İnam bəslədiyi
rejimin qurbanı
Repressiya
qurbanları
Fədakar fəaliyyəti,
ideyaları, xidmətləri ilə yaddaqalan simalardan biri də
dövrünün cəfakeş ziyalısı, ictimai-siyasi
xadim Ələsgər Abbas oğlu Şahbazov idi. O, 1920-ci il aprel
işğalından sonra partiya-sovet işinə irəli
çəkilmiş, Göyçay Qəza Komitəsinin,
Naxçıvan Ölkə Komitəsinin, Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin, Qarabağ Mahalının, Lerik, Lənkəran
rayonlarının katibi, Yardımlının İcraiyyə
Komitəsinin sədri, Yüngül Sənaye Komissarı və
digər məsul vəzifələrdə
çalışmışdır. Xidmətlərinə
görə “Lenin” ordeni ilə təltif edilmişdir. Təəssüf ki, bu dövrdə onlarla Azərbaycan
ziyalısı kimi Ələsgər Şahbazov da inam bəslədiyi
rejimin qurbanına çevrilmişdir.
1898-ci ildə Bakının
Mərdəkan kəndində doğulan, ömrünün ən
çılğın və işgüzar illərini şura
hökumətinin quruculuğu yolunda fəda edən
Ə.Şahbazov son anda həmin hökumət tərəfindən
təqiblərə məruz qalmışdır. Ələsgər
gənc yaşlarından mürəkkəb ictimai-siyasi hadisələrlə
üzləşmişdir. Vətənpərvər
və millətsevər ruhda böyüdüyündən bəzi
həmyaşıdları kimi o da xalqını azad, vətənini
müstəqil görmək istəmişdir. Bu amal uğrunda ən uzaq yolun yolçusu
olmağı özünə borc bilmişdir.
Ötən əsrin əvvəllərində
xalqın azadlıq və müstəqillik duyğuları
Bakını tətillər, inqilablar meydanına
çevirmişdi, yüz illərlə gah bu, gah da digər
imperiyanın əsarətində yaşayan xalq çar
Rusiyasının müstəmləkəsindən qurtulmaq
üçün ayağa qalxmışdı. Müxtəlif
qruplar, təşkilatlar, firqələr, cəmiyyətlər
yaranmışdı, camaat hansısa yeni quruluşa ümid
bağlayaraq milli dövlət qurmaq və azad yaşamaq
üçün əlindən gələni əsirgəməmişdi.
Bu zaman fəhlələr arasında bolşevik
“Hümmət” təşkilatına da böyük rəğbət
var idi. Mixaylovsk xəstəxanasının
mühasibatında işə düzələn Ələsgər
baş hesabdar bolşevik İsrafilbəyovun köməyi ilə
“Hümmət” təşkilatının fəaliyyətində
yaxından iştirak edir, tez-tez fəhlələr arasında
olur, verilən tapşırıqları böyük həvəslə
yerinə yetirirdi. Sıralarında
olduğu gənc “Hümmət”çilər dəstəsi ilə
neft mədənlərinə və zavodlara gedir,
yığıncaqlar keçirir, fəhlələri
bolşeviklərə dəstək olmağa
çağırırdı.
1919-cu ilin əvvəllərində
Müsavat hökuməti tərəfindən orduya səfərbər
olunmaqla Ələsgər Şahbazovun ömür yolu, fəaliyyət
dairəsi başqa bir səmtə yön alır. Milli ordunun
rabitə xidməti bölüyündə sıravi əsgər,
sonra isə kargüzar olur. O, burada inqilabi fəaliyyətini
daha da genişləndirir. Əsgərlər
arasında milli dövlətçiliyi qoruyub-saxlamaq və
möhkəmləndirmək baxımından fəal təbliğat
işi aparır. Lakin 1920-ci ilin aprel
ayında Azərbaycan Xalq Cümhuriyyəti süquta
uğradıldıqdan sonra Ələsgər Şahbazov təkrarən
xidmət etdiyi ordunun tərkibində qalır. 1917-ci ildən
sıralarında olduğu bolşeviklər partiyasının
xalqına, millətinə ağ günlər
bəxş edəcəyi ümidilə XI ordunun
sıralarına qoşulur. Az müddətdən sonra
Ə.Şahbazovun təcrübəsi, siyasi
hazırlığı, əsgərlər arasında iş
aparmaq bacarığı nəzərə alınmaqla AK(b)P
MK-nın hərbi şöbəsi tərəfindən
Qızıl Ordunun baş qərargahının inzibati-təsərrüfat
şöbəsinin hərbi komissarı vəzifəsinə təyin
edilir. Beləliklə, Ə.Şahbazov
Qızıl Ordunun baş qərargahında və Siyasi
İdarəsində müxtəlif məsul vəzifələrdə
çalışır.
1923-cü ilin yaz günlərinin
birində Ələsgər Şahbazovun ömür yolunda
ikinci bir cəbhə açılır. O, 1923-cü ilin aprel aynda
partiya işinə məsul vəzifəyə irəli çəkilir
- Göyçay Qəza Komitəsinin katibi təyin edilir.
Üç il bu vəzifədə çalışdıqdan
sonra AK(b)P Naxçıvan Ölkə Komitəsinin
katibi vəzifəsinə göndərilir. 1928-ci ildə
Bakıya çağırılaraq “Azərsənətbirliyi”nin sədri vəzifəsində
çalışmalı olur. Bakı Dövlət
Universitetinin hüquq fakültəsinə daxil olur. Növbəti ildə Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin katibi seçilir. Burada bir ay yeddi gün işlədikdən sonra onu
Qarabağ Mahal Partiya Komitəsinin katibi vəzifəsinə təyin
edirlər. Çox çəkmir ki, partiya komitəsi ləğv
olunur və Ələsgər Şahbazov yenidən Bakıya
çağırılır, bir müddət Azərbaycan SSR
Ali Xalq Təsərrüfatı Şurasının sədri,
Yüngül Sənaye Komissarı vəzifələrində
çalışır.
Ələsgər Şahbazov
respublikanın ictimai həyatında yaxından iştirak edir,
partiyanın tapşırıqlarını vaxtında və
yüksək səviyyədə yerinə yetirir. Savadına, qabiliyyətinə
və işgüzarlığına görə böyük
nüfuz sahibinə çevrilir. Məsul vəzifələrdə
çalışdığı vaxtlarda Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin, Zaqafqaziya Mərkəzi İcraiyyə
Komitəsinin üzvü seçilir, AK(b)P MK-nın və
ÜİK(b)P Zaqafqaziya Nəzarət Komissiyasının
üzvü olur, AK(b)P X qurultayında Azərbaycan partiya təşkilatının
nümayəndəsi kimi iştirak edir. Partiya və
xalq qarşısındakı, habelə inqilabi hərəkatda
və sosializm quruculuğundakı xidmətləri nəzərə
alınmaqla o, “Lenin” ordeninə layiq görülür.
1933-cü ildə Ə.
Şahbazov Naxçıvan MTS-ə siyasi şöbənin rəisi
göndərilir. Bir neçə aydan sonra MTS ləğv
olunur. Bu dəfə Ə.Şahbazov Yardımlı Rayon
İcraiyyə Komitəsinin sədri, az
sonra isə Lerik Rayon Partiya (bolşevik) Komitəsinin katibi təyin
edilir və 1936-cı ilə kimi bu vəzifədə
çalışır. Sonra Lənkəran Rayon Partiya
(bolşevik) Komitəsinə katib göndərilir. Burada da az müddət işlədikdən sonra
Bakıya çagrılır və “Aztorq”a direktor müavini təyin
edilir.
Ələsgər
Şahbazovun həyatının faciəli günləri bundan
sonra başlayır. Aşağılarda camaat arasında xətirli-hörmətli
olmasını, yuxarılarda bilikli-bacarıqlı kadr kimi
tanınmasını bolşevik-erməni qüvvələri həzm
edə bilmirlər. Son vaxtlar ara-sıra ünvanına
söylənən şayiələrdən özü də
bunu hiss edirdi, amma inana bilmirdi ki...
1937-ci ilin avqust ayında qəfildən
onu başqa bir ünvana çağırırlar. Antisovet təşkilatın
üzvü olduğu üçün XDİK (NKVD) tərəfindən
həbs edilir. Xüsusi təhlükəli
cinayətkar kimi SSRİ Xalq Daxili İşlər
Komissarlığının zirzəmilərində dörd ilə
yaxın işgəncələrə məruz qalır. Milliyyətcə erməni olan baş müstəntiq,
mayor Avanesovun uydurma sual-cavabları əsasında, antisovet təbliğati
işlərlə məşğul olması tam “sübut”a
yetirilir. Üçlüyün qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum
edilməklə Uzaq Sibirə, islah əmək düşərgəsinə
göndərilir.
Ölüm və qan qoxulu səkkizillik
sürgünlük həyatında Ələsgər
Şahbazovun dadına çatan, sağ qalmasına səbəb
özünün də etiraf etdiyi kimi rus dilini yaxşı
bilməsi olmuşdur. 1945-ci ilin qızmar avqust günlərində
həbsxanadan buraxılır. Təəssüf
ki, bir vaxtlar xalılı-xalçalı kabinetlərdə
qırmızı örtüklü stollar arxasında əyləşən,
nazirlərlə oturub-duran Ə.Şahbazova Bakıda, hətta
anadan olduğu Mərdəkan kəndində yaşamağa
icazə vermirlər. Sovet hökumətinin
“müqəddəs” qanunlarına əsasən Ağdama getməli,
orada yaşamalı və işlə təmin olunmalı idi.
Bu ərəfədə
Ələsgər gizlin də olsa ailəsi, yaxın
qohumları ilə görüşə bilir və bir neçə
gündən sonra tələb olunan ünvana gedir. Burada Ələsgərə
iş tapılmır və çox çək-çevirdən
sonra müəyyən razılıq əsasında onu
Qutqaşen (indiki Qəbələ) rayonunda yaşamaqla
oradakı meşə təsərrüfatı idarəsinə
hesabdar göndərirlər. Ələsgər
ötən illər ərzində çox şeylər
görüb-götürdüyündən buna da çox
şükür edir, azadlığı ən böyük nemət
bilir, Allah-təaladan onu xətadan-bəladan, şərdən-böhtandan
qorumağı arzu edir. Taleyin qismətinə
ikiqat razı olan Ələsgər beləcə öz gündəlik
iş-gücü ilə məşğul olur. Kollektivdə yaxşı hörmət qazanır.
1947-ci ilin payızında
idarəyə meşədə boşalan ərazilərdə
və digər boş sahələrdə yeni tinglər salmaq,
meşəçiliyi inkişaf etdirmək üçün
hökumət tərəfindən xeyli vəsait
buraxılmışdı. Ələsgər
görür ki, idarənin işçiləri, xüsusilə
qarovulçular meşənin qalın yerindən və digər
sahələrdən əllərinə nə keçdi
ağac tingləri gətirib müəyyən boş-tala yerlərə
əkirlər. Tinglərin alınmasına və bu
yöndə görüləcək işlərə
ayrılan pulları isə idarənin rəisi onun-bunun adına yazdırmaqla mənimsəyir və s.
Ə.Şahbazov vəzifədə
olanda da, Sibirdə sürgündə kiprikləri ilə od götürəndə də
düzlüyü, təmizliyi, halallığı hər
şeydən üstün tuturdu. İşin nə
yerdə olduğunu görən Ələsgər məqam
tapıb bu barədə müdirə etirazını bildirir.
Məsələ düzəlmək əvəzinə
növbəti aylarda daha geniş vüsət alır. Ələsgər bu barədə rayon rəhbərliyinə,
hüquq mühafizə orqanlarına məlumat yazır. Çox keçmir ki, yoxlama gəlir, şikayətçinin
özünü günahkar çıxarırlar. Hətta bu “yalançılığa” görə
Ələsgəri çox ciddi tənbeh də edirlər.
Haqqın ağzına
daş basıldığını görən Ələsgər
bu dəfə Bakıya, baş idarəyə rəsmi məktubla
müraciət etməli olur. Gələn yoxlama maliyyə sənədləri
və Ələsgərin məlumatları əsasında
yazılanların doğru olduğunu, maliyyə
pozuntularına yol verildiyini bildirir və bu
narazılıqların həllinin ancaq “barışıq” yolu
ilə mümkün olduğunu məsləhət verib geri
qayıdır.
Yoxlamadan sonra heç nə
olmayıbmış kimi, hamı əvvəlki münasibətlərdə,
hərə öz işi ilə məşğul idi. Necə deyərlər,
meşədə qurd quzu ilə otlayırdı. Altı-yeddi ay idi ki, qarşılıqlı hörmət
və həmrəylik kəllə-çarxa
çıxmışdı. Belə sakit günlərin
birində 1948-ci il sentyabr ayının 8-də
Qutqaşen meşələrində sanki tufan qopur, idarədə
hamı bir-birinə dəyir. Hökumət
adamları gəlib Qutqaşen Rayon Meşə Təsərrüfatının
hesabdarı Ələsgər Şahbazovu tutub aparırlar ki, sən
meşədə sovet hökumətinin əleyhinə təbliğati
işlərlə məşğulsan. Ə.Şahbazovun adına 251 saylı “Cinayət işi”
açılır.
Ondan sentyabrın 11-də 5 dəfə,
14-ündə 6 dəfə, 20-də 4 dəfə, oktyabrın
18-də 3 dəfə, 23-də 2 dəfə, dekabrın 6-da 3
dəfə ifadə alırlar. Hər dəfə də
çalışırlar ki, Ələsgər Şahbazov desin
ki, “bəli, siz deyəndi, antisovet fəaliyyətlə məşğul
olmuşam, üstəlik, hələ başqa işləri də
mən eləmişəm...”
Ancaq Ə.Şahbazov son anadək
əqidəsindən dönmür, mövqeyini dəyişmir. Bütün bunlara baxmayaraq,
Şahbazov antisovet millətçi təşkilatın
üzvü kimi cinayət fəaliyyəti “sübuta” yetirilməklə
Üçlüyün 1948-ci il 1 fevral
tarixli qərarı ilə 10 il müddətinə
azadlıqdan məhrum edilir. Uzaq Şərqin
buzlu ölüm düşərgələrindən birinə
gedər-gəlməzə göndərilir.
1953-cü ildə Stalin
öləndən sonra, haradansa gecələri zillət,
gündüzləri zülmət olan insanların üzərinə
azadlıq günəşi doğur. Qaranlıq zirzəmilərin ən dərin
qatlarına işıq salan bu azadlıq günəşi
Ələsgər Şahbazovun taleyinə də xoş bir
naxış vurur: davamlı olaraq yazdığı ərizələrə
baxan tapılır. 1954-cü ilin sonlarında
Ələsgər Şahbazovu Uzaq Şərqdən
azadlığa buraxırlar. Onun tərcümeyi-halına
düşən bu ləkə 1956-cı ildə elə sovet
hökumətinin öz əli ilə silinir: həmin il fevralın 15-də SSRİ Ali Məhkəməsi
hərbi kollegiyası Ələsgər Abbas oğlu
Şahbazovun işinə yenidən baxır, fəaliyyətində
cinayət tərkibi olmadığına görə ona bəraət
verilir.
Ələsgər Şahbazov
1973-cü ildə Bakıda haqq dünyasına qovuşur.
Rəhman SALMANLI,
Azərbaycan.- 2017.-6 avqust.- S.5.