Əhalidə
findığın becərilməsinə maraq daha da artıb
Avqustun 3-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri
çərçivəsində Lələpaşa kəndinin
sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında
yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına təsərrüfat barədə ətraflı məlumat verildi.
Bildirildi ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var. Böyük məhsuldarlığın gözlənildiyi təsərrüfatda bu il 2 tondan çox məhsulun yığılması planlaşdırılır.
Qeyd olundu ki, Qax rayonunda fındıqçılığın tarixi ənənələri var. Əhalinin böyük hissəsi bu təsərrüfatlarda çalışır. Son illər təkcə Tasmalı inzibati ərazi dairəsində 800 hektara yaxın sahədə fındıq bağları salınıb. Lələpaşa kəndində isə 150 hektar sahədə fındıq yetişdirilir.
Prezident İlham Əliyevin fındıqçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər nəticəsində bu sahədə böyük irəliləyişə nail olunub. Əhalidə ölkəyə ən çox valyuta gətirən strateji məhsullar arasında olan fındığın becərilməsinə maraq daha da artıb. Mövcud imkanlarla kifayətlənməyən şəxsi təsərrüfat sahibləri yeni fındıq bağlarının salınmasına, fındıq pöhrələrinin alınıb becərilməsinə xüsusi maraq göstərirlər. Bunun nəticəsidir ki, indi ərazidə 1,4 və 1,5 hektar sahədə yeni fındıq bağları salınıb.
Bu il fındıq bağlarından bol məhsul gözlənilir. Avqustun
sonlarından başlayaraq bir
ay ərzində məhsulun
yığımı həyata keçiriləcək. Bununla da qeyri-neft
sektorunun inkişafını
qarşıya əsas məqsəd qoyan
dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslər
sayəsində bu sahədə ciddi nailiyyətlər əldə olunur. Fındıqçılığın
inkişafının stimullaşdırılması da bu qəbildəndir.
Ümumiyyətlə, fındıq istehsalı ölkəmizdə
kənd təsərrüfatının inkişafında önəmli
rol oynayır. BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
hesablamalarına görə, Azərbaycan fındıq
istehsalı üzrə dünyada dördüncü ölkədir.
Respublikamızda təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə
ixrac edilir. Təsadüfi
deyil ki, 2016-cı ildə
Azərbaycandan 25 ölkəyə 100 milyon
dollardan çox məbləğdə
fındıq ixrac olunub.
Bu sahədə təbii ki,
dövlət dəstəyi ilə keçirilən təşviq
tədbirlərinin də böyük rolu var. Prezident İlham
Əliyevin tapşırıq və tövsiyələrinə
uyğun olaraq təşkil
edilən çoxsaylı biznes forum, ixrac missiyaları və
işgüzar görüşlərdə
iştirak edən milli
istehsalçılar yeni dəstək
mexanizmlərindən istifadə edərək bu
sahədə ciddi irəliləyişə
nail olublar. Bununla yanaşı, məhsulun
artırılması məqsədilə dövlət tərəfindən
fındıq istehsalçılarına milyonlarla
manat güzəştli kreditlər verilib, fındıq pöhrələri
alınaraq fermerlərə pulsuz
paylanılıb. Bu isə yeni
bağların salınmasına, fındıq
istehsalının və ixracının daha
da artırılmasına geniş
imkanlar açıb.
Azərbaycan.- 2017.-4 avqust.- S.6.