Yaşa ki, ürəkləri
yaşadasan
Elm
xadimləri
Müqəddəs peşə deyəndə ilk növbədə müəllim, həkim, xalqın tarixi qaynaqlarını tədqiq edib öyrənən elm adamları təsəvvürə gəlir. Bu insanlar həyatımızdan, taleyimizdən, milli-mənəvi irsimizdən, keçmişimiz, bu günümüz və sabahımızdan kənarda görünə bilmirlər. Ən əsası isə, ziyalılıq onların qanına, canına hopur, böyüklüyü ilə hamının hörmət-izzətini, inam və etibarını qazanırlar. Bu dəyərlərin ən fəal daşıyıcılarından biri də görkəmli alim, həkim, Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, Azərbaycan Tibb Universitetinin Kliniki farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Adil Baxşəliyevdir. O, bu peşəkarlıq zirvəsinə, vəzifə yüksəkliyinə laborant-həkimlikdən başlayaraq seçdiyi yola sədaqət, xarakterindəki yorulmazlıq, məqsədyönlülük, qətrə-qətrə topladığı zəngin bilik və böyük təcrübə sayəsində nail olub. Daim axtarışlar aparıb, oxuyub, öyrənib, eyni zamanda bütün hərəkətlərində humanizmə, ədalətə, obyektivliyə söykənib. Peşə vəzifəsini yerinə yetirdikcə vətəndaşlıq vəzifəsini də yüksək məsuliyyətlə və ciddiyyətlə həyata keçirib. Nəcib davranışı, mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə bütün xəstələrinin və onu tanıyanların sevimlisinə çevrilib. Bax, əsl həkimliyin qayəsi də budur!
Hər dəfə onunla görüşəndə ilk sözü bu olur: “Səhhətinlə bağlı narahatlığın yoxdur ki?.. Ürəyinə fikir ver. Ürəyə ürəklə yanaşmaq, ona qarşı rəhmli olmaq lazımdır. Çünki o, insan bədənində ən zəhmətkeş orqandır. Gecə-gündüz dayanmır. Biz əsəbiləşirik - ürək reaksiya verir. Sevinirik - ürək şiddətlə döyünür. Bütün bunlara dözən ürəkdir”. Söhbət əsnasında soruşduq:
- Xəstələriniz çoxdur...
- Cərrahiyyə əməliyyatına getmək istəməyənlərin əksəriyyəti yanımdadır. Çətindir, amma çox çalışırıq ki, onları müalicə edək. Nəticə də var. Bu gün bütün dünyada ölümlərin əsas səbəblərindən biri ürək-damar xəstəlikləridir. Nə qədər acınacaqlı olsa da, ürək xəstəlikləri cavanlaşıb. İnsanlarda stress, narahatlıq, həyəcan hissləri çoxalıb. Bunlara paralel olaraq kardioloqlara müraciət edənlərin sayı da artıb. Yəni onların işi, qayğıları, problemləri günbəgün üst-üstə gəlir. Amma xəstələrimi gümrah görəndə sevinirəm.
Professor A.Baxşəliyevin xəstələri sırasında yüksək vəzifə sahibləri, alimlər, ədəbiyyat və incəsənət xadimləri, qaçqın və məcburi köçkünlər, sadə peşə adamları, himayəsiz, köməyə ehtiyacı olan insanlar var. O, bunların hamısına həkim vicdanı ilə yanaşır. Bununla da həm həkimlik və insanlıq, həm də vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirir.
Adil Baxşəliyev 45 ilə yaxındır həyat və fəaliyyətini kardiologiya sahəsi ilə bağlayıb. Bu sahəni o qədər sevir ki, çoxları ürək həkimliyinin onun alın yazısı olduğunu söyləyirlər. Bəlkə də haqlıdırlar. Çünki Adil həkim görkəmli iqtisadçı Baxşəli Baxşəliyevin ailəsində dünyaya göz açıb. Yaşlı nəsil Baxşəli müəllimin rəhbər vəzifələrdə çalışdığı, o cümlədən 19 il respublikanın maliyyə naziri olduğu dövrü yaxşı xatırlayır. Altı övladının heç də hamısı Baxşəli Baxşəliyevin çalışdığı sahəni seçməsə də, xalqa məhəbbət, peşəyə sədaqət, elmə, təhsilə həvəs, səxavət, məsuliyyət və bir çox digər xüsusiyyətlərinə görə ataya çəkiblər.
1975-ci ildə A.Baxşəliyev N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda başlayır. 1976-cı ildə Terapiya kafedrasında böyük laborant kimi çalışır. Növbəti iki ildə isə institutun Mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi olur.
Bu həmin dövr idi ki, respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev istedadlı və savadlı azərbaycanlı gəncləri Sovet İttifaqının müxtəlif böyük şəhərlərində fəaliyyət göstərən nüfuzlu ali məktəblərə təhsil almağa göndərirdi. 1978-ci ildə Adil Baxşəliyevin qismətinə Moskva şəhərindəki Ümumittifaq Elmi-Tədqiqat Kardioloji Mərkəzdə daxili xəstəliklər ixtisası üzrə məqsədli aspiranturada təhsil almaq düşdü. Gənc həkim etimadı doğruldaraq 1981-ci ildə tibb elmləri namizədi elmi dərəcəsini aldı. Yenidən Bakıya qayıdaraq əvvəlki iş yerində, lakin bu dəfə Birinci terapiya kafedrasında assistent vəzifəsində çalışdı.
1984-cü ildə Adil Baxşəliyev fəaliyyətini artıq Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə bağlayır. Ona institutun Arterial hipertoniya şöbəsinin müdiri vəzifəsini etibar edirlər. Lakin daha dərin biliklər qazanmaq, elmi axtarışlar aparmaq həvəsi cavan mütəxəssisi rahat buraxmır. Odur ki, məqsədlərini gerçəkləşdirmək üçün yenidən Moskvaya yollanır. 1985-ci ildən başlayaraq beş il N.İ.Piroqov adına İkinci Moskva Dövlət Tibb İnstitutunda kardiologiya ixtisasi üzrə doktorant olur. Moskvadakı fəaliyyətinin bu dövrü də uğurla yekunlaşır. Adil Baxşəliyev müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edir. 38 yaşlı elmlər doktorunu artıq Moskva klinikalarının bir çoxunda böyük perspektivlər vəd edən kardioloq kimi tanıyırdılar. Onlar bir-birinin ardınca Adil Baxşəliyevə o zaman böyük SSRİ-nin paytaxtı olan bu şəhərdə qalıb işləməyi təklif edirlər.
Adil müəllim vətəninə,
xalqına bağlı insandır. Üstəlik də, o zaman 1990-cı il idi. Azərbaycanda tənəzzül, böhran təkcə
iqtisadiyyatı, istehsal sahələrini deyil, tibb və səhiyyəni
də bürümüşdü. Siyasi vəziyyətin
gərginliyi də öz yerində... Əlbəttə
ki, belə çətin dövrdə Adil Baxşəliyev Azərbaycan
oğlu olaraq Moskvada rahatca yaşayıb işləyə bilməzdi.
Onun ürəyindən vətənə
qayıtmaq keçirdi. Bu məqsədlə
də yenidən Bakıya qayıtdı.
Qazandığı biliklər
və topladığı təcrübə kardioloq-alimə
imkan verir ki, Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika
fakültəsinin Birinci daxili xəstəliklər
kafedrasının müdiri vəzifəsini tutmaq
üçün müsabiqədən keçərək həmin
vəzifəyə təyin olunsun.
Adil Baxşəliyev
2004-cü ildə professor elmi adını alır.
Artıq 20 ilə yaxındır C.Abdullayev
adına Elmi-Tədqiqat Kardiologiya
İnstitutunun direktorudur, eyni zamanda ATU-nun Kliniki farmakologiya
kafedrasının müdiri kimi fəaliyyət göstərir.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun son illərdə
qazandığı nailiyyətlər ona rəhbərlik edən
görkəmli alimin adı ilə bağlıdır. Adil müəllim isə institutun tarixini vərəqləməyi,
indiyədək keçdiyi yola nəzər salmağı da
çox sevir. Deyir ki, institut fəaliyyətə
başladığı 1980-ci ildən kardiologiyanın ən
vacib problemlərinə həsr olunmuş elmi tədqiqatların
aparıldığı praktik səhiyyə müəssisələri
üçün kadrların hazırlandığı məkana
çevrilib.
Əslində, bu institut həm
elm, həm tibb müəssisəsidir. Təsadüfi deyil ki,
burada uşaqların və böyüklərin
kardiologiyası, ürək
çatışmazlığı, arterial hipertoniya, miokard infarktı,
xroniki işemiya şöbələrində ürək və
qan-damar xəstəliklərinin geniş problemləri
araşdırılır və həll olunur.
İnstitutda kardioloji xidmətin
çoxşaxəli şəbəkəsinin
yaradılması, poliklinikalarda kardioloji kabinetlərin təşkili,
təcili yardım briqadaları, rayonlararası kardiologiya mərkəzləri,
kardioloji məsləhət-diaqnostika kabinetləri, xəstəxanaların
nəzdində ixtisaslaşmış şöbələr... Belə geniş bir sistemin səmərəli fəaliyyət
göstərməsində professor A.Baxşəliyevin rolu
böyükdür. Burada geniş spektrdə
elmi-təqdqiqatlar aparılır ki, onlar da, əsasən,
ateroskleroz, ürəyin işemiya xəstəliyi, kəskin
miokard infarktı, arterial hipertoniya, ürək ritmlərinin
pozulması kimi aktual xəstəliklərin öyrənilməsi,
diaqnostikası, profilaktikası və müalicəsinə
yönəldilib. Ürək xəstəliklərinə
aid ən vacib problemlərin çözülməsi
üçün mühüm tədbirlər həyata
keçirilir. Qısaca desək, professor
A.Baxşəliyevin rəhbərlik etdiyi Azərbaycan Elmi-Tədqiqat
Kardiologiya İnstitutu ölkəmizin baş kardioloji müəssisəsi
olaraq üzərinə düşən bütün vəzifələri
müvəffəqiyyətlə yerinə yetirir.
Həkim
bacardığını edir, lakin hər bir insan da
özünün həkimi olmalıdır. Bu fikir də
A.Baxşəliyevə məxsusdur. Onun
sözlərinə görə, xəstəliklərin
artması, əsasən, sosial amillərlə
bağlıdır. Burada xarici mühitin və
ekologiyanın təsiri, orqanizmdə gedən müəyyən
proseslər heç də az rol oynamır.
Psixo-emosional gərginliyin mənfi təsiri də
dərin olur. İnsan orqanizmi həmin gərginliyi
dərhal qəbul və həzm etmək çətinliyi
qarşısında qalır.
Dediklərini izah edərək
həkim bildirir ki, ümumiyyətlə, insan gün ərzində
müxtəlif səbəblərdən əsəb gərginliyi
keçirir. Bu zaman isə qanda toksiki maddələr, həyəcan
hormonları artır. Bütün
bunların da nəticəsində ürək-damar xəstəlikləri
gizli formadan aşkar formaya keçir. Qəfil
ölümə, əsasən, ürək aritmiyası səbəb
olur. Kardioloq deyir ki, əsəb gərginliyinin
getdikcə artması qəfil ölüm hallarının
baş verməsinə daha çox imkan yaradır. Azərbaycan
kardioloqları hazırda bütün bu problemlərin həllinə
ən müasir üsullarla nail olmağa
çalışırlar...
Kardioloqun fikrincə, xəstələnib
sağalmağa cəhd göstərməkdənsə, insan
ilk növbədə səhhətini qorumalıdır. Bunun üçün
sağlam həyat tərzi keçirməyin başlıca
şərt olduğunu vurğulayır: “Fiziki aktivliyi
artırmalıyıq. Düzgün və vaxtında qidalanma,
yuxu, istirahət, iş şəraiti önəmlidir”.
Söhbət zamanı
günün vacib problemlərindən olan kardiocərrahiyyə
barədə də professorun fikirlərini öyrənmək
istədik. O
qeyd etdi ki, Azərbaycanda artıq güclü kardiocərrahiyə
bloku yaradılıb. Lənkəran, Naxçıvan, Siyəzəndə
artıq neçə vaxtdır ki, müasir tələblərə
cavab verən diaqnostik mərkəzlər, kardioloji dispanserlər
açılıb. Orada kardiocərrahiyyə ilə
bağlı əməliyyatlar yerinə yetirilir. Yaxın bir neçə ildə bu məsələnin
ölkədə tam uğurlu həllini tapacağı
şübhəsizdir.
Professor eyni zamanda
belə hesab edir ki, kardiocərrahiyyə xəstənin
müalicəsində yalnız bir mərhələdir. Ürək
xəstəsinin müalicəsini ilk nöqtədən sona qədər
kardioterapevt aparmalıdır: “Xəstəliyin düzgün
diaqnoz qoyulmaqla vaxtında müalicəsi daha çox səmərə
verir. Onun fəsadları üzə
çıxandan sonra müalicənin effekti də gec
görünür. Məsələn,
miokard infarktı yaradan risk amillərini tez aşkara
çıxarıb müalicə etmək sonrakı çətinlikləri
bəri başdan dəf etmək deməkdir. Ürəyi duyan kardioloqdur. Əsl
kardioloq kimi yetişmək üçün isə çox
böyük zəhmət tələb olunur. Bunun üçün həkimin özünün
fundamental biliyi, müasir tibbi texnika ilə işləmək
bacarığı və yüksək düşüncə
qabiliyyəti olmalıdır. Azərbaycanda
bu sahədə elə bir mərhələ gəlib
çatıb ki, artıq kəmiyyət yox, keyfiyyət barədə
fikirləşməliyik”. Odur ki, professor
Adil Baxşəliyev hər bir həkimin
bacarığının, biliyinin yüksək səviyyədə
olmasını günün tələbi adlandırır.
Budəfəki söhbətimizdə
də professor özü barədə çox
danışmadı. “Həkimlik fəaliyyətimi davam etdirirəm”, - dedi. Bu isə o deməkdir ki, Adil Baxşəliyev səriştəli,
yüksək intellektli tədqiqatçı olaraq
çalışdığı tibb və elm sahəsinin
ayrı-ayrı məsələlərinə öz prinsipial
mövqeyi, peşəkarlıq səviyyəsi, potensialı ilə
yanaşmaqda davam edir. Kardiologiya elminin
inkişafında kifayət qədər xidmətləri olsa
da, ürək, qan-damar xəstəliklərinin diaqnostikası
və müasir müalicə metodlarının təkmilləşdirilməsi,
yeni dərman preparatlarının rolunun dəqiqləşdirilməsi,
ölkədə ürək xəstəliklərinin
yayılmasının qarşısının alınması və
profilaktikası sahəsində yenə də geniş fəaliyyət
göstərir. Buna görə də, əlbəttə
ki, söhbət dönə-dönə ürək barədə
düşür.
Əgər həkim öz
biliklərini və təcrübəsini həmkarları ilə
bölüşürsə, deməli, insanlara daha çox xidmət
etmiş olur.
Adil Baxşəliyev həkim üçün əvəzsiz
sərvət sayılan bu bilik və təcrübəni istər
gənc həkimlərdən, istərsə də
çiyin-çiyinə çalışdığı həmkarlarından
əsirgəmir. Həm də bu
paylaşmanın özü də çoxşaxəlidir.
Əvvəla, professorun
çalışdığı sahəyə aid bir çox əsərləri
var. Belə ki, alim 300-dən çox elmi əsərin, o
cümlədən 3 dərsliyin, 10 metodik tövsiyənin, 11 tədris
vəsaitinin və 2 ixtiranın müəllifidir. Bu əsərlər alimi bacarıqlı tədqiqatçı,
praktik həkim, dərin biliyə malik nəzəriyyəçi
kimi səciyyələndirir. A.Baxşəliyev
“Ürək-qan-damar sistemi xəstəlikləri” adlı dərslikdə
indiyədək bu sahədə qazanılmış nəzəriyyə
və təcrübəyə əsaslanaraq
proqramlaşdırılmış şəkildə kardioloji xəstəliklər
və onların ayrı-ayrı sindromları haqqında əhatəli
məlumat verir.
Bundan başqa, professor A.Baxşəliyevin
“Antiaritmik vasitələr, ürək qlükozidləri”
(1993), “Hipotenziv dərman maddələri” (1995, digər müəlliflərlə
birlikdə), “Klinik farmakologiya” (Dərslik, 2004 və yeni nəşr,
2009), “Mədə-bağırsaq sistemi xəstəliklərinin
farmakoterapiyası” (2006), “Kardiologiya” monoqrafiyası və
eyniadlı dərsliyi, “Ürək-damar xəstəliklərinin
diaqnozu və müalicəsi”, “Praktiki kardiologiya”, “Psixotrop dərmanların
kliniki farmakologiyası” və s. əsərləri tibb ictimaiyyəti,
professor-müəllimlər, tələbələr və gənc
alimlər tərəfindən maraqla qarşılanıb. Görkəmli alimin rəhbərlik etdiyi kafedrada
“Metabolik sindromun arterial hipertoniya və ÜİX (stenokardiya)
zamanı rastgəlmə tezliyi, klinik gedişi və müalicəsinin
optimallaşdırılması” mövzusunda ciddi elmi-tədqiqat
işləri aparılır.
İkincisi isə, Adil
Baxşəliyev uzun illərdir həm də geniş pedaqoji fəaliyyətlə
məşğul olur. Onun tələbələr
qarşısında oxuduğu mühazirələr elmi
informasiyalarla zəngin, eləcə də maraqlıdır.
Çünki professor auditoriyanın diqqətini
nitqi ilə cəlb etməyi, elmi problemlərin axarını
onu dinləyənlərin maraq dairəsinə doğru istiqamətləndirməyi,
beləliklə, xəstəliyin aradan
qaldırılmasının yollarını aydın izah edir.
Güclü məntiq, ən mürəkkəb
fikirləri belə anlaşıqlı və yığcam ifadə
etmək bacarığı, gözəl nitq professor A.Baxşəliyevin
yüksək peşəkarlığını tamamlayan amillərdir.
Alimlə söhbətimiz
zamanı məlum oldu ki, o, ədəbiyyatı, xüsusilə
poeziyanı, musiqini çox sevir. Demə, professorun indiyədək
gizlətdiyi “sirlər”i də varmış. Ara-sıra şeir yazır. Mahnılar
da bəstələyir.
Söyləyir ki, Moskvada
çalışdığı illərdə ingilis dilini
yaxşı öyrənibmiş. Sonra bir qədər
unudub. Amma yenidən qarşısına məqsəd
qoyaraq bu sahədəki bilgilərini bərpa edib. İngilislərlə tərcüməçiyə
ehtiyac duymadan ünsiyyət saxlaya bilir. Hətta
son illərdə bir qədər alman dilini də öyrənib.
Zarafatla deyir ki, bunu qızının xətrinə
edib. Çünki övladlarından biri
Almaniyada həm işləyir, həm də magistratura pilləsində
təhsilini davam etdirir. Alman, ingilis və
fransız dillərini yaxşı bilən bu xanımın
atasının həmkarı olub-olmadığı ilə
maraqlandıq. Məlum oldu ki, o, iqtisadçıdır,
babasına çəkib...
Yeri gəlmişkən qeyd
edək ki, Adil müəllim ümumən Azərbaycan gənclərinin
yüksək intellektə, hərəsinin öz
çalışdığı sahədə irəliləməsinə,
müvəffəqiyyət qazanmasına çox maraq göstərir. Kardiologiya sahəsini
seçən gənclər üçün isə əlindən
gələni əsirgəmir. İndiyədək
professoru düşündürən ən mühüm problemlərdən
biri məhz yüksəkixtisaslı kadr
hazırlığı məsələsi olub. Odur ki, yetirmələrinə həmişə
hörmət və xüsusi qayğı ilə yanaşı,
tam ciddiyyət və böyük tələbkarlıq göstərir.
Onun rəhbərliyi altında müdafiə
olunmuş dissertasiyalar elmi-nəzəri səviyyəsi və
praktiki əhəmiyyəti ilə seçilir. İndi onlarca elmlər namizədi və doktoru
ölkənin paytaxtında, eləcə də digər şəhərlərində
çalışaraq özlərinin elmi rəhbəri
olmuş Adil Baxşəliyevin etimadını doğruldur,
xalqa ləyaqətlə xidmət edirlər. Adil Baxşəliyevin rəhbərliyi altında indiyədək
55 namizədlik, 7 doktorluq dissertasiyası müdafiə
olunmuşdur.
Sənətinin vurğunu olan alim tələbələri,
dissertant və aspirantları ilə işləməyi sevən
peşəkar və mahir pedaqoq, tələbkar,
qayğıkeş elmi rəhbər və məsləhətçi,
ciddi və obyektiv opponent, təmənnasız və səmimi
dost imicini qazanmışdır. Hazırda onun
yetirmələrinə dünyanın müxtəlif ölkələrində
- yaxın və uzaq xaricdə rast gəlmək olar.
Xaric demişkən, bu gün A.Baxşəliyevi təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. O, Azərbaycanı həmişə ləyaqətlə təmsil edir. Almaniyanın, Yaponiyanın, Kanadanın, Çexiyanın və d. ölkələrin kardioloji cəmiyyətlərinin rəyasət heyətinin üzvüdür. Professor son illərdə Barselonada, Amsterdamda, Stokholmda, Moskvada, Antalyada, MDB dövlətlərinin bir çox şəhərlərində keçirilən elmi konfranslarda, konqreslərdə, beynəlxalq simpoziumlarda maraqlı məruzələrlə çıxış edib. Həmin məruzələrin mətni nüfuzlu elmi jurnallarda dərc olunmuşdur. Görkəmli alimin əsərləri ABŞ, Finlandiya, İspaniya, Çexiya, Hollandiya, İsveç, MDB ölkələri, Türkiyə və digər yerlərdə çıxan nəşrlərdə dərc olunub.
Uzun illərdir ki, Rusiyada çıxan “Terapevt” və “Kardioloq” jurnallarının redaksiya heyətinin üzvü olan professor, əsasən, MDB ölkələrindəki həmkarları ilə sıx əlaqə saxladıqlarını söyləyir.
Daim axtarışda olmaq, arxada qalan illərin bəxş etdiyi zəngin təcrübəyə baxmayaraq, hər gün yeni bir bilgi almaq əsl həkimlərə xas olan xüsusiyyətdir. Mehribanlıq, xeyirxahlıq, insansevərlik də öz yerində... Həkim nikbin olmalı, kömək etməyə tələsməli, xoş əməllərlə və duyğularla yaşamalıdır. Professor A.Baxşəliyev məhz belə həkimdir.
Həkimliyin zirvəsinə çatmış Adil müəllim ömrün də müdriklik zirvəsindədir. 65 yaşı tamam olan görkəmli alimə, gözəl həkimə uzun ömür, möhkəm sağlamlıq, tükənməz güc arzulayırıq ki, yaşayaraq ürəkləri də yaşatsın.
İradə
ƏLİYEVA,
Azərbaycan.- 2017.-11 avqust.- S.5.