Zaqatala Tütün Emalı Zavodu bölgənin iqtisadi həyatında mühüm rola malikdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış oldu.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verdilər.

Bildirildi ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. “Azərtütün” MMC 2007-ci ildə təsis edilib. Cəmiyyətin bu zavodu isə 2010-cu ildə istifadəyə verilib. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün “Azərtütün” MMC-nin tütün emalı zavoduna təhvil verilir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir.

Diqqətə çatdırıldı ki, şitil yetişdirilməsi üçün ABŞ texnologiyası ilə işləyən 14 istixana quraşdırılıb. “Azərtütün” MMC-nin müasir şum texnikası, tütün şitilini basdırmaq, əkinə qulluq, kultivasiya işlərini aparmaq üçün mexanizmləri və tütün yarpaqlarını yığan xüsusi kombaynları da var. 2016-cı ildə tədarük olunmuş 1039 tonVirciniyasortlu quru tütün bu müəssisədə emal olunaraq satılıb. 2017-ci ildə isə zavodda 2300 ton tütünün emal olunması nəzərdə tutulub.

Müəssisə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, son illərdə ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının ənənəvi sahələri yeni inkişaf mərhələsinə qədəm qoyub. “Azərtütün” MMC-nin Zaqatala tütün emalı zavodu da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu cür layihələrin uğurla icrasının təməlində Azərbaycan dövlətinin adamlarına göstərdiyi diqqət və qayğı durur. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alırlar. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu müəssisələr həm də daxili tələbatı ödəməklə yanaşı, ixrac potensialımızı artırır. Beləliklə, “Azərtütün” MMC-nin Zaqatala tütün emalı zavodunun yaradılması bir daha sübut edir ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkəmizdə mühüm işlər görülürbu işlər iqtisadiyyatın bir çox sahələrini əhatə edir.

 

Azərbaycan.- 2017.-4 avqust.- S.4.