Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Zaqatalada mühüm infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilmiş, Rayon Mərkəzi Xəstəxanası, 3500 yerlik şəhər stadionu, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış binası inşa edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsalemal müəssisələri yaradılmış, 17 mindən çox yeni yeri açılmış, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Zaqatalada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 20 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2017-ci il

 

Azərbaycan.- 2017.-6 avqust.- S.2.