Klassik musiqimizin maestrosu
Niyazi - 105
O, dünyanın hansı ölkəsində olubsa, tamaşaçılarının böyük məhəbbətini qazanıb, fantastik musiqi duyumu, fenomenal yaddaşı ilə şedevr əsərlərin bənzərsiz ifasını yaradıb, adı ən görkəmli, məşhur dirijorlar sırasında çəkilib, hamını məftun edən qüdrətli sənətkar olub. Böyük D.Şostakoviç, Ş.Q.Şarayev, K.Sekki, V.Dobiaş onu “fenomenal orkestr idarəçisi”, “sehrkar əllərin, ovsunçu barmaqların sahibi” adlandırıblar. Zəmanə ilə mənəvi bağlılıq, cəmiyyətin həyatını, mübarizəsini, ideallarını əks etdirmək hər bir əsərin ömrünü müəyyən edən amillərdir. O adamlar ki uzunömürlü əsərlər haqqında düşünərkən həqiqətə, qabaqcıl fikirlərə, xalq həyatına inamsızlıq göstərirlər, onlara demək lazımdır, gedib Niyazinin dirijorluğu ilə səslənən musiqi nümunələrinə qulaq assınlar. Və görsünlər şahanə əsərlərin möcüzəsi necə yaradılır! O, elə bir yaradıcı idi ki, hər çalınan musiqidə qəlbi döyünür, dühası bütün əzəməti ilə özünü göstərirdi. Ürəklərdə nəcib duyğulara, yeni fikir və ideallara yol açılırdı. Əbədi yaşamağın bir sirri də budur!
Hacıbəyovlar nəsli Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş etmişdir. Əsasən musiqi sahəsində parlayan bu qüdrətli sənətkarlar zirvələrə ucalmış, ölkəsinin, millətinin təəssübünü çəkmiş, müqəddəs əməlləri ilə bütün bəşəriyyətə xidmət etmişlər. Maestro Niyazi bu tanınmış ailənin layiqli nümayəndələrindəndir.
Maestro Niyazi... Dünya şöhrətli dirijor və bəstəkar! O, Azərbaycanın və SSRİ-nin xalq artisti idi, SSRİ dövlət mükafatına, iki dəfə Lenin ordeninə layiq görülmüşdü. İki dəfə Stalin və Beynəlxalq Nehru mükafatları laureatı olmuşdu. Dövrünün ən yüksək fəxri adlarından sayılan Sosialist Əməyi Qəhrəmanı adını almışdı. Sovet İttifaqının bir çox digər mükafatları ilə yanaşı, xarici ölkələrin orden və medalları ilə təltif edilmişdi.
Yalnız çox böyük şöhrət sahibinə bunların hamısı eyni zamanda qismət ola bilərdi. Lakin isminin qarşısındakı fəxri adların, mükafatların, titulların dəyərini, əhəmiyyətini zərrə qədər də kiçiltmədən onu hamı və hər yerdə bir adla tanıyır və bir adla çağırırdı - Maestro Niyazi.
Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən olmuşdu. Anası Böyükxanım isə ixtisasca həkim idi.
Qəribə taleli insan olub
Niyazi. Çoxları onun dahi Üzeyir bəy Hacıbəylinin
qardaşı oğlu olduğunu heç bilməyiblər.
Çünki Tağızadə soyadını
daşıyıb. Bunun da öz tarixçəsi
var. Tağızadə Niyazinin anası
Böyükxanımın soyadıdır. Yeganə
dayısı, inqilabçı Heydərəli qətlə
yetiriləndən sonra Böyükxanım onun soyadını
götürüb ki, xatirəsini yaşatsın. Niyazi də bu seçimi edib. Bir
çox yerlərdə onun soyadı sənədlərdə
Tağızadə-Hacıbəyov kimi göstərilib.
Niyazi kiçik yaşlarından əmisi
Üzeyir bəyin və o dövrün görkəmli ədəbiyyat,
incəsənət xadimləri Müslüm Maqomayevin,
Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin,
Nəcəf bəy Vəzirovun, Hüseyn Cavidin və
başqalarının əhatəsində böyüyüb. Uşaq ikən hərbçi olmağı
arzulayıb, hətta buna hazırlaşıb da. Belə ki, kadet məktəbində oxuyub. İdmana da həvəs göstərib, futbol
oyunlarında hakimlik edib. Dəfələrlə
“Dinamo” cəmiyyətinin ağır atletika üzrə
birinciliyində keçirilən yarışlara
qatılıb. 16-18 yaşında ikən 56
kiloqram çəki dərəcəsində Bakı və Azərbaycan
çempionu olub.
Bütün bunlar dahi
maestronu əsas məqsədə, böyük qələbələrə
çatdıran yolun başlanğıcı idi. Niyazi məhz
musiqiçi olmalı idi. İrsi olaraq ona
verilmiş istedad, milyonlarla tamaşaçını valeh edən
dirijor məharəti, musiqiçi kimi ailə ənənəsini
davam etdirmək bacarığı Niyazinin qisməti idi.
O, ilk musiqi təhsilini
Y.A.Şefferlinq adına məktəbin
skripka sinfində alır. Yeniyetmə ikən
atasının və əmisinin tövsiyəsi ilə Moskvada
Mixail Qnessinin bəstəkarlıq sinfində təhsilini davam
etdirir. 1929-1930-cu illərdə Leninqrad
(Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda oxuyur. Lakin Leninqradın havası ona düşmədiyindən
və darıxdığından texnikumu bitirə bilmir.
Bununla belə, Niyazinin gələcəkdə
mahir dirijor olacağı şəksiz idi. Əmisi dahi
Üzeyir bəy və digər görkəmli sənətkarlar
onun böyük istedadını dəfələrlə qeyd
edirdilər. Niyazi Azərbaycan Dövlət
Konservatoriyasında təhsil aldığı zaman alman
professoru Ştrasser çox istəyirdi ki, bu istedadlı gənc
onun dirijorluq sinfində oxusun. “Niyazinin
qeyri-adi əlləri var, çalışsa, çox məşhur
olacaq...” - deyirdi.
Q.Ropovun, R.Riyazanovun, L.Rudolfun
bəstəkarlıq məşğələlərində
iştirak edən gənc Niyazi dirijorluq fəaliyyətinə
1934-1935-ci illərdə başlayır. Həmin
dövrdə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin
klassik nümunələri olan “Rast”ı və “Şur”u nota
köçürür. 1930-cu illərdə Niyazi eləcə
də Zülfüqar Hacıbəylinin “Aşıq Qərib”,
Üzeyir bəyin “Arşın mal alan” əsərlərinin
yeni redaksiyalarını hazırlayır, “Xumar oldum”, “Qaragilə”,
“Ay bəri bax”, “Küçələrə su səpmişəm”
və digər Azərbaycan xalq mahnılarını simfonik
orkestr üçün işləyir.
1937-ci ildə Niyazi artıq
M.F.Axundzadə adına Opera və Balet
Teatrında dirijor kimi çalışmağa başlayır.
İlk böyük müvəffəqiyyətini
1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti
günləri” zamanı çıxış edərkən
qazanır. Üzeyir Hacıbəylinin “Koroğlu” və
Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edərək
bu əsərlərin müəlliflərinə bir daha
uğurlar gətirir və özü də şöhrətlənir.
Yeri gəlmişkən, Qara Qarayevin və Cövdət
Hacıyevin “Vətən”, Fikrət Əmirovun “Sevil”
operalarının, Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baletinin dirijorluğunu da Niyazi edir.
1934-cü ildə “Zaqatala
süitası”nı yazan maestro 1944-cü
ildə artıq ikihissəli “Qəhrəmanlıq”
simfoniyası üzərində işini tamamlayır. Ümumiyyətlə, Azərbaycan musiqisində ilk
simfonik əsərlərin müəlliflərindən biri kimi
Niyazi milli simfonizmin təşəkkülü və
inkişafında əhəmiyyətli rol oynayır. 1942-ci ildə yazdığı “Xosrov və
Şirin” operası musiqi dramaturgiyasının
çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri
və opera epizodlarının ifadəliliyi ilə fərqlənir.
1949-cu ildə yazdığı “Rast” simfonik
muğamı isə dramaturji bitkinliyi, güclü emosional təsiri,
zəngin melodiyası, xüsusilə harmonik dilinin əlvanlığı
və dolğunluğu ilə seçilir. Qeyd
edək ki, “Rast” müəllifin idarəsi ilə bir çox
xarici ölkələrdə səslənir, Çexiyada
“Suprafon”, ABŞ-da “Rikordi” musiqi şirkətləri tərəfindən
qrammofon valına yazılır.
1946-cı ildə Niyazi gənc
dirijorların baxış müsabiqəsinin laureatı
adını qazanır. Maestronun cavanlıq illərindən
başlayaraq ömrünün sonunadək davam edən belə
uğurları saysız-hesabsızdır. Belə
ki, Azərbaycan dirijorluq məktəbinin formalaşması və
inkişafı bu qüdrətli sənətkarın adı ilə
bağlıdır.
Niyazi sadəcə dirijor
deyildi. Əsl sənət fədaisi kimi onun bütün qəlbi
musiqi ilə döyünürdü. Niyazi
işlədiyi əsəri bütün varlığı ilə
duyub onu öz daxili dünyasında yaşadandan sonra pult
arxasına keçirdi. İfaçılardan
da bunu tələb edir, orkestrlə möhkəm bir mənəvi
vəhdət yaradırdı. Sanki
bütün orkestr maestronun bu sənət sevgisindən güc
və ilham alırdı. Aləmə möhtəşəm
musiqilər yayılırdı...
Üzeyir bəyin
“Koroğlu” operası, eləcə də digər Azərbaycan
bəstəkarlarının bir çox dəyərli əsərləri
dünya musiqisinin qızıl fonduna məhz Niyazinin yozumunda
daxil olmuşdur. P.Çaykovskinin “Qaratoxmaq qadın”, A.Barodinin “Knyaz
İqor”, C.Bizenin “Karmen”, C.Puççininin “Bohema”,
B.Smetananın “Satılmış gəlin” operalarını
tamaşaya Niyazi hazırlamışdır. Soltan Hacıbəyovun
“Gülşən”, Qara Qarayevin “Yeddi gözəl”,
“İldırımlı yollarla” baletləri də bu
sıradadır.
Niyazi fövqəladə
istedada malik əvəzsiz sənətkar idi. O, dirijor pultu arxasında
dayananda və məşhur “Koroğlu”dan üvertüra səslənəndə
tamaşaçının gözü qarşısında bir
mübarizə, bir savaş, vətənpərvərlik ruhu
canlanırdı. Orkestr sanki qəhrəmanlıq
dolu bir tarix danışırdı. Niyazi
öz hərəkətləri ilə diqqətinə hakim kəsildiyi
tamaşaçılarını gah keçmişə, gah da
gələcəyə aparırdı. O, dirijorluq edəndə
sanki üvertüra daha ucadan səslənirdi, insanlar xoş
ovqat yaşayırdılar.
Böyük Niyazi sənətinin
əsl möcüzələrindən biri də “Rast” simfonik
muğamı idi. Onu həyəcansız dinləmək
mümkün deyildi. Bu möcüzə
Niyazinin daxili dünyasından qaynaqlanırdı. Çünki o, Azərbaycanı çox sevirdi.
Ona görə də bütün çoxşaxəli
yaradıcılığı bu sevginin ruhuna köklənmişdi.
1961-ci ildə maestro S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının
baş dirijoru təyin olunur. Həmin vaxt bu,
SSRİ-nin ən böyük teatrlarından biri idi və onun
baş dirijoru olması Niyazinin nüfuzundan xəbər verən
faktdır. Burada maestro A.Məlikovun “Məhəbbət əfsanəsi”nin tamaşasını hazırlamış, həmçinin
Pyotr Çaykovskinin “Yatmış gözəl” və Sergey
Prokofyevin “Daş çiçək” baletlərinin yeni
quruluşuna dirijorluq etmişdir. Bu baletlərlə
Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol
tamaşaları vermişdir.
Niyazi xarici ölkələrdə
müqavilə ilə işləmək üçün təkliflər
alırdı.
Qəlbinə yaxın olan Türkiyədə
çalışarkən Ankara Opera və Balet Teatrında
Çaykovskinin “Yevgeni Onegin” və “Qaratoxmaq qadın”, Verdinin
“Aida” operalarına, İstanbul Opera və Balet Teatrında
türk bəstəkarı A.Sayqunun “Koroğlu” operasına
quruluş vermiş, onun ilk tamaşasına və “Yunus İmrə”
oratoriyasına dirijorluq etmişdir. Əsərlərin
şərhində özünəməxsus orijinal
ifaçılıq üslubu yaratmışdır.
Niyazi dünyanın bir
sıra məşhur orkestrlərinə də dirijorluq edib. O, qəlbinin odu ilə
görkəmli Azərbaycan bəstəkarlarının, eləcə
də Pyotr Çaykovski, Cüzeppe Verdi, Corc Bize və digər
dünya klassiklərinin əsərlərini ifa edən musiqi
kollektivlərinin qarşısında dayanıb,
tamaşaçılarla dolu olan böyük salonları
virtuozluğu ilə riqqətə gətirib. Niyazi Mstislav
Rastropoviç (violençelist), Svyatoslav Rixter (rus
pianoçusu), Henrix Neyqauz (rus pianoçusu) kimi məşhur
ifaçıların, David Oystrax kimi mahir rus
skripkaçısının orkestrlə birgə
çıxışlarına dirijorluq edib. Maestro
zəmanəsinin Şostakoviç, Şarayev, Sekki, Tarcan,
Dobiaş kimi görkəmli sənətkarları tərəfindən
yüksək qiymətləndirilib.
Məşhur Azərbaycan bəstəkarı
Qara Qarayev isə deyib: “Mən əsərlərimin Niyazinin
dirijorluğu ilə ifasından çox məmnun oluram və
başqa bir dirijor arzulamıram”. Təbii ki, belə
bir sənətkarla bir kollektivdə işləmək, birgə
çıxış etmək, yaxud yaradıcılıq əlaqələri
saxlamaq bütün müasirləri üçün xoş
idi və onlar bundan qürur duyurdular.
Böyük maestro 30 ildən
artıq rəhbərlik etdiyi Dövlət Simfonik Orkestri ilə
dəfələrlə Moskvada, Rusiyanın Sibirdən Uraladək
geniş ərazilərində, keçmiş SSRİ məkanının
bütün guşələrində qastrollarda olub. Niyazini
bütün dünya tanıyır və
alqışlayırdı. Xaricə səfərlərinin
birində maestro Niyazi dünyanın məşhur musiqi
kollektivlərindən olan Londonun Kral Teatrının orkestri ilə
çıxış etməli olur. Əlbəttə
ki, o, öz ustalığına güvənən sənətkar
idi və bu orkestrlə çıxış etmək
üçün heç bir narahatlıq keçirmirdi.
Orkestrinsə demə, qəribə
bir ənənəsi varmış. Onlarla təzəcə
çıxış etməyə başlayan dirijorları
“sınaq”dan keçirirmişlər. Niyazi
orkestrlə məşq edərkən ifaçılardan biri
çalınan əsərə yad olan notlar vurur. Niyazi həmin an məsələni başa
düşür və orkestrin ifasını dayandırır.
Sakitcə həmin musiqiçiyə yaxınlaşıb
qulağına nə isə pıçıldayır... Bundan sonra orkestr qarşısında kimin
dayandığını dərk edir və tam ciddiləşir.
Yüksək sənətkarlıq
keyfiyyətlərinə görə Niyazini dünyada tək-tək
yetişən A.Toskanini, V.Furtvengler, Knapersburş, Erix Playber
kimi dirijorlarla müqayisə ediblər. Lakin bu da bir həqiqətdir
ki, Niyazi bənzərsiz olub. Maestro səhnədəki
özünəməxsus hərəkətlərinə,
ifaçılıq tərzinə, dirijorluq üslubuna həmişə
və hər yerdə sadiq qalıb. Bir-birindən fərqlənən
neçə-neçə əsərə dirijorluq edərkən
də Niyazi həmişə özü olub: heç kəsi təkrar
etmir, heç kəsə oxşamır, bir kimsəni
yamsılamayırdı. Yeni bir yol
açırdı, çox böyük vüsətlə
musiqidə orijinal çərçivəsini genişləndirirdi
- Niyazi üslubu yaranırdı. Dayanmırdı,
həyatı diqqətlə izləməyə,
ifasındakı dəyişikliklərin adamların
psixologiyasına necə təsir göstərdiyini görməyə,
duymağa çalışırdı. Dahiyanə
yazılmış musiqi əsərlərinin mahiyyətini, məzmununu,
oradakı həqiqətləri, qabaqcıl fikirləri göstərmək
təqdimatdan çox asılıdır. Niyazinin
dirijorluğu ilə bu təqdimatlar ecazkar bir məharətlə
aparılırdı. O, məhz bu cür böyük
qüvvə və bacarığa malik idi. Şedevrlər
yaradırdı.
1961-ci ildə dirijor yenə
də Londonda çıxış edir. Konsertləri bir
qayda olaraq uğurla keçir. London qəzetlərinin
hamısı ondan yazmağa başlayır...
Xalq artisti, professor, Azərbaycan
Bəstəkarlar İttifaqının sədri Firəngiz
Əlizadə deyir ki, Niyazini keçmiş SSRİ məkanında,
xaricdə tanımayan insan yox idi. Kim onu səhnədə
görübsə, bu gün də unutmayıb. Ona görə ki, bu parlaq insan, şəxsiyyət o
qədər yüksək səviyyəli musiqiçi idi, onun
ifası insanlara o qədər böyük təəssürat
bağışlayırdı ki, bunu unutmaq mümkün deyil.
Niyazinin repertuarı çox zəngin idi.
Maestronun interpretasiyası ilə yüzlərlə əsər,
o cümlədən Skryabinin “Ekstaz” poeması, Taneyevin
“İohan Domoskin” və s. sənət nümunələri
vaxtilə Azərbaycanda ifa olunub.
Niyazi həm də gözəl,
özünəməxsus bəstəkar idi. Onun “Konsert
valsı” və digər simfonik əsərləri, eləcə
də fortepiano ilə orkestr üçün konserti klassik
musiqi nümunələridir. “Təbrizim”,
“Dağlar qızı”, “Vətən haqqında mahnı”,
“Arzu” kimi ürəyəyatımlı mahnılar bəstələmişdir.
Həcər xanıma həsr olunmuş ikisəhifəlik
lya bemol minor pyesi “Rəqs” zərif, nəfis və lirik
üslubda idi. “Miracle” (“Möcüzə”)
adlandırılmış pyes koloritinə görə
impressionizmə yaxındır. “Zarafat”
pyesi (digər əlyazmada “Etüd” adlanır) forma və
xarakterinə görə romantizm dövrünün ekspromt -
fantaziya janrını xatırladırdı. Bu əsərlə Niyazi Azərbaycan musiqisində
konsert etüdlərinin yaranmasını
qabaqlamışdır.
Ə.Haqverdiyevin
“Dağılan tifaq”, C.Cabbarlının “Almaz”, S.Vurğunun
“Vaqif”, A.Korneyçukun “Polad qartal” dram tamaşalarının
musiqisini də Niyazi yazmışdır. O həmçinin “Almaz”, “Kəndlilər”,
“Fətəli xan”, “Əsl dost”, “Uzaq sahillərdə”, “O
qızı tapın” və digər kinofilmlərə bəstələnmiş
musiqi parçalarının müəllifidir.
Niyazinin hind motivləri əsasında
yaratdığı “Çitra” baleti yüksək qiymətləndirilib. Əsər
1974-cü ildə Hindistanın ilk baş naziri olmuş Cəvahirləl
Nehru şərəfinə təsis edilmiş mükafata layiq
görülüb.
Azərbaycan bəstəkarlıq
məktəbi Niyaziyə çox borcludur. Çünki
bəstəkarlarımızın bütün partituraları
bu böyük sənətkarın əlindən keçib.
Niyazi onlar üçün təkcə əla interpretator
deyil, həm də böyük dost və xeyirxah məsləhətçi
idi.
Dünyanı tutan
şöhrətinə baxmayaraq Niyazi doğmaları,
dost-tanışı üçün həmişə vaxt
tapardı. Onun evi qonaqların üzünə həmişə
açıq olardı, süfrəsi duz-çörəkli
idi. Niyazinin mənzilində dünyanın
bir çox böyük sənətkarları qonaq olmuşlar.
Xalq artisti, professor, eyni zamanda,
maestronun yaxın qohumu Fərhad Bədəlbəyli
xatırlayır: “Onun evi mənim üçün əsl sənət
məktəbi olub. Bu evdə Rixter,
Rostropoviç, Şostakoviç və daha neçə-neçə
görkəmli sənətkarları görmüşəm.
Hansı dünya şöhrətli musiqiçi
Bakıya gəlsəydi, mütləq maestro Niyazinin evində
qonaq olmalı idi. Bu, artıq bir ənənəyə
çevrilmişdi. Orada keçirilən
görüşlər həm incəsənət, həm
diplomatik söhbətlər üçün çox əhəmiyyətli
idi. Bu həm də maestronun yüksək
humanist keyfiyyətlərindən irəli gəlirdi”.
Niyazinin şəxsi həyatından
söz düşəndə mütləq onun
ömür-gün yoldaşı Həcər xanımla sevgi və
sədaqətindən söhbət açılır. Onlar 51 il
ömür sürürlər. Həcər xanım Niyazinin
yorulmaz yol yoldaşı olur, ömrü boyu sevinc və kədərini
bölüşür...
İllər keçir, az qala əfsanəyə bənzəyən
Niyazi fenomeni ilə bağlı həqiqətlər isə
tarixdə olduğu kimi qalır.
Bir faktı da mütləq
qeyd etmək lazımdır ki, bu da bilavasitə Niyazinin xidmətlərinə
aiddir. Ötən əsrin 70-ci illərində ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə hər
cümə günü Azərbaycan Dövlət
Filarmoniyasında simfonik musiqi axşamları keçirilirdi.
Bu konsertlərin təşkili, repertuar
seçimi və idarə olunması birbaşa Niyazinin
ideyalarına əsaslanırdı. Həmin
konsertlərdə dünya klassik nümunələri ilə
yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini
də böyük şövqlə ifa edər və öz
parlaq dirijor məharəti ilə hamını heyran
qoyardı.
Əlbəttə, bu
böyük sənətkar haqqında danışmaqla söhbət
bitən deyil.
Çünki musiqi mədəniyyətimizin
tarixində Niyazinin yeri əvəzolunmazdır. O, Azərbaycan
dirijorluq məktəbinin banisi idi. Misilsiz xidmətləri
ilə yalnız özünü deyil, neçə-neçə
sənətkarı, onların əsərlərini də
yaşatmışdı.
Niyazi 1984-cü il
avqustun 2-də 72 yaşında dünyasını dəyişmişdi.
Bu ilin fevralında paytaxtda
dahi sənətkarın adını daşıyan
küçədə onun abidəsinin
açılışı oldu. Prezident İlham
Əliyev tədbirdə iştirak etdi, buradakı
çıxışında maestronun sənətini bir daha
yüksək dəyərləndirdi, onun haqqında xoş
xatirələrini danışdı.
Böyük Niyazi XX əsrin
bir neçə onilliyi boyu dünyanın musiqi səhnəsində
“şahlıq” edərək adını tarixə əbədi
yazmışdır. O, bütün insanların təmiz mənəviyyatlı
olmasını arzulayırdı. Deyirdi ki, insanda
hər şey gözəl olmalıdır. Siması da, mənəvi
dünyası da, fikri də, hissiyyatı da... Onun
özü də, əsərləri də ancaq müqəddəs
amallara xidmət edirdi.
İradə ƏLİYEVA
Azərbaycan.-
2017.- 20 avqust.- S.8.