Qırmızı
terror: cilovsuz qan çanağı
Milli mətbuatımızın banisi,
böyük mütəfəkkir Həsən bəy Zərdabinin
1905-ci il dekabrın 28-də “Həyat” qəzetində dərc
edilən “Rusiyada əvvəlinci türk qəzeti” sərlövhəli
məqaləsində maraqlı bir məqam öz əksini
tapıb.
Məqalədə H.Zərdabi
1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzetinin
yarandığı tarixi şəraitdən, ilk mətbu
orqanının nəşri zamanı üzləşdiyi
çoxsaylı çətinliklərdən
danışır. Bu zaman Minasov familiyalı bir erməni
mürəttibini də yaddan çıxarmır. O
yazır: “O vaxtda Bakıda iki basmaxana (mətbəə - red.) vardı. Onların birisində
ki, Quberniski Pravleniyanın idi, bircə müsəlman
hürufatını alayarımçıq düzən Minasov
adlı bir erməni var idi. Onu
götürdüm danışdırdım. Söz verdi ki, nə qədər hürufat düzən
lazım olsa, öyrədib mənim qəzetimdə işlədər.
...İyul ayına qəzetin
açılmasını salmaqdan muradım o idi ki, zikr olan
Minasovdan başqa, türk hürufatı düzən
tapılmadı. O da bircə bacısı oğlunu gətirib
yanında şagird saxladı”.
Həsən bəy Zərdabi
“Əkinçi” qəzetinin nəşrinə mürəttib
Minasov familiyalı həmin erməni ilə başlayır və
əvvəldə niyyət xoş olsa da, erməni xisləti
özünü çox gözlətmir. Yanına şagird
götürdüyü bacısı oğlu ilə birgə bu
qəzetdən dolanan, Həsən bəydən məvacib alan Minasov “Əkinçi”dən, onun
naşirindən Bakı jandarmasına çuğulluq etməyə
başlayır.
“...Elə ki Dağıstanda
şuluqluq başlandı, “Əkinçi”nin
günü dəxi artıq qarə oldu: bir gün Nəcəf
bəy Vəzirovun məqaləsi ki Moskvadan göndərmişdi,
vermişdim düzməyə - deyə Həsən bəy Zərdabi
xatırlayır. - Məqalədə bir dərviş bazarda
dükanların qabağında qəsidələr oxuyub
onları elm, təhsil etməyə
çağırırdı. Senzor qol çəkib
çap olmağa izin vermişdi. Qəzetə
çap olub paylanandan sonra qubernatorun hökmünə görə
o nömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum ordadır.
Qubernator buyurdu ki, Minasov
deyir, dərvişin sözlərinin qeyri mənası var. Ona
görə nömrəni bağlayıb sənə hökm
edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki,
qeyri nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir
nömrə çıxardıb paylatdı. Çünki nömrə mənim adımdan
çıxmışdı, mən təvəqqe elədim ki,
dəxi mənim adımdan qəzetə
çıxarmasınlar” (H.Zərdabi, “Seçilmiş əsərləri”,
Azərbaycan Dövlət Nəşriyyatı, 1960).
Bir çox tədqiqatçıların
fikrincə, Həsən bəy Zərdabinin
xatırlatdığı bu fakt burjua millətçiliyi ilə
zəhərlənmiş Minasovun qəzet barəsində
qubernatora yalan məlumat verməsinə işarə kimi
yozulur. Əslində isə Minasovun məlum əməli
sırf erməni-daşnak xislətindən irəli gəlirdi.
Həsən bəy Zərdabini Bakı jandarmasına
şeytanlayan Minasovun simasında bu millətçilik zəhəri
Azərbaycan düşüncəsində yeni parlamağa
başlayan işıqlı ömürləri söndürməyə,
ictimai fikrimizi zülmətə bürüməyə can
atırdı.
“Rusiyada əvvəlinci
türk qəzeti” məqaləsindəki həmin
xatırlatmanı böyük Zərdabi bütün dövrlərə
ismarıc kimi vermiş və bədnam erməni toplumuna
inamın, güvənin mümkünsüzlüyünü,
onların təfəkküründə bizə qarşı
nifrət zəhərinin hər zaman olduğunu
çatdırmışdır.
1905-1918-ci illərdə ermənilər
tərəfindən azərbaycanlılara qarşı
ardıcıl soyqırımıların törədilməsinə,
minlərlə soydaşımızın qətliamına rəvac
verən nifrət zəhəri sovet hakimiyyətinin
qurulmasından sonra özünə yeni mühit tapdı.
1920-ci ilin 28 aprelindən
etibarən Azərbaycanda bütün hakimiyyət Müvəqqəti
İnqilab Komitəsinin və Azərbaycan Xalq Komissarları
Sovetinin (XKS) əlinə keçdi. Xalq Komissarları
Sovetinə Nəriman Nərimanov başçılıq etsə
də və hər iki təsisatın tərkibində azərbaycanlılar
təmsil olunsa da, bu, əslində formal xarakter
daşıyırdı. Real hakimiyyət hələ
1920-ci ilin fevralında yaradılmış Azərbaycan
Kommunist (bolşeviklər) Partiyasının - AK(b)P-nin
əlində idi.
AK (b)P Moskvanın
göstərişlərini yerinə yetirirdi. Onun
fəaliyyətinə, faktiki olaraq, A.İ.Mikoyan rəhbərlik
edirdi. Partiyanın rəhbər özəyi
də qeyri-millətlərdən, xüsusən ermənilərdən
təşkil olunmuşdu.
Cümhuriyyətin hakimiyyət
strukturlarını dağıtmaq üçün Azərbaycanın
hər yerində İnqilab Komitələri
yaradılmışdı. Hər şey
xalqın dövlətçilik ənənələrini və
milli müstəqillik şüurunu məhv edən qanlı
diktaturanın təşəkkülünə yönəldilmişdi.
Yeni güc strukturları təşkil edilirdi.
Fövqəladə Komissiya (“ÇK” -
Çerezvıçaynaə Komissiə) və Ali İnqilabi
Tribunal fəaliyyətə başlamışdı.
Fövqəladə
Komissiyanın və Ali İnqilabi Tribunalın qanunla heç
bir məhdudiyyət qoyulmayan böyük səlahiyyətləri
vardı. Onların qərarı dərhal icra olunurdu. Hər iki struktur “əksinqilaba və təxribatçılığa
qarşı mübarizə” pərdəsi altında müstəqil
dövlətçilik ənənələrinin və milli mənlik
şüurunun daşıyıcıları olan, dövrün
öndə gedən ziyalı potensialını məhv edirdi.
Ölkənin hər yerində
“qırmızı terror” küləyi əsirdi. Bolşevik rejiminin əleyhinə
olan hər kəs “xalq düşməni”, “əksinqilabçı”,
“pantürkist”, “millətçi” və ya “təxribatçı”
adı ilə “qırmızı terror”un hədəfinə
tuş gəlirdi.
Beləliklə, 1918-ci ilin
qanlı mart olaylarından sonra faktiki olaraq Azərbaycan
xalqına qarşı yeni soyqırımı dalğası
başlanmışdı. Fərq bircə onda idi ki, bu dəfə
millətin say-seçmə adamları - görkəmli
dövlət xadimləri, generallar, Milli Ordunun yüksək
rütbəli zabitləri, qabaqcıl ziyalılar, elm, maarif,
incəsənət, mədəniyyət, din xadimləri, partiya
rəhbərləri, siyasi xadimlər aradan
götürülürdü.
Bolşevik-daşnak
güruhu bu dəfə bilərəkdən xalqın
“düşünən beyinlərini” hədəf
seçmişdi. Xalqı başsız qoymağa
hesablanmış bu siyasət, əslində, 1918-ci ilin mart
soyqırımından daha dəhşətli idi. Azərbaycan xalqının qabaqcıl
övladlarına qarşı qanlı qırğınlar
bilavasitə Orconikidze, Kirov, Mikoyan, Sarkisyan, Mirzoyan, Lominadze,
Yeqorov və başqaları kimi bolşevik-daşnak cəlladlarının
göstərişi ilə yerinə yetirilirdi. Ölkənin güc strukturlarında özlərinə
yer eləmiş ermənilər azərbaycanlıları
kütləvi surətdə istintaqsız və mühakiməsiz
güllələyirdilər. 1920-ci ilin 28
aprelindən sonra Azərbaycan xalqının minlərlə
say-seçmə övladı güllələnmiş,
sürgünə göndərilmiş, millət
özünün görkəmli simalarından məhrum edilmişdi.
İşğal prosesində
və “qırmızı terror” zamanı bolşevik-daşnak cəlladları
güllələnənlərin əmlakını da
müsadirə edirdilər. Bununla kifayətlənməyərək
bütün əhalini, o cümlədən yoxsulları qarət
edir, xalqın olan-qalanını, hətta nəsillərdən
yadigar saxlanmış zinət və qiymətli əşyalarını
da zorla əlindən alırdılar. Azərbaycanlıların
boşaldılmış mənzillərinə əsasən
ermənilər və qeyri-millətlərin nümayəndələri
köçürülürdü.
Bir sözlə, Azərbaycan
xalqına divan tutulurdu.
Bolşevik rejimi müstəqil
dövlətçilik ənənəsini, milli mənlik ruhunu
əhalinin şüurundan çıxarmaq üçün
xalqın mənəviyyatına qarşı da hücuma
keçmişdi. Cümhuriyyət dövründə
dövlət dili olan Azərbaycan dili
sıxışdırılırdı. Milli
kadrların hazırlanması kəskin surətdə məhdudlaşdırılırdı.
Silki, mülki və dini imtiyazlar, rütbələr
ləğv edilmişdi. “Bəy”, “xan”,
“ağa” sözlərinin, hətta müraciət forması
kimi işlənməsi belə qadağan olunmuşdu. Dini ayinlərin icrası və məktəblərdə
şəriət dərslərinin keçilməsi yasaq
edilmişdi. Qədim memarlıq abidələri
olan məscidlər, minarələr uçurdulub
dağıdılırdı. Azərbaycan
xalqının mənəviyyatına və milli mədəniyyətinə
qarşı amansız hücum dövrü
başlanmışdı.
Milli kadrların yetişdirilməsinə
yaradılan süni maneələrlə bir arada kənardan Azərbaycana
rus, erməni, yəhudi və qeyri-millətlərdən olan əhalinin
axınına hər cür şərait yaradılır, onlar
müvafiq iş və Bakı şəhərinin ən
yaxşı yerlərində mənzillərlə təmin
olunurdular. Açıq-aşkar
ruslaşdırma siyasəti yeridilirdi. Bu
siyasət “beynəlmiləl” şəhər kimi təbliğ
olunan Bakıda daha sürətlə gedirdi.
Hakim dairələrin həmin
illərdə ideoloji məqsədlər naminə tarixin
gedişini geriyə çevirmək niyyəti, Azərbaycan
xalqına yad ideologiyanı, adətləri zorla qəbul etdirmək
cəhdi ermənilər üçün göydəndüşmə
bir fürsət idi. Və onlar bu fürsətdən yararlanıb
Azərbaycan mədəniyyətini, mənəviyyatını,
sözün əsl mənasında, özününküləşdirirdilər.
Azərbaycan xalqının həyat
tərzi, məişəti, mədəniyyəti ilə əlaqədar
olan hər dəyər bir tərəfdən kommunist
ideologiyasının, digər tərəfdən erməni millətçiliyinin
təqiblərinə məruz qalırdı. 1920-1930-cu illərdə
milli özüllərə, ənənələrə
etimadsızlığın əsası qoyuldu.
Amma ən böyük dəhşət
hələ qarşıda imiş.
1933-cü ilin əvvəlindən
etibarən birbaşa Stalinin göstərişi ilə ölkə
daxilində və xaricdə faşizm və müharibə əleyhinə
mütəşəkkil təbliğat kampaniyasına start
verilmişdi. Qaçılmaz müharibə təhlükəsi
Stalini qurduğu rejimi və öz şəxsi hakimiyyətini
nəyin bahasına olursa-olsun qoruyub saxlamaq üçün
kompleks tədbirlərə əl atmağa tələsdirirdi.
Bu tədbirlər sırasında “daxili və
xarici düşmənlərə” qarşı kütləvi
repressiyalar da xüsusi yer tuturdu.
Əgər əvvəlki təmizləmələrin
hədəfi yalnız “sosial cəhətdən yad elementlər”
və keçmiş müxalifətçilər idilərsə,
1933-cü ilin yanvarından aparılan təmizləmələr
zamanı partiya sıralarından kənarlaşdırılacaq
şəxslərin ənənəvi kateqoriyaları
siyahısına yeniləri - “etibarsızlar” və “məsləkinə
dönük çıxmışlar” da əlavə
edilmişdi. Xaraktercə ziyalılıq dəyərlərindən
çox-çox uzaq olan Stalin ziyalılara nifrət edirdi.
O, dövrün reallıqlarını anlayan ziyalıları
özünün qeyri-məhdud hakimiyyətinə qarşı
ən ciddi təhlükə gözündə
görürdü. Bu səbəbdən repressiya
dalğası da ilk növbədə “düşünən
beyinləri”, “görən gözləri” vururdu.
Leninin və Trotskinin təşəbbüsü
ilə bir vaxtlar ölkənin ən sərt iqlimli yerlərində
qurulmuş düşərgələrə qısa müddət
ərzində on minlərlə “bolşevizmə zidd fikirlərə
malik ziyalılar” sürgün olundu. O illərdə xalqımızın
taleyini və müqəddəratını həll edən
ÇK, QPU kimi dəhşət saçan bolşevik
güruhunun əli ilə və müxtəlif uydurma, cəfəng
ittihamlar əsasında Azərbaycanın, demək olar ki, ən
qabaqcıl ziyalıları məhv edildi. Repressiya
illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili
İşlər Komissarlığı rayon şöbələrinin
rəisi erməni idi. Və bu qanlı
prosesdən ən çox bəhrələnənlər yenə
Azərbaycan xalqına faciələr yaşatmaqdan ötrü
ən kiçik fürsəti belə qaçırmayan erməni
cəlladları oldu.
L.Beriyanın Bakıya göndərdiyi
erməni əlaltılarının - Sumbatovun, Qriqoryanın,
Markaryanın, Qalstyanın, Ohanesyanın, Avanesyanın,
Sinmanın, Şerin və onlarla başqalarının cəllad
fəaliyyəti ilə qısa müddətdə 80 minə qədər
ziyalımız güllələndi. Bakıda
bütün quldur tribunal iclaslarını Vişinskinin
müavini, bəşər övladının qatili
Matuleviç öz həmkarları Zaryanov və Jiqurla birgə
aparırdılar. Bu qətllərin
başında isə L.Beriya dururdu. Məhkəmə
iclasları və hökmün oxunması cəmi 15 dəqiqə
çəkirdi. İttiham olunan şəxsin
güllələnməsi ilə də kifayətlənməyən
cəlladlar repressiya olunmuş insanların ailəsinə,
yaxınlarına, dostlarına da “xalq düşməni”
damğası vurur, onları hər şeydən təcrid
edir, minbir acı çəkdirirdilər.
Bu illərdə DTK-nın rəhbərləri
Stalinə lazım olan “ölkədə geniş miqyasda
yayılmış antisovet” terrorçu və trotskiçi,
zinovyevçi, millətçi və başqa buna bənzər
təşkilatların mövcud olmasını sübut etməyə
çalışırdılar. Azərbaycanda belə millətçi,
əksinqilabçı, üsyançı təşkilatlar
guya ifşa olunduqdan sonra yerli DTK-nın əsasən ermənilərdən
ibarət olan rəhbərləri müəyyən etdilər
ki, demə bu təşkilatın başçıları
R.Axundov, Ə.Qarayev, B.Çobanzadə, M.D.Hüseynov və
başqalarıdır. Bunlar da öz növbəsində
respublikada mövcud olan nazirliklərin rəhbərlərini,
MK-nın məsul işçilərini, onlara tabe olan müəssisə,
zavod və fabrik, mədən və s. müdir və rəhbərlərini
həmin ümumrespublika əksinqilabi millətçi təşkilata
cəlb edib antisovet üsyanı qaldırmalı, Mir Cəfər
Bağırovu öldürməli, Azərbaycanı
SSRİ-nin tərkibindən çıxarmalı idilər. Gələcək Azərbaycan burjua-demokratik
respublikasının prezidenti Ruhulla Axundov olmalı idi. Minlərlə Azərbaycan övladı bu uydurma
ittihamın güdazına getdi, ya güllələndi, ya da
ömrünün ən gözəl illərini həbsxanalarda
minbir işgəncə içində itirdi. 1936-cı ildən etibarən Stalin rejimi azərbaycanlı
ziyalılara qarşı ən ağır, amansız, total
hücumunu daha da genişləndirdi. 1937-ci ildə bu
proses özünün zirvə nöqtəsinə
çatdı və 1938-ci ilə kimi səngimək bilməyən
sürətlə davam etdi. Şübhəsiz ki, sonrakı illərdə
də kütləvi repressiyalar ara verməyəcəkdi,
lakin müharibənin astanada olması vəziyyəti bir qədər
dəyişdi...
1936-cı ildə DTK-nın
sədri L.Beriyanın rəsmi sərəncamı ilə
dustaqlardan istintaqa lazım olan ifadələrin alınması
üçün üç nömrəli metodun tətbiqinə
icazə verildi. Bu metodun mahiyyəti isə məhbusları
döymək, onları istintaq məngənəsinə
salıb işgəncələrin müxtəlif
üsullarına məruz qoymaq idi. Azərbaycanlılara
qarşı soyqırımlarda insan övladına
qarşı bəşər tarixinin ən tükürpədici
qəddarlıqlarını törədən erməni vəhşiliyi
yenə özünə fürsət tapmışdı.
Aradan illər keçəndən və
repressiya cəlladlarının müəyyən qismi öz
layiqli cəzalarına çatandan sonra edilən etiraflar o
dövrdə ermənilərin Azərbaycanın layiqli
övladlarına necə divan tutduqlarının acı mənzərəsini
yaradırdı.
...1936-cı il
dekabrın 25-də imzasız məktub əsasında
MİK-in, Bakı Sovetinin, Yazıçılar
İttifaqının üzvü olan Böyükağa
Talıblı “əksinqilabi, millətçi meyillərinə
görə” həbs edilir. 16 dəfə müstəntiq
Xoren Qriqoryan tərəfindən dindirilir. Altı
ay ərzində ondan lazım olan ifadələri ala bilmirlər.
Bununla da günlərlə, saatlarla işgəncələr
başlanır. Onu əlləri, ayaqları ilə, rezin
şlanqlarla amansızcasına döyməyə
başlayırlar... Nəhayət, Talıblı
sınır. Buna kim dözərdi? Beləliklə də, Qriqoryan, Malyan, Markaryan,
Avetisyan, Qalstyan və bu tipli digər müstəntiqlərin
uydurduqları, dünyanın minbir mənasız
günahlarında Talıblı özünün təqsirkar
olduğunu etiraf edir.
Mədinə Qiyasbəyli, Gülarə
Qədirbəyova, Xədicə Qayıbova erməni müstəntiqləri
Tevosyan, Ozanyan tərəfindən dindirilir, amansız işgəncələrə
məruz qalırlar.
...1937-ci il iyulun
15-də keçmiş maarif naziri, ictimai xadim Məmməd
Cuvarlinski dindirilir. DTK-nın keçmiş əməkdaşı
İ.M.Krotkov öz ifadəsində deyir ki, “bir dəfə
Şerin göstərişi ilə Cuvarlinskini beş-altı
müstəntiq əhatəyə alıb rezin döyənək
və burulmuş nəm döşəkağı ilə
döyüb işgəncə verirdilər. Cuvarlinski küt ağrılara dözməyib
yıxılır, yenidən təpik və yumruqla onu ayağa
qaldırıb vururdular. Bütün bunlar
təhqir xarakteri daşıyırdı. Sonra
isə bunu əyləncə məqsədilə edirdilər.
Verilən işgəncələrin nəticəsində
Cuvarlinski tam taqətdən düşürdü,
yarışüurlu vəziyyətdə, özünə
heç bir hesabat vermədən istənilən sənədə,
ifadəyə qol çəkirdi”.
Belə bir amansız
münasibət minlərlə azərbaycanlı
ziyalının başına gətirilirdi. H.Zeynallı, B.Çobanzadə,
Y.V.Çəmənzəminli, B.Həsənbəyov, H.Biləndərli,
M.Hüseynov, R.Axundov, A.Tağızadə, T.Salahov, İ.Eminbəyli,
Salman Mümtaz, Əli Nəzmi, Əhməd Cavad və
başqaları erməni müstəntiqləri tərəfindən
ən ağır işgəncələrə məruz
qalmışlar.
...Azərbaycan Milli
Diviziyasının komandiri olmuş Qambay Vəzirovun işini
Azərbaycan XDİK DTİ-nin 5-ci şöbəsinin
keçmiş rəisi qatı millətçi Avonesyan
aparırdı. Şahidlərin etirafına görə,
Qambay Vəzirovu dindirmələr zamanı vəhşicəsinə
döyürmüşlər. Onu Avanesyan şəxsən
özü şöbə əməkdaşlarının
yanında şallaqla zərbələr endirərək tələb
edirmiş ki, özünün əksinqilabi millətçi mərkəzində
iştirakı haqqında ifadə versin.
...Vaxtilə Teatr Muzeyinin direktoru vəzifəsində
çalışan Qasım Vahabzadə də repressiya
dövründə erməni vəhşiliyini öz taleyində
yaşamış, ömrünün 18 ilini Sibir çöllərində
sürgündə keçirmiş dəyərli
ziyalılarımızdan idi. Onu Azərbaycan
Dövlət Universitetinin professoru Bəkir Çobanzadənin
tələbələr arasında guya pantürkist ideyaları
yaydığını iddia edən sənədə imza
atmadığına görə tutmuşdular. İşi
“NKVD”-nin Azərbaycan ziyalılarına
qarşı minlərlə repressiya faktında adı keçən
Qriqoryan familiyalı əməkdaşı aparırdı.
Qasım Vahabzadə yaşının ixtiyar
çağlarında xatırlayırdı: “Mən işgəncənin,
qəddarlığın, amansız döyülmənin
insanın mənliyini, iradəsini almaq qüdrətində
olduğunu bəlkə də təsəvvürümə gətirə
bilərdim. Amma bu, nəsə başqa idi.
...Beynimdə yalnız “imza atmayacağam” sözləri
dolaşırdı. Qriqoryan psixoloq idi. Məni diqqətlə süzəndən sonra nə
hisslər keçirdiyimi anladı. Sakit
buraxdılar məni. Bir neçə saatdan sonra iki nəfər
idbar, bədheybət adam gəldi. Erməni idilər. Qriqoryan mənə
yaxınlaşıb sakitcə dedi:
- Evdən adam gəlib yanına. Arvadın mənim kabinetimdədir. Gəlib səni evə aparsın. Əvvəl bura qol çək.
Halsız idim. Həmin iki nəfərin
yenə məni döyəcəklərini
düşündüyümdən beynimdə yenidən eyni
sözlər dolanmağa başladı: “Qol çəkməyəcəyəm”.
İmzaların uzun
siyahısına baxıb başımı yellədim. Onda Qriqoryan
iki nəfəri mənə göstərib
gülümsündü. Kameradan
çıxdı. Bir neçə dəqiqədən
sonra gənc xanımımla qayıtdı. Onunla, tələbə yoldaşımla təzəcə
evlənmişdim. İndi görəcəyim
həyatımın ən ağır epizodu olacaqdı. Qriqoryan əyilib gözlərimin içinə
baxdı. Xeyli baxandan sonra pıçıldadı:
- ... Bəlkə qol çəkəsən?
Kağızı yenə
gözlərimin qarşısına gətirdi.
Bəkir Çobanzadənin
xarici kəşfiyyatla bağlı fəaliyyəti haqqında
sənədin altında filologiya fakültəsinin tələbələrinin
imzasından ibarət uzun siyahıya mənim də imzam əlavə
olundu”.
1953-cü il
martın 5-də Stalin vəfat etdi. Onun
ölümü faciələrlə zəngin böyük bir
mərhələyə son qoydu. M.Bağırov
və onun silahdaşları Stalinin ölümündən
sonra həbs edildilər. Markaryan, Qriqoryan, Borşev,
Yemelyanovun cinayət işi üzrə ittihamnamələrdə
deyilirdi: “...1953-cü il dekabrın 23-də SSRİ Ali Məhkəməsi
vətənə xəyanət və digər ağır
dövlət cinayətləri törətdiklərinə
görə Beriya və onun yaratdığı xəyanətkar
qrupun üzvləri ən ağır cəzaya - güllələnməyə
məhkum edilsinlər”. Günahsız
adamların istintaq işinin saxtalaşdırılması,
onlara qarşı yalançı əksinqilabi fəaliyyət
barədə ittihamın irəli sürülməsi yolu ilə
L.Beriyanın sui-qəsdçi qrupu Azərbaycanın bir
çox ziyalı nümayəndələrini terrorçuluqla
məhv etmişdi. Beriya və onun erməni
əlaltıları qorxu, xof yaratmaq, namuslu adamlar arasında
şübhə, inamsızlıq toxumu səpmək, milli zəmində
düşmənçilik törətmək, onları
ifşa edə biləcək insanları aradan götürmək
yolu ilə törətdikləri cinayətlərin məsuliyyətindən
yaxalarını qurtara bilmədilər. Stalin
repressiyaları nəhəng bir ölkənin xalqlarına
qarşı yönəlsə də, onun ən
ağrılı nəticələrini məhz Azərbaycan
öz üzərində hiss etmişdi.
Vaxtilə on minlərlə
günahsız insanı vətənə xəyanətdə,
sovet dövlətinə qarşı üsyan hazırlamaqda,
dövlət çevrilişinə cəhddə, əksinqilabi
fəaliyyətdə ittiham edənlər özləri eyni
ittihamlarla müttəhimlər kürsüsündə əyləşdilər. Əlbəttə,
bunu tarixin ironiyası da adlandırmaq olar, amma bu, daha çox
tarixin intiqamına bənzəyirdi. Çünki
həmin qatillər öz qanlı əməlləri ilə zamanın
təkərini istədikləri istiqamətə döndərməyə,
zamanın özünə hökm etməyə
çalışırdılar. Ancaq
yanılırdılar.
Hökmü zaman verir! Və
“yaddaşın məhkəməsi” deyilən bir
anlayış da var. Burada Azərbaycan xalqına dəyən zərbələr,
keçmişə saxta don geydirənlər, Stalin epoxası
ilə bağlı qanlı həqiqətləri törədənlər
mühakimə edilir. Bu isə
başımıza gətirilən faciələrlə dolu
keçmişimizi daha dərindən öyrənmək, səhv
və əyintilərdən ibrət götürmək
üçün çox lazımdır.
Ulu öndər Heydər
Əliyev həmişə deyirdi ki, Azərbaycanın tarixini, əsrlər
boyu keçdiyi yolu həm öz vətəndaşlarımıza,
həm də bütün ölkələrin elm adamlarına,
ziyalılarına, respublikamıza maraq göstərənlərə
tanıtmaq borcumuzdur. Tarix elmimizin Heydər Əliyev
konsepsiyası ölkəmizin şanlı səhifələrini
araşdırmağı və təbliğ etməyi
qarşıya məqsəd qoyur, eyni zamanda bu tarixin faciəli
tərəflərini də olduğu kimi obyektiv şəkildə
tətqiq etməyi vacib sayır. Azərbaycan
tarixinin “Stalin repressiyası” dönəmi də bu baxımdan
istisna deyil.
İradə
ƏLİYEVA,
Azərbaycan.- 2017.-13 avqust.- S.5.