Bakının yol-nəqliyyat infrastrukturunun
müasir səviyyədə
qurulmasında keçmiş "Sovetski" adlanan ərazidə
görülən işlər böyük
əhəmiyyət kəsb edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev avqustun 9-da Bakının Yasamal
rayonunun keçmiş “Sovetski” ərazisində yenidən
qurulan “Statistika” dairəsinin, Nəriman Nərimanov prospektinin
və Abdulla Şaiq küçəsinin
açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev yolların texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Bakı şəhərinin keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat verdi.
Bildirildi ki, 2016-cı ilin avqustundan icrasına başlanan layihəyə uyğun olaraq 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib. İşlər yüksək keyfiyyətlə, texnoloji ardıcıllığa uyğun, həm də maksimum qısa müddətdə icra olunub. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işlərinin, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Ümumi uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb.
Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Abdulla Şaiq küçəsi isə 3 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində 169 yol nişanı quraşdırılıb. Paytaxt əhəmiyyətli bu layihənin icrası zamanı su, kanalizasiya, yağış sularının axıdılması, qaz, rabitə, elektrik və digər yeraltı kommunikasiyaların tikintisi həyata keçirilib. 5,7 kilometr uzunluğunda drenaj xətti çəkilib, onun üzərində 149 quyu və uzunluğu 1,5 kilometr olan mərkəzi kanalizasiya kollektoru tikilib. Bundan əlavə, 2,6 kilometr uzunluğunda qaz xətti, 5,7 kilometrlik su xətti və abadlaşdırılmış ərazidə 510 metr uzunluğunda ehtiyat keçidlər inşa olunub. Yenidən qurulan yolların üzərində 9 yerdə avtobus dayanacağı quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Prospekt və küçələrdə fiziki qüsurlu insanların da rahat hərəkəti üçün panduslar qurulub.
Prezident İlham Əliyev yeni yolların rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev yenidən qurulan “Statistika” dairəsində görülən işlərlə tanış oldu. Dövlətimizin başçısı burada Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Qeyd edək ki, yenidənqurma işlərinin ən əhəmiyyətli hissəsi Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairənin ləğv olunmasıdır. Bu, hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin olunmasına geniş imkanlar açıb. İndi həmin yerdə yaşıllıq zolağı salınıb.
Keçmiş
“Sovetski” adlanan ərazidə
yeni yolların çəkilməsi ilə
bağlı görülən işlər Bakının yol-nəqliyyat
infrastrukturunun müasir
səviyyədə qurulmasında xüsusi
əhəmiyyət kəsb edir. Belə ki, Füzulu
küçəsindəki parkla Akademik Milli Dram Teatrının arxasında yaradılacaq
parkın əlaqələndirilməsi, Füzuli
meydanındakı dairədə hərəkətin
bağlanması, həmçinin Mirzəağa Əliyev və
Füzuli küçələrindən
istifadə etməklə Səməd Vurğun
küçəsi və Nəriman Nərimanov
prospekti arasında nəqliyyatın fasiləsiz
və təhlükəsiz hərəkəti təmin olunub. Ümumilikdə yenidən qurulan prospekt və
küçələr boyunca 6 min kvadratmetrdən çox
ərazidə yaşıllıq salınıb və suvarma sistemi qurulub. Bununla
yanaşı, Nəriman Nərimanovun heykəlinin ətrafındakı
olduqca sərt sola
dönmə də ləğv edilib və
bir qədər irəlidə - Nəriman
Nərimanov prospektində dairə tipli yeni yol qovşağı tikilib. Yaxın vaxtlarda
piyadaların təhlükəsiz hərəkəti üçün Təzəpir məscidinin
qarşısındakı sahədə yeni
piyada keçidinin
tikilməsi, habelə burada 360 yerlik avtomobil
dayanacağının salınması nəzərdə tutulub.
Azərbaycan.-
2017.-10 avqust.- S.1-2.