ictimaiyyətinin nümayəndələri
adından çıxış edən Xanım ZURNAYEVA
göstərdiyi yüksək diqqət və qayğıya
görə Azərbaycan Prezidentinə minnətdarlığını
bildirərək dedi:
-Möhtərəm cənab
Prezident.
Rayonumuzun bütün əhalisi,
“ABAD” ailələri adından Sizi salamlayırıq. Balakənə
xoş gəlmisiniz.
Cənab Prezident, xalqımız
Sizin uğurlu siyasətinizi dəstəkləyir, ölkəmizin
inkişafı üçün həyata keçirdiyiniz tədbirləri
alqışlayır. Siz hər zaman
çıxışlarınızda qeyd edirsiniz ki, siyasətinizin
mərkəzində Azərbaycan vətəndaşının
rifahı dayanır. Məhz bu gün Sizin təşəbbüsünüzlə
Azərbaycan ailəsinə asan dəstək olan “ABAD”ın
yaradılması da bunun əyani sübutudur. Azərbaycan
dövlətinin, cənab Prezidentin daim Azərbaycan vətəndaşının,
Azərbaycan ailəsinin yanında olduğunu göstərən
“ABAD” layihəsinin Balakəndə yaradılmasını
eşidəndə çox sevindik.
Mən Şambul kəndində
yaşayıram, kənd məktəbində müəllim
işləyirəm. Buna baxmayaraq, əlavə təsərrüfat
işləri ilə də məşğul oluram. Həyətimizdə
fındıq, meyvə bağlarımız var. Əvvəllər
meyvələrimiz ağaclardan tökülür, xarab olurdu.
Meyvələrdən məhsul istehsal etmək olmurdu,
avadanlığımız yox idi, şəraitimiz buna imkan
vermirdi. Gün ərzində təxminən 15-20 kiloqram mürəbbə,
cem hazırlayırdıq ki, bunun da satışı çətinliklər
törədirdi. Buna görə də “ABAD”a müraciət
etdim və qısa zaman ərzində “ABAD”çı oldum.
Rayonumuza gətirilən 12 konteynerdən biri bizim həyətimizə
qoyuldu. Deyə bilərəm ki, indi əvvəlki kimi gün ərzində
15-20 deyil, 200-300 kiloqram məhsul istehsal edirik. Nəinki öz
bağımızdan, hətta qohum-qonşudan, kənd
camaatından da məhsul alıb istehsal edirik. Bizim ailəmiz
üçün meyvə bağı brendi yaradılıb, məhsulumuzun
satışından alınan vəsait isə birbaşa bank
hesabımıza köçürülür. Məhsulların
satışında, qablaşdırılmasında,
daşınmasında, reklamında, dizayn işində “ABAD”
bizə dəstək olur. Bizim üzərimizə düşən
yeganə vəzifə isə bir “ABAD”çı kimi yüksək
keyfiyyətli məhsul hazırlamaqdır.
Möhtərəm cənab
Prezident, biz hər zaman Sizin Azərbaycan qadınına olan
diqqət və qayğınızı hiss edirik. Kiçik
sahibkarlıqla məşğul olan bir qadın kimi dövlətimizin
mənə göstərdiyi dəstək bunun bariz nümunəsidir.
Azərbaycan qadınına diqqət və qayğının ən
böyük göstəricilərindən biri isə Sizin Sərəncamınıza
əsasən bizim güvənc yerimiz, Azərbaycan
qadınına örnək, nümunə olan Mehriban Əliyevanın
Birinci vitse-prezident təyin olunmasıdır. Bizə arxa-dayaq
olan Mehriban xanım Əliyevanın belə yüksək vəzifəyə
təyin edilməsi məhz Sizin Azərbaycan qadınına
etibarınız və inamınızın ən yüksək
göstəricisidir.
Cənab Prezident, Sizin uğurlu
siyasətiniz nəticəsində Azərbaycanımız
gündən-günə gözəlləşir, inkişaf
edir, çiçəklənir, yüksək zirvələri
fəth edir. Biz Sizin rəhbərliyiniz ilə gələcəyə
böyük ümidlərlə baxırıq. Bütün
bunlara görə Sizə bir daha minnətdarlıq edirik. Allah
Sizi qorusun! Allah Sizin ailənizi qorusun!
Prezident İlham Əliyev: Sağ
olun.
***
Rayon sakini Məhəmməd BAZAROV
çıxış edərək dedi:
- Cənab Prezident, mən də
Balakən zəhmətkeşləri adından Sizi
salamlayıram. Balakənə xoş gəlmisiniz.
Mən Qaysa kəndində
yaşayıram, meyvəçiliklə məşğul
oluram. On beş hektar meyvə bağımız var. Hər
hektardan 40-45 ton məhsul yığırıq. Məhsulumuzun
bir hissəsini bazarda satırdıq, bir hissəsi isə
satılmadığı üçün xarab olurdu. Balakəndə
yaradılmış “ABAD Mərkəz”ə müraciət
etdim. Bizim üçün konteyner ayırdılar. Konteynerdə
yüksək səviyyəli avadanlıqlar yerləşdirilib.
Məhsullarımız - mürəbbə, cem artıb, “Bal-məkan”
brendi ilə Azərbaycanın daxili bazarında böyük
supermarketlərə və xarici bazara çıxmaq imkanı
qazanmışıq.
Cənab Prezident, təsərrüfatımız
həm də tingçiliklə məşğul olur. Biz meyvə
tingləri yetişdiririk. Bu tinglər Azərbaycanın daxili
bazarı ilə yanaşı, xarici bazara da
çıxarılır. Biz 2016-cı ildə Rusiya
Federasiyasına 15 mindən çox alma tingi
satmışıq. Bu işi dövlətimizin
qayğısı ilə daha da inkişaf etdirmək fikrindəyik.
Möhtərəm Prezident,
bilirsiniz ki, Balakən kənd təsərrüfatı
rayonudur. Burada fındıqçılıq,
baramaçılıq, tütünçülük ənənəvi
sahələrdir və bunlar inkişaf etdirilir. Sizin diqqət və
qayğınızla Balakəndə fındıq
bağları, tütün plantasiyaları daha da genişləndirilir.
Baramaçılığın inkişafı
üçün xaricdən gətirilmiş yeni tut tingləri
əkilib, bunlar öz keyfiyyətinə, yarpağın
çoxluğuna görə seçilir. Bu da Azərbaycanda
baramaçılığın inkişafı
üçün stimul yaradacaq.
Balakən zəhmətkeşləri
gündən-günə firavan, gözəl yaşayır, həyat
şəraiti yaxşılaşır.
Cənab Prezident, Sizin Azərbaycan
brendi kimi yaratdığınız “ASAN xidmət” insanlara
asanlıq, rahatlıq gətirir. Yəqin ki, “ABAD” da biz
sahibkarlar üçün abadlıq yaradacaq. Bizə göstərdiyiniz
bu qayğıya, diqqətə görə Sizə həm Balakən
zəhmətkeşləri, həm də “ABAD”çılar
adından təşəkkürümü bildirirəm.
Çox sağ olun. Allah-Təala Sizə və ailənizə
cansağlığı versin.
Prezident İlham ƏLİYEV:
Çox sağ ol.
***
Sonra Prezident İlham Əliyev
“ABAD” layihəsinin iştirakçıları ilə söhbət
etdi.
Prezident İlham ƏLİYEV:
Bunlar sənin məhsullarındır?
Məhəmməd BAZAROV: Bəli,
cənab Prezident.
Prezident İlham ƏLİYEV:
Çox gözəl. Siz artıq konteynerin
avadanlığını işlədirsiniz?
Məhəmməd BAZAROV: Bəli,
çox rahatdır. Əvvəllər əziyyət çəkirdik,
ev şəraitində işləmək çox çətin
idi. Amma indi çox rahatdır. Artıq on adamın işini
görən avadanlıqlarımız var. Daha gözəl,
dünya standartlarına uyğun keyfiyyətli məhsul istehsal
etmək imkanımız yaranıb.
Prezident İlham ƏLİYEV:
Qabları haradan götürürsünüz?
İnam KƏRİMOV: Cənab
Prezident, qablar Azərbaycanda istehsal olunur.
Prezident İlham ƏLİYEV:
Sifariş əsasında alırsınız?
İnam KƏRİMOV: Bəli,
alırıq, təhvil veririk.
Prezident İlham ƏLİYEV: Sonra
bu məhsullar laboratoriyada yoxlanılır?
İnam KƏRİMOV: Bəli,
yoxlanılır, sonra da sertifikat alınır.
Prezident İlham ƏLİYEV:
Çox gözəl. Əminəm ki, dadı da gözəldir.
Balakəndə arıçılıqla bağlı vəziyyət
necədir, inkişaf edir? Mən gələndə yolda
gördüm.
Məhəmməd BAZAROV: Bəli,
cənab Prezident, arıçılıq burada çox sürətlə
inkişaf edir.
Prezident İlham ƏLİYEV:
Artıq burada satıla bilməyən meyvə batmayacaq. Bizim
mürəbbələr də çox dadlıdır, keyfiyyətlidir.
Burada təbiət də gözəldir, ona görə meyvə
də çox şirindir.
Sizi bir daha təbrik edirəm.
Əminəm ki, Balakəndə “ABAD”çıların
sayı çoxalacaq.
***
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.
- 2017.-4 avqust.- S.2-3.