Qax şəhərində Bayraq Muzeyi açılıb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev avqustun 3-də Qax rayonunda Bayraq
Muzeyinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, inşasına 2016-cı ildə başlanılan Bayraq Meydanı kompleksi istifadəyə tam hazırdır. Ərazisi üç hektar olan kompleksin inşası rayonun daxili imkanları hesabına həyata keçirilib. Azərbaycan Respublikasının dövlət bayrağı hündürlüyü 62 metr olan bayraq dirəyində dalğalanır. Geniş yaşıllaşdırma işlərinin görüldüyü kompleksdə müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan əlavə, bayraq meydanının ərazisində ümumi sahəsi 730 kvadratmetr olan muzey binası inşa edilib.
Muzeydə milli bayrağımızın təbliği ilə bağlı xüsusi eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarına və bayraqla bağlı atributlara geniş yer verilib. Bu eksponatlar Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də gənc nəsil üçün xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı irəli sürdüyü təşəbbüslərə dəstək baxımından regionlarda həyata keçirilən bu cür layihələr bir daha əminlik yaradır ki, Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir və onun gələcəyi parlaqdır.
Qeyd edək
ki, ötən əsrin əvvəllərində
Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş
üçrəngli, ay-ulduzlu
bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə
çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi
xidmətləri sayəsində mümkün
oldu. Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra milli
bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən
Naxçıvanda qaldırıldı. İndi
bu bayraq
dünyanın ən nüfuzlu beynəlxalq
təşkilatlarında, mötəbər mərasimlərində
dalğalanır və hər bir azərbaycanlı
dövlət bayrağını özünün
qürur mənbəyi hesab
edir. Bu mühüm amili şərtləndirən
əsas səbəblərdən biri də
Prezident İlham
Əliyevin dövlət atributlarımıza xüsusi
ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki,
dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində
üçrəngli bayrağımızın şərəfinə
meydanlar yaradılır, bununla
bağlı xüsusi layihələr həyata
keçirilir. Bu
layihələrdən biri də bayraq muzeylərinin təşkilidir. Ölkəmizdə
ilk bayraq muzeyi paytaxtımızda fəaliyyətə başlasa da, indi bu layihənin
davamı olaraq regionlarda
da belə muzeylər yaradılır. Qaxda yaradılan bayraq muzeyi də bu sırada xüsusi yeri ilə seçilir.
Azərbaycan.-
2017.-4 avqust.- S.6.