“Made in Azerbaijan” brendi Avrasiyada məşhurlaşır
Gələn ildən
Azərbaycan dünya bazarlarında 1 litri 10 min avro olan qızılgül
yağının ixracına
başlayacaq
İqtisadi inkişaf strategiyası modernləşmə xəttinə
əsaslanmaqla tam innovativ
yönümdə həyata
keçirilən Azərbaycanda
çevik iqtisadi idarəetmənin təşkili,
biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi
və qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması sahəsində böyük
layihələr həyata
keçirilir.
Ölkənin davamlı inkişafını
təmin etmək məqsədilə Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
hərtərəfli islahatların
mühüm istiqamətlərindən
biri də qeyri-neft məhsulları ixracının artırılması,
yeni bazarlara çıxışının təmin olunmasıdır. Dövlət başçısının dünyadakı
yeni çağırışların
nəzərə alındığı
iqtisadi islahatlar paketi çərçivəsində
ötən ilin sonlarından etibarən ixracın təşviqi ilə bağlı bir sıra addımlar
atılıb. Bu gün rəqabətqabiliyyətli
və ixracyönümlü
yerli məhsulların
xarici bazarlarda “Made in
Azerbaijan” brendi altında
təşviqi istiqamətində
aidiyyəti dövlət
qurumları tərəfindən
kompleks tədbirlər
görülməkdədir.
Artıq “Made in
Azerbaijan” brendinin təşviqi
ilə bağlı Honq Konq da
daxil olmaqla Çinə, Birləşmiş
Ərəb Əmirliklərinə,
Almaniyaya, Əfqanıstana,
Pakistana, Qətərə,
Qazaxıstana 8 ixrac missiyası həyata keçirilib. İxrac missiyalarının nəticəsi
olaraq çay və narın Almaniyaya, nar şirəsinin İsveçə
ixracı, Qətərdə
park mebelinin təşviqi,
distribyusiyası və
satışına dair
müqavilə imzalanıb.
Əfqanıstana quru süd, mebel və süd məhsullarının, nar
şirəsi, qənnadı
məhsulları, fitinq
və polietilen borular, metal konstruksiyaları
və digər tikinti materiallarının,
Qətərə ət,
nar şirəsi və Naftalan neftindən kosmetoloji və tibbi məhsulların
ixracı, Qazaxıstana
kosmetoloji, tibbi məhsullar, meyvənin ixracına dair ilkin razılaşmalar əldə edilib. Pakistana isə mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş
pomidor, göbələk
üzrə sifarişlər
qəbul olunub. Bununla yanaşı, Pakistanda tikiləcək 71 kilometrlik
qaz boru kəmərinin layihəsi
üçün tenderdə
(boruların təchizatı)
Azərbaycan və
Pakistan şirkətlərinin birgə iştirakı barədə ilkin razılaşmalar əldə
edilib.
Dubayda keçirilən
“Gulfood” beynəlxalq ərzaq sərgisində
“Made in Azerbaijan” vahid ölkə
stendində 24 şirkətin
məhsulları sərgilənib.
Dubaya diri qoyun və
ət ixracına dair 2 müqavilə imzalanıb, İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilib.
Eyni zamanda, Birləşmiş Ərəb
Əmirliklərində fəaliyyət
göstərən iri
marketlər şəbəkəsində
Azərbaycan məhsullarının
satışı ilə
bağlı razılaşmalar,
eləcə də Küveytə meyvə-tərəvəz
və nar şirəsinin, Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına
fındıq, Dubaya çay, bal və quru süd, Səudiyyə Ərəbistanına
ət ixracına dair ilkin razılaşmalar
əldə olunub. Bu ilin martında Almaniyanın Düsseldorf şəhərində
keçirilən “Prowein”
beynəlxalq şərab
sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi ilə 9 şirkətin iştirakı
təmin olunub, Azərbaycan şərablarının
Litvaya və növbəti mərhələlərdə
digər Baltikyanı ölkələrə ixracı
barədə razılıq
əldə edilib.
İxrac təşviqindən
istifadə edən ixracatçılar məhsullarını
əsasən Rusiya,
ABŞ, Çin, Belarus, Gürcüstan,
Ukrayna, Latviya, Almaniya, Türkiyə, Polşa, Qazaxıstan, İraq, Yunanıstan, Malayziya, Kanada, Moldova, Rumıniya və Fransa bazarlarına ixrac etmişlər.
2017-ci ildə ödənilən ixrac təşviqinin 70,2 faizi üzüm şərabları və digər spirtli içkilər, 14,6 faizi konserv məhsulları, şirələr, mürəbbələr
və s. təşkil
edir. Bununla yanaşı, sahibkarlardan
daxil olmuş müraciətlər və
aparılmış təhlillər
nəzərə alınmaqla
təşviqin ödənilməsi
mexanizminin təkmilləşdirilməsi,
bir sıra məhsulların ixrac təşviqi ödənilən
məhsulların siyahısına
daxil edilməsi istiqamətində işlər
aparılır.
Yaxın zamanlarda isə Azərbaycan dünya bazarına daha bir məhsul çıxaracaq. Bu qızılgül
və lavanda gül yağlarıdır.
Bu barədə Prezident
İlham Əliyev avqustun 3-də Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül
yağı istehsalı
müəssisəsi ilə
tanış olarkən məlumat verilib. Qeyd edilib ki,
2016-cı ilin oktyabr-noyabr
aylarında Türkiyədən
və Bolqarıstandan
dəvət olunmuş
mütəxəssislərin tövsiyələri əsasında
Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün
inkişaf etdirilməsi
məqsədilə 107 hektar
torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən
82 hektarda Dəməşq
qızılgülü və
25 hektarda lavanda gülü növləri üzrə gül plantasiyaları salınıb.
Bu plantasiyalarda ilkin mərhələdə
təxminən 600 ton gül
ləçəyinin toplanması
nəzərdə tutulub.
Dəməşq qızılgülündən
istehsal olunan yağ həm
məhsuldarlığına, həm də keyfiyyətinə görə
ən yaxşısı
hesab olunur. Bolqarıstandan gətirilmiş lavanda
gülü növünün
Fransa və Türkiyə lavanda növlərindən yağlılıq
dərəcəsi 20 faiz
çoxdur. İllik
gücü 1250 ton yaş
gül, 250 litr qızılgül və 6
min litr lavanda gül yağı olan müəssisədə
istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq.
Gələcəkdə isə həmin
yağlardan istifadə
etməklə müxtəlif
ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı
nəzərdə tutulur.
Gül yağı istehsalı avadanlıqları Türkiyədən
gətirilib. Müəssisədə
31 daimi və 600-ə
yaxın mövsümi
iş yeri açılacaq. Layihə
gələcəkdə yerli
əhalinin öz pay torpaqlarında qızılgül
əkməklə bu sahənin daha da inkişaf etdirilməsinə şərait
yaradacaq. Beləliklə, əhali yığdığı
gül ləçəklərini
müəssisəyə təhvil
verməklə əlavə
gəlir əldə edəcək.
Qeyd edək ki, dünya
üzrə ildə 3
ton qızılgül yağı
istehsal olunur. Bunun 50 faizi
Türkiyə, 40 faizi
Bolqarıstan, 10 faizi isə digər ölkələrin payına
düşür. Azərbaycanda ilk mərhələdə istehsal
olunacaq 125 litr qızılgül yağı
dünya üzrə istehsalın 5 faizini təşkil edəcək.
2016-cı ildə dünya bazarında 1 litr qızılgül yağının qiyməti
10-12 min avro təşkil
edib. Eyni zamanda, müəssisədə
3 min litr lavanda yağının istehsalı
nəzərdə tutulub.
Ötən il
dünya bazarında 1
litr Lavanda yağının qiyməti
100-130 avro təşkil
edib. Müəssisənin məhsulları 2018-ci ildən dünya bazarına çıxarılacaq.
Gələcəkdə digər bitki
növlərinin efir yağlarının da istehsalı mümkün olacaq. Beləliklə, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxacaq
məhsulların sayı
və çeşidi xeyli artacaq.
Müəssisə ilə tanış olarkən Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə qızılgül istehsalı, xüsusilə Zaqatala rayonunda qızılgül yağının istehsalı əsrlər boyu inkişaf edib. Hələ sovet dövründə bu sahəyə böyük diqqət göstərilib. İndi dövlət başçısının göstərişi ilə bu sahə bərpa edilir: “Yeni müasir müəssisə tikilir, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yüz hektardan çox sahədə qızılgül əkilib. Burada istehsal olunacaq qızılgül yağı həm daxili bazara, həm də xarici bazarlara ixrac ediləcək. Beləliklə, mənə verilən məlumata görə, artıq burada yüzlərlə insan işlə təmin edilib. 500-dən çox daimi və mövsümi iş yeri yaradılıb. Burada işləyənlər yaxşı maaş alacaqlar və ölkəmizə xeyir gətirəcəklər. Çünki indi əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir”.
Bu gün dünya bazarlarında xüsusi yer tutan “Made in Azerbaijan” brendinin xarici bazarda tanıdılması və təşviq edilməsi qeyri-neft sektorunun daha da inkişafına, ixrac imkanlarının isə genişlənməsinə səbəb olub. Əlbəttə ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının dayanıqlığını möhkəmləndirən amillərdir. Dünya iqtisadiyyatında getdikcə mürəkkəbləşən proseslərin fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət ölkəmizin iqtisadi tərəqqisinə, dünyada köklü mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2017.-6 avqust.- S.1; 4.