Qax-Qorağan-Zaqatala avtomobil yolun rayonlararası məsafəni xeyli qısaldacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin əsaslı şəkildə yenidən qurulması uğurla və yüksək keyfiyyətlə aparılıb. Layihənin başlanğıcı Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri, yəni, Qax şəhərinin girişi, sonu isə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Uzunluğu 29,8 kilometr olan yolun 8,6 kilometrlik hissəsində tikinti işləri tam yekunlaşdırılıb.
Diqqətə çatdırıldı ki, iki hərəkət zolaqlı yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yol üzərində suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yerinin dəyişdirilməsi də yekunlaşdırılıb. Yol üzərində biraşırımlı dəmir-beton körpü və Süzgəncçay üzərində uzunluğu 46 metr olan ikiaşırımlı dəmir-beton körpü inşa edilib, dəmir-beton suötürücü boruların da quraşdırılması başa çatdırılıb. Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi layihəsi çərçivəsində 5 yeni körpünün inşası, bir körpünün əsaslı təmiri, suötürücü boruların quraşdırılması nəzərdə tutulub.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Qax-Zaqatala
avtomobil yolu Böyük Qafqaz sıra
dağlarının cənub ətəyində yerləşir
və ölkənin ən böyük turizm marşrutlarından olan
yolun bir hissəsidir. Yol mühüm turizm marşrutuna daxil olmaqla yanaşı, əhatə dairəsinə,
xüsusilə Qax və Zaqatala
rayonlarının 37 min nəfərdən
çox əhalisi olan
22 yaşayış məntəqəsinə nəqliyyat xidmətini
yaxşılaşdırmağa imkan verəcək,
həmçinin Qax və Zaqatala
rayonları arasında hazırda mövcud
olan yol məsafəsi
xeyli qısalacaq.
Azərbaycan.-
2017.-4 avqust.- S.6.