Azərbaycanda kənd təsərrüfatının
inkişafı üçün nadir şərait
yaradılıb
Azərbaycan
Prezidenti İlham Əliyevin yekun nitqi
-Bugünkü müşavirə bir
daha onu göstərir ki, tütünçülüyün,
baramaçılığın,
fındıqçılığın inkişafına
çox böyük dəstək var və diqqət göstərilir.
Əminəm ki, bugünkü müşavirədən
sonra bu sahələrdə daha da sürətli işlər
aparılacaq. Bu gün səslənən təkliflər
təhlil ediləcək və qəbul olunacaq qərarlarda
öz əksini tapacaq.
İndi isə bu ənənəvi
kənd təsərrüfatı sahələri
qarşısında duran bəzi vəzifələr haqqında
fikirlərimi bildirmək istəyirəm. Əvvəlcə
biz tarixə qayıdıb əvvəlki illərdə bu sahədə
əldə olunmuş nəticələri təhlil etməliyik.
Mən giriş sözümdə qeyd etdiyim kimi,
sovet dövründə ulu öndər Heydər Əliyevin fəaliyyəti
nəticəsində bu sahələrdə çox sürətli
inkişaf gedirdi. Düzdür, müstəqillik
dövründə biz iqtisadiyyatımızı bazar
iqtisadiyyatı prinsipləri əsasında qururuq, o cümlədən
kənd təsərrüfatı da bu prinsiplər əsasında
inkişaf edir. Sovet dövründən fərqli
olaraq, indi plan öhdəliyi yoxdur. Fermerlər
onlar üçün sərfəli olan kənd təsərrüfatı
məhsullarını yetişdirirlər, bazarlara
çıxarırlar. Ancaq, eyni zamanda,
yaxın tarix bunu göstərir ki, dövlətin ciddi dəstəyi
olmadan fermerlər çətinlik çəkirlər. Azərbaycanda kənd təsərrüfatının
inkişafına xüsusi diqqət göstərilir, deyə
bilərəm ki, nadir bir şərait yaradılıb, vergilərdən
azadolunma praktikası məncə, ancaq Azərbaycanda tətbiq
edilir. Digər güzəştlər,
subsidiyalar, kreditlər və sair. Buna
baxmayaraq, dövlət strateji kənd təsərrüfatı
sahələrinin inkişafı üçün öz dəstəyini
göstərməlidir və göstərəcək. Onu
da bilməliyik ki, - mən bunu giriş sözümdə də
dedim, - biz sovet vaxtında vahid ümumittifaq kənd təsərrüfatı
kompleksi çərçivəsində yaşayırdıq və
o dövrdə bölgü də Sovet İttifaqının
Dövlət Plan Komitəsi tərəfindən
aparılırdı, hansı respublikalarda hansı kənd təsərrüfatı
məhsulları yetişdirilməlidir. Beləliklə,
Azərbaycanda bu sahələr plan əsasında inkişaf
edirdi. Bu gün isə əlbəttə,
qeyd etdiyim kimi, ərzaq təhlükəsizliyi məsələləri
ön plana çıxır. Ona görə,
vaxtilə tütünçülükdə,
baramaçılıqda əldə edilmiş nailiyyətlər
indi böyük rəqəmlərlə
ölçülür. Ancaq o torpaqlarda
indi digər məhsullar yetişdirilir - daha çox taxıl,
qarğıdalı, digər məhsullar. Odur
ki, mənim indi gətirəcəyim rəqəmlər əlbəttə,
bizim üçün tarixə bir ekskursdur. Eyni zamanda, bu rəqəmlərə çatmaq, əlbəttə,
mümkün olmayacaq. Ancaq biz
çalışmalıyıq ki, bu rəqəmlərə
yaxınlaşaq.
Beləliklə,
tütünçülüklə bağlı pik dövr
1978-ci ildə olmuşdur. 1970-ci ildə cəmi
14 min hektarda tütün əkilirdisə, Heydər Əliyevin
fəaliyyəti nəticəsində 1978-ci ildə bu, 18 min
hektara çatmışdır. 1990-cı
ildə isə 14 minə düşmüşdür. Ondan sonra da düşmə əmsalı daha sürətlə
getmişdir. 2014-cü ildə cəmi 1000
hektarda tütün əkilmişdir. Tədricən
biz əkin sahələrini artıra bildik. Xüsusilə 2016-cı ildə 2400 hektarda və
2017-ci ildə 3200 hektarda tütün əkilmişdir. Əlbəttə ki, mən növbəti illərdə
planlarımızın nədən ibarət olduğunu deyəcəyəm.
O ki qaldı, tütün
istehsalına, 1970-ci ildə 24 min ton istehsal olunmuşdur,
1980-ci ildə isə 57 min ton. Yəni, iki dəfədən
çox tütün istehsal edilmişdir. 2015-ci
ildə, - mən bunu giriş sözümdə qeyd etdim, - biz
tütünçülüyü demək olar ki, itirirdik.
2015-ci ildə cəmi üç rayonda
tütün əkilmişdir - Şəki, Zaqatala və Qax
rayonlarında. Bu gün 13 rayonda
tütün əkilir. Əgər 2015-ci
ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə,
hazırda bu, 843 hektara çatmışdır. Zaqatalada
əkin sahələri 468 hektardan 744 hektara, Qaxda isə 300
hektardan 600 hektara çatdırılmışdır. Hazırda 3200 hektarda tütün əkilir.
Növbəti illərdə əkin
sahələrini genişləndirmək lazımdır. Bu məqsədlə
dövlət və bələdiyyə mülkiyyətindəki
əkinəyararlı və davamlı su təminatı olan
torpaq sahələri ayrılmalıdır. Tütün istehsalçılarına güzəştli
şərtlərlə kreditlər verilməlidir. Bu, lazımi səviyyədə deyil. Ona görə, bu sahəyə xüsusi diqqət
göstərilməlidir.
Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə tütünçülüyün
inkişafı üçün xüsusi bir plan tərtib edilməlidir.
Burada da bu təklif səsləndi ki, bizdə qəbul
məntəqələri və qurutma kameraları lazımi səviyyədə
deyil. Yəqin bunun da səbəbi ondan ibarətdir ki, - mən
də bunu qeyd etdim, - iki il bundan əvvəl
cəmi üç rayonda tütün istehsal olunurdu, indi isə
13 rayonda. Bu rayonlarda istehsal artacaq. Ona görə, hər bir rayonda qəbul məntəqəsi
və qurutma kameraları olmalıdır. Dövlət
öz dəstəyini göstərməyə hazırdır.
Mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı
Nazirliyinə, Prezident Administrasiyasına tapşırıram
ki, bu məsələ ilə məşğul olsunlar, bu
kameralar tezliklə alınsın.
Dünən bir qəbul məntəqəsində
olarkən mənə məlumat verildi ki, hətta biz bu
kameraları Azərbaycanda da istehsal edə bilərik. Hesab edirəm
ki, bu, mümkündür, burada heç bir çətin məsələ
yoxdur. Əgər mümkündürsə,
bunun yəqin ki, texnoloji xüsusiyyətləri var. Tezliklə
bu istehsal sahələri yaradılmalıdır. Çünki mənə dünən verilən məlumata
görə, tütünün xüsusiyyəti ondan ibarətdir
ki, onu uzaq məsafəyə daşımaq çətindir və
keyfiyyət itir. Ona görə,
tütünçülüklə məşğul olan hər
bir rayonda qəbul məntəqələri, qurutma kameraları
tezliklə təmin edilməlidir.
Dünən tütün fabrikinin
işi ilə tanış olarkən
gördüm ki, orada yeni avadanlıq
quraşdırılıb. İndi bu fabrik tam
istehsal tsiklini özündə ehtiva edir. Belə
olan halda, bizim ixrac imkanlarımız da artacaq. Biz həm xam tütün, həm də hazır
tütün ixrac edirik və ixracın coğrafiyasını
genişləndirməliyik.
Mən bir neçə həmkarımla
- xaricdən tütün idxal edən ölkələrin
başçıları ilə görüşlər əsnasında
bu məsələni qaldırmışdım ki, bu ölkələr
tütünü Azərbaycandan alsınlar. Bu da artıq
öz nəticəsini verir. Bizim ixrac
coğrafiyamız artır. Bizim
tütünümüz keyfiyyətlidir. Ona
görə, hesab edirəm, biz növbəti illərdə
artan istehsalı gərək indidən planlaşdıraq ki,
bunu hansı bazarlara ixrac edək.
Əlbəttə, əsas vəzifələrdən
biri də odur ki, Azərbaycanda siqaret istehsalı daha da
artsın. Mən
bunu əvvəllər də demişəm, bu gün də
deyirəm, biz elə etməliyik ki, Azərbaycan vətəndaşları
az siqaret çəksinlər. Çünki bu, zərərli vərdişdir və
insanın sağlamlığına çox böyük təhlükələr,
problemlər yaradır. Ona görə,
müvafiq tədbirlər görüləcək ki, Azərbaycan
vətəndaşları bu vərdişdən tədricən
əl çəksinlər. Ancaq bu gün
Azərbaycanda siqaret istehlakı var. Mənə verilən məlumata
görə, Azərbaycanda 10 milyard siqaret istehlak olunur. Onlardan isə cəmi 1 milyard 600 milyonu Azərbaycanda
istehsal edilir. Yəni, 9 milyard siqaret Azərbaycana idxal
edilir və bu məqsədlə Azərbaycandan hər il xaricə təxminən 150 milyon dollar valyuta
gedir. Ona görə, biz daxili bazarı təmin etmək
və xüsusilə xarici bazarlara çıxmaq
üçün tezliklə Azərbaycanda siqaret
istehsalını inkişaf etdirməliyik. İlk
növbədə, daxili bazar idxaldan asılı
olmamalıdır ki, valyuta ölkədən getməsin və
ondan sonra biz ixrac məsələləri ilə də məşğul
olacağıq.
Mövcud siqaret fabriklərinin
gücü artırılmalıdır. Bizdə o qədər
də çox siqaret fabriki yoxdur. Hesab edirəm
ki, yeni və ən müasir texnologiyalarla təchiz edilmiş
siqaret fabrikləri də yaradılmalıdır. Elə ölkələr var ki, orada tütün
istehsalı yoxdur. Onların iqlim şəraiti
buna imkan vermir. Ancaq orada bir neçə
siqaret fabriki var. Onlar xam tütünü bizdən alır,
siqaret istehsal edir və sonra bizə satırlar. Yəni, bu, onu göstərir ki, bu, çox gəlirli
sahədir. Onsuz da biz bilirdik ki, gəlirli
sahədir. Xüsusilə nəzərə
alsaq ki, bizim öz tütünümüz var, bu sahənin gəlirliliyi
daha da artacaq. Ona görə, dövlət
öz dəstəyini göstərir. Bu sahəyə
çox ciddi təkan verilir, bütün lazımi
avadanlıq, qəbul məntəqələri, texnika,
hamısı təmin ediləcəkdir. Elə
etməliyik ki, son məhsula qədər bu istehsal Azərbaycanda
təmin edilsin.
2021-ci ilə qədər
tütün istehsalı üçün əkin sahələri
iki dəfə genişləndirilməlidir. İndiki 3200
hektardan təqribən 6 min hektara
çatdırılmalıdır. Buna imkan
var və aidiyyəti qurumlar bu işlərlə ciddi məşğul
olsunlar. Belə olan halda, əgər biz orta məhsuldarlığı
2 ton götürsək, hər il Azərbaycanda 12 min ton quru
tütün istehsal olunacaq və bu, ölkəmizə
böyük xeyir gətirəcək, valyutamız xaricə
getməyəcək, əksinə, ixrac imkanlarımız da
yarana bilər.
Tütünçülüyün
inkişafına dair Dövlət Proqramı qəbul ediləcəkdir. Proqram demək
olar ki, hazırdır. Bu gün səslənən
fikirlər və mənim səfərim nəticəsində
apardığım müşahidələr də o proqrama əlavə
olunaraq tezliklə qəbul ediləcək. Bu
proqramın qəbulu bir daha onu göstərir ki, dövlət
bu sahəyə çox ciddi fikir verir.
Baramaçılıqla
bağlı.
Burada da tarixə ekskurs etməyə ehtiyac var.
1970-ci ildə Azərbaycanda barama istehsalı 3700 ton səviyyəsində
idi. Cəmi 10 il ərzində Heydər
Əliyevin rəhbərliyi altında bu rəqəm 5 min tona
çatmışdı. İndi “Şəki
İpək” Səhmdar Cəmiyyətinin rəhbəri burada
çıxış etdi. Görürəm
ki, təcrübəli adamdır, sovet vaxtında da işləyib.
Yaxşı bilir ki, o vaxt minlərlə insan
“Şəki-İpək”də işləyib. Ondan sonra kombinat demək olar ki,
bağlanmışdı. İndi bərpa
etmişik, məlumat verildi ki, orada 600 nəfər işləyir.
Amma, əlbəttə ki, potensial daha da
böyükdür. Əfsuslar olsun ki,
1991-ci ildən sonra barama istehsalı kəskin şəkildə
aşağı düşmüşdür. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər
çox barama tədarük edilmişdir. Operativ tədbirlər
nəticəsində biz 2 il ərzində
bu rəqəmi 244 tona çatdırmışıq və bu,
hələ başlanğıcdır.
Azərbaycanda 30 rayonda barama
istehsal olunur.
Mən birinci 10 rayonun adını çəkmək
istəyirəm, ictimaiyyət də bilsin ki, harada nə qədər
barama tədarük edilir. Birinci yerdə Zərdab
rayonudur - 27 ton. Ondan sonra Füzuli 24, Zaqatala 21, Şəki
18, Ağcabədi təxminən 17, Ağdam 13, Bərdə
12,5, Qax 12,5, Kürdəmir 11,5, Balakən 11 ton. Yəni, burada da artım, əlbəttə ki,
çox sürətlidir və potensial daha da
böyükdür. Çünki 30 rayonda
baramanı yetişdirmək mümkündür. Dövlət hər şeyi öz üzərinə
götürüb. Kümçülərə
materiallar, subsidiyalar verilir, “Şəki İpək”
bütün baramanı qəbul edir. Ona
görə də əminəm ki,
baramaçılığın inkişafında çox ciddi
artım olacaqdır. Hazırda 3 min
kümçü ailəsi baramaçılıqla məşğuldur.
Gələcək planlarımıza gəldikdə,
real artım tempi göstərir ki, gələn il
500 ton barama tədarük edilə bilər. Əkilən
və əkiləcək ağacları nəzərə alsaq,
biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa
bilərik. Əgər bütün
planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə
6 min ton barama istehsal edə bilərik. Beləliklə,
sovet vaxtının ən yüksək səviyyəsinə
qalxıb, hətta onu keçə də bilərik. Real imkanlar var. Kütləvi şəkildə
ağaclar əkilir. Bizdə iki il
bundan əvvəl təqribən 300 mindən bir qədər
çox tut ağacı var idi. Son 1-2 il ərzində
isə onların sayı 2 milyon 200 minə çatdı. Bütün tinglər dövlət tərəfindən
alınır, özü də xaricdən, valyuta ödənilir,
baramaqurdu toxumları da gətirilir və ağacəkmə prosesi
kütləvi xarakter alıbdır. Dövlət yenə
də əsas yükü öz üzərinə
götürür və tapşırıq verilmişdir ki, gələn
dörd il ərzində əlavə 8
milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200
min ağacımız var, 8 milyon əlavə əkiləcək.
Beləliklə, 10 milyon tut ağacımız
olacaqdır. Bu işi Ekologiya və Təbii
Sərvətlər Nazirliyi görəcək. Bütün aidiyyəti qurumlar da bu işlərə
qoşulsunlar. Eyni zamanda, mən məsləhət
görürəm ki, kəndlilər, fermerlər də fərdi
qaydada tut ağacları əksinlər ki, istehsal daha da
artsın. Beləliklə, Azərbaycanda
baramaçılıq kütləvi xarakter alacaqdır. Əgər hazırda 700-dən çox kənddə
baramaçılıqla məşğul olurlarsa, bu, onu
göstərir ki, bu sahəyə çox böyük maraq
var. Bu, çox sevindirici haldır.
Baramaçılığın
inkişafı üçün bu il əlavə
tədbirlər görülmüşdür. Vaxtilə
burada, Qax rayonunda damazlıq stansiyası fəaliyyət
göstərirdi. Onun şəkillərini
kənd təsərrüfatı naziri mənə göstərmişdir,
çox bərbad vəziyyətdədir. Ona
görə, göstəriş verildi, vəsait də
ayrıldı. Prezidentin ehtiyat fondundan 4,5 milyon manat
ayrıldı ki, tezliklə Qax Damazlıq İpəkçilik
Stansiyası yenidən qurulsun, ən yüksək
avadanlıqla təchiz edilsin və biz artıq xarici bazarlardan
asılılığımızı azaldaq, aradan
götürək. Bizə lazım olan
bütün materiallar artıq Azərbaycanda yetişdiriləcək
və bu sahəni müstəqil şəkildə inkişaf
etdirmək üçün bizdə yaxşı imkanlar
olacaqdır.
Burada qəbul məntəqələri
haqqında məsələ qaldırıldı. Tütünçülükdə
olduğu kimi, baramaçılıqda da bütün qəbul
məntəqələri tezliklə yaradılmalıdır.
Qoy, təkliflər versinlər, dövlət
bunu öz üzərinə götürməyə
hazırdır, hesablasınlar nə qədər vəsait,
investisiya lazımdır, başqa hansı işlər
görülməlidir. Hesab edirəm ki, bu il
və gələn il bütün bölgələrdə qəbul
məntəqələri yaradılmalıdır.
“Şəki İpək”in fəaliyyəti
daha da genişləndirilməlidir. Məndə olan məlumat
ondan ibarətdir ki, hazırda “Şəki İpək”in
istehsal gücü ildə 135 ton xam ipəkdir. Əgər
biz öz hədəfimizə çatsaq və 6 min ton barama tədarük
olunsa, 6 min ton yaş baramadan 600 tondan çox xam ipək
alınacaqdır. İndi isə istehsal
gücü 135 tondur. Bu, onu deməyə əsas
verir ki, ilk addım olaraq “Şəki İpək”in
imkanları genişləndirilməlidir. Baxmaq
lazımdır, əgər dövlət vəsaiti
lazımdırsa, biz bunu ayırmağa hazırıq ki, tezliklə
kombinatın istehsal gücü artsın və təqribən
3 min ton yaş baramanı emal edə bilsin. Çünki bizdə olan məlumata görə, bu
rəqəmə sürətlə çatacağıq.
Hazırda “Şəki İpək”də üçnövbəli
iş rejimində 1300 ton yaş barama emal oluna bilər. Beləliklə, “Şəki İpək”in fəaliyyəti
bərpa edildi, tam bərpa edilməlidir, genişləndirilməlidir
və 3 min ton yaş barama emal olunmalıdır. Bununla bərabər, biz gərək yeni ipək
kombinatının yaradılması haqqında nəinki
düşünək, artıq konkret addımlar ataq. Üç min ton emal gücündə olan yeni
kombinatın yaradılması zəruridir. Müvafiq
dövlət qurumları, Prezident Administrasiyası, nazirliklər,
yerli icra orqanları baxsınlar, təkliflər versinlər.
Mən hesab edirəm ki, dövlət bu sahədə
öz dəstəyini göstərməlidir. Əlbəttə, çox yaxşı olar ki, özəl
investorlar da bu işlərə qoşulsunlar. Xarici, yerli investorların marağı olarsa, dövlət
də onlara dəstək verməyə hazırdır. Çünki bu da çox gəlirli sahədir.
İnvestorlar əmin olmalıdırlar ki, bu sahənin
inkişafı ilə bağlı heç bir problem olmayacaq.
İndi çoxlu ağaclar əkilir, bu, yeni
yaranacaq ipək kombinatının resurs bazasıdır. Yəni, heç bir problem olmayacaq və beləliklə,
ancaq sərmayə qoymaq, ondan sonra hazır məhsul istehsal etmək
lazımdır. Aidiyyəti dövlət
qurumları investisiya təklifləri ilə əlaqədar
işləsinlər və tezliklə mənə təklif
versinlər ki, bu yeni kombinatın harada yerləşməsi, fəaliyyət
göstərməsi daha məqsədəmüvafiqdir.
Əlbəttə, biz
artıq dünya bazarlarına öz ipəyimizlə
çıxırıq, daha da geniş şəkildə
çıxmalıyıq. Biz gərək ixrac
bazarlarını təftiş və təhlil edək. Onu da deməliyəm ki, burada da çox böyük
rəqabət var. Bazarlar demək olar ki, artıq
bölünübdür və ixrac bazarlarına
çıxmaq üçün gərək əlavə səylər
göstərilsin. Ona görə, bu istehsal
sahəsini yaratmaq işin ancaq birinci hissəsidir, bir tərəfidir.
Biz xarici bazarlara öz hazır məhsulumuzla - həm
ipək ipləri ilə, həm hazır məhsulla
çıxmalıyıq. Xüsusilə nəzərə
alsaq ki, Azərbaycanda ipəkçiliyin qədim tarixi var,
bizim kəlağayı bizim milli sənətimizdir, milli sərvətimizdir,
ona görə, bu məsələlər də geniş şəkildə
araşdırılmalıdır.
İpəkçilik öz növbəsində
xalçaçılığa da güclü təkan verəcək. İndi biz
xalçaçılığın inkişafı ilə də
ciddi məşğuluq. “Azərxalça” 13 rayonda
öz fabriklərini yaradır, onlardan birincisi keçən il Horadiz şəhərində mənim
iştirakımla açılmışdır. Bu il, gələn il daha 12 rayonda yeni xalça
fabrikləri açılacaqdır və o cümlədən
biz ipək xalçaların istehsalı üçün bu
işləri yerli xammal əsasında qurmalıyıq. Ona görə, baramaçılığın
inkişafı bir çox istehsalat sahələrinə ciddi təkan
verəcəkdir. Tütünçülükdə
olduğu kimi, bu sahəni sürətlə inkişaf etdirmək
üçün dövlət proqramı qəbul edilməlidir.
Baramaçılıqdan və
tütünçülükdən fərqli olaraq
fındıqçılıq son illər ərzində Azərbaycanda
inkişaf edib.
Düzdür, lazım olan səviyyədə inkişaf etməyib,
ancaq əgər statistikaya baxsaq görərik ki, 2000-ci ildə
Azərbaycanda fındıq bağlarının sahəsi 18 min
hektar idi, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min
700 hektara çatıb. Hazırda 55 min hektarda
fındıq bağları salınıb. Bu
da onun nəticəsidir ki, dövlət bu sahənin də
inkişafını öz üzərinə götürüb.
Lazım olan bütün texniki tədbirlər
dövlət hesabına aparılıb, xaricdən tinglər gətirilib,
Azərbaycanda da yetişdirilib və qısa müddət ərzində
çox böyük işlər görülübdür.
Əkin sahələri 32 min hektardan 55 min hektaradək
artıb, yəni 23 min hektarda yeni fındıq bağları
salınıb. Əlbəttə, bu da son hədəf
deyil. Mən bir qədər sonra deyəcəyəm
bizim planlarımız nədən ibarətdir. 14 min 800 ton fındıq ixrac edilib.
Fındıq ixrac edilən əsas ölkələr
bunlardır: İtaliyaya 40 milyon dollar, Rusiyaya 30 milyon dollar və
Almaniyaya 24 milyon dollar səviyyəsində. Amma,
bütövlükdə, 25 ölkəyə fındıq ixrac
edilir. Yəni, bu, onu göstərir ki, həmin ölkələrdə
tələbat var, sadəcə olaraq, bu ölkələrə
çox az həcmdə fındıq ixrac
edilir. Bu statistika onu göstərir ki,
fındığın ixracı ilə bağlı gələcəkdə
heç bir problem olmayacaq. Sadəcə
olaraq, biz tezliklə əkin sahələrini genişləndirməliyik
və fermerlərə kömək göstərməliyik.
Qarşıya məqsəd
qoyulub ki, biz fındıq bağlarının sahəsini 80 min
hektara çatdıraq. Bu, aparılmış təhlil əsasında
formalaşmış real rəqəmdir. Əgər biz
1-2 il ərzində 32 min hektardan 55 min hektara qalxa bilmişiksə,
ona görə, 80 min hektarda bağların salınması tam
real rəqəmdir. Biz növbəti bir neçə il ərzində buna çatmalıyıq.
Qiymətlərlə
bağlı.
Fındıq keçən il kənd təsərrüfatı
məhsulları arasında ən çox gəlir gətirən
məhsul olmuşdur. Ancaq onu da deyim ki, məncə,
fındıqçılıq bu liderliyi saxlaya bilməyəcək.
Çünki Azərbaycanda indi çoxlu
istixanalar salınır və pomidor istehsalı sürətlə
artır. Gəlir gətirən ixrac kənd
təsərrüfatı məhsulları arasında pomidor indi
birinci yerdədir. Ona görə,
fındıqçılar gərək
çalışsınlar ki, liderliyi əldən verməsinlər.
Keçən il
fındıq satışından ölkəyə 105 milyon
dollar valyuta gəlib. Ancaq satış qiyməti
aşağı olub. Məndə olan arayışda
göstərilir ki, keçən il bir kiloqramının qiyməti
4,8 manat olub, 2017-ci ilin aprel ayında 6,2
manata satılıbdır. Dünya üzrə
qiyməti isə hazırda bizim pulla 10 manatdır. Ona
görə hesab edirəm ki, fındığın
satış qiyməti ilə bağlı artım
üçün imkanlar var. Hazırda
fındıqçılıqla 9 min nəfər məşğuldur,
yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə
çatacaqdır. Bizim tövsiyəmizlə
Fındıq İstehsalçıları və
İxracatçıları Assosiasiyası yaradıldı ki,
bu işlər mərkəzləşmiş qaydada
aparılsın, fermerlərə kömək göstərilsin,
onların məhsulu mərkəzləşmiş şəkildə
alınsın və ixrac edilsin.
Fındığın əsas
alıcıları böyük şokolad fabrikləridir. Biz də
fındığı daha çox oraya satırıq. Amma çalışmalıyıq ki, birbaşa
müqavilələr bağlansın. Yəni, burada vasitəçilər
az rol oynasınlar. Çalışmalıyıq
ki, fındığın çeşidi də artsın.
Çünki biz bunu xaricə daha çox vakuum
şəklində satırıq. Xaricdə
isə ya fabriklərdə istifadə olunur, ya da orada paketləmə
aparılır. Biz paketləməni də,
çeşidləməni də Azərbaycanda
aparmalıyıq. Ona görə, yeni
avadanlıq gətirilməlidir ki, biz hazır məhsulu
dünya bazarlarına çıxara bilək. Bizdə yetişdirilən fındıq sortları
çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir.
İndi xarici ölkələrdə
bizim ticarət evləri yaradılır. Birinci ticarət
evi yaradılıb. Xarici ölkələrdə
ticarət nümayəndəlikləri yaradılır, bir
çox ölkələrə ticarət missiyaları göndərilibdir
və fındıq ixracatı orada həmişə qeyd olunur.
Ölkələr bu məhsulu qəbul etməyə
hazırdır, sadəcə olaraq, biz istehsalı
artırmalıyıq və hazır məhsul ixrac etməliyik.
Fındıqçılar onu da yaxşı
bilirlər ki, Azərbaycan fındıq istehsalı sahəsində
dünya miqyasında birinci yerlərdədir. Biz indi görüləcək tədbirlər nəticəsində
dünya miqyasında üçüncü yerə
çıxa bilərik.
Biz bugünkü müşavirdə
bu məsələləri ona görə geniş müzakirə
edirik ki, bu sahələrin çox böyük perspektivi var.
Onu da deməliyəm ki, belə müşavirələrin
çox böyük faydası və mənası var.
Pambıqçılığa dair birinci müşavirədən
sonra pambıqçılıqda inqilabi dönüş
yarandı. Əkin sahələri 17 min hektardan
136 min hektara çatdı. Əgər orta məhsuldarlıq
bu il 20 sentner olarsa, təqribən 260 min
ton pambıq istehsalı gözlənilir. Bizim məqsədimiz
ondan ibarətdir ki, bu rəqəmi 500 min tona çatdıraq.
Biz kompleks tədbirlər nəticəsində qısa müddət
ərzində buna nail ola bilmişik. Ona görə bu təcrübə onu göstərir
ki, biz tütünçülük, baramaçılıq,
fındıqçılıq sahələrində də
tezliklə istədiyimizə nail olacağıq.
Müşavirədən sonra bu sahələrə çox
ciddi təkan veriləcək, yeni iş yerləri
yaradılacaq və kəndlilərin, fermerlərin həyat səviyyəsi
yüksələcək. Qeyri-neft sektoru
inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək,
idxaldan asılılıq azalacaq. Bizim qarşımızda
duran əsas vəzifələr bundan ibarətdir.
O ki qaldı, kənd təsərrüfatının
ümumi inkişafına, Azərbaycan dövləti müntəzəm
olaraq bu sahəyə çox böyük vəsait
ayırır, investisiyalar qoyulur. Bu gün
reallaşan və növbəti illərdə həyata
keçiriləcək infrastruktur layihələri də, o
cümlədən kənd təsərrüfatının
inkişafına xidmət göstərir. Biz
yol çəkilişi ilə çox ciddi məşğuluq.
Bu il şərti olaraq adlandırılan
“40 yol layihəsi”, - əslində bu, 200-dən çox kəndi
əhatə edir, - o cümlədən kənd təsərrüfatının
inkişafına xidmət göstərir. Bu, nəinki
insanlara rahatlıq gətirir, eyni zamanda, fermerlərin, kəndlilərin
öz məhsullarını bazarlara çıxarmaları
üçün şərait yaradır. Ona
görə, mən göstəriş vermişəm ki, gələn
ildən bu sahəyə çox böyük vəsait
ayrılsın, o cümlədən yaşayış məntəqələrinin
sayına, orada yaşayan əhaliyə və əkin sahələrinə
yaxınlığına görə prioritetlər müəyyən
edilsin. Yol çəkilişi kənd təsərrüfatının
inkişafında da öz rolunu oynamalıdır.
Digər infrastruktur layihələrimiz
də kənd təsərrüfatının inkişafına
xidmət göstərir. Əgər elektrik enerjisi, su təminatı olmasa,
heç kim heç bir yerdə investisiya
qoymaz. Ona görə, kənd təsərrüfatının
inkişafı üçün çox böyük işlər
görülür. Qeyd etdiyim kimi, fermerlər
bütün vergilərdən azaddırlar. Ölkəmizə xüsusilə son illər ərzində
ən müasir texnika alınıb gətirilir. Bu il ölkəmizə 10 min texnika gətiriləcək.
Onlardan 7 mini artıq gətirilib, cəmi bir il
ərzində. Azərbaycan dövləti bu məqsədlər
üçün 100 milyonlarla dollar vəsait ayırır,
sonra da lizinq yolu ilə güzəştli şərtlərlə
fermerlərə verir ki, onlar bu texnikadan istifadə etsinlər.
Bu yaxınlarda kənd təsərrüfatı
naziri məlumat vermişdir ki, biz özümüzü kənd
təsərrüfatı texnikası ilə demək olar təmin
etmişik. Əlbəttə, növbəti
illərdə yeni texnikalar alınacaq. Ancaq
biz əsas çətinliyi aradan qaldıra bilmişik. Subsidiyalar verilir, o cümlədən bu gün
müzakirə etdiyimiz sahələrin inkişafı
üçün. Onların da çox
böyük mənası var. Güzəştli şərtlərlə
gübrələr, yanacaq verilir. Sahibkarlara
2 milyard manat səviyyəsində güzəştli şərtlərlə
kreditlər verilir, onların da böyük əksəriyyəti
fermerlərin işini yüngülləşdirmək
üçün kəndlərə gedir. Sahibkarlara
metodik tövsiyələr verilir ki, onlar işlərini daha da
yaxşı qursunlar. Yəni, Azərbaycanda
kənd təsərrüfatının, sahibkarlığın
inkişafı üçün görülən işlər,
inanmıram ki, hansısa başqa ölkədə
görülsün. Bəlkə də var,
mən eşitməmişəm. Ən gözəl şərait
Azərbaycandadır və biz bunun hesabına regionların
sosial-iqtisadi inkişafına nail ola
bilmişik.
Əminəm ki,
bugünkü müşavirənin nəticələri çox
müsbət olacaq. Əminəm, verdiyim bütün
tapşırıqlar yerinə yetiriləcək. Həm özəl sektor, fermerlər, kəndlilər
də, əlbəttə, bu işdə fəal rol oynayacaqlar.
Dövlət qurumları - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar
Cəmiyyəti bütün bu işlərə rəhbərlik
edəcək. Bütün bu işlərə
ümumi rəhbərlik isə Prezident Administrasiyası tərəfindən
aparılacaq.
Mən sizə yeni uğurlar
arzulayıram.
Əminəm ki, bu sahələrdə çox
yaxşı nəticələr olacaq. Sağ olun.
***
Sonra Prezident İlham
Əliyev Şəki-Zaqatala iqtisadi rayonunda
tütünçülüyün,
fındıqçılığın və
baramaçılığın inkişafını əks
etdirən sərgiyə baxdı.
İqtisadiyyat naziri Şahin Mustafayev
dövlətimizin başçısına sərgi barədə
məlumat verdi.
Bildirildi ki, sərgidə bu
regionlarda müşahidə olunan uğurlar öz əksini
tapıb. Buradan da görünür ki, son illərdə
iqtisadi rayona daxil olan bölgələrdə fındıq,
tütün və baramaçılığın
inkişafı ilə bağlı xeyli işlər
görülüb. Ötən il ölkədə fındıq
istehsalı 34,3 min ton olub. 55,1 min hektar bağ sahələrində məhsuldarlıq orta hesabla hər hektara 1
ton düşür. İstehsalçılar 25 minə
yaxın ev təsərrüfatını və 22
fındıq emalı müəssisəsini əhatə edir. Ötən il Azərbaycanda
70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin
sentyabrından ipək xalçaları üçün
ipliyin istehsalına başlanacaq. Tütünçülükdə
də inkişaf meyilləri sürətlənir. Belə
ki, 2016-cı ildə 3,6 min ton tütün tədarük
olunub.
Azərbaycan.-
2017.-5 avqust.- S.4-5.