Yay tətilində uşaqlara kitab da oxutdurmaq lazımdır

 

Bu, onların mütaliəyə maraqlarını artırar

 

Mütaliə mədəniyyətinin formalaşması üçün yalnız illər deyil, həm də düzgün istiqamətlənmək lazımdır. Xüsusilə də kitabları uşaqlıqdan sevməyin, onlarla dostlaşmağın böyük əhəmiyyəti var. Təcrübə göstərir ki, kiçik yaşlardan mütəmadi bədii əsərlər oxuyanlar daha geniş məlumata malik olurlar. Ona görə də uşaqların mütaliəsinə diqqət göstərilməlidir. Onlara kitabları sevdirmək bu yöndə həyata keçirilməli olan işlərin ən ümdəsidir. Bu mənada, valideynlərlə, məktəblərlə bərabər kitabxanaların da üzərinə böyük məsuliyyət düşür.

İndi məktəblərdə yay tətili günləridir. Deməli, uşaqların mütaliə ilə məşğul olmağa daha çox vaxtları var. Bəs bu istiqamətdə kitabxanalarımız nə işlər görür, yay tətilində uşaqların mütaliəsi üçün şərait yaradırlarmı? Sualımıza Səbail rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Nüşabə Ələkbərovanın cavabı belə oldu: “Kitabxanalarımızda uşaqlarla geniş və hərtərəfli aparılır. Şagirdlərin məktəb tapşırıqları, sinifdənkənar oxu, həmçinin özlərinin mütaliələrini istiqamətləndirmək üçün ilboyu həyata keçirilən tədbirlər yay mövsümündə də davam etdirilir. Asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə onlarla söhbətlər aparılır. Kitabxanada təşkil olunan sərgilər, diskussiyalar ümumilikdə uşaqların mütaliəsinin genişləndirilməsinə, kitaba, kitabxanaya marağın artmasına müsbət təsir göstərir”.

N.Ələkbərova qeyd etdi ki, hələ ötən il M.F.Axundzadə adına Mərkəzi Kitabxananın həyata keçirdiyi layihəyə Bakı şəhər kitabxanaları cəlb olunub: “Layihə “Açıq kitabxana” adlanır. Biz digər mövsümlərdə bunu bağlı məkanlarda edirik. Ancaq əsasən yay mövsümündə açıq havada bu layihə ilə bağlı geniş işlər görə bilirik. Kitabxanalarımızın yaxınlığındakı parklarda kitab sərgiləri təşkil edirik. Orada balaca oxucularımıza aid çox sayda kitablar sərgilənir. Eyni zamanda, valideynlər uşaq ədəbiyyatı barədə məlumatlandırılır. Həmçinin tez-tez uşaq bağçalarına gedirik. Orada uşaq yazıçılarının, şairlərinin əsərləri əsasında hazırladığımız kiçik səhnəcikləri nümayiş etdiririk. Həm uşaq bağçalarının müəllimləri, həm də oradakı balacalar bunu böyük maraqla qarşılayırlar. Həmin səhnəciklər uşaq ədəbiyyatının təbliğinə müsbət təsir göstərir”.

Səbail rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru onu da diqqətə çatdırdı ki, kitabxananın özündə əlamətdar tarixi günlərlə bağlı sərgilər təşkil olunur ki, bunda da məqsəd tariximiz və görkəmli şəxsiyyətlərimizlə bağlı uşaqların məlumatlarını genişləndirməkdir. Burada yaradılmış xüsusi guşələrdə isə uşaqların əl işləri, rəsmləri nümayiş olunur.

Məktəblərdə dərs ili müddətində şagirdlərlə mütəmadi olaraq görüşdüklərini qeyd edən N.Ələkbərova dedi: “Əməkdaşlarımız məktəblərə gedir, uşaqları kitablarla tanış edir, müəyyən mövzularla bağlı onlara məlumatlar verilir, videoçarxlar nümayiş olunur. Məktəb müəllimləri də bizimlə sıx əlaqə saxlayırlar”. O, uşaq kitablarının bu gün qaneedici səviyyədə olmadığını, amma bu sahədə müəyyən addımlar atıldığını diqqətə çatdırdı: “Ümid edirəm ki, yaxın gələcəkdə daha yaxşı əsərlər nəşr olunacaq. Biz də sevinclə bunu balalarımıza tövsiyə edəcəyik”.

Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Nəcibə Hüseynova da keçən ildən məktəblilərin yay tətili günlərində səyyar kitabxana tipli “Açıq kitabxana” keçirdiklərini, ora şair və yazıçıları da dəvət etdiklərini söylədi:Bundan başqa, uşaq bağçalarında qiraət saatları, nağıl saatları təşkil edirik. Orada hələ özləri yazıb-oxumağı bacarmayan uşaqlara əməkdaşlarımız apardıqları kitablardan müəyyən hissələri seçib oxuyur, intellektual oyunlar, səhnəciklər təşkil edirlər”.

N.Hüseynova bildirdi ki, iyulun 24-dən 26-dək Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Mərkəzi kitabxanasında “Yay tətili kitablarla” adlı kitab sərgisi keçirilib. Sərgidə kitabxananın fondunda olan uşaq ədəbiyyatı nümayiş olunub.

Binəqədi rayon mərkəzləşdirilmiş kitabxana sisteminin informasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva da yay tətili ilə əlaqədar bir sıra işlər gördüklərini açıqladı: “Binəqədi rayon mərkəzləşdirilmiş kitabxana sistemiRusiya İnformasiya Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Yay qiraəti” adlı layihə həyata keçiririk. Binəqədi rayonunda yerləşən 26 saylı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi də bizim tədbirə qoşulub. Yay qiraəti” kitabxanamızın yaxınlığında yerləşən binaların ətrafındakı meydançada təşkil olunur. Əsas məqsədimiz yay tətilini şəhərdə keçirən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların arasında mütaliənin təbliğidir. Layihə çərçivəsində məktəblilər kitabxanaya üzv yazılır, seçdikləri ədəbiyyat nümunələri onlara oxumaq üçün evə verilir. Doğrudur, bu işlər kitabxana daxilində də aparılır. AmmaYay qiraəti” məhz yaşayış binalarının ətrafındakı meydançalarda keçirilir. Həftənin cümə günləri əməkdaşlarımız kitabları aparıb həmin ərazidə yaşayan uşaqlara elə oradaca xidmət göstərirlər. Hər həftə şagirdlər oxuduqları kitabları qaytarır, yeni kitablar götürürlər. Bu layihəyə iyunda start verilibsentyabra, yəni məktəblərdə dərs ili başlayanadək davam etdiriləcək. Sonda uşaqlar mütaliə etdikləri kitablar əsasında esse yazacaqlar, yaxud rəsm əsərləri çəkəcəklər. Onları öz saytımızda və facebook səhifəmizdə yerləşdirəcəyik. Sentyabrda səsvermə yolu ilə qalib - “Yay qiraəti”nin lideri seçiləcək və digər fərqlənənlər müxtəlif mükafatlar alacaqlar”.

Ş.Ağayeva yay tətili ilə bağlı kitabxananın özündə də sərgilər təşkil etdiklərini nəzərə çatdırdı. Kitabxanada məktəblilərin sinifdənxaric oxu zalı, həmçinin kiçik yaşlı uşaqlar üçün “Nağıl otağı” var. O qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi göstərişi ilə artıq üç ilə yaxındır ki, yaradılan “Nağıl otaqları” uşaqların mütaliəyə cəlb olunması üçün əhəmiyyətlidir.

Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sisteminin metodika-biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova da iki ildir “Açıq kitabxana” layihəsinə qoşulduqlarını vurğuladı: “Bundan başqa, sərgilərimiz olur. Elə bu cümə yaxınlıqdakı binanın qarşısında təşkil etdiyimiz sərgidə həmin binada yaşayan uşaqlar iştirak etdilər. Bu işlərin görülməsində məqsəd asudə vaxtın səmərəli təşkilidir. Ümumiyyətlə, istər məktəb, istərsə də məktəbəqədər yaşlı uşaqlarla il boyu aparırıq. Uşaq bağçalarında müntəzəm mütaliə saatları, nağıl saatları təşkil edirik. Həmçinin kitabxanamızın özündə hər cümə günü uşaqlar üçün nağıl saatları olur”. A.İsmayılova onu da dedi ki, uşaqların yay tətilində kitabxanaya müraciət edənlərin sayı artıb.

Nərimanov rayon mərkəzləşdirilmiş kitabxana sisteminin xidmət şöbəsinin bölmə müdiri Mehri Rəhimova “Biz yay tətilini necə keçiririkmövzusunda tədbir keçirdiklərini qeyd etdi: “Tədbirə kiçik yaşlı məktəblilər gəlir, onlara suallar veririk. Qiraət saatları keçiririk. Uşaqlar oxuyur, biz isə tövsiyələrimizi veririk. İşçilərimiz uşaq bağçalarında olur, orada da qiraət saatı keçirirlər. “Açıq kitabxana” təşkil edirik. Bunları mütəmadi edirik, amma yayda daha çox həyata keçiririk. Çünki oxucuların vaxtı çox olur. Avqustun 1-i Əlifba və Azərbaycan dili Günüdür. Həmin günə uşaqlar üçün xüsusi tədbir hazırlamışıq. Ümumiyyətlə, çalışırıq ki, kiçik yaşlı oxucularımızla vaxtaşırı vətənpərvərlik mövzusunda söhbətlər aparaq, onlara Milli qəhrəmanlarımız haqqında danışaq”. Qırx ilə yaxındır kitabxana sistemində çalışan, “İlin kitabxanaçısı” fəxri adını alan M.Rəhimova çox sevdiyi sənəti barədə böyük həvəslə söz açdı: “Yay tətilində oxu zalına daha çox uşağın gəldiyini müşahidə edirəm. Ümidsiz olmaq lazım deyil. Bəzən deyirlər ki, internetdə kitablar var, uşaqlar oradan oxuyacaqlar. Ancaq kitablar sanki canlı varlıqlardır. Onlarla ünsiyyətdə olmalısan. İnternet heç zaman kitabxanaları əvəz edə bilməz”.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.-5 avqust.- S.7.