Azərbaycan və Türkmənistan Daxili
İşlər nazirlikləri arasında imzalanan
Saziş əməkdaşlığın
genişlənməsinə təkan verəcək
Avqustun 8-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində respublikamızda rəsmi səfərdə olan bu ölkənin daxili işlər naziri, polis general-mayoru İsgender Mulikov ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir xalqlarımız arasında çoxəsrlik tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcudluğunu, prezidentlər İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun siyasi iradəsinə uyğun olaraq əməkdaşlığın bütün sahələrdə dərinləşdiyini xüsusi qeyd edib. Səfər çərçivəsində Bakıda aparılan yüksək səviyyəli danışıqların, dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin, müxtəlif sahələri əhatə edən hökumətlərarası sənədlərin, o cümlədən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında“ Sazişin imzalanmasının, xüsusən adıçəkilən Bəyannamədə əsas faktorlardan və elementlərdən biri kimi təhlükəsizlik məsələlərinin öz əksini tapmasının əhəmiyyətindən danışan R.Usubov ölkələrimiz arasındakı mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxmasından, hərtərəfli inkişaf və inteqrasiya proseslərinin daxili işlər orqanlarını da əhatə etməsindən məmnunluğunu bildirib.
Ətraflı məlumata görə təşəkkür edən İsgender Mulikov imzalanmış Sazişin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan və impuls verəcəyinə əminliyini, Türkmənistan tərəfinin bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə
əməkdaşlığın prioritet
istiqamətləri və perspektivləri, beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz
dövriyyəsi, habelə transmilli mütəşəkkil
cinayətkarlığın digər növləri ilə
mübarizə, informasiya mübadiləsinin
intensivləşdirilməsi, həmçinin yeni
imzalanmış Sazişin müddəalarından
irəli gələn öhdəliklərin icrası və
qarşılıqlı maraq doğuran digər məsələlər də
müzakirə edilib.
Azərbaycan.-
2017.-10 avqust.- S.3.