Səsin möcüzəsi

 

Vətən yalnız dünyaya göz açdığımız, ömrümüz boyu yaşadığımız məkan deyil. Haraya getsək də, darıxdığımız, könül rahatlığını onda aradığımız, nəhayət, son mənzilimiz üçün qoynunda bizə bir məzarlıq yer verən müqəddəs torpaqdır. Qəlbimizin səsi ilə “Ey əziz anam, Azərbaycan!” dediyimiz, dünyaya dəyişmədiyimiz sevgimizdir. Vətənlə ucalanları endirməyə zamanın belə gücü yetmir. Bir də o, yalnız adı ilə övladlarını tanıtmır, özü də onların əməlləri ilə yenidən şöhrətlənir. Müğənni Müslüm Maqomayev də ana yurdunu - doğma Azərbaycanını yüksəldən dünya şöhrətli sənətkarlarımızdan biridir.

O, Azərbaycan musiqi sənətinin ikinci Müslüm Maqomayevidir. Birinci Müslüm Maqomayev də bəstəkar, musiqiçi, dirijor, ictimai xadim kimi şöhrətlənmişdi. 1885-ci ildə Qroznıda doğulan, Qori Müəllimlər Seminariyasında Üzeyir Hacıbəyli ilə birgə təhsil alan və sonralar bacanaq olan həmin Müslüm Maqomayev Bakıya ailəsi ilə birlikdə 1911-ci ildə köçmüşdü. Hələ on səkkiz yaşında skripkada, qaboyda məharətlə musiqilər çalan, təhsil illərində gimnaziyanın orkestrinə dirijorluq edən o Müslümün də arzularına Bakı mühiti qol-qanad verdi. O, Azərbaycan klassik musiqisi sahəsində tanındı, operamıza “Şah İsmayıl” və “Nərgiz” kimi iki dəyərli əsər bəxş etdi. 1937-ci il iyulun 28-də 51 yaşında bu dünyayla vidalaşdı. Onun iki oğlu - Camal və Maqomed də ataları kimi Bakını çox sevdilər.

Maqomayevlər ailəsində hər kəsin musiqi qabiliyyəti olub. Onlar musiqi məktəbinə getməmişdilər, amma Camal fortepiano və royalda, kiçik qardaşı isə royalda peşəkar musiqiçilər kimi ifa etməyi bacarırdılar. Maqomed həm də arabir ürəyəyatımlı səsi ilə oxuyardı.

Gələcəyin dünya şöhrətli sənətkarı - müğənni, bəstəkar, pianoçu, rəssam, aktyor Müslüm Maqomayev belə bir ocaqda 1942-ci ilin 17 avqustunda dünyaya göz açdı. Sanki gələcək taleyindən xəbərdarmışlar kimi, ona babasının adını verdilər. Atası Maqomed istedadlı teatr rəssamı idi. Bəlkə də bu sahədə çox uğurlarımız onun adı ilə bağlı olacaqdı, amma müharibə ömrünü yarıda qırdı. Böyük Vətən müharibəsində iştirak edən Maqomed Maqomayev sovet ordusunun qələbəsinə günlər qalmış döyüşdə həlak oldu.

Maqomedin gözəl səsli, dram aktrisası kimi tanınmış həyat yoldaşı Ayşət Axmedovna o vaxtlar Bakıda Maqomayevlər ailəsi ilə birgə yaşayırdı. Onlar Maykopda tanış olmuşdular. Evlənib Bakıya gəlmişdilər. Maqomeddən sonra Ayşət doğulub-böyüdüyü Maykop şəhərinə döndü. Oradan da teatrda fəaliyyətini davam etdirmək üçün Vışniy Voloçekə köçdü. Sonralar Ayşət Axmedovna ailə də qurdu, yenidən bir oğul, bir qız anası oldu. Balaca Müslüm isə anasının istəyi ilə Bakıda qaldı və əmisi Camalın himayəsində böyüdü.

 

Bakıda keçən unudulmaz illər

 

Doğmaları balaca Müslümə qıymadılar. Uşaq dünyasını yıxmamaq üçün atasının bir daha dönməyəcəyini illərlə ondan gizlətdilər. On yaşına çatanda bu acı həqiqəti ona söyləməli oldular.

Nə qədər rahat şərait yaratsalar da, uşaqlığını ən şirin nemətindən - ata-ana sevgisindən məhrum yaşayırdı. Amma anasının qərarının Müslümə bir xeyri olmuşdu ki, əyalətdə deyil, Bakı kimi geniş imkanlara malik şəhərdə böyüyür, təhsil alırdı. Sevimli qardaşı oğluna yetimliyini hiss etdirməmək üçün əlindən gələni əsirgəməyən əmisi üçün onun qeyri-adi qabiliyyətini görmək, hiss etmək çətin olmadı. Əslində, kiçik Müslümün təhsili, sənət yolu barədə çox düşünüb-daşınmağa gərək də yox idi. Fitri istedadı mayak kimi işıq saçır, gələcəyinə yol göstərirdi. Buna görə 1949-cu ildə adını Bakı konservatoriyasının nəzdindəki onillik musiqi məktəbinə yazdırdılar.

Uşaqlıq həyatı maraqlı keçirdi. Təhsil aldığı məktəbdə müəllimlərinin və yoldaşlarının diqqətini cəlb edə bilmişdi. Bir də Bakıda Müslümə çox doğma olan məhəlləsi var idi. Evləri “Nizami” kinoteatrının yanındaydı. Uşaqlığı, yeniyetməliyi orda keçdi. Həmin gözəl, qayğısız günlərini sonralar - şöhrətin uca zirvəsində qərar tutduğu vaxtlarda tez-tez xatırlayır, o çağların xiffətini çəkirdi.

İlk dinləyiciləri də orada, həyətlərindəki dostları oldu. On dörd yaşında isə birinci dəfə Dənizçilər klubunda səhnəyə çıxdı. On beş-on altı yaşlarında artıq pərəstişkarları az deyildi. Bariton səsli gənc müğənnini klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edirdilər. Müslüm isə o zaman həvəslə təcrübəli müəllimlərdən öyrənirdi. Aleksandr Akimoviç Milovanovun, konsertmeyster Tamara İsidorovna Kretinqenin onun musiqi savadı almasında əvəzsiz rolu oldu.

1961-ci ildə artıq Bakı hərbi dairəsinin mahnı və rəqs ansamblının solisti idi. Həmin vaxtlar ilk dəfə qastrol səfərinə çıxdı. Yolu hələ ki, Zaqafqaziyaya idi...

Bir il sonra Müslüm Helsinkidə keçirilən Gənclərin və Tələbələrin VIII Ümumdünya festivalına onu çox sevən, qayğısına qalan maestro Niyazinin tövsiyəsi ilə göndərildi. Səfəri uğurlu oldu, Bakıya beynəlxalq mükafatla qayıtdı. İyirmi yaşlı müğənni haqqında geniş tirajlı “Oqonyok” jurnalında “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edildi.

 

Azadlığı sevən, sərhədləri, çərçivələri qəbul etməyən Müslüm

 

Boylu-buxunlu, qədd-qamətli, yaraşıqlı Müslümün cazibəsinə düşən xanımlar çox oldu. O özü də gözəllərə etinasız qalmırdı. İlk məhəbbəti ilə - Ofelya ilə on səkkiz yaşında qarşılaşdı. Bir-birlərinə aşıq oldular, evləndilər. Amma dil tapa, yola gedə bilmədilər. 1962-ci ildə ayrıldılar. Yeganə qızları Marina anası ilə qaldı.

1963-cü ildə iyirmi bir yaşında Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərindəki çıxışları da gənc müğənnini şöhrətin zirvəsinə yaxınlaşdırdı. Həmin ilin noyabrında Çaykovski adına konsert zalında ilk solo-konsertini verdi. Kreml sarayındakı konsertindən sonra bütün ölkədə sovet estradasının yeni ulduzu kimi təqdim olunmağa başladı.

Müslüm Maqomayev heç vaxt şöhrət qazanmaq üçün yollar axtarmadı. Sanki şöhrət özü onun ardınca düşmüşdü. Amma Müslüm də ona verdiyi fitri istedadı Allahın belə ümidinə buraxmır, təmkinlə, yorulmadan çalışır, öyrənirdi.

1963-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti oldu. O günlərdə həm də estrada konsertlərində çıxış edirdi. Müslüm Maqomayevin oxuduğu konsert salonlarında boş yer tapmaq mümkün deyildi.

1960-cı illərin ortalarında şöhrəti SSRİ-nin sərhədlərini aşdı. Sevənlərinin, səsinə, ifasına pərəstiş edənlərin sayı-hesabı yox idi. Solo konsert təkliflərinin ardı-arası kəsilmirdi. Konsertləri böyük idman saraylarında keçiriləndə belə, ayaq basmağa yer qalmırdı.

Milanın “La Skala” teatrında təcrübəyə 1964-1965-ci illərdə çətinliklə gedə bildi. Səfəri Azərbaycanda geniş işıqlandırıldı, haqqında film hazırlandı. Nüfuzlu birinin Müslümə kömək etdiyini düşünənlər yanılmırdılar. Bu, Müslümə aşiq olduğu deyilən SSRİ-nin o zamankı mədəniyyət naziri Yekaterina Furtseva idi.

Ancaq sovet dövrünün sərt qanunlarından Milanda da rahatlıq tapmadı. Özünü hər an nəzarət altında hiss edirdi. Sonralar daha çox çətinliklə üzləşdi. Qastrollarına qadağa qoyuldu, neçə-neçə təklifdən əl çəkməli oldu. Azadlığı sevən, sərhədləri, çərçivələri qəbul etməyən Müslüm isə öz aləmində idi. Xasiyyəti belə idi, həyatın axarı ilə getmək ona yad idi. Ömrünün hər günü bir rənglə, bir çalarla bəzənməliydi.

Təcrübəsini bitirdikdən sonra Moskvanın Böyük Teatrına dəvəti qəbul etmədi. Bakıya döndü.

 

Bütün təzyiqləri, qadağaları, paxıllıqları puç edən ifa

 

1966-cı ildə Parisin Olimpiya Teatrına dəvət aldı. Azərbaycanın o vaxtkı rəhbərliyi vətəndə az çıxış etdiyini bəhanə gətirərək Müslümün səfərinə qadağa qoydu. Müslüm Furtseovanın köməyi ilə konsert günü Parisə çatdı. Çıxışından sonra Olimpiya Teatrının direktoru ona illik çalışma müqaviləsi təklif etdi. Bu dəfə qadağa Moskvadan gəldi. SSRİ Mədəniyyət Nazirliyi səbəb kimi Maqomayevin dövlət konsertlərində çıxış etməli olduğunu göstərdi.

O illərdə Müslüm Maqomayevin başına gətirilən başqa bir hadisədən də danışırdılar. Rostov-Donda 40 min nəfərlik stadionda verdiyi konsertə görə müğənni 200 əvəzinə 600 rubl qonorar almışdı. Tədbirin administratorlarının məbləğin qanuni olması və Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənməsi barədə söylədikləri doğru çıxmamışdı. Müslümə məlumat Parisdə Olimpiya Teatrında çıxışı zamanı verildi. Fransada qalmaq imkanı var idi. Ancaq vətəndən ayrılmağa da, bununla SSRİ-də qalan qohumlarını bəlaya salmağa da könlü razı olmadı. Başına gətiriləcəklərini göz önünə alaraq geri döndü. Hüquq-mühafizə əməkdaşları çox çək-çevir etsələr də, Müslüm Maqomayevin günahkar olması barədə sübut tapmadılar. O, ödənilən məbləğə rəsmi şəkildə imza ataraq qəbul etmişdi. Amma SSRİ Mədəniyyət Nazirliyi Müslümə Azərbaycandan kənarda qastrollarda çıxış etməyi qadağan etdi.

Səsinin, sənətinin heyranları arasında Sovet İttifaqına müxtəlif vaxtlarda rəhbərlik etmiş şəxslər, yüksək vəzifə sahibləri də var idi. O vaxt da SSRİ-nin DTK sədri Yuri Andropov Yekaterina Furtsevaya zəng vurdu. Müslüm Maqomayevin DTK-nın yubileyində çıxış etməsini istədi. Mədəniyyət naziri olanları xatırladanda DTK sədri: “Ona iradımız yoxdur, qoyun gəlib oxusun” - dedi.

O illərdə Müslümün tamaşaçıları oxuduğu konsert salonlarına, stadionlara sığmırdılar. Pərəstişkarları onu ayaq üstə dinləməyi belə özləri üçün xoşbəxtlik sayırdılar. Gənc yaşlarından Sovet İttifaqının ən möhtəşəm fəxri adlarına, dövlət mükafatlarına layiq görülürdü. SSRİ xalq artisti fəxri adını alanda Müslüm Maqomayevin 31 yaşı var idi.

Şöhrətini qısqananlar az deyildi. Amma Müslüm Maqomayev adı bu xırda hisslərin və onların sahiblərinin nəinki əlləri, heç duyğuları, düşüncələri yetməyəcək qədər uca idi. Səsinin möcüzəsi ilə bütün təzyiqləri, qadağaları, həsədləri, paxıllıqları puç edirdi.

Repertuarı çox geniş idi. Müslüm yüzlərlə ariyalar, romanslar, estrada mahnıları ifa etməklə bərabər, müxtəlif janrlarda musiqi əsərləri bəstələyirdi. “Gümüş gölün əfsanəsi”, “Təxribat”, “İstanbul reysi” filmlərinin musiqilərini yazdı. Dostu, xalq artisti, rejissor Eldar Quliyevin təklifi ilə şair Nizami roluna çəkildi.

Müslüm Maqomayev elə sənətkar idi ki, oxuduğu mahnılara müraciət etmək öz dövründə də, ondan sonra da ifaçıdan cəsarət istəyir. Çünki onların hər birini öz təkrarsız ifası ilə sevdirib, məşhurlaşdırıb.

1969-cu ildə Polşanın Sopot şəhərində keçirilən IX Beynəlxalq Mahnı Festivalında mükafat qazandı. Kann festivalında “Qızıl val”la mükafatlandırıldı. 1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkildi. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin olundu. Həmin orkestrlə Sovet İttifaqının çox şəhərində, eləcə də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verdi.

Müslüm Maqomayevin həyatında otuz dörd il mühüm yer tutan bir qadın oldu. Bu, dünya opera ifaçılığının inkişafında xidmətləri olan, SSRİ xalq artisti Tamara Sinyavskaya idi. Onlar 1974-cü ilin 23 noyabrında ailə qurdular. Və Müslüm Maqomayevin ömrünün sonunadək ayrılmadılar.

Səhnədə də tərəf-müqabil oldular. Müslüm rejissor Qleb Drozdovun sifarişi ilə “İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanan “Yaroslavna” tamaşasına musiqi bəstələdi. Tamaşada o, knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa etdi.

Müslüm Maqomayev Moskvaya köçüb, uzun illər orada yaşadı. Sovet İttifaqının paytaxtında ən nüfuzlu sənətkarlardan biri oldu. Moskvanın məşhur bəstəkarları xüsusi olaraq onun səsi üçün mahnılar bəstələdilər. Dünya musiqisevərlərinin qəlbini fəth edən müğənni üçün isə ən gözəl şəhər yenə Bakı idi. Möhtəşəm konsertlərinə şair Nəbi Xəzrinin sözlərinə bəstələdiyi məşhur “Azərbaycan” mahnısı ilə başlayırdı. Vətəni Azərbaycanda da Müslüm Maqomayevlə fəxr edir, qürur duyurdular.

Moskvada da onu belə tanıyırdılar: hər cür həsəddən, paxıllıqdan uzaq, təvazökar, gözü-könlü tox, xeyirxah və səxavətli. Şöhrətin zirvəsində yaşayan sənətkar uzun illər “Rossiya” mehmanxanasında qaldı, şəxsi evi də olmadı...

Bir neçə il idi ki, səhnəylə vidalaşmışdı. Pərəstişkarları ümidlə geri dönəcəyi günü gözləyirdilər. O isə son ifasında da doğma şəhərini yad edir, “Əlvida Bakı” deyirdi. Bakı üçün çox darıxır, imkan tapan kimi həyat yoldaşıyla bura gəlirdi. 2002-ci ildə Bakı Musiqi Akademiyasında Müslüm Maqomayevin 60 illiyinə həsr olunmuş tədbirlər keçirildi, sonda ona Bakı Musiqi Akademiyasının fəxri professoru adı verildi. 2002-ci il sentyabrın 6-da “İstiqlal” ordeni ilə təltif edildi.

Məşhur müğənninin səhhətində problemlər yaranması barədə yayılan xəbərlər musiqisevərləri kədərləndirirdi. 2008-ci ilin iyununda o, Moskvadakı Bakulev xəstəxanasına aparıldı.

Oktyabrın 25-də Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Oktyabrın 28-də Moskvada 45 il əvvəl ilk solo konsertini verdiyi Çaykovski adına salon yenə onun idi. Bu dəfə müğənni ilə vida mərasimi keçirilirdi. Aleksandr Andreyev dedi: “Rusiyalıların kədərini ifadə etmək üçün söz tapmaq çətindir. Onun istedadı təkcə konsert salonlarını və stadionları doldurmurdu, milyonlarla tamaşaçı onun istedadına heyran idi. Biz onun pərəstişkarı idik. O, Azərbaycanın bizə bəxş etdiyi Bakı bülbülü, həm də Rusiyanın sərvəti idi”.

Həmvətənləri isə oktyabrın 29-da onunla babasının adını daşıyan Azərbaycan Dövlət Filarmoniyasının binasında vidalaşdılar. Müslüm Maqomayev Birinci Fəxri xiyabanda dəfn edildi.

 

Azərbaycanın çoxəsrlik mədəniyyət salnaməsinə parlaq səhifələr yazmış sənətkar

 

O, doğma vətəninə sevgisini ömrü boyu ürəyində, vəfatından sonra da mahnılarında yaşadır. “Azərbaycan”, “Sevgili canan”, “Sənsiz”, “Elegiya”, “Zibeydə”, “Üzüyümün qaşı firuzədəndir” və başqa əsərləri hər dəfə dinlədikcə Müslüm Maqomayevin ölümsüz səsi ilə qürurlanırıq.

Azərbaycanda Müslüm Maqomayev adının, sənətinin nə qədər sevildiyini və unudulmaz olduğunu Prezident İlham Əliyevin imzaladığı sərəncam bir daha təsdiq etdi. Dünya şöhrətli sənətkarın 75 illik yubileyinin ölkəmizdə qeyd olunması barədə verilmiş sərəncamda bildirilir: “Azərbaycanın çoxəsrlik mədəniyyət salnaməsinə parlaq səhifələr yazmış Müslüm Maqomayev son dərəcə rəngarəng repertuara malik qüdrətli sənətkardır. Onun özünəməxsusluğu ilə səciyyələnən və ümumən sovet estradasını yeni mərhələyə yüksəldən bənzərsiz yaradıcılığı musiqi tarixində ayrıca mərhələ təşkil edir. Fitri istedadlı böyük sənətkar opera vokal ifaçılığının ecazkar nümunələrini meydana gətirmiş, milyonlarla insanın rəğbətlə qarşıladığı mahnılar bəstələmiş, həmçinin kino sahəsində təqdirəlayiq fəaliyyət göstərmişdir”.

Onun səsi, ifası yalnız doğma Azərbaycanında deyil, bütün dünyanın musiqisevərlərinin yaddaşında yaşayır. Müslüm Maqomayevin yaratdığı sənət möcüzəsi hər zaman insanları heyran edəcək.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.-16 avqust.- S.5.