Joao Armando Qonsalves:
“XIII Dünya
Skaut Gənclər Forumu
Avrasiya regionunda ilk dəfə olaraq Azərbaycanda
keçirilir”
Qəbələ şəhərində keçirilən XIII Dünya Skaut Gənclər Forumu çox yüksək səviyyədə təşkil edilib. Bu forum iştirakçı ölkələrin və gənc skautların sayına görə əvvəlki forumlardan çox böyükdür. Mən Azərbaycana bir neçə dəfə səfər etmişəm və hər dəfə müsbət dəyişikliyin, inkişafın şahidi olmuşam. Əvvəllər şəhərsalma ilə məşğul olmuşam və Bakını gördükdə yaxşı mənada təəccübləndim, şəhərdəki qədim və müasir binaların harmoniyasını, inkişafı gördükdə sevindim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qəbələdə səfərdə olan Dünya Skaut Hərəkatı Təşkilatının icraedici orqanı olan Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalves jurnalistlərə müsahibəsində deyib.
O, Azərbaycanda və dünyada skaut hərəkatının inkişafı üçün Qəbələ forumunun əhəmiyyətini yüksək qiymətləndirib, son illər hərəkatın genişləndiyini, gənclərin bu sahəyə marağının artdığını bildirib: “Dünya Skaut Hərəkatı Təşkilatı dünyanın 224 ölkəsi və regionunda fəaliyyət göstərir və 40 milyon üzvü öz ətrafında birləşdirir. 1907-ci ildə yaradılan Skaut hərəkatının məqsədi gənclərin özlərini şəxsiyyət kimi formalaşmasına və cəmiyyətdə konstruktiv rol oynamasına, onların ən yaxşı dünyanın qurulması işində iştirakına kömək edir”.
Komitə sədrinin fikrincə, Azərbaycanda turizmin inkişafı və ölkənin dünyada tanıdılması üçün bu cür böyük tədbirlərin Qəbələ və Bakıda təşkil edilməsi düzgün addımdır. “Bilirsiniz ki, Dünya Skaut Komitəsinin 41-ci konfransı və XIII Dünya Skaut Gənclər Forumu səs çoxluğu ilə Avrasiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilir. Hazırda Qəbələdə keçirilən XIII Dünya Skaut Gənclər Forumunda 133 ölkədən 18-26 yaş arası 320 gənc iştirak edir”, - deyə o vurğulayıb.
Joao Armando Qonsalves müsahibəsində
Azərbaycanın milli yeməklərini, Qəbələnin
gözəl təbiətini çox bəyəndiyini,
insanların mehriban və qonaqpərvər
olduğunu da qeyd edib.
Azərbaycan.-
2017.- 9 avqust.- S. 8.