Turistlərin sevimli məkanı

 

30 Avgust 2017

 

Azərbaycanda sürətli inkişaf dövrünü yaşayan sahələrdən biriturizm sektorudur. Prezident İlham Əliyevin son illərdə Azərbaycanda muzeylərin və kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasına, monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və tarixi ünvanların qorunub saxlanılmasına xüsusi diqqət göstərməsi də  bu sektorun  inkişafına təsirsiz ötüşmür.

Son illər Azərbaycanda turizmə kompleks yanaşma özəl sektorun, kiçikorta sahibkarlığın inkişafına, yeni yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərməkdədir.

Turizmin inkişafı baxımından Quba çox əlverişli yerdədir. İki min ildən artıq tarixi olan  Xınalıq, dağlar qoynunda məkan quran Qrız, Afurca şəlaləsi, Quba xanlığı və digər tarixi abidələr xalqımızın qəhrəmanlıq dönəmindən xəbər verir. Yaxın və Uzaq Şərqin incisi Quba xalçaları  bu bölgə haqqında  canlı təsəvvür yaradır. Rayonda turizm potensialının gücləndirilməsinə daim diqqət göstərilir. Quba Olimpiya İdman Kompleksi, SPA mərkəzləri, Xınalıq, Qrız, Qəçrəş kəndləri, Afurca şəlaləsi, qədim xalçaçılıq sənətinin inciləri və onlarla digər göstəricilər rayonun simasının təzahürləridir. “Şahdağ” Qış-Yay İdman Kompleksinə gedən yolun Qubadan keçməsi, rusiyalı turistlərin yaxın ərazi olaraq Qubanı seçməsi bölgəyə gələnlərin  sayının ildən-ilə artmasına səbəb olur.

Qubadakı istirahət mərkəzləri ilin bütün fəsillərində fəaliyyət göstərir. Artıq bu sahədə Quba brendi formalaşıb. Piyada gəzintilər turistlərin ən çox üstünlük verdikləri məqamdır. Yaşıl meşələr, sıx ormanlar buraya gələnləri, sözün həqiqi mənasında, valeh edir. Onların çoxu çadırlarda qalmağa üstünlük verirlər. Gecələr Qubanın ucqar dağ kəndlərinə uzanan yolun kənarında onlarla belə çadırlara rast gəlmək mümkündür. Bu gün Qubanın elə bir kəndini, elə bir yaşayış ərazisini tapmazsan ki, orada xarici ölkələrdən gəlmiş turistlərlə rastlaşmayasan. Dəstə-dəstə, kürəklərində səfər çantaları olan bu adamlar velosiped,  yaxud motosikletlərlə Qubada istirahət etməkdən zövq alırlar.

Rayonun mədəniyyət işçiləri iyun ayından şəhərin mərkəzində hər həftənin şənbə və bazar  günləri xüsusi konsert proqramları təşkil edirlər. İnşası davam  edən möhtəşəm Heydər Əliyev seyrəngahında  hər gün yüzlərlə  xarici ölkədən gəlmiş turistlərlə rastlaşmaq mümkündür. Buradakı Heydər Əliyev və Gənclər mərkəzləri, Yaşıl teatr, əzəmətli musiqili fontan qonaqların yaddaşında xüsusi izlər buraxır. Mərasimlərdə tanınmış şairlərin şeirlərindən parçalar oxunur, əsərlərdən səhnələr göstərilir. Axşamlar xüsusi viktorinalar, şoular təşkil olunur. Xınalıq istiqamətində yerləşən kəndlərin mədəniyyət ocaqlarının qarşısında da  konsert proqramları keçirilir. Konsertlərdə təkcə tanınmış musiqiçilər deyil, yerli həvəskarların da ifaları dinlənilir. Belə tədbirlərdə əlində fotoaparatı və ya videokamerası ilə həmin şənlik proqramlarını lentə köçürən çoxlu sayda  turistlə qarşılaşırsan.

Qubanın istirahət mərkəzlərində qiymətlərə rayonun əlaqədar təşkilatları tərəfindən nəzarət edilir. Bir qədər aran ərazilərində 2-3 nəfərlik ailənin kottecdə bir sutkalıq qalmasının qiyməti 30-60 manat arası dəyişir. Dağlıq yerlərdə isə qiymətlər  40-80 manat civarındadır. Qiymətlərin sabitliyinə görə mərkəzlərə istirahətə gələnlərin sayı ikiqat artıb.

Hazırda  aidiyyəti qurumlar yeni layihələrlə Qubada turizmi daha da inkişaf etdirməyi planlaşdırırlar. Həyata keçirilən tədbirlər abadlaşan Qubanın müasir tipli kurortturizm zonasına çevrilməsinə təkan verəcəkdir.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2017.- 30 avqust.- S.4.